Kontentə keç

Mündəricatı göstər

DƏRS 62

Padşahlığı təmsil edən böyük ağac

Padşahlığı təmsil edən böyük ağac

Bir axşam Navuxodonosor qəribə yuxu görür. O, müdrikləri çağırıb onlardan yuxunun mənasını soruşur. Ancaq onlardan heç biri yuxunu yoza bilmir. Nəhayət, padşah Dənyal ilə danışır.

Navuxodonosor Dənyala deyir: «Yuxuda bir ağac gördüm. O, boy atıb göylərə çatdı. Bu ağac dünyanın hər yerindən görünürdü. Ağacın gözəl yarpaqları və bol meyvələri var idi. Onun kölgəsində heyvanlar dincəlir, budaqlarında quşlar yuva qururdular. Birdən göydən bir mələk endi. O dedi: “Bu ağacı kəsin, budaqlarını doğrayın. Amma kötüyünü dəmir və mislə çəmbərləyib yerdə saxlayın. Ondan insan ürəyi alınıb, əvəzinə heyvan ürəyi verilsin. Qoy yeddi dövr belə qalsın. Bütün insanlar bilsin ki, hökmran Allahdır və O, padşahlığı kimə istəyir, ona da verir”».

Yehova bu yuxunun yozumunu Dənyala açır. Dənyal yuxunun yozumunu başa düşəndə onu dəhşət bürüyür. O deyir: «Ey padşah, qoy bu yuxu düşmənlərinin başına gəlsin, ancaq bu sənin haqqındadır. Kəsilən böyük ağac sənsən. Sən hakimiyyətini itirəcəksən və çöl heyvanları kimi ot yeyəcəksən. Amma mələyin “kötüyü çəmbərləyin” sözləri göstərir ki, sən yenidən padşah olacaqsan».

Bir il sonra Navuxodonosor öz sarayının damında gəzir. O deyir: «Budur, tikdiyim şan-şöhrətli şəhər. Gör necə qüdrətliyəm!» O, danışarkən göydən bir səs eşidilir: «Navuxodonosor! Elə indi taxt-tac əlindən çıxdı».

Həmin an Navuxodonosor ağlını itirib çöl heyvanları kimi olur. O, sarayından qovulur və çöl heyvanları ilə birlikdə çöldə yaşamağa başlayır. Navuxodonosorun saçları qartal lələyi kimi uzanır, dırnaqları isə quş caynağı kimi olur.

Yeddi ildən sonra Navuxodonosorun ağlı özünə qayıdır və Yehova onu Babil padşahı edir. Sonra Navuxodonosor deyir: «Göylərin Padşahına təriflər deyirəm. İndi bildim ki, hökmran Yehovadır. O, təkəbbürlü insanları alçaldır, padşahlığı kimə istəyir, ona da verir».

«Əcəldən qabaq qürur, süqutdan öncə təkəbbür gələr» (Məsəllər 16:18)