Kontentə keç

Mündəricatı göstər

DƏRS 79

İsa Məsih çoxlu möcüzələr göstərir

İsa Məsih çoxlu möcüzələr göstərir

İsa Məsih yer üzünə Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ etmək üçün gəlmişdi. İsa Məsihin Padşah olacağını göstərmək üçün Yehova ona müqəddəs ruh vermişdi. Bunun sayəsində o, möcüzə göstərə bilirdi. O, xəstələri sağaldırdı. Hara gedirdisə, xəstələr ondan kömək istəyirdi, İsa da onlara şəfa verirdi. Korların gözləri açılır, karlar eşidir, iflic olmuş insanlar gəzir və cinə tutulmuş insanlar azad olurdu. Hətta xəstə adam onun paltarının ətəyinə toxunardısa, sağalardı. İsa hara gedirdisə camaat onun arxasınca gedirdi. O, tək qalmaq istəyəndə belə, heç kimdən köməyini əsirgəmirdi.

Bir dəfə camaat iflic olmuş bir nəfəri İsanın olduğu evə gətirir. Ancaq ev adamla dolu olduğu üçün içəri girə bilmirlər. Buna görə də evin damını söküb xəstəni oradan aşağı salırlar. Bunu görən İsa həmin adama deyir: «Dur get». Həmin adam durub gəzəndə camaat heyrətlənir.

Bir gün İsa Məsih bir kəndə gəlir. O görür ki, cüzamlı on nəfər uzaqda durub qışqırır: «İsa, bizə kömək et!» O dövrdə cüzamlı adam camaata yaxınlaşa bilməzdi. İsa həmin adamlara deyir ki, məbədə getsinlər, çünki Yehovanın qanununda yazılıb ki, cüzamlı insan sağalandan sonra məbədə getməlidir. Onlar hələ yolda ikən sağalırlar. Cüzamlılardan biri sağaldığını görəndə İsaya minnətdarlıq bildirmək və Allaha həmd etmək üçün geri qayıdır. On nəfərdən təkcə biri İsa Məsihə «sağ ol» deyir.

12 il xəstə olan bir qadını heç kim sağalda bilmir. O, İsa Məsihin ardınca gedən adamların arasına girib onun paltarına toxunur. Elə o andaca sağalır. Həmin an İsa Məsih soruşur: «Mənə kim toxundu?» Qadın qorxsa da, onun yanına gəlib hər şeyi ona danışır. İsa Məsih də ona təsəlli verərək deyir: «Bacım, salamat get».

Yair adlı sinaqoq rəisinin qızı çox xəstə olur. O, İsa Məsihə yalvarır: «Evimə gəl! Körpə qızım çox xəstədir». Ancaq o, Yairin evinə getməmiş qız ölür. İsa Məsih gəlib çatanda görür ki, camaat qızın ailəsi ilə birgə ağlayır. O, camaata deyir: «Ağlamayın; o sadəcə yatıb». Sonra İsa Məsih qızın əlini tutub deyir: «Qızcığaz, ayağa qalx!» Qız da dərhal ayağa qalxır. İsa Məsih onun valideynlərinə deyir ki, qıza yemək versinlər. Kim bilir, valideynləri necə sevinir!

«Allahın Nasirədən olan İsanı müqəddəs ruhla və qüvvə ilə məsh etdiyini, onun ölkəni gəzib-dolaşaraq insanlara yaxşılıq etdiyini, İblisin əziyyət verdiyi adamları sağaltdığını eşitmisiniz. Allah bu adamla idi» (Həvarilərin işləri 10:38)