Kontentə keç

Mündəricatı göstər

DƏRS 90

İsa Məsih Qolqotada ölür

İsa Məsih Qolqotada ölür

Baş kahinlər İsa Məsihi vali Pilatın sarayına aparırlar. Pilat onlardan soruşur: «Bu adamı nədə günahlandırırsınız?» Onlar deyirlər: «O, padşah olduğunu deyir!» Pilat İsa Məsihdən soruşur: «Sən yəhudilərin padşahısan?» Məsih cavab verir: «Mənim padşahlığım bu dünyadan deyil».

Sonra Pilat İsanı Cəlilənin hakimi Hirodun yanına göndərir ki, bəlkə o, İsada hansısa nöqsan tapa bildi. Hirod isə İsada səhv tapa bilmir və onu Pilatın yanına geri göndərir. Pilat xalqa deyir: «Nə Hirod, nə mən bu adamın əleyhinə heç nə tapa bilmədik. Mən onu azad buraxacağam». Camaat qışqıraraq deyir: «Öldür onu! Öldür onu!» Əsgərlər İsanı qamçılayır, üzünə tüpürür və onu döyürlər. Onlar İsanın başına tikandan tac qoyurlar və lağ edərək deyirlər: «Salam, ey yəhudilərin Padşahı». Pilat xalqa bir daha deyir: «Mən bu adamda heç bir səhv tapmadım». Ancaq onlar qışqırırlar: «Onu dirəkdə edam et!» Buna görə də Pilat İsanı camaatın öhdəsinə buraxır.

Onlar İsanı Qolqota adlanan yerə gətirirlər. Orada onu dirəyə mıxlayırlar və dirəyi yuxarı qaldırırlar. İsa Məsih Allaha dua edir: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər». Camaat İsaya lağ edərək deyir: «Əgər sən Allahın Oğlusansa, dirəkdən düş! Özünü xilas et».

İsanın yanında asılan cinayətkarlardan biri ona deyir: «Padşahlığına gələndə məni yadına sal». İsa Məsih ona söz verir: «Sən mənimlə birlikdə Cənnətdə olacaqsan». Günorta çağı yer üzünə üç saat davam edən qaranlıq çökür. İsanın anası Məryəm və şagirdlərindən bəziləri dirəyin yanında dayanıblar. İsa Yəhyaya tapşırır ki, öz anasıtək Məryəmin qayğısına qalsın.

İsa: «Tamam oldu!» — deyib, başını aşağı salaraq son nəfəsini verir. Elə bu vaxt güclü zəlzələ olur. Məbəddə Müqəddəs yeri Ən müqəddəs yerdən ayıran pərdə ortadan cırılır. Bütün bunları görən yüzbaşı deyir: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş».

«Allahın bütün vədləri onun vasitəsilə “bəli” oldu» (2 Korinflilərə 1:20)