Kontentə keç

Mündəricatı göstər

DƏRS 32

Yeni başçı və cəsarətli iki qadın

Yeni başçı və cəsarətli iki qadın

Yuşə uzun illər Yehovanın xalqına başçılıq edəndən sonra 110 yaşında vəfat edir. Onun sağlığında israillilər Yehovaya ibadət edirdi. Ancaq Yuşənin ölümündən sonra onlar kənanilər kimi, bütlərə sitayiş etməyə başlayırlar. Yehova sözünə qulaq asmadıqları üçün kənanilərin padşahı Yavinə izin verir ki, israillilərin gününü qara etsin. Xalq yalvarıb Yehovadan kömək istəyir. Yehova da onlara Bərəq adlı yeni başçı seçir. O, xalqa kömək etməli idi ki, yenidən Yehova Allaha ibadət etsinlər.

Yehova peyğəmbərini, Dəburə adlı qadını Bərəqin yanına göndərir. Dəburə Yehovanın bu sözlərini Bərəqə çatdırır: «10 000 kişi götür və Qişon çayında Yavinin qoşunu ilə döyüş. Orada sən Yavinin ordu başçısı Sisarı məğlub edəcəksən». Bərəq Dəburəyə deyir: «Gedərəm, ancaq bir şərtlə, sən də mənimlə gedəcəksən». Dəburə isə deyir: «Səninlə gedərəm. Ancaq bil ki, Sisarı sən öldürməyəcəksən. Yehova deyib ki, onu bir qadın öldürəcək».

Dəburə Bərəqlə Tabur dağına qalxır. Bərəq qoşunu ilə orada döyüşə hazırlaşır. Çox keçməmiş, Sisar bundan xəbər tutur. O, döyüş arabalarını toplayıb, qoşunu ilə vadinin aşağısına düşür. Dəburə Bərəqə deyir: «Bu gün Yehova sənə qələbə qazandıracaq». Bərəq və yanındakı 10 000 nəfər Sisarın güclü ordusu ilə döyüşmək üçün dağdan enir.

Bu zaman Yehova elə edir ki, Kişon çayı daşır. Sisarın döyüş arabaları palçığa batır. Sisar arabadan düşüb qaçır. Bərəq və ordusu Sisarın ordusunu darmadağın edir, ancaq Sisar canını qurtarır. O, döyüş meydanından uzaqlaşıb Yail adlı qadının çadırında gizlənir. Yail ona içməyə süd gətirir və onun üstünə yorğan örtür. Döyüşdə yorulduğundan Sisar dərin yuxuya gedir. Bu zaman Yail cəld çadır mıxını zərblə onun başına soxub öldürür.

Bərəq isə Sisarın izinə düşür. O, Yailin çadırına çatanda Yail çadırdan çıxıb ona deyir: «Gəl içəri. Axtardığın adam buradadır». Bərəq içəri girir və Sisarın öldüyünü görür. Bərəq və Dəburə israillilərə düşmənləri üzərində qələbə qazandırdığı üçün Yehovaya həmd nəğməsi oxuyurlar. Növbəti 40 il ərzində İsraildə əmin-amanlıq olur.

«Müjdəni bəyan edən qadınlar böyük ordudur» (Zəbur 68:11)