Kontentə keç

Mündəricatı göstər

DƏRS 20

Növbəti altı bəla

Növbəti altı bəla

Musa və Harun Allahın sözünü çatdırmaq üçün fironun yanına gedir. Onlar firona deyirlər: «Xalqımı buraxmasan, ölkəyə mozalanlar göndərəcəyəm». Mozalanlar Misirdəki varlı, kasıb, hamının evinə soxulurlar. Bütün ölkəni mozalanlar bürüyür. Ancaq onlar israillilərin yaşadığı Qoşen diyarına hücum etmirlər. Dördüncü bəladan başlayaraq bütün bəlalar yalnız misirlilərin başına gəlir. Firon rica edir: «Yehovadan xahiş et ki, mozalanları ölkədən çıxarsın. Siz də çıxıb gedin». Yehova mozalanları ölkədən çıxaran kimi firon fikrini dəyişir. Görəsən, firon baş verənlərdən özünə dərs götürəcək?

Yehova Allah deyir: «Əgər firon xalqı buraxmasa, onda misirlilərin bütün heyvanları xəstələnib öləcək». Səhəri gün misirlilərin heyvanları qırılır. Ancaq israillilərin heyvanlarına heç nə olmur. Firon hələ də tərslik edir, inadından əl çəkmir.

Sonra Yehova Musaya deyir ki, fironun yanına getsin və his götürüb havaya atsın. His toza çevrilib havanı və bütün Misiri bürüyür. Toz misirlilərin həm özlərində, həm də heyvanlarında çiban əmələ gətirir. Hətta bundan sonra da firon israilliləri buraxmır.

Yehova Musanı fironun yanına yenə göndərir. Musa ona deyir: «Sən hələ də xalqımı buraxmaq istəmirsən? Sabah bütün ölkəyə dolu yağacaq». Səhəri gün Yehova ora dolu yağdırır, şimşək və od göndərir. Misirdə o vaxtacan görünməmiş qasırğa olur. Qoşendən başqa hər yerdə bütün ağaclar və məhsullar məhv olur. Firon deyir: «Yehovadan xahiş et, bunları dayandırsın! Sonra da çıxıb gedin». Amma dolu və yağış dayanan kimi firon fikrini dəyişir.

Sonra Musa deyir: «Çəyirtkələr doludan sonra qalan bütün bitkilərinizi yeyib, axırına çıxacaq». Milyonlarla çəyirtkə tarlada, ağacda nə varsa, hamısını yeyir. Firon rica edir: «Yehovaya yalvar çəyirtkələri burdan uzaqlaşdırsın». Çəyirtkələr yox olsa da, firon inadkarlığından dönmür.

Yehova Musaya deyir: «Əlini göyə uzat». Beləcə, göyü zülmət qaranlıq bürüyür. Üç gün Misirdə göz-gözü görmür. Yalnız israillilərin evi işıqlı olur.

Firon Musaya deyir: «Sən və xalqın çıxıb gedin. Ancaq heyvanlarınız burada qalsın». Musa da ona cavab verir: «Biz Yehovaya qurbanlar gətirmək üçün heyvanlarımızı da aparmalıyıq». Firon çox qəzəblənir. O qışqırır: «Rədd olun gözümdən! Sizi bir də görsəm, öldürəcəyəm».

«Siz yenə saleh adamla şər adam arasında, Allaha qulluq edənlə etməyən arasında fərqi görəcəksiniz» (Məlaki 3:18)