Kontentə keç

Mündəricatı göstər

DƏRS 38

Yehova Şimşona güc verir

Yehova Şimşona güc verir

İsraillilərin çoxu yenə də bütlərə sitayiş etməyə başlayır. Buna görə də Yehova filiştlilərə izin verir ki, onların torpaqlarında ağalıq etsinlər. Lakin israillilərin arasında Yehovanı sevən insanlar da var. Onlardan biri Mənuhdur. Mənuhun uşağı yoxdur. Bir gün Yehova mələyini Mənuhun arvadının yanına göndərir. Mələk ona deyir: «Sənin oğlun olacaq. O, israilliləri filiştlilərin əlindən qurtaracaq. Bu övlad nəziri olacaq». Heç bilirsən kimlərə nəziri deyirlər? Yehovanın xüsusi xidmətçilərinə. Nəzirilər saçlarını kəsməməli idilər.

Mənuhun oğlu olanda adını Şimşon qoyur. O, böyüyüb boya-başa çatanda Yehova onu çox güclü edir. Şimşon yalın əllə şir öldürür. Bir dəfə Şimşon təkbaşına 30 filiştlini öldürür. Buna görə filiştlilərin ondan zəhləsi gedir və onu öldürməyin yollarını axtarırlar. Bir axşam Şimşon Qəzzədə yatanda filiştlilər gəlib şəhər darvazasının yanında gözləyirlər ki, səhər açılanda onu öldürsünlər. Gecəyarısı Şimşon yuxudan qalxıb şəhər darvazasına gedir və onu yerindən çıxarır. O, darvazanı çiyninə alıb Həbrun dağına qaldırır!

Sonra filiştlilər Şimşonun sevgilisi Dilalənin yanına gedib, ona deyirlər: «Şimşonun gücünün sirrini tapsan, sənə minlərlə gümüş verəcəyik». Biz onu tutub, zindana salmaq istəyirik. Dilalə pulu çox sevdiyindən onlarla razılaşır. Əvvəl-əvvəl Şimşon sirrini demək istəmir, ancaq Dilalə onun baş-beynini aparıb, axırda sirrini öyrənir. Şimşon deyir: «Nəziri olduğum üçün saçım heç vaxt kəsilməyib. Əgər saçım kəsilsə, gücümü itirəcəyəm». Şimşon Dilaləyə sirrini deməklə böyük səhv edir.

Dilalə cəld filiştlilərə deyir: «Mən onun sirrini öyrəndim!» Dilalə elə edir ki, Şimşon dizinin üstündə yuxuya gedir, sonra o, adam çağırıb Şimşonun saçını kəsdirir. Daha sonra Dilalə qışqırır: «Şimşon, filiştlilər buradadır!» Şimşon yuxudan oyananda görür ki, artıq gücsüzdür. Filiştlilər onu tutub, gözünü kor edir və zindana salırlar.

Bir gün minlərlə filiştli allahları Daqonun məbədində toplaşıb qışqırırlar: «Allahımız Şimşonu bizə təslim etdi! Şimşonu bura gətirin! Gəlin onunla əylənək». Onlar Şimşonu iki sütunun arasında dayandırırlar və onu lağa qoyurlar. Şimşon səslənir: «Ey Yehova, nə olar, mənə bu dəfəlik qüvvət ver». Artıq Şimşonun saçı uzanmışdı. O, var gücü ilə sütunları itələyir. Bina dağılır və Şimşon da daxil olmaqla, oradakıların hamısı ölür.

«Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13)