Kontentə keç

Mündəricatı göstər

DƏRS 71

Yehova İsanı qoruyur

Yehova İsanı qoruyur

İsrailin şərqində ulduzların onlara yol göstərdiyinə inanan insanlar yaşayırdı. Bir axşam bu insanlardan bəziləri səmada hərəkət edən ulduza oxşar parlaq bir şey görürlər və onun ardınca gedirlər. Bu ulduz onları Yerusəlimə aparıb çıxarır. Bu insanlar camaatdan soruşurlar: «Gələcəkdə yəhudilərin padşahı olacaq uşaq haradadır? Biz ona baş əyməyə gəlmişik».

Yerusəlim padşahı Hirod yeni padşah haqda söhbəti eşidəndə çox narahat olur. O, baş kahinlərdən soruşur: «Bu padşah harada doğulmalıdır?» Onlar Hiroda cavab verirlər: «Peyğəmbərlər demişdi ki, o, Beytləhmdə doğulacaq». Bunu eşidən Hirod şərqdən gələn adamları yanına çağırıb deyir: «Beytləhmə gedib, o uşağı tapın. Sonra isə gəlib onun harada olduğunu mənə deyin. Mən də ona baş əymək istəyirəm». Ancaq o, yalan deyir.

Ulduz yenidən hərəkət etməyə başlayır və həmin adamları Beytləhmə gətirib çıxarır. Ulduz bir evin üstündə dayanır. Şərqdən gələn adamlar həmin evə girirlər. Onlar evdə İsa ilə anası Məryəmi görürlər. Həmin adamlar uşağa baş əyir və ona qızıl, kündür və mürr hədiyyə edirlər. Görəsən, bu adamları Yehova göndərib? Xeyr.

Həmin gecə Yehova Allah yuxuda Yusifə deyir: «Hirod İsanı öldürmək istəyir. Arvadını və oğlunu götürüb Misirə qaç. Nə vaxt qayıdacağını sənə deyəcəyəm». Yusif dərhal ailəsini götürüb Misirə gedir.

Yehova şərqdən gələn adamlara deyir ki, onlar Hirodun yanına qayıtmasınlar. Hirod görəndə ki, onlar geri qayıtmırlar yaman qəzəblənir. İsanı tapa bilmədiyi üçün əmr edir ki, Beytləhmdə İsa yaşlarında olan bütün balaca oğlan uşaqlarını öldürsünlər. Ancaq İsa həmin vaxt Misirdə olduğundan onun həyatı təhlükədə olmur.

Bir müddət sonra Hirod ölür. Yehova Yusifə deyir: «İndi rahat geri qayıda bilərsən». Yusif, Məryəm və İsa İsrailə geri qayıdır və Nasirə şəhərində yaşayırlar.

«Ağzımdan çıxan söz də belə olacaq... Onu göndərdiyim məqsədə mütləq nail olacaq» (Əşiya 55:11)