Kontentə keç

Mündəricatı göstər

DƏRS 39

İsrailin ilk padşahı

İsrailin ilk padşahı

Yehova israillilərə onları idarə etməsi üçün hakimlər təyin etmişdi, ancaq israillilər padşah istəyirlər. Onlar İşmuilə deyirlər: «Ətrafımızdakı bütün xalqların padşahları var. Biz də padşah istəyirik». İşmuil başa düşür ki, onlar səhv edirlər, buna görə də Yehovaya bu haqda dua edir. Yehova ona deyir: «Bu xalq səndən imtina etmir. Onlar Məndən imtina edir. Onlara de ki, padşahları olacaq, ancaq bu padşahlar onlardan çox şey tələb edəcəklər». Buna baxmayaraq, xalq deyir: «Eybi yox! Biz padşah istəyirik!»

Yehova İşmuilə deyir ki, ilk padşah Talut adlı adam olacaq. Talut Ramaya İşmuilin yanına gələndə İşmuil onun başına yağ çəkərək padşah elan edir.

Sonra İşmuil yeni padşahı xalqa göstərmək üçün onları bir yerə yığır. Ancaq Talutu tapa bilmirlər. Bilirsən niyə? Çünki o, yüklərin arasında gizlənir. Nəhayət, Talut tapılıb, xalqın arasına gətirilir. Talut hamıdan hündür və yaraşıqlıdır. İşmuil deyir: «Görün Yehova kimi seçib». Xalq isə deyir: «Padşah sağ olsun!»

Əvvəl-əvvəl Talut padşah İşmuil peyğəmbərin və Yehovanın sözlərinə qulaq asır. Ancaq sonradan o dəyişir. Misal üçün, Yehovanın göstərişinə əsasən, padşah qurban təqdim edə bilməzdi. Bir dəfə İşmuil Taluta deyir ki, onu gözləsin, lakin İşmuil dediyi vaxtda gəlmir. Bunu görən Talut qərar verir ki, qurbanı özü təqdim etsin. İşmuil bu hərəkətə necə münasibət göstərir? O, Taluta deyir: «Gərək Yehovaya itaətsizlik etməzdin». Səncə, Talut bu səhvindən dərs götürür?

Bir dəfə də Talut əmaliqələrlə döyüşə gedəndə İşmuil ona deyir ki, onların heç birini sağ saxlamasın. Lakin Talut Aqaq padşahı sağ saxlayır. Yehova İşmuilə deyir: «Talut sözümə qulaq asmadı». İşmuil çox pis olur. O, Taluta deyir: «Yehovaya itaətsizlik etdiyin üçün O, başqa adamı padşah seçdi». İşmuil çıxıb gedəndə Talut onun cübbəsinin ətəyindən yapışır və İşmuilin cübbəsinin ətəyi cırılır. Sonra İşmuil Taluta deyir: «Yehova padşahlığı sənin əlindən aldı». Yehova Allah padşahlığı Onu sevən və Ona itaət edən bir nəfərə verəcək.

«Yehovaya itaət etmək qurbandan... yaxşıdır» (1 İşmuil 15:22)