Kontentə keç

Mündəricatı göstər

FƏSİL 3

«Allahdan nazil olan görüntülər gördüm»

«Allahdan nazil olan görüntülər gördüm»

HİZQİYAL 1:1

MƏZMUN: Hizqiyalın görüntüdə gördüyü səmavi araba

1—3. a) Hizqiyalın gördüyü mənzərəni təsvir edin. (Fəslin əvvəlindəki şəklə baxın.) b) Hizqiyal nəyin təsiri ilə bu görüntünü gördü və gördükləri ona necə təsir etdi?

 GÖZ OXŞADIQCA uzanan qumsallığın həmişəki sükunətini qeyri-adi bir mənzərə pozur. Hizqiyal gözlərini qıyaraq üfüqdə peyda olan bu mənzərəni görməyə çalışır. Mənzərə aydınlaşdıqca heyrətdən onun gözləri bərələ qalır. İlahi, bu nədir belə?! Üfüqdən ona sarı qasırğa gəlir. Lakin bu, adi qasırğa deyil. Şimaldan əsən şiddətli külək onun saçlarını havaya sovurur, az qalır paltarını əynindən çıxartsın. Göyün üzünü böyük bir bulud alır. Buludun içində yanan alov buludu gur işığa bürüyüb. O, qızılla gümüşün qarışığı kimi şölə saçır. Bulud yaxınlaşdıqca Hizqiyal daha da heyrətlənir. Böyük qoşunun səsinə bənzər bir səs get-gedə güclənərək aləmi bürüyür (Hizq. 1:4, 24).

2 Təxminən otuz yaşında olan bu cavan ömründə birinci dəfədir ki, belə bir unudulmaz mənzərənin şahidi olur. O hiss edir ki, «Yehovanın ruhu», müqəddəs ruhun qüvvəsi onun üzərinə enir. Bu elə bir qüvvədir ki, onun qarşısında başqa heç bir qüvvə dayana bilməz. Ruhun təsiri ilə Hizqiyal möhtəşəm bir səhnəni seyr edir. Xüsusi səs və görüntü effektləri ilə çəkilən müasir filmlərin heç biri bu səhnə ilə müqayisəyə gələ bilməz. Bu görüntü Hizqiyalı elə heyrətə salır ki, o, üzüqoylu yerə döşənir (Hizq. 1:3, 28).

3 Bu görüntünü göstərməkdə Yehovanın məqsədi Hizqiyalı, sadəcə heyrətə salmaq deyil. Onun gördüyü bu ilk görüntü, sonralar şahidi olub qələmə aldığı digər görüntülər kimi, həm onun üçün, həm də Yehovanın müasir xidmətçiləri üçün böyük məna daşıyır. Gəlin indi biz də Hizqiyalın gördüyü səhnəni, qiyabi də olsa, seyr edək.

Yəhudi xalqının vəziyyəti

4, 5. Hizqiyala görüntü nazil olan vaxt mövcud olan vəziyyəti təsvir edin

4 Hizqiyal 1:1—3 ayələrini oxuyun. Gəlin əvvəlcə görüntü nazil olan vaxt mövcud olan vəziyyətlə tanış olaq. Eramızdan əvvəl 613-cü il idi. Ötən fəsildən öyrəndiyimiz kimi, Hizqiyal Babildə, Kəbər çayının kənarında, əsir aparılmış yəhudilərin arasında yaşayırdı. (Ehtimal ki, Kəbər çayı Fərat çayından ayrılıb sonra yenə Fərata tökülən və gəmiçiliyə yararlı süni kanal olub.)

Hizqiyal soydaşları ilə birgə Kəbər çayı sahilində sürgündə yaşayırdı (4-cü abzasa baxın)

5 Əsirlikdə olan yəhudilər öz vətənləri Yerusəlimdən təqribən 800 kilometr uzaqda idilər *. Bir vaxtlar Hizqiyalın atasının kahin kimi xidmət etdiyi məbəd yalan ibadətlə, bütpərəstliklə murdarlanmışdı. Davudun, Süleymanın dövründə əzəmətə bürünən taxt-tac indi rüsvayçılıq içində idi. Yehovanın yolu ilə getməyən Yəhyakin padşah Babildə əsirlərin arasında yaşayırdı. Onun yerinə taxta çıxarılmış Sidqiyyə də Yehovanın bəyənmədiyi işləri görürdü, üstəlik, Babil padşahının əlində oyuncağa çevrilmişdi (2 Pad. 24:8—12, 17, 19).

6, 7. Nəyə görə Hizqiyala elə gələ bilərdi ki, ömrünün ən zülmət çağını yaşayır?

6 Böyük iman sahibi olan Hizqiyal yəqin ömrünün ən zülmət çağını yaşayırdı. Bəlkə də onun həmvətənlərini şübhələr boğurdu: «Görəsən, Yehova bizdən birdəfəlik üz döndərib? Doğrudanmı, saysız-hesabsız yalan allahların məskəni olan Babil pak ibadətin kökünü kəsəcək, yer üzündə Yehovanın hakimiyyətinə son qoyacaq?»

7 Gəlin bu vəziyyəti nəzərdə saxlayaraq Hizqiyalın ilk görüntüsünü oxuyaq və mövzunu ətraflı araşdıraq (Hizq. 1:4—28). Özümüzü Hizqiyalın yerində təsəvvür edək, onun gördüklərini görməyə, eşitdiklərini eşitməyə çalışaq.

Karxemiş yaxınlığındakı ərazidə Fərat çayı (5—7 abzaslara baxın)

Tayı-bərabəri olmayan araba

8. Hizqiyal görüntüdə nə görmüşdü və o, nəyi təmsil edir?

8 Gəlin Hizqiyalın şahidi olduğu mənzərəni ümumi şəkildə nəzərdən keçirək. Bu, nəhəng, heyrətamiz arabaya bənzəyirdi. Arabanın dörd böyük çarxı var idi, çarxların hər birinin yanında qeyri-adi ruhani varlıq dururdu. Sonralar həmin varlıqların kərrub olduğu məlum oldu (Hizq. 10:1). Onların başı üstündə, büllura bənzər böyük bir fəza, fəzanın da üstündə taxt var idi. Bu taxtda Yehova Allah əyləşmişdi. Bəs araba nəyin rəmzidir? Hizqiyalın gördüyü araba yalnız bir şeyi təmsil edə bilər: Yehovanın həşəmətli təşkilatının səmavi hissəsini. Bunu nəyə əsaslanaraq deyirik? Gəlin bu nəticəyə gəlməyə əsas verən üç amili nəzərdən keçirək.

9. Görüntüdəki araba Yehovanın Hökmdar mövqeyini necə vurğulayır?

9 Yehovanın ruhani varlıqlar üzərindəki hakimiyyəti. Diqqət yetirin ki, görüntüdə Yehovanın taxtı kərrubların başı üstündə yerləşir. Müqəddəs Kitabın digər bölmələrində də Yehovanın kərrublar üzərində taxtda oturduğu və ya kərrubların arasında əyləşdiyi yazılıb. (2 Padşahlar 19:15 ayəsini oxuyun; Çıx. 25:22; Zəb. 80:1.) Əlbəttə, bu o demək deyil ki, Yehova hərfi mənada kərrubların üstündə oturur. Onun nə bu qüdrətli varlıqların üstündə oturmağa, nə də araba sürməyə ehtiyacı yoxdur. Bəs onda hansı mənada Yehova kərrubların üstündə əyləşib? Kərrublar Yehovanın hakimiyyətinə tabe olur. Yehova bir Hökmdar kimi iradəsini yerinə yetirmək üçün onları xəlq etdiyi aləmin istənilən nöqtəsinə göndərir. Allahın digər müqəddəs mələkləri kimi, kərrublar da Yehovanın hökmlərini xidmətçi, yaxud elçi qismində icra edirlər (Zəb. 104:4). Onlar, sanki, nəhəng, vahid bir arabanı təşkil edirlər. Yehova da bir Hökmdar kimi bu «arabanı» idarə edir.

10. Nəyə əsasən demək olar ki, səmavi araba təkcə dörd kərrubdan ibarət deyil?

10 Araba yalnız kərrubları təmsil etmir. Hizqiyal görüntüdə dörd kərrub görmüşdü. Dörd rəqəmi Müqəddəs Kitabda çox vaxt bütövlüyü, yəni hamını ehtiva edən tamlığı bildirir. Deməli, dörd kərrub Yehovanın sadiq ruhani oğullarının cəmini təmsil edir. Həmçinin diqqət yetirin ki, çarxlar, hətta kərrublar gözlə dolu idi. Onların gözlə dolu olması ayıq-sayıqlığa işarədir. Bu ayıq-sayıqlıq təkcə dörd ruhani varlığa yox, bütün ruhani varlıqlara xas bir keyfiyyətdir. Hizqiyal arabanı elə nəhəng təsvir edir ki, hətta əzəmətli kərrublar belə, bu araba ilə müqayisədə kiçik görünürlər (Hizq. 1:18, 22; 10:12). Deməli, Yehovanın təşkilatının səmavi hissəsi təkcə dörd kərrubdan ibarət deyil, çox böyükdür.

Hizqiyal görüntüdə Yehovanın səmavi arabasını görəndə heyrətə gəldi (8—10 abzaslara baxın)

11. Dənyal peyğəmbərə hansı görüntü nazil olmuşdu və bundan hansı nəticəyə gəlirik?

11 Dənyala da ruhani aləmi təsvir edən oxşar görüntü nazil olmuşdu. Dənyal peyğəmbər uzun illər Babil şəhərində sürgündə yaşamışdı. Ona da səmavi aləmlə bağlı görüntü nazil olmuşdu. Maraqlıdır ki, həmin görüntüdə də Yehovanın taxtının çarxları var idi. Dənyalın aldığı görüntüdə Yehovanın göydəki ruhani ailəsinin böyüklüyü qabarır. Dənyal görmüşdü ki, «minlərlə minlər... on minlərlə on minlər» Yehovanın hüzurunda durub. Yehovanın bu ruhani oğulları səmada qurulan məhkəmənin üzvləri qismində təsvir olunmuşdu. Məhkəmə başlayanda hər biri, görünür, onlara ayrılmış yerdə əyləşmişdi (Dən. 7:9, 10, 13—18). Belə isə, məntiqəuyğundur ki, Hizqiyala nazil olan görüntüdə də həmin əzəmətli, ruhani məclis təsvir olunmuşdu.

12. Müqəddəs Kitabda səmavi aləmin təsvir olunduğu görüntüləri araşdırmaq bizi nədən qoruyur?

12 Yehova Allah bilir ki, diqqətimizi ruhani aləmdəki gerçəkliklərə, həvari Bulusun dili ilə desək, görünməyən şeylərə cəmləmək bizi qoruyur. Biz ətdən-qandan ibarət cismani varlıqlar olduğumuz üçün daha çox görünən şeylər barədə düşünməyə meyilliyik. Amma görünən şeylər, yəni fiziki tələbatlarımız müvəqqətidir. (2 Korinflilərə 4:18 ayəsini oxuyun.) Şeytan çox vaxt bu meyilimizdən istifadə edərək bizi cismani düşüncəli insana çevirməyə çalışır. Bu təsirə uymayaq deyə, Yehova Hizqiyala nazil etdiyi görüntüylə və digər görüntülər vasitəsilə bizə Öz səmavi ailəsinin nə qədər həşəmətli olduğunu xatırladır.

«Çarxlar, irəli!»

13, 14. a) Hizqiyal çarxları necə təsvir etmişdi? b) Yehovanın arabasında çarxların olması hansı mənanı daşıyır?

13 Əvvəlcə Hizqiyal diqqətini dörd kərruba cəmləyir. Bu nəşrin dördüncü fəslində həmin varlıqların, onların qeyri-adi görkəminin bizə Yehova Allah barədə nə öyrətdiyi araşdırılır. Hizqiyal kərrubların yanında dörd çarx da görmüşdü — hər kərrubun yanında bir çarx. Ehtimal ki, onların hərəsi bir tərəfdə duraraq nəhəng bir dördbucaq əmələ gətirmişdi. (Hizqiyal 1:16—18 ayələrini oxuyun.) Görünür, çarxlar xrizolit daşından idi. Şəffaf, qızılı və ya yaşımtıl-sarı rəngə çalan bu qiymətli daş par-par parıldayırdı.

14 Hizqiyala nazil olan görüntüdə arabanın çarxlarına böyük vurğu vurulur. Çarxlı taxt! Bu, çox qeyri-adi bir şeydir. Taxt deyəndə insanın ağlına yerə bərkidilmiş oturacaq gəlir. Bu, əslində, təbiidir. Çünki yer üzündəki hökmdarların nüfuz dairəsi yalnız oraya qədər olur. Yehovanın hakimiyyəti isə insan hakimiyyətindən tamamilə fərqlidir. Yehovanın hakimiyyəti hüdudsuzdur (Nəh. 9:6). Yehova elə bir Hökmdardır ki, Onun hakimiyyəti, sözün əsl mənasında, hər yanı əhatə edir. Hizqiyal tezliklə bunu dərk edəcək.

15. Hizqiyal çarxlar barədə nə yazmışdı?

15 Çarxların ölçüsü Hizqiyalı valeh edir. O yazmışdı: «Çarxların çənbərləri o qədər hündür idi ki, heyrət doğururdu». Təsəvvür edin, Hizqiyal bu nəhəng, göyə dirənən parlaq çənbərlərə baxmaq üçün başını necə geri atır. Sonra o, belə bir maraqlı məqamı qeyd etmişdi: «Hər dörd çarxın çənbərlərinin üstü gözlə dolu idi». Lakin ən çox heyrət doğuran çarxların qeyri-adi quruluşu idi. O yazmışdı: «Çarxların... quruluşu isə elə idi ki, sanki, çarx içində çarx var idi». Gəlin görək bu nə deməkdir.

16, 17. a) Arabanın çarxlarının quruluşu necə idi? b) Çarxlar Yehovanın arabasının hərəkiliyi barədə nə deyir?

16 Görünür, Hizqiyalın gördüyü çarxların hər biri, əslində iki çarxın birləşməsi idi. Ola bilsin, bunlar düz bucaq altında bir-birinə keçirilmiş eyni diametrli çarxlar idi. Buna görə də «onlar dörd səmtin hər birinə gedə bilirdilər, hərəkət edəndə sağa-sola dönmürdülər». Bəs bu çarxlar Hizqiyalın gördüyü səmavi araba barədə bizə nə deyir?

17 Bu hündürlükdə çarxlar təkcə bir dəfə dövr etməklə çox böyük məsafəni qət edə bilər. Görüntüyə əsasən, araba ildırım sürəti ilə hərəkət edirdi (Hizq. 1:14). Üstəlik, təsəvvür edin, dörd istiqamətə hərəkət edə bilən bu qeyri-adi çarxlar necə hərəki idilər. Bu hərəkiliyə mühəndislər həsəd aparar. Araba sürəti azaltmadan, sağa-sola dönmədən istiqaməti dəyişə bilirdi. Amma bu o demək deyil ki, o, kor-koranə hərəkət edirdi. Çənbərlərin gözlərlə örtülü olması göstərir ki, araba ətrafında, ümumiyyətlə hər yanda baş verən bütün şeylərdən tam xəbərdardır.

Çarxlar heyrətamiz dərəcədə böyük idi və çox sürətlə hərəkət edirdi (17-ci abzasa baxın)

18. Çarxların ölçüsü və üstünün gözlə dolu olması nədən xəbər verir?

18 Bəs Yehova bu görüntü ilə Hizqiyala və bütün mömin insanlara Öz təşkilatının səmavi hissəsi barədə nə öyrətmək istəyirdi? Gəlin nəzərdən keçirdiyimiz şeyləri bir də təkrarlayaq. Çarxların parıltısı və ölçüsü Yehovanın təşkilatının səmavi hissəsinin həşəmətli və heyrətamiz olduğuna işarədir. Çarxların üstünün gözlə dolu olması təşkilatın səmavi hissəsinin hər şeydən agah olduğuna dəlalət edir. Yehovanın gözləri hər şeyi görür (Məs. 15:3; Ərm. 23:24). Üstəlik, Onun milyonlarla mələyi var. O, bu mələkləri dünyanın hər bir nöqtəsinə göndərir. Onlar da hər şeyi diqqətlə müşahidə edib öz Hökmdarlarına xəbər aparırlar. (İbranilərə 1:13, 14 ayələrini oxuyun.)

Çarxların quruluşu onların mükəmməl hərəkiliyini göstərirdi (17 və 19-cu abzaslara baxın)

19. Görüntüdəki arabanın sürəti və hərəkiliyi Yehova və Onun təşkilatının səmavi hissəsi haqqında bizə nə öyrədir?

19 Bundan başqa araba son dərəcə sürətli və hərəkidir. Yehovanın təşkilatının səmavi hissəsi ilə insan hökumətləri, institutları və təşkilatları arasındakı fərqə fikir verin. İnsanların təsis etdiyi heç bir quruluş dəyişən vəziyyətə uyğunlaşa bilmir. Nəticədə, onlar uğursuzluğa məhkum olur və fəaliyyətlərini dayandırır. Səmavi araba isə onu idarə edən Yehova Allahın xislətini mükəmməl surətdə əks etdirir. O Allahın ki, mülayimdir və hər vəziyyətdə müvafiq sifətlə çıxış edir. Adının mənasından göründüyü kimi, Yehova niyyətini yerinə yetirmək üçün lazım olan Kəs ola bilər (Çıx. 3:13, 14). Məsələn, Yehova qüdrətli Cəngavər olub xalqı uğrunda vuruşa bilər. Lakin dərhal da çevrilib mərhəmətli Allah olar, etdiyi günaha görə qəm dəryasına batmış insanları əfv edib onlara nəvaziş göstərər, onları dirçəldər (Zəb. 30:5; Əşy. 66:13).

20. Nəyə görə Yehovanın arabası bizdə ehtiram doğurmalıdır?

20 Bu məqamda özümüzdən soruşa bilərik: «Yehovanın arabası məndə ehtiram doğurur?» Yadda saxlamalıyıq ki, bu araba hal-hazırda mövcud olan gerçəkliyi əks etdirir. Gəlin heç vaxt düşünməyək ki, Yehova, Onun Oğlu və mələklər bizi ruhdan salan hansısa problemə göz yumur. Həmçinin biz narahat olmamalıyıq ki, birdən Allahımız Yehova ehtiyacımızı vaxtında ödəməz, yaxud Onun təşkilatı bu dəyişkən dünyada baş qaldıran yeni çətinliklərə uyğunlaşa bilməz. Gəlin unutmayaq, Yehovanın təşkilatı həmişə fəaliyyətdədir. Hizqiyal göydən çarxları hərəkətə səsləyən bir hayqırtı eşitmişdi: «Çarxlar, irəli!» (Hizq. 10:13). Yehovanın Öz təşkilatını necə hərəkətə gətirdiyi barədə düşünmək insanı valeh edir. Lakin bizi birinci növbədə məftun edən Yehovanın Özüdür.

Arabanın Sahibi

21, 22. Arabanın hissələrini bir yerə cəm edən nədir?

21 Sonra Hizqiyal diqqəti çarxların üstündəki mənzərəyə cəmləyir. Orada «sanki, fəza var idi. O, büllur kimi, heyrətamiz şəkildə bərq vururdu» (Hizq. 1:22). Kərrubların başının üstündə, yuxarıda şəffaf bir fəza bərq vururdu. Bu məqamda mexanikadan başı çıxan adamın ağlında çoxlu suallar yarana bilər. Məsələn, bu fəzanı çarxların üstündə nə saxlayır? Çarxlar onları birləşdirən oxlar olmadan necə hərəkət edir? Ancaq bir şeyi yadda saxlayın ki, bu araba fiziki qanunlar əsasında qurulmayıb. Araba rəmzi məna daşıyır, ruhani aləmdəki gerçəklikləri təsvir edir. Növbəti sözlərə fikir verin, burada vacib bir həqiqət gizlənib: «Məxluqları hərəkətə gətirən ruh çarxları da hərəkətə gətirirdi» (Hizq. 1:20, 21). Bəs kərrubları və çarxları hərəkətə gətirən ruh nə ruh idi?

22 Şübhəsiz, bu, Yehovanın ruhudur. Kainatda ən böyük qüvvə olan bu ruh arabanın hissələrini bir yerə cəm edib, ona güc verir, onun hərəkətinin mükəmməl həmahəngliyini tənzimləyir. Bunu yadda saxlayaraq gəlin arabanı idarə edən Kəsdən danışaq.

Gördüyü mənzərə elə möhtəşəmdir ki, Hizqiyal onu təsvir etmək üçün söz tapmağa çətinlik çəkir

23. Hizqiyal Yehovanı təsvir etmək üçün hansı sözlərdən istifadə edir və nəyə görə?

23 Hizqiyal 1:26—28 ayələrini oxuyun. Hizqiyal bu görüntünü təsvir edərkən tez-tez «bənzəyən», «bənzər», «kimi», «oxşar» və sairə sözlərdən istifadə edib. Lakin bu ayələrdə belə sözlərə daha tez-tez rast gəlinir. Gördüyü mənzərə elə möhtəşəmdir ki, Hizqiyal onu təsvir etmək üçün söz tapmağa çətinlik çəkir. O, «taxtı xatırladan, göy yaquta bənzəyən bir şey» görür. Təsəvvür edirsiniz, nəhəng göy yaqutdan oyulmuş böyük bir taxt. Taxtda bir Varlıq əyləşib. Onun görünüşü insana bənzəyir.

24, 25. a) Yehovanın taxtının ətrafındakı göy qurşağı bizə nəyi xatırladır? b) Bu cür görüntülər bəzən peyğəmbərlərə necə təsir etmişdi?

24 Bu əzəmətli Varlığın yalnız ümumi cizgilərini sezmək mümkündür. Çünki O, beldən yuxarı və beldən aşağı alov kimi şölə saçır. Təsəvvür edin, peyğəmbər gözlərini qıyır, əlini gözlərinin üstünə qoyub bu həşəmətli Varlığa baxır. Nəhayət, Hizqiyal görüntünün ən mühüm məqamını qeyd edir. Taxtda Oturanın ətrafında «yağışlı gündə buludlar arasından çıxan göy qurşağına oxşar parıltı var idi». Göy qurşağı görəndə hansı hissləri keçirirsiniz? Məgər bu zaman ürəyiniz fərəhlə dolmur? Göy qurşağı bizə Yaradanımızın calalını aydın şəkildə xatırladır. Bu hüzur dolu, rəngarəng qurşaq Daşqından sonra Yehovanın bağladığı sülh əhdini yadımıza salır (Yar. 9:11—16). Yehova qüdrətlidir, hər şeyə qadirdir, ancaq buna baxmayaraq, O, sülh Allahıdır (İbr. 13:20). Onun qəlbində sülh hökmranlıq edir və bu sülh Ona sədaqətlə ibadət edən hər kəsə sirayət edir.

Yehovanın taxtının ətrafındakı möhtəşəm göy qurşağı bizə sülh Allahına xidmət etdiyimizi xatırladır (24-cü abzasa baxın)

25 Yehova Allahın calalını görmək görün Hizqiyala necə təsir edir. O yazmışdı: «Bunu görəndə üzüstə yerə döşəndim». Hizqiyalın bütün varlığını heyrət, qorxu elə bürümüşdü ki, o, üzüqoylu yerə döşənmişdi. Yehovadan görüntü alan başqa peyğəmbərlər də bu halı yaşamışdılar. Bu görüntüləri görəndə, yəqin onlar özlərini cılız və aciz hiss etmişdilər (Əşy. 6:1—5; Dən. 10:8, 9; Vəhy 1:12—17). Lakin vaxt keçdikcə Yehovanın açdığı həqiqətlər onları çox möhkəmləndirmişdi. Hizqiyalla da məhz bu baş vermişdi. Bəs Müqəddəs Kitabdakı bu cür parçalar bizə necə təsir etməlidir?

26. Hizqiyala nazil olan görüntü onu necə möhkəmləndirmişdi?

26 Bəlkə də Hizqiyalın ürəyini Allahın xalqının Babildəki vəziyyəti ilə bağlı şübhələr, narahatlıqlar didib-parçalayırdı. Ancaq ehtimal ki, bu görüntüdən sonra o, toxtaqlıq tapdı. Allahın sadiq bəndələrinin Yerusəlimdə, Babildə, yaxud başqa yerdə olmasının heç bir əhəmiyyəti yox idi. Onlar harada olurlar-olsunlar, hər yerdə Yehovanın möhtəşəm arabasının nüfuz dairəsi daxilində idilər. Bu cür möhtəşəm səmavi təşkilatın Hökmdarı qarşısında heç bir şeytani qüvvə duruş gətirə bilməz. (Zəbur 118:6 ayəsini oxuyun.) Hizqiyal həm də görmüşdü ki, səmavi araba bəşəriyyətdən uzaq deyil. Hətta arabanın təkərləri yerə dəyirdi (Hizq. 1:19). Bu o demək idi ki, Yehova Babildə sürgündə olan sadiq bəndələri ilə yaxından maraqlanır. O, bir Ata kimi onlardan Öz məhəbbətini, qayğısını heç vaxt əsirgəməyəcəkdi.

Araba və biz

27. Hizqiyalın görüntüsü bizim üçün hansı mənanı kəsb edir?

27 Hizqiyalın gördüyü görüntü bu gün bizim üçün hansısa mənanı kəsb edirmi? Sözsüz! Şeytan bu gün pak ibadətə hücumlarını daha da artırıb. O, bizi inandırmaq istəyir ki, biz tənhayıq, təcrid olunmuşuq, səmavi Atamızdan, Onun təşkilatından ayrı düşmüşük. Heç vaxt yol verməyin ki, bu cür yalanlar sizin qəlbinizə və ağlınıza hakim kəsilsin (Zəb. 139:7—12). Yehovanın səmavi arabası Hizqiyal kimi, bizi də valeh edir. Ola bilsin, biz Hizqiyal kimi yerə döşənməyəcəyik, ancaq Yehovanın təşkilatının səmavi hissəsinin qüdrəti, sürəti, hərəkiliyi, hər bir şəraitə uyğunlaşması və calalı bizi məftun edir.

28, 29. Yehovanın arabasının hərəkətdə olduğunu ötən əsrdə əldə olunan hansı nailiyyətlərdən görmək olar?

28 Həmçinin unutmayın ki, Yehovanın təşkilatının bir hissəsi yer üzündədir. Düzdür, yer üzündəki hissə qeyri-kamil insanlardan ibarətdir. Amma gəlin Yehovanın yerdə hansı işləri həyata keçirdiyi barədə düşünək. Yehova bütün dünyada adi insanları öz güclərinə edə bilməyəcəkləri işləri etməyə təşviq edir (Yəh. 14:12). Təkcə «Allahın Padşahlığı hökmranlıq edir!» kitabını oxumaq kifayət edər ki, ötən əsrdə təbliğ işinin necə böyük miqyasda keçirildiyini görək. Bundan başqa, Yehovanın təşkilatının həqiqi məsihilərə təlim verməkdə, məhkəmələrdə qələbə qazanmaqda, Allahın iradəsini icra etmək üçün son texnologiyalardan istifadə etməkdə atdığı addımları yadınıza salın.

29 Öz sonuna yaxınlaşan bu allahsız dünyada pak ibadətin dirçəlməsi üçün görülən işləri nəzərdən keçirdikdə Yehovanın arabasının hərəkətdə olduğu gün kimi aydın olur. Bu təşkilatda olmaq, bu cür Hökmdara qulluq etmək necə də böyük şərəfdir! (Zəb. 84:10).

Yehovanın təşkilatının yer üzündəki hissəsi həmişə irəli gedir (28 və 29-cu abzaslara baxın)

30. Növbəti fəsildə söhbət nədən gedir?

30 Hizqiyala nazil olan görüntüdən başqa şeylər də öyrənirik. Növbəti fəsildə dörd varlığa, yəni kərrublara yaxından nəzər salınır. Gəlin görək onlar əzəmətli Hökmdarımız Yehova Allah haqqında bizə nələr deyəcək.

^ Birbaşa yolla gedəndə məsafə bu qədər idi. Lakin əsirlərin aparıldığı yol, ehtimal ki, bundan təxminən iki dəfə uzun olub.