Kontentə keç

Mündəricatı göstər

DƏRS 61

Onlar heykələ baş əymirlər

Onlar heykələ baş əymirlər

Padşah Navuxodonosor heykəllə bağlı yuxu görəndən bir neçə müddət sonra qızıldan nəhəng bir heykəl düzəltdirir. O, bu heykəli Durə çölünə qoydurur və Sədrah, Misah, Abidnağu kimi ölkənin sayılıb-seçilən adamlarını heykəlin qabağına yığır. Padşah əmr verir: «Boru, lira və tuluqzurnasının səsini eşidəndə heykələ baş əyin! Kim baş əyməsə, qızmar sobaya atılacaq». Görəsən, bu üç ibrani gənc heykələ baş əyəcək, yoxsa yalnız Yehovaya ibadət edəcəklər?

Sonra padşah musiqinin çalınmasını əmr edir. Sədrah, Misah və Abidnağudan başqa hamı baş əyib heykələ səcdə edir. Bunu görən bəzi adamlar padşaha deyirlər: «Bu üç ibrani heykələ baş əymir». Navuxodonosor onların yanına adam göndərib deyir: «Heykələ baş əyməyiniz üçün sizə bir də fürsət verirəm. Əgər baş əyməsəniz, sizi sobaya atacağam. Heç bir allah sizi mənim əlimdən qurtara bilməyəcək». Onlar padşaha cavab verirlər: «Bizim əlavə fürsətə ehtiyacımız yoxdur. Allahımız bizi qoruyacaq. Hətta qorumasa da, ey padşah, biz bu heykələ baş əyməyəcəyik».

Navuxodonosor çox qəzəblənir. O, adamlarına deyir: «Sobanı həmişəkindən yeddi dəfə çox qızdırın». Sonra döyüşçülərə əmr verir: «Onların əl-ayağını bağlayıb sobaya atın!» Soba o qədər isti olur ki, döyüşçülər sobaya yaxınlaşan kimi ölürlər. Üç ibrani isə sobanın içinə düşür. Ancaq Navuxodonosor sobanın içinə baxanda görür ki, sobada üç nəfər əvəzinə, dörd nəfər var, üstəlik, onlar gəzirlər. O ürkür və məmurlardan soruşur: «Biz sobaya üç adam atmamışdıq? Mən orada dörd nəfər görürəm. Onlardan biri isə mələyə oxşayır!»

Navuxodonosor padşah sobaya yaxınlaşıb onları çağırır: «Ey Allah-Taalanın qulları, çölə çıxın!» Sədrah, Misah və Abidnağunun sobada salamat gəzdiyini görən hər kəs dəhşətə gəlir. Onların dəriləri, saçları və paltarları yanmamışdı, hətta onlardan heç his iyi də gəlmirdi.

Navuxodonosor deyir: «Sədrah, Misah və Abidnağunun Allahına eşq olsun. O, öz mələyini göndərib qullarını qorudu. Onun tayı-bərabəri yoxdur».

Bu üç ibrani kimi, sən də heç nəyə baxmayaraq, Yehovanın tərəfini tutacaqsan?

«Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Mətta 4:10)