Kontentə keç

Mündəricatı göstər

DƏRS 34

Cədun mədyəniləri məğlub edir

Cədun mədyəniləri məğlub edir

İsraillilər yenidən Yehovadan üz döndərib, saxta allahlara sitayiş edir. Yeddi ildir ki, mədyənilər israillilərin heyvanlarını oğurlayır, məhsullarını məhv edirlər. Onlardan qorunmaq üçün israillilər mağaralarda, dağlarda gizlənirlər. İsraillilər Yehovaya yalvarırlar ki, onları xilas etsin. Buna görə də Yehova Öz mələyini Cədun adlı bir gəncin yanına göndərir. Mələk Cəduna deyir: «Yehova səni seçib, ey igid». Cədun soruşur: «İsrailliləri necə xilas edə bilərəm? Axı mən kiməm ki!»

Cədun Yehovanın onu seçdiyinə necə əmin ola bilər? O, bir az yun götürüb yerə qoyur və Yehovaya deyir: «Səhər yun yaş, yer isə quru olsa, biləcəyim ki, İsraili qurtarmaq üçün məni seçmisən». Səhərisi gün yun yaş, yer isə quru olur! Ancaq Cədun Yehovadan yenə əlamət istəyir. O deyir ki, səhərisi gün yun quru, yer yaş olsun. Onun bu istəyi də həyata keçirilir. Beləcə, Cədun əmin olur ki, Yehova onu seçib. O, mədyənilərlə döyüşmək üçün döyüşçü toplayır.

Yehova Allah Cəduna deyir: «Mən İsrailə qələbə qazandıracağam. Ancaq adamlar çox olsa, düşünəcəksiniz ki, özünüz qələbə qazanmısınız. Onlara de ki, kim qorxursa evinə getsin». Beləcə, təxminən 22 000 nəfər geri qayıdır. 10 000 nəfər döyüşçü qalır. Yehova yenə Cəduna deyir: «Adamlar yenə çoxdur. Onları su kənarına apar və de ki, su içsinlər. Əlini ağzına aparıb su içənləri özünlə götür». Yalnız 300 nəfər suyu belə içir. Yehova söz verir ki, 135 000 nəfərlik Mədyən qoşununu bu qədər adamla məğlub edəcək.

Həmin axşam Yehova Cəduna deyir: «Mədyənə hücum etmək vaxtıdır». Cədun adamlarına şeypur və içində məşəl olan küp verir. Onlara deyir: «Gözünüz məndə olsun, mən nə etsəm, siz də elə edin». Cədun şeypur çalıb, küpü sındırır, məşəli yellədir və bağırır: «Yehovanın qılıncı! Cədunun qılıncı!» Onunla olan 300 nəfər də eyni şeyi edirlər. Mədyənilər hay-küy içində qaçırlar. Onlar təşviş içində bir-birlərinə qılınc qaldırırlar. Yehova israillilərə düşmənləri üzərində qələbə qazanmağa bir daha kömək edir.

«İnsan gücündən üstün olan gücün özümüzdən yox, Allahdan gəldiyi bəlli olsun» (2 Korinflilərə 4:7)