Kontentə keç

Mündəricatı göstər

Rəhbərlik Şurasından məktub

Rəhbərlik Şurasından məktub

Əziz bacı-qardaşlarımız:

Yehovaya ibadət edən bizlər Allahın Kəlamını — Müqəddəs Kitabı sevirik. Əminik ki, Müqəddəs Kitab tarixi dəqiqliklə yazılıb. O, bizə həyatda düzgün yol göstərir. Müqəddəs Kitab vasitəsilə Yehovanın bəşəriyyəti nə qədər çox sevdiyindən agah oluruq (Zəbur 119:105; Luka 1:3; 1 Yəhya 4:19). Biz Allahın Kəlamındakı dəyərli həqiqətləri başqalarına öyrətmək istəyi ilə alışıb yanırıq. Buna görə də böyük məmnuniyyətlə «Müqəddəs Kitab dünyasına səyahət» kitabını sizə təqdim edirik. İstəyirik, bu kitab haqda sizə bir az məlumat verək.

Bu nəşr əsasən uşaqlar üçün nəzərdə tutulub. Lakin Müqəddəs Kitab haqda daha çox öyrənmək istəyən böyüklərlə də araşdırmaq olar. Müqəddəs Kitab bütün insanlar üçün yazılıb və o, bizə əsl xoşbəxtliyi tapmağa kömək edə bilər. Ona görə də bu nəşr vasitəsilə Müqəddəs Kitaba yenidən nəzər salmaq hər birimizə fayda gətirəcək.

Allahın Kəlamına əsaslanan bu nəşrdə dünyanın yaradılışından başlayaraq bəşər ailəsinin tarixindən bəhs edilir. Müqəddəs Kitabdakı məlumatların dəqiq və sadə şəkildə çatdırılması, həmçinin hadisələrin mümkün qədər xronoloji ardıcıllıqla təqdim edilməsi üçün çox səy göstərilib.

Bu nəşrdə Müqəddəs Kitabdakı hadisələr sadəcə nəql olunmur. Mətn və şəkillər elə hazırlanıb ki, Müqəddəs Kitabdakı hadisələri canlandırmaq və oradakı hissləri təsəvvür etmək mümkün olsun.

Biz bu nəşr vasitəsilə görəcəyik ki, Müqəddəs Kitab Yehova Allaha ibadət edən və etməyən insanlardan bəhs edən kitabdır. Bunu bilmək bizi təşviq edir ki, yaxşılardan örnək, pislərdən isə ibrət götürək (Romalılara 15:4; 1 Korinflilərə 10:6). Kitab 14 hissədən ibarətdir. Hər hissənin əvvəlində oradakı hekayələrin icmalı yazılıb.

Valideynlər, bu kitabdakı hekayələri övladınızla birgə oxuyub, oradakı şəkilləri müzakirə edin. Sonra hekayənin əsaslandığı Müqəddəs Kitab ayələrini oxuya bilərsiniz. Övladınıza Müqəddəs Kitabdan oxuduğu ayələrin hekayə ilə bağlılığını görməyə kömək edin. Təkcə uşaqlarla yox, böyüklərlə də nəşri bu üsulla araşdıra bilərsiniz.

Ümid edirik ki, bu kitab uşaq və ya böyük olmasından asılı olmayaraq, bütün səmimi qəlbli insanlara Allahın Kəlamını öyrənməyə və öyrəndiklərini həyatlarında tətbiq etməyə kömək edəcək. Nəticədə, onlar da Yehova Allaha Onun xalqının bir üzvü kimi ibadət edə biləcəklər.

Qardaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası