Kontentə keç

Mündəricatı göstər

DƏRS 28

Bələmin eşşəyi danışır

Bələmin eşşəyi danışır

İsraillilər artıq 40 ildir ki, səhradadır. Onlar çoxlu güclü şəhərləri məğlub ediblər. İndi onlar Vəd olunmuş diyara girən ərəfədə İordan çayının şərqində yerləşən Muab düzənliyində düşərgə salıblar. Muab padşahı Balaq qorxur ki, torpaqları əlindən çıxar. Buna görə də o, Bələm adlı bir nəfəri israillilərə lənət yağdırması üçün Muaba dəvət edir.

Ancaq Yehova Bələmə deyir: «İsrailliləri lənətləmə». Bələm Muaba getməkdən imtina edir. Balaq padşah onu ikinci dəfə çağırır və söz verir ki, nə istəsə ona verəcək. Bələm yenə də imtina edir. Sonra Allah ona deyir: «Onlarla gedə bilərsən, ancaq nə desəm, onu da deməlisən».

Bələm eşşəyinə minib cənuba, Muaba doğru yol alır. O qərar verir ki, Yehova nə deyir-desin, gedib israilliləri lənətləyəcək. Yolda düz üç dəfə Yehovanın mələyi onun qabağını kəsir. Bələm mələyi görmür, amma eşşək mələyi görür. Birinci dəfə eşşək yoldan çıxıb bağa girir. İkinci dəfə hasara doğru gedir və Bələmin ayağı divara sıxılır. Üçüncü dəfə isə eşşək yolun ortasında yerə oturur. Hər dəfə də Bələm eşşəyi çomaqla döyür.

Axırda Yehova eşşəyin dilini açır. Eşşək Bələmdən soruşur: «Niyə məni döyürsən?» Bələm cavab verir: «Məni dolamısan? Qılıncım olsaydı, səni öldürərdim». Eşşək deyir: «Neçə ildir səni belimdə daşıyıram. Heç əvvəllər belə şey etmişəm?»

Sonra Yehova icazə verir ki, Bələm mələyi görsün. Mələk ona deyir: «Yehova sənə demədi ki, israilliləri lənətləmə?» Bələm cavab verir: «Günahkaram. Dala qayıdaram». Ancaq mələk ona deyir: «Muaba get. Bir şərtlə ki, yalnız Yehovanın dediyini onlara de».

Bələm bu hadisədən özünə dərs çıxarır? Xeyr. Bu hadisədən sonra Bələm üç dəfə israilliləri lənətləməyə cəhd edir, ancaq Yehova hər dəfə onlara xeyir-bərəkət yağdırır. Nəhayət, israillilər Muaba hücum edib, Bələmi öldürürlər. Məgər Bələm əvvəlcədən Yehovanın sözünə qulaq assaydı, axırı yaxşı olmazdı?

«Özünüzü hər cür tamahkarlıqdan qoruyun, çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15)