Kontentə keç

Mündəricatı göstər

DƏRS 87

Ağanın şam yeməyi

Ağanın şam yeməyi

Yəhudilər hər il nisan ayının 14-ü Pasxa bayramı keçirirlər. Bu bayram yəhudilərə Yehovanın onları Misir köləliyindən azad edib, vəd olunmuş diyara gətirməsini xatırladır. Eramızın 33-cü ilində İsa Məsih və həvariləri Yerusəlimdə, bir evin yuxarı otağında Pasxanı qeyd edirlər. Yemək yeyəndən sonra İsa onlara deyir: «Sizlərdən biri məni satacaq». Şagirdlər bunu eşidəndə dəhşətə gəlirlər və İsadan soruşurlar: «Kimdir o?» İsa Məsih cavab verir: «Çörəyi verdiyim adam». Sonra isə o, çörəyi bölüb Yəhuda İskəryuta verir. Yəhuda o andaca ayağa durub otaqdan çıxır.

Daha sonra İsa Məsih Allaha dua edir və çörəyi bölüb qalan həvarilərə ötürür. Onlara deyir: «Yeyin, bu, mənim sizin uğrunuzda verəcəyim bədənimi təmsil edir». Sonra o, şərabı götürüb yenə dua edir və şagirdlərinə deyir: «Bu şərabı için. Bu, sizin günahlarınızı bağışlamaq üçün axıdılacaq qanımdır. Sizə söz verirəm, mənimlə birlikdə göydə padşah olacaqsınız. Bunu hər il məni yada salmaq üçün edin». Bu gün də İsa Məsihin davamçıları həmin gecəni qeyd etmək üçün bir yerə yığılırlar. Bizim dövrdə həmin mərasim Ağanın şam yeməyi adlanır.

Yeməkdən sonra həvarilərin arasında kimin daha üstün olduğu ilə bağlı mübahisə düşür. Ancaq İsa Məsih onlara deyir: «Kim özünü kiçik sayarsa, böyük odur».

Sonra əlavə edir: «Siz mənim dostlarımsınız. Atamdan eşitdiyim hər şeyi sizə bildirdim. Tezliklə Atamın yanına gedəcəyəm. Siz isə qalacaqsınız. Aranızdakı məhəbbətdən biləcəklər ki, mənim şagirdlərimsiniz. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin».

Axırda İsa Yehovaya dua edib, Ondan şagirdlərini qorumasını, onların arasında birlik olmasını xahiş edir. Həmçinin Yehovanın adının müqəddəs tutulması üçün dua edir. Daha sonra İsa Məsih və şagirdləri Yehovaya həmd nəğmələri oxuyub evdən çıxırlar. İsa Məsihin tutulmasına az qalır.

«Qorxma, kiçik sürü, çünki Atanız Padşahlığı sizə verməyi məsləhət bildi» (Luka 12:32)