Kontentə keç

Mündəricatı göstər

DƏRS 25

İbadət çadırı

İbadət çadırı

Musa Sina dağında olanda Yehova ona deyir ki, israillilərin Ona ibadət etməsi üçün bir çadır düzəltsin. Çadır elə düzəldilməlidir ki, israillilər harasa köç edəndə bu çadırı özləri ilə apara bilsinlər.

Yehova deyir: «Xalqa söylə ki, çadırın düzəlməsi üçün imkanları çatan qədər bəxşiş gətirsinlər». İsraillilər qızıl, gümüş, mis, qiymətli daşlar və zinət əşyaları gətirirlər. Onlar həmçinin yun, kətan, heyvan dərisi və çoxlu sayda başqa şeylər gətirirlər. Musa onlara: «Kifayətdir! Daha heç nə gətirməyin», — deyənə qədər xalq əliaçıqlıqla bəxşiş gətirir.

Çoxlu sayda bacarıqlı kişi və qadınlar çadırın düzəldilməsinə kömək edir. Yehova bu işin öhdəsindən gəlmələri üçün onlara müdriklik verir. Kimisi kətan lifi əyirir, toxuculuq və ya naxış işlərini görür. Kimisi də zərgərlik edir, daş, ya da ağac yonur.

Xalq çadırı Yehovanın onlara buyurduğu kimi düzəldir. Onlar çadırdakı Müqəddəs yer ilə Ən müqəddəs yeri ayıran hissə üçün gözəl pərdə tikirlər. Ən müqəddəs yerdə Şəhadət sandığı adlanan qutu qoyulur. Bu sandıq akasiya ağacından və qızıldan düzəldilib. Müqəddəs yerdə qızıl çıraqdan, stol və buxur qurbangahı var. İçəri həyətdə isə hovuz və yandırma qurbanı üçün qurbangah yerləşir. Şəhadət sandığı israillilərə Yehovaya ibadət edəcəklərinə dair verdikləri əhdi xatırladır. Bilirsən, əhd nədir? Əhd söz verməyin xüsusi formasıdır.

Yehova Harunu və oğullarını çadırda xidmət etmələri üçün kahin seçir. Onlar çadıra baxmalı və Yehovaya qurbanlar gətirməlidir. Ən müqəddəs yerə yalnız baş kahin Harun girə bilər. O, ildə bir dəfə özünün, ailəsinin və İsrail xalqının günahlarının bağışlanması üçün qurban gətirir.

Misirdən çıxdıqdan bir il sonra israillilər çadırı düzəldib qurtarırlar. Artıq onların Yehovaya ibadət etmək üçün yerləri var.

Çadır Yehovanın calalı ilə dolur və bulud onu bürüyür. Bulud çadırın üstündə olanda israillilər həmin yerdə qalırlar. Bulud çəkiləndə isə onlar köç edirlər. Onlar həmin vaxt çadırı yığıb buludun arxasınca gedirlər.

«Bu vaxt taxtdan gələn gur səs eşitdim: “Budur, Allahın çadırı insanlarladır. O, onlarla məskən salacaq, onlar da Onun xalqı olacaqlar. Allah Özü onlarla olacaq”» (Vəhy 21:3)