Kontentə keç

Mündəricatı göstər

DƏRS 88

İsa Məsihi tuturlar

İsa Məsihi tuturlar

İsa Məsih və şagirdləri Qidron vadisindən keçib Zeytun dağına gedirlər. Gecə yarısını keçib, bütöv ay çıxıb. Onlar Getsemani bağına çatanda İsa Məsih həvarilərinə deyir: «Burada durun, oyaq qalın». Sonra o, bir az irəli, bağın içinə doğru gedib, diz çökür və güclü təlaş içində Yehova Allaha belə dua edir: «Qoy Sən istəyən kimi olsun». Sonra Yehova Allah mələyini göndərir ki, İsaya ürək-dirək versin. İsa həvarilərin yanına qayıdanda üçünün də yatdığını görür. Onlara deyir: «Oyanın! Yatmaq vaxtı deyil! Artıq vaxt yetişdi, indi mən düşmənlərin əlinə veriləcəyəm».

Çox keçməmiş Yəhuda İskəryut əllərində qılınc və dəyənək olan çoxlu adamla ora gəlir. O, İsanın harada olduğunu yaxşı bilir, çünki onlar birlikdə bu bağa çox gəlmişdilər. Yəhuda əsgərlərə demişdi ki, İsanın kim olduğunu onlara işarə edəcək. O, İsanın yanına gəlib: «Salam, müəllim», — deyib onu öpür. İsa isə ona deyir: «Yəhuda, məni bir öpüşləmi satırsan?»

İsa Məsih qabağa çıxıb həmin adamlardan soruşur: «Kimi axtarırsınız?» Onlar deyirlər: «Nəsrani İsanı». İsa Məsih cavab verir: «O mənəm». Bunu eşidəndə onlar geri çəkilib yerə yıxılırlar. İsa Məsih yenə onlardan soruşur: «Kimi axtarırsınız?» Onlar yenə deyirlər: «Nəsrani İsanı». Onda İsa onlara cavab verir: «Axı sizə dedim ki, mənəm. Bu adamları buraxın getsinlər».

Butrus vəziyyətin nə yerdə olduğunu başa düşəndə qılıncını çıxarıb baş kahinin nökəri Məlkin qulağını kəsir. Amma İsa Məsih onun qulağına toxunub sağaldır. Sonra isə Butrusa deyir: «Qılıncını yerinə qoy. Qılıncla döyüşən qılıncla öldürüləcək». Əsgərlər İsanı tutub əl-qolunu bağlayırlar. Bu zaman həvarilər oradan qaçırlar. Onlar onu böyük kahin Hənnanın yanına aparırlar. Hənna İsanı sorğu-sual edəndən sonra onu baş kahin Qayafanın evinə göndərir. Bəs həvarilərin axırı necə olur?

«Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəhya 16:33)