Kontentə keç

Mündəricatı göstər

FƏSİL 13

«Məbədi təsvir et»

«Məbədi təsvir et»

HİZQİYAL 43:10

MƏZMUN: Hizqiyalın məbədlə bağlı gördüyü görüntünün mənası

1—3. a) Nəyə görə görüntüdə gördüyü nəhəng məbəd Hizqiyal üçün təsəlli ola bilərdi? (Fəslin əvvəlindəki şəklə baxın.) b) Bu fəsildə nədən danışılır?

 HİZQİYAL PEYĞƏMBƏRİN artıq əlli yaşı var. Ömrünün iyirmi beş ili əsirlikdə keçib. Yerusəlimdəki məbəd uzun illərdir viranə qalıb. Bəlkə də Hizqiyal bir vaxtlar ümid edirdi ki, gün gələr bu məbəddə kahinlik edər. Amma bu ümidləri o, çoxdan qəlbində basdırıb. Əsarətin bitməsinə haradasa 56 il qalıb (Ərm. 25:11). Çətin ki, Hizqiyal xalqın vətənə dönəcəyi günü görə, o ki qalmışdı məbədin bərpasını. Hizqiyal bunu çox yaxşı başa düşür. Bəlkə də bunu fikirləşdikcə qəlbinə kədər çökür.

2 Amma Yehova şəfqətli Allahdır. O, məhz bu vaxt Hizqiyala möhtəşəm bir görüntü nazil edir. Görüntü bu sadiq insanın yaralı qəlbinə məlhəm və təsəlli olur. Yehovanın ruhu görüntüdə peyğəmbəri vətənə aparıb çox hündür bir dağın başına qoyur. Burada onu görkəmi misə bənzəyən bir adam qarşılayır. Bu, Yehovanın mələyidir. O, Hizqiyala bələdçilik edib onu nəhəng bir məbəddə gəzdirir. (Hizqiyal 40:1—4 ayələrini oxuyun.) Hər şey o qədər real görünür ki, sanki, hadisələr görüntüdə deyil, həyatda baş verir. Yəqin bu görüntü Hizqiyalın imanını möhkəmləndirmiş, ona xoş hisslər yaşatmışdı, amma eyni zamanda bir qədər çaş-baş da qoymuşdu. Bu məbəddəki bəzi şeylər ona tanış idi, ancaq çox şey Yerusəlimdəki məbəddən fərqlənirdi.

3 «Hizqiyal» kitabının son doqquz fəsli məhz bu görüntüyə həsr olunub. Gəlin əvvəlcə görək bu görüntünü başa düşmək üçün ona hansı mövqedən yanaşmalıyıq. Sonra isə araşdıraq görək, Hizqiyalın gördüyü məbəd əsrlər sonra həvari Bulusun ətraflı təsvir etdiyi böyük ruhani məbədlə eyni şeydir, yoxsa yox. Sonda isə bu görüntünün Hizqiyal üçün və əsirlikdə olan yəhudilər üçün hansı mənanı kəsb etdiyi barədə danışacağıq.

Fərqli yanaşma

4. Məbədlə bağlı görüntünün izahına əvvəllər hansı mövqedən yanaşırdıq, ancaq indi hansı qənaətə gəlmişik?

4 Əvvəllər nəşrlərimizdə deyilirdi ki, Hizqiyalın görüntüdə gördüyü məbəd həvari Bulusun «İbranilərə məktub»da bəhs etdiyi böyük ruhani məbəddir *. Buna görə də məntiqəuyğun görünürdü ki, Hizqiyalın gördüyü məbədin bir çox cəhətlərinə simvolik məna verək. Bu simvolik mənalar üçün Bulusun Müqəddəs çadıra verdiyi izahatı əsas götürürdük. Lakin dua edib mövzunu araşdırdıqca anladıq ki, bu görüntünün izahına daha sadə yanaşmalıyıq.

5, 6. a) Həvari Bulus Müqəddəs çadırdakı əşyalar barədə nə demişdi və çadırdan danışarkən necə təvazökarlıq göstərmişdi? b) Bulusdan nümunə götürərək Hizqiyalın gördüyü məbədin izahına necə yanaşmalıyıq?

5 Hizqiyalın görüntüdə gördüyü məbədin hər cəhətində peyğəmbərlik mənası, yaxud simvolik məna axtarmamalıyıq. Səbəbi başa düşmək üçün gəlin bir nümunəyə baxaq. Bulus Müqəddəs çadırdan və ruhani məbəddən danışanda çadırın əşyalarının, məsələn, qızıl buxurdanın, sandığın qapağının, içində manna olan qızıl qabın adını çəkmişdi. Bəs o, bu əşyaların hər birinə simvolik məna vermişdi? Görünür, müqəddəs ruh onu buna təşviq etməmişdi. Bulus yazmışdı: «İndi bunlar haqqında ətraflı danışmağın vaxtı deyil» (İbr. 9:4, 5). Bulus müqəddəs ruhun rəhbərliyinə tabe olurdu və təvazökarlıqla Yehovanı gözləyirdi (İbr. 9:8).

6 Hizqiyalın gördüyü məbədin izahına da eyni mövqedən yanaşmaq olar. Bu görüntüdə də çoxlu təfərrüatlar var. Ancaq ən yaxşısı odur ki, Yehovanı gözləyək. Lazım gələrsə, Yehova Özü bunlara aydınlıq gətirəcək. (Mikə 7:7 ayəsini oxuyun.) Amma bu o demək deyil ki, Yehovanın ruhu bu görüntüyə ümumiyyətlə aydınlıq gətirməyib.

Hizqiyal böyük ruhani məbədi görmüşdü?

7, 8. a) Hansı izahat dəyişilib? b) Görüntüdəki məbəd Bulusun təsvir etdiyi ruhani məbəddən necə fərqlənirdi?

7 Qeyd etdiyimiz kimi, nəşrlərimizdə uzun illər belə izahat verilirdi ki, Hizqiyal Bulusun «İbranilərə məktub»da bəhs etdiyi böyük ruhani məbədi görmüşdü. Lakin sonrakı araşdırmalar sayəsində belə nəticəyə gəldik ki, Hizqiyal böyük ruhani məbədi görə bilməzdi. Görək nəyə görə.

8 Əvvəla, Hizqiyalın gördüyü məbəd Bulusun izahatına uyğun gəlmir. Həvari Bulus bildirmişdi ki, Musa peyğəmbərin dövründəki Müqəddəs çadır daha böyük şeyin kölgəsi və timsalı idi. Müqəddəs çadırın, eləcə də Süleymanın və Zərubabilin tikdiyi məbədin quruluşu əsas etibarilə eyni idi. Bu məbədlər kimi, Müqəddəs çadırda da «Ən Müqəddəs yer» adlanan otaq var idi. Bulus həmin otağın «əllə düzəldilmiş müqəddəs məkan» olduğunu demişdi və izah etmişdi ki, ora gerçəkliyin özü yox, surəti idi. Onda gerçəklik nə idi? Bulus bu gerçəkliyin «göy» olduğunu demişdi (İbr. 9:3, 24). Bəs Hizqiyal göyü görmüşdü? Xeyr. Hizqiyalın aldığı görüntüdə onun göyə aid şeyləri gördüyünə heç bir işarə yoxdur. (Dənyal 7:9, 10, 13, 14 ayələri ilə müqayisə edin.)

9, 10. Hizqiyalın gördüyü məbəd qurban məsələsində Bulusun təsvir etdiyi böyük ruhani məbəddən necə fərqlənir?

9 Hizqiyalın gördüyü məbədlə Bulusun izahatı arasındakı ən böyük fərq qurbanlarla bağlıdır. Hizqiyal xalqa, sərdara, kahinlərə qurbanlarla bağlı ətraflı göstərişlər verildiyini eşitmişdi. Onlar günahlarından ötrü qurbanlar gətirməli idilər. Onlar həmçinin ünsiyyət qurbanları təqdim etməli idilər. Ünsiyyət qurbanlarını isə, ehtimal ki, məbədin yemək otaqlarında yeməli idilər (Hizq. 43:18, 19; 44:11, 15, 27; 45:15—20, 22—25). Bəs böyük ruhani məbəddə də təkrar-təkrar qurbanlar gətirilir?

Hizqiyalın görüntüdə gördüyü məbəd böyük ruhani məbəd deyil

10 Cavab sadə və aydındır. Bulus demişdi: «İndiki nemətləri gətirmiş Məsih baş kahin kimi gələndə insan əli ilə qurulmamış və bu aləmdən olmayan daha böyük və mükəmməl çadıra girdi. O, keçilərin və buğaların qanı ilə yox, öz qanı ilə müqəddəs məkana birdəfəlik girib bizim üçün əbədi xilas əldə etdi» (İbr. 9:11, 12). Deməli, böyük ruhani məbəddə yalnız bir qurban təqdim edilib. Bu, fidyə qurbanlığıdır və bu qurbanı böyük baş kahinin özü, İsa Məsih təqdim edib. Hizqiyalın görüntüdə gördüyü məbəddə isə çoxlu keçilər, buğalar qurban gətirilməli idi. Buna görə də bu məbəd böyük ruhani məbəd ola bilməz.

11. Nəyə görə Hizqiyalın dövründə ruhani məbəd haqqında məlumat verməyin vaxtı deyildi?

11 İndi isə ikinci səbəbə baxaq, görək nəyə görə Hizqiyal böyük ruhani məbədi görə bilməzdi. Çünki bu cür həqiqətləri açmağın hələ ki vaxtı deyildi. Unutmayın, Hizqiyalın gördüyü görüntü ilk növbədə Babildə əsarətdə yaşayan yəhudilərə ünvanlanmışdı. Onlar Tövrat qanunları ilə yaşayırdılar. Əsarət dövrü bitəndən sonra onlar Yerusəlimə qayıdacaqdılar, Tövratın pak ibadətlə bağlı qanunlarını icra etmək üçün məbədi, qurbangahı bərpa edəcəkdilər. Sonra isə təxminən altı əsr ərzində orada qurbanlar gətirəcəkdilər. Əgər Hizqiyalın gördüyü görüntü yəhudilərə ruhani məbədi təsvir etsəydi, bu, onlara necə təsir edərdi? Axı ruhani məbəddə baş kahin öz həyatını qurban gətirir və bundan sonra bütün qurbanlar ləğv olunur. Onlar bu görüntünü necə başa düşərdilər? Bundan sonra Tövratın tabeliyi altında yaşamaq istəyərdilər? Yehova həmişə olduğu kimi, həqiqəti düz vaxtında, xalqı bunu qəbul etməyə hazır olanda açır.

12—14. Hizqiyalın gördüyü məbədlə Bulusun izahatı arasında hansı bağlılıq var? («Fərqli məbədlər, fərqli mənalar» adlı çərçivəyə baxın.)

12 Bəs Hizqiyalın gördüyü məbədlə Bulusun izahatı arasında hansı bağlılıq var? Unutmayın ki, Bulus izahatını Hizqiyalın gördüyü məbədə yox, Musanın dövründəki Müqəddəs çadıra əsaslandırmışdı. Düzdür, Bulusun təsvir etdiyi bəzi cəhətlər Süleymanın və Zərubabilin tikdiyi məbədə də xas idi, həmçinin Hizqiyalın gördüyü məbəddə də rast gəlinirdi. Ümumilikdə isə, Hizqiyal və Bulus yazılarında diqqəti fərqli şeylərə cəmləyiblər *. Onların yazdıqları bir-birini təkrar etmir, bir-birini tamamlayır.

13 Müqəddəs Kitabdakı bu iki parça arasındakı əlaqəni belə ifadə etmək olar: Bulusun yazdıqlarından Yehovanın ibadət üçün təşkil etdiyi quruluş barədə, Hizqiyalın yazdıqlarından isə Yehovanın ibadət üçün qoyduğu qanunlar barədə öyrənirik. Yehovanın pak ibadət üçün təşkil etdiyi quruluşu başa salmaq üçün Bulus ruhani məbədin bəzi cəhətlərinin, məsələn, baş kahin, qurbanlar, qurbangah və Ən Müqəddəs yerin mənasını açıqlayır. Yehovanın pak ibadət üçün qoyduğu ali qanunları vurğulamaq üçün isə Hizqiyalın gördüyü məbəddə bir sıra təfərrüatlar təsvir olunur, bunlardan Yehovanın qoyduğu qanunlar barədə çox şey öyrənə bilərik.

14 Onda belə çıxır ki, yeni izahata əsasən, Hizqiyalın gördüyü görüntünün bizə elə də aidiyyəti yoxdur? Xeyr, bu belə deyil. Bu görüntü bizim üçün də mühüm əhəmiyyət kəsb edir. Bunu başa düşmək üçün gəlin əvvəlcə görək bu, Hizqiyalın dövründə və ondan sonra yaşayan sadiq yəhudilər üçün hansı mənanı daşıyırdı.

Görüntü əsirlikdə olan yəhudilər üçün hansı mənanı daşıyır?

15. a) Hizqiyalın gördüyü görüntü ümumilikdə hansı xəbəri çatdırırdı? b) «Hizqiyal» kitabının 8-ci fəsli ilə 40—48 fəsilləri arasında hansı fərq var?

15 Bu suala cavab tapmaq üçün gəlin bir-birilə bağlı olan bir neçə sualı nəzərdən keçirək. Bunun sayəsində mövzunu hərtərəfli başa düşə biləcəyik. Əvvəla, görüntü ümumilikdə hansı xəbəri çatdırırdı? Qısaca desək, pak ibadətin bərpa olunacağı barədə xəbəri. Sözsüz ki, Hizqiyala bu, aydın idi. İndi «Hizqiyal» kitabının 8-ci fəslində yerləşən məlumatı o, həmin vaxt artıq qələmə almışdı. Orada Yehova Yerusəlimdəki məbədin acınacaqlı vəziyyətini təsvir edirdi. 40—48 fəsillərdə olan məlumatı isə Hizqiyal, yəqin ki, sevinə-sevinə qələmə almışdı. Burada acınacaqlı vəziyyətdə olan pak ibadət yox, layiqli mövqe tutan, Tövrat əsasında icra olunan mükəmməl ibadət nümunəsi təsvir olunur.

16. Hizqiyalın gördüyü görüntü Əşiyanın bir əsr əvvəl söylədiyi peyğəmbərliyi necə təsdiq edirdi?

16 Pak ibadət dirçəlib layiqli yerini tutmaq üçün yüksəlməli idi. Hizqiyaldan təxminən bir əsr əvvəl Əşiya peyğəmbər yazmışdı: «Zamanın sonunda Yehovanın evinin durduğu dağ dağlardan uca bərqərar olacaq, təpələrdən yuxarı ucalacaq» (Əşy. 2:2). Əşiya görmüşdü ki, pak ibadət dirçələcək və ucalacaq, sanki, ən uca dağın başında bərqərar olacaq. Bəs Allahdan nazil olan görüntüdə Hizqiyal hara aparılmışdı? O, «çox hündür bir dağın» başında durub Yehovanın evinə baxırdı (Hizq. 40:2). Beləliklə, Hizqiyalın gördüyü görüntü təsdiq edirdi ki, pak ibadət dirçələcək.

Hizqiyalın görüntüdə gördüyü məbəd hündür, uca dağda yerləşirdi (16-cı abzasa baxın)

17. «Hizqiyal» kitabının 40—48 fəsillərini icmal edin.

17 Gəlin «Hizqiyal» kitabının 40—48 fəsillərində yazılanları, Hizqiyalın gördüklərini və eşitdiklərini qısaca nəzərdən keçirək. O görür ki, mələk darvazaları, divarı, həyətləri və Müqəddəs məkanı ölçür (Hizq. 40—42). Sonra möhtəşəm bir hadisə baş verir — Yehovanın calalı məbədə gəlir! Yehova üsyankar xalqına, kahinlərə və rəhbərlərə məsləhətlər verir (Hizq. 43:1—12; 44:10—31; 45:9—12). Hizqiyal görür ki, məbəddən çay axıb Ölü dənizə tökülür. Çay axdıqca həyat və nemətlər bəxş edir (Hizq. 47:1—12). Hizqiyal torpağın bərabər hissələrə bölündüyünü, pak ibadətin ölkənin ortasında öz yerini tutduğunu görür (Hizq. 45:1—8; 47:13—48:35). Bu görüntü hansı xəbəri çatdırırdı? Yehova xalqını əmin edirdi ki, pak ibadət dirçələcək və yüksələcək. O, Öz hüzuru ilə məbədini mübarək qılacaq və bu məbəd vasitəsilə nemətlər yağdıraraq bərpa olunmuş diyara şəfa, həyat və nizam-intizam bəxş edəcək.

Hizqiyalın gördüyü məbəd Yehovanın pak ibadəti necə bərpa edəcəyini möhtəşəm surətdə təsvir edirdi (17-ci abzasa baxın)

18. Nəyə görə məbədlə bağlı görüntünü hərfi mənada başa düşmək lazım deyil? İzah edin.

18 İkincisi, bu görüntü hərfi məna daşıyırdımı? Xeyr. Ehtimal ki, Hizqiyal və bu görüntünü dinləyən əsirlər dərhal başa düşmüşdülər ki, onu hərfi qəbul etmək lazım deyil. Yadınızdadırsa, Hizqiyal məbədin «çox hündür bir dağın» başında olduğunu görmüşdü. Bu, Əşiyanın peyğəmbərliyi ilə həmahəng olsa da, yerdəki məbədin yerləşdiyi məkana uyğun gəlmirdi. Süleymanın tikdiyi məbəd Yerusəlimdə, Muriyyə dağında yerləşirdi və gələcəkdə elə orada da bərpa olacaqdı. Bəs bu dağ çoxmu hündür idi? Xeyr. Muriyyə dağı başqa dağlarla əhatə olunmuşdu. Bu dağların bəzisi onunla eyni hündürlükdə, bəzisi ondan hündür idi. Həmçinin Hizqiyalın gördüyü məbəd nəhəng idi. Onun divarla əhatə olunmuş sahəsi çox böyük idi, bu böyüklükdə sahə isə Muriyyə dağının başına yerləşməzdi. Bu məbəd heç Süleymanın dövründəki Yerusəlim şəhərinə də sığışmazdı. Həmçinin əsirlikdə olan yəhudilər düşünmürdü ki, hərfi mənada məbədin binasından çay axıb Ölü dənizə töküləcək və onun ölü sularına şəfa verəcək. Ən nəhayət, vəd olunmuş diyarın dağlı-dərəli landşaftı qəbilələr arasında, görüntüdəki kimi, düz, paralel sərhədlərin çəkilməsinə imkan verməzdi. Deməli, görüntü hərfi mənada başa düşülməməli idi.

19—21. Yehova bu görüntü ilə xalqda hansı hissləri oyatmaq istəyirdi və nəyə görə görüntü onlarda bu cür hisslər yarada bilərdi?

19 Üçüncüsü, görüntü Yəhudi xalqında hansı hissləri oyatmalı idi? Yehovanın pak ibadətlə bağlı qoyduğu ali qanunları düşündükcə xalq xəcalət çəkməli idi. Yehova Hizqiyala demişdi ki, məbədi İsrail əhlinə təsvir etsin. İsraillilər məbədin layihəsini, bir növ, öyrənməli idilər. Bunun üçün Hizqiyal məbədi çox ətraflı təsvir etməli idi. Nəyə görə xalq bu məbəd barədə düşünməli idi? Gördüyümüz kimi, onu tikmək üçün yox, Yehovanın dediyi kimi, «günahlarına görə xəcalət» çəkmək üçün. (Hizqiyal 43:10—12 ayələrini oxuyun.)

20 Nəyə görə bu görüntü təmizqəlbli insanların vicdanına təsir edib onlarda xəcalət oyada bilərdi? Diqqət yetirin Hizqiyala nə buyurulmuşdu: «Bəni-adəm, Mən sənə Yehovanın məbədilə bağlı qanunları söyləyəcəyəm, sən də diqqətli ol, yaxşı-yaxşı bax, qulaq as, dinlə» (Hizq. 44:5). Hizqiyal dönə-dönə qanunlar barədə eşitdi (Hizq. 43:11, 12; 44:24; 46:14). Ona dönə-dönə Yehovanın qanunları barədə xatırladıldı, hətta qulacın uzunluğu və düzgün ölçü barədə qanunlardan danışıldı (Hizq. 40:5; 45:10—12; Məsəllər 16:11 ayəsi ilə müqayisə edin). Təkcə bu görüntüdə Hizqiyal ibrani dilində 50 dəfədən çox «ölçü» və «ölçmək» sözlərini işlədib.

21 Ölçülər, çəkilər, qanunlar! Yehova bununla xalqına nə demək istəyirdi? Görünür, çox təsirli şəkildə onlara vacib bir həqiqəti xatırladırdı: pak ibadət üçün qanunları yalnız Yehova müəyyən edir. Bu qanunlardan kənara çıxanlar xəcalət çəkməlidirlər! Bəs bu görüntü yəhudilərə bu şeyləri necə başa saldı? Növbəti fəsildə bununla bağlı bir neçə nümunə gətirilir. Bu nümunələr sayəsində həmin görüntünün bizim üçün hansı mənanı kəsb etdiyini başa düşəcəyik.

Məbədlə bağlı görüntü nəyə görə təmizqəlbli insanlarda xəcalət hissi oyadacaqdı? (19—21 abzaslara baxın)

^ Ruhani məbəd İsa Məsihin fidyə qurbanlığı əsasında Yehovanın pak ibadət üçün təsis etdiyi quruluşdur. Ruhani məbədin b. e. 29-cu ilində yarandığını hesab edirik.

^ Məsələn, Bulus baş kahindən və onun Kəffarə günü icra etdiyi vəzifədən danışmışdı (İbr. 2:17; 3:1; 4:14—16; 5:1—10; 7:1—17, 26—28; 8:1—6; 9:6—28). Hizqiyalın gördüyü görüntüdə isə nə baş kahindən, nə də Kəffarə günündən söz açılmır.