Kontentə keç

Mündəricatı göstər

DƏRS 53

Yəhyadayın cəsarəti

Yəhyadayın cəsarəti

İzəbilin qızı Ətəlya anası kimi zalımdır. Ətəlya Yəhuda padşahı ilə evlənir. Ərinin ölümündən sonra taxta oğlu çıxır. Ancaq bir müddət sonra oğlu da ölür. Bundan sonra Ətəlya özü Yəhudanı idarə etməyə başlayır və padşah nəslindən onun yerinə taxta çıxa biləcək hər kəsi, hətta öz nəvələrini də öldürtdürür. Hamı ondan qorxur.

Baş kahin Yəhyaday və arvadı Yəhusəba Ətəlyanın nə əməllər törədəcəyini bilir. Buna görə də onlar həyatlarını təhlükəyə atıb Ətəlyanın nəvələrindən birini, Yuəsi gizlədirlər. Onlar Yuəsi məbəddə böyüdürlər.

Yuəs yeddi yaşına çatanda Yəhyaday əyanları və lavililəri bir yerə yığıb deyir: «Məbədin qapılarını mühafizə edin, heç kimi içəri buraxmayın». Sonra Yəhyaday Yuəsi Yəhudanın padşahı elan edib tacı onun başına qoyur. Yəhuda xalqı: «Yaşasın padşah!» — deyə qışqırır.

Məlikə Ətəlya xalqın səsini eşidib məbədə tərəf qaçır. O, yeni padşahı görəndə qışqırır: «Xəyanət! Xəyanət!» Əyanlar zalım məlikəni oradan uzaqlaşdırırlar. Sonra isə onu öldürürlər. Bəs Ətəlyanın xalqa aşıladığı mənfi təsir haqda nə demək olar?

Yəhyadayın vasitəsilə xalq Yehova ilə əhd kəsir və yalnız Yehovaya ibadət edəcəklərinə söz verir. Yəhyaday həmçinin xalqa göstəriş verir ki, Baal məbədini və bütlərini məhv etsinlər. Yəhyaday xalqın yenidən Yehovanın məbədində ibadət edə bilməsi üçün kahinlər və lavililər təyin edir. O, məbədə heç bir napak insan girməsin deyə darvazaya keşikçilər qoyur. Sonra Yəhyaday və əyanlar Yuəsi saraya aparır və onu taxta çıxarırlar. Yəhuda xalqı çox sevinir. Onlar Yehovaya ibadət edirlər. Nəhayət, xalqın zalım məlikə Ətəlyadan və Baala ibadətdən canı qurtarır. Görürsən, Yəhyadayın cəsarətli olmasının camaata hansı xeyri dəydi?

«Bədəni öldürən, amma sizi gələcək həyatdan məhrum edə bilməyənlərdən qorxmayın, əksinə, sizi Hinnom vadisində məhv etməyə qadir olandan qorxun» (Mətta 10:28)