Kontentə keç

Mündəricatı göstər

FƏSİL 14

«Məbədlə bağlı qanun budur»

«Məbədlə bağlı qanun budur»

HİZQİYAL 43:12

MƏZMUN: Məbədlə bağlı görüntünün Hizqiyalın dövrü və bizim dövr üçün mənası

1, 2. a) Ötən fəsildə Hizqiyalın gördüyü məbəd barədə nə açıqlandı? b) Bu fəsildə hansı iki sual nəzərdən keçirilir?

 ƏVVƏLKİ fəsildə Hizqiyalın gördüyü məbədlə bağlı bir sıra məqamlar açıqlandı. Aydın oldu ki, Hizqiyal həvari Bulusun əsrlər sonra bəhs etdiyi böyük ruhani məbədi görməmişdi. Həmçinin öyrəndik ki, bu görüntü Allahın pak ibadət üçün təsis etdiyi qanunların vacibliyini xalqa başa salmalı idi. Yalnız bu qanunlara riayət edərək xalq Yehova ilə münasibətlərini bərpa edə bilərdi. Bunu nədən görmək olar? Təkcə bir ayədə Yehova növbəti vacib fikri iki dəfə vurğulamışdı: «Məbədlə bağlı qanun budur». (Hizqiyal 43:12 ayəsini oxuyun.)

2 İndi isə daha iki suala cavab tapmaq lazımdır. Birincisi, Hizqiyalın dövründəki yəhudilər bu görüntüdən Yehovanın pak ibadət üçün qoyduğu qanunlarla bağlı nə öyrənə bilərdilər? İkincisi, bu görüntü axırzamanda yaşayan bizlər üçün hansı mənanı kəsb edir? Birinci sualın cavabı bizə ikinci suala da cavab tapmağa kömək edəcək.

Görüntünün qədim dövr üçün mənası

3. Görüntünün hündür bir dağda vaqe olması nə üçün xalqı utandırmalı idi?

3 Birinci suala cavab tapmaq üçün gəlin məbədlə bağlı görüntünün bir sıra əlamətdar məqamlarına diqqət yetirək. Hündür dağ. Xalq ehtimal ki, görüntünün vaqe olduğu yeri Əşiyanın dirçəlişlə bağlı peyğəmbərliyi ilə əlaqələndirəcəkdi (Əşy. 2:2). Görüntüdə məbədin hündür dağda yerləşməsi nə demək idi? Yehova xalqa başa salmaq istəyirdi ki, pak ibadət yüksəlməli, hər şeydən uca tutulmalıdır. Sözsüz ki, pak ibadət onsuz da ucadır. Çünki bu, bütün allahlardan qat-qat uca olan Yehovanın təsis etdiyi quruluşdur (Zəb. 97:9). Lakin xalq öz öhdəsinə düşəni etməmişdi. Əsrlər ərzində onlar dönə-dönə pak ibadəti ləkələmiş, ona arxa çevirmişdilər. Allahın müqəddəs evinin yüksəldiyini, layiq olduğu möhtəşəm mövqeyi tutduğunu görən təmizqəlbli insanlar, sözsüz ki, xəcalət çəkmişdi.

4, 5. Məbədin hündür darvazaları Hizqiyalın dövründəki yəhudilərə nə öyrədirdi?

4 Hündür darvazalar. Görüntünün əvvəlində Hizqiyal mələyin darvazaları ölçdüyünü görmüşdü. Bu tikililərin hündürlüyü təxminən 30 metr idi (Hizq. 40:14). Girişlərdə keşikçi otaqları var idi. Bütün bunlar layihəni öyrənənlər üçün nə məna kəsb edirdi? Yehova Hizqiyala dedi: «Məbədin girişlərinə... diqqət yetir». Çünki xalq «ürəyi və bədəni sünnət olunmamış»ları düz Allahın müqəddəs məbədinə gətirirdi. Bunun nəticəsi nə olmuşdu? Yehova demişdi: «Onlar da məbədimi murdarlayırlar» (Hizq. 44:5, 7).

5 Bədəni sünnət olunmamışlar İbrahimin dövründə Allahın aydın şəkildə verdiyi əmrə itaət etmirdilər (Yar. 17:9, 10; Lav. 12:1—3). Ürəyi sünnət olunmamışların isə vəziyyəti daha betər idi. Onlar inadla üsyan edir, Yehovanın göstəriş və rəhbərliyinə məhəl qoymurdular. Bu adamlara Yehovanın müqəddəs məbədinə daxil olmağa icazə verilməməli idi. Yehova ikiüzlülüyə nifrət edir. Xalq isə Onun evində ikiüzlülüyün yayılmasına şərait yaratmışdı. Görüntüdəki məbədin darvazaları və keşikçi otaqları aydın bir xəbəri çatdırırdı: bir daha bu cür təhqirə yol verilməyəcək. Allahın məbədinə daxil olmaq üçün qoyulan ali qanunlara riayət olunmalıdır. Yalnız bu halda Yehova xalqının ibadətini qəbul edəcəkdi.

6, 7. a) Yehova görüntüdə məbədin ətrafındakı divarı göstərməklə xalqına hansı xəbəri çatdırmaq istəyirdi? b) Yehovanın xalqı əvvəlki məbədə qarşı necə davranmışdı? (Haşiyəyə baxın.)

6 Divarlar. Görüntüdəki məbədin digər valehedici cəhəti məbədin ətrafındakı sahəni əhatə edən divarlar idi. Hizqiyal deyir ki, divar hər tərəfdən 500 çubuq, yəni 1555 metr uzunluğunda idi (Hizq. 42:15—20). Məbəd binaları və həyətlər isə birlikdə bir tərəfi cəmi 500 qulac, yəni 259 metr uzunluqda olan dördbucaqlını təşkil edirdi. Beləliklə, məbədlə divar arasında böyük boş sahə var idi *. Bu, hansı məqsəd üçün idi?

7 Yehova dedi: «Qoy indi öz xəyanətlərini və padşahlarının cəsədlərini Məndən uzaq etsinlər. Onda əbədiyyən onların arasında yaşayaram» (Hizq. 43:9). «Padşahların cəsədləri» ifadəsi, görünür, bütlərə aid idi. Beləliklə, görüntüdə məbədin ətrafında geniş sahəni göstərməklə Yehova, mahiyyət etibarilə deyirdi: «Bütün bu çirkabı məndən uzaq edin. Mənə cüzi də olsa, yaxın buraxmayın». Xalq pak ibadətin təmizliyini qorusaydı, Yehova lütf göstərib onlara Öz hüzurunu bəxş edəcəkdi.

8, 9. Yehovanın məsul kişilərə ciddi məsləhət verməsi xalqa nə öyrədirdi?

8 Məsul kişilərə ciddi məsləhət. Yehova böyük məsuliyyət həvalə olunan kişilərə də məhəbbətdən irəli gələrək ciddi məsləhət verdi. İsraillilər bütpərəstliyə qurşanıb Yehovadan üz döndərəndə lavililər də Ondan uzaqlaşmışdı, Sadığın oğulları isə Yehovanın müqəddəs məkanındakı işlərə baxmağa davam etmişdi. Yehova lavililərə şiddətli töhmət verdi, Sadığın oğullarını isə təriflədi. Beləliklə, O, hər iki tərəflə ədalətlə və mərhəmətlə rəftar etdi, onlarla hərəkətlərinə müvafiq olaraq davrandı (Hizq. 44:10, 12—16). Yehova İsrail rəhbərlərini də ciddi şəkildə danladı (Hizq. 45:9).

9 Beləliklə, Yehova bildirdi ki, səlahiyyətli mövqeyə sahib olan və xalqa nəzarət edən kişilər öz məsuliyyətlərini necə icra etdiklərinə görə cavab verməlidirlər. Məsləhət, düzəliş və cəzaya gəldikdə onlar toxunulmazlıq hüququna malik deyillər. Əksinə, onlar Yehovanın qanunlarına riayət etmək məsələsində öndə getməlidirlər.

10, 11. Sürgündən qayıdan bəzi yəhudilərin görüntüdən özünə dərs götürdüyü nədən görünür?

10 Bəs sürgündən qayıdan yəhudilər Hizqiyalın gördüyü görüntüdən özlərinə dərs götürdülər? Dəqiq deyə bilmərik, o dövrdəki sadiq kişi və qadınlar bu möhtəşəm görüntü barədə nə fikirləşirdilər. Amma Allahın Kəlamında əsarətdən qayıdan yəhudilərin gördüyü işlər, onların pak ibadətə münasibəti barədə geniş məlumat var. Onlar görüntüdəki prinsipləri müəyyən dərəcədə tətbiq etmişdilər. Xüsusilə də, Babil əsarətindən əvvəlki əcdadları ilə müqayisədə bu, aydın görünürdü.

11 Həqqay və Zəkəriyyə peyğəmbər, kahin və mirzə Üzeyir, vali Nəhəmya və digər mömin kişilər xalqa məbədlə bağlı görüntüdəkinə bənzər prinsipləri aşılamaq üçün çox zəhmət çəkirdilər (Üzr. 5:1, 2). Onlar xalqa başa salırdılar ki, pak ibadət yüksəlməli, mal-mülkdən, xudbin arzulardan uca tutulmalıdır (Həq. 1:3, 4). Xalqdan pak ibadət üçün qoyulan qanunlara hörmət etməyi tələb edirdilər. Məsələn, Üzeyir və Nəhəmya kişiləri yadelli arvadlardan ayrılmağa, demək olar ki, məcbur etdilər, çünki bu arvadlar xalqın ruhaniliyi üçün təhlükə idi. (Üzeyir 10:10, 11 ayələrini oxuyun; Nəh. 13:23—27, 30.) Bəs tarix boyunca israillilərin dönə-dönə düşdüyü bütpərəstlik tələsi barədə nə demək olar? Görünür, sürgündən sonra xalq nəhayət ki, bu günahdan ikrah etdi. Bəs kahinlər və başçılar barədə nə demək olar? Hizqiyalın aldığı görüntüdən də göründüyü kimi, Yehova onlara da məsləhət və düzəliş etdi (Nəh. 13:22, 28). Çoxları qürurunu sındırıb bu məsləhətə boyun əydi (Üzr. 10:7—9, 12—14; Nəh. 9:1—3, 38).

Nəhəmya xalqla çiyin-çiyinə çalışarkən onlara pak ibadət haqqında öyrədirdi (11-ci abzasa baxın)

12. Yehova sürgündən qayıdan xalqına hansı nemətləri verdi?

12 Bunun müqabilində Yehova xalqına nemətlər verdi. Xalq Yehova ilə yaxın münasibəti bərpa edə bildi. Ölkə çoxdan görmədiyi asayişə yetişdi (Üzr. 6:19—22; Nəh. 8:9—12; 12:27—30, 43). Nəyin sayəsində? Xalq nəhayət ki, Yehovanın pak ibadət üçün qoyduğu ali qanunlara riayət etməyə başladı. Məbədlə bağlı görüntüdən çox adam özünə dərs götürdü. Xülasə, Hizqiyalın məbədlə bağlı gördüyü görüntü əsarətdə olan yəhudilərə iki mühüm sahədə kömək etdi. 1) Onlara pak ibadət üçün olan qanunların əhəmiyyətini və bu qanunlara necə riayət etməli olduqlarını başa saldı. 2) Bu görüntü onlara gələcəklə bağlı əminlik verdi. Onlara əyan oldu ki, bir gün pak ibadət dirçələcək və xalq pak şəkildə ibadət etdiyi müddətdə Yehova onlara hansı nemətləri verəcək. Ancaq indi bizi bir sual da maraqlandırır: Bəs bu görüntü müasir dövrə də aiddir?

Bizim üçün əhəmiyyəti

13, 14. a) Hizqiyalın məbədlə bağlı aldığı görüntünün bizim dövrə də aid olduğunu haradan bilirik? b) Bu görüntünün bizə hansı iki faydası var? (Həmçinin «Fərqli məbədlər, fərqli mənalar» adlı 13A çərçivəsinə baxın.)

13 Əmin ola bilərik ki, Hizqiyalın məbədlə bağlı gördüyü görüntü bu gün bizə də aiddir. Hizqiyalın gördüyü görüntü ilə Əşiyanın söylədiyi peyğəmbərlik arasındakı oxşarlığa diqqət yetirək. Hizqiyal Allahın müqəddəs evinin «çox hündür bir dağın» başında olduğunu görmüşdü. Əşiya da peyğəmbərlik etmişdi ki, «Yehovanın evinin durduğu dağ dağlardan uca bərqərar olacaq». Əşiya bu peyğəmbərliyin «zamanın sonunda» yerinə yetəcəyini demişdi (Hizq. 40:2; Əşy. 2:2—4; həmçinin Mikə 4:1—4 ayələrinə baxın). Bu peyğəmbərliklər axırzamana aiddir. Belə ki, 1919-cu ildən pak ibadət ucalır, yəni dirçəlir, sanki hündür bir dağın başında bərqərar olur *.

14 Belə isə qətiyyətlə deyə bilərik ki, Hizqiyalın gördüyü görüntü müasir dövrdəki pak ibadətə də aiddir. Görüntü əsir yəhudilər kimi, bizə də iki sahədə kömək edə bilər. 1) Görüntüdən Yehovanın pak ibadət üçün qoyduğu qanunlara necə riayət etməli olduğumuzu öyrənirik. 2) Görüntü bizi pak ibadətin dirçəldiyinə və Yehovanın yenidən xalqına nemətlər verdiyinə əmin edir.

Dövrümüzdə pak ibadətlə bağlı qanunlar

15. Hizqiyalın gördüyü məbədlə bağlı nəyi yadda saxlamalıyıq?

15 Gəlin Hizqiyalın aldığı görüntünün bəzi cəhətlərini nəzərdən keçirək. Təsəvvür edək ki, Hizqiyalla birlikdə nəhəng məbədi gəzirik. Yadda saxlayaq ki, bu, böyük ruhani məbəd deyil və biz, sadəcə olaraq, özümüzə ibadətlə bağlı dərs götürmək istəyirik. Bu görüntüdən nə öyrənə bilərik?

16. Hizqiyalın gördüyü görüntüdəki mələyin məbədin hər tərəfini ölçməsindən nə öyrənirik? (Fəslin əvvəlindəki şəklə baxın.)

16 Ölçməkdə məqsəd. Hizqiyal görmüşdü ki, görkəmi misə bənzəyən mələk məbədi, onun divarlarını, darvazalarını, keşikçi otaqlarını, həyətlərini və qurbangahını ölçür. Bu qədər təfərrüatın özü artıq oxucunu heyrətə sala bilər (Hizq. 40:1—42:20; 43:13, 14). Amma bu təfərrüatlarda çox vacib məqamlar gizlənib. Yehova bununla qanunlarının vacibliyini vurğulayırdı. Bu qanunları qoyan Odur, fani insan deyil. Kim deyirsə ki, Allaha necə ibadət etməyin fərqi yoxdur, çox yanılır. Üstəlik, məbədi hərtərəfli ölçməklə Yehova təsdiq etdi ki, pak ibadət mütləq dirçələcək. Ölçülərin dəqiq olması isə göstərirdi ki, Allahın vədi hökmən, dəqiqliklə yerinə yetəcək. Beləliklə, Hizqiyal təsdiq edirdi ki, axırzamanda pak ibadət mütləq və mütləq dirçələcək!

Məbədin dəqiq ölçülməsindən nə öyrəndiniz? (16-cı abzasa baxın)

17. Məbədin ərazisini əhatə edən divar bizə nə barədə yaddaşlıq edir?

17 Divarlar. Bildiyimiz kimi, görüntüdə məbədin ətrafındakı sahə divarla əhatə olunmuşdu. Bu, ciddi surətdə xatırladırdı ki, Allahın xalqı bütün dini natəmizliyi pak ibadətdən uzaq saxlamalı, Allahın evini murdarlamamalı idi. (Hizqiyal 43:7—9 ayələrini oxuyun.) Bu məsləhət bizim üçün də vacibdir. Allahın xalqı Böyük Babilin əsrlərlə sürən ruhani əsarətindən azad olandan sonra Məsih 1919-cu ildə sadiq və ağıllı nökər təyin etdi. Xüsusilə həmin vaxtdan Allahın xalqı yalan ehkamlardan, bütpərəstliklə əlaqəli olan ayinlərdən yaxa qurtarmaq üçün əlindən gələni edir. Biz cidd-cəhdlə pak ibadəti ruhani natəmizlikdən uzaq saxlayırıq. Bundan başqa ibadət evlərində biznes açmırıq. Bu kimi cismani şeyləri ibadətə qarışdırmırıq (Mark 11:15, 16).

18, 19. a) Görüntüdəki məbədin hündür darvazaları nəyi bildirir? b) İnsanlar Yehovanın ali qanunlarını dəyərdən salmağa çalışanda biz nə etməliyik? Nümunə çəkin.

18 Hündür darvazalar. Hizqiyalın gördüyü hündür darvazalar nəyi bildirir? Görüntüdəki məbədin bu cəhəti yəhudi əsirlərə xatırladırdı ki, Yehova xidmətçilərinin yüksək əxlaq qaydalarına riayət etməsini tələb edir. Qədimdə belə idi. Bəs bu gün barədə nə demək olar? Biz Yehovanın böyük ruhani məbədində ibadət edirik. Deməli, bu gün riyakarlıqdan uzaq olan düzgün davranış daha vacibdir (Rom. 12:9; 1 But. 1:14, 15). Yaşadığımız bu axırzaman ərzində Yehova tədricən xalqına Öz əxlaq qaydalarını başa düşməyə kömək edir *. Məsələn, tövbə etməyən günahkarlar yığıncaqdan kənar edilirlər (1 Kor. 5:11—13). Bundan başqa, darvazaların girişlərindəki keşikçi otaqları bizə xatırladır ki, bu gün Yehovanı razı salmayan adam ruhani məbədə daxil ola bilməz. Məsələn, ikili həyat sürən adam ibadət evinə girə bilər, amma nə qədər ki, Yehovanın tələblərinə riayət etmir, Onun razılığını qazana bilməz (Yaq. 4:8). Çirkaba bulaşmış bu dünyada pak ibadətin bu cür hifz olunması möcüzədir!

19 Müqəddəs Kitabda deyilmişdi ki, son gəlməzdən əvvəl bu dünya pozulacaq. Orada yazılıb: «Pis adamlar və fırıldaqçılar isə aldadıb aldanaraq get-gedə daha betər işlər görəcəklər» (2 Tim. 3:13). Günü-gündən daha çox insan aldanıb belə qənaətə gəlir ki, Yehovanın ali qanunları çox sərtdir, artıq köhnəlib və ya səhvdir. Siz də bu fikrə aldanacaqsınız? Məsələn, əgər kimsə sizi inandırmağa çalışsa ki, Allahın homoseksualizmlə bağlı qanunları yanlışdır, nə edəcəksiniz? Onunla razılaşacaqsınız, yoxsa Yehova Allahla? Onun Kəlamında birmənalı şəkildə deyilir ki, bu cür əməl sahibləri əxlaqsızlıq edir. Allah xəbərdarlıq edir ki, əxlaqsızlığı alqışlamayaq, yəni belə hərəkətə bəraət qazandırmayaq (Rom. 1:24—27, 32). Belə hallarla üzləşəndə yaxşı olar ki, Hizqiyalın gördüyü məbədin hündür darvazalarını təsəvvürümüzdə canlandıraq və yadda saxlayaq ki, bu mənfur dünya nə qədər əlləşib-vuruşsa da, Yehova Öz ali qanunlarından keçməyəcək. Bəs biz səmavi Atamızla razılaşıb düzgünlüyün tərəfini tuturuq?

Biz pak şəkildə ibadət edəndə «mədh qurbanı» təqdim edirik

20. Hizqiyalın gördüyü görüntü böyük izdihamın üzvlərini necə ruhlandırır?

20 Həyətlər. Hizqiyal məbədin geniş bayır həyətini görəndə yəqin onu heyrət bürümüşdü. Təsəvvür etmişdi ki, Yehovaya ibadət edən nə qədər insan orada toplaşa bilər. Bu gün məsihilər ondan qat-qat böyük məbəddə ibadət edirlər. Hizqiyalın gördüyü görüntü Yehovanın ruhani məbədinin bayır həyətində xidmət edən böyük izdihamın üzvlərini ruhlandırır (Vəhy 7:9, 10, 14, 15). Hizqiyal görmüşdü ki, həyətlərdə yemək otaqları var. Bu otaqlarda insanlar təqdim etdikləri ünsiyyət qurbanlarından yeyə bilərdilər (Hizq. 40:17). Bununla, onlar, sanki Yehova Allahla bir süfrəyə əyləşirdilər. Bu isə Yehova ilə aralarındakı sülhün və dostluğun rəmzi idi. Bu gün biz Tövratın tabeliyində olan yəhudilər kimi heyvan qurbanı gətirmirik. Biz pak şəkildə ibadət edəndə mədh qurbanı təqdim edirik, məsələn, yığıncaqda şərhlər veririk, xidmətdə imanımızı dilə gətiririk (İbr. 13:15). Həmçinin Yehovanın verdiyi ruhani qida ilə bəslənirik. Biz Yehovaya mədh söyləyən Qarun oğullarının sözləri ilə ürəkdən razıyıq: «Sənin həyətində keçən bir günü, özgə yerdə keçirdiyim min günə dəyişmərəm» (Zəb. 84:10).

21. Məsh olunmuş məsihilər Hizqiyalın gördüyü görüntüdəki kahin tayfasından nə öyrənə bilər?

21 Kahin tayfası. Hizqiyal görmüşdü ki, kahinlərlə lavililərin içəri həyətə girdiyi darvazalar kahin olmayan qəbilələrin bayır həyətə girdiyi darvazalarla eynidir. Bu, kahin tayfasına xatırladırdı ki, onlar da Yehovanın pak ibadət üçün qoyduğu qanunlara tabe olmalıdır. Bəs bu gün necə? Bu gün Allahın xidmətçiləri arasında heç kim irs olaraq kahinlik hüququ almır, lakin məsh olunmuş məsihilər «seçilmiş soy, padşah və kahin tayfası» adlanır (1 But. 2:9). Qədim İsraildə kahinlər ayrıca həyətdə ibadət edirdilər. Bu gün məsh olunmuşlar dindaşlarından ayrı bir yerdə ibadət etmir, ancaq onların Yehova ilə xüsusi münasibətləri var — Yehova onları övladlığa götürüb (Qal. 4:4—6). Amma məsh olunmuşlar Hizqiyalın gördüyü görüntüdən çox şey öyrənə bilər. Məsələn, görüntüdə kahinlərə də məsləhət və düzəliş edilmişdi. Bütün məsihilər yadda saxlamalıdır ki, biz «bir çoban»ın rəhbərliyi altında xidmət edən «bir sürü»nün üzvləriyik. (Yəhya 10:16 ayəsini oxuyun.)

22, 23. a) Məsihi ağsaqqallar görüntüdə təsvir olunan sərdardan nə öyrənə bilər? b) Gələcəkdə nələr ola bilər?

22 Sərdar. Hizqiyalın gördüyü görüntüdə sərdar görkəmli yer tutur. O, kahin qəbiləsindən deyildi, məbəddə kahinlərin rəhbərliyinə tabe olmalı idi. Amma o, xalqın arasında nəzarətçi rolunu oynayırdı və onları qurbanlarla təmin edirdi (Hizq. 44:2, 3; 45:16, 17; 46:2). Beləliklə, o, bu gün yığıncaqda məsuliyyət daşıyan məsihi kişilər üçün nümunədir. Məsihi ağsaqqallar, eləcə də səyyar nəzarətçilər məsh olunmuş sadiq nökərin itaətində qalmalıdır (İbr. 13:17). Onlar Allahın xalqına məsihi görüşlərində və xidmətdə mədh qurbanları gətirməyə kömək etmək üçün əllərindən gələni edirlər (Efes. 4:11, 12). Ağsaqqallar həmçinin diqqət yetirməlidir ki, Yehova İsrail rəhbərlərini hakimiyyətdən sui-istifadə etdiklərinə görə tənbeh etmişdi (Hizq. 45:9). Eynilə, ağsaqqallar düşünməməlidir ki, onların məsləhət və tənbehə ehtiyacı yoxdur. Əksinə, hər hansı bir vəziyyətdə Yehova onları saflaşdıranda onlar çox sevinirlər, çünki bunun sayəsində daha yaxşı çoban və nəzarətçi ola bilərlər. (1 Butrus 5:1—3 ayələrini oxuyun.)

23 Yehova Cənnətdə də bacarıqlı və qayğıkeş nəzarətçilər təyin edəcək. Əslində, bu gün çoxlu ağsaqqalın aldığı təlim onları Cənnətdə bacarıqlı, yararlı ağsaqqal olmağa hazırlayır (Zəb. 45:16). Bu kişilərin yeni dünyada necə bir nemət olacağı barədə düşünəndə çox ruhlanırıq. Ola bilsin, dirçəlişlə bağlı digər peyğəmbərliklər kimi, Hizqiyalın gördüyü görüntünü də Yehovanın lazım bildiyi vaxtda daha aydın başa düşəcəyik. Bəlkə də gələcəkdə onun bəzi cəhətləri elə yerinə yetəcək ki, indi bunu heç ağlımıza belə gətirə bilmərik. Bunu zaman göstərəcək.

Hündür darvazalar və həyətlər bizə ibadətimizlə bağlı nə öyrədir? (18—21 abzaslara baxın)

Yehova pak ibadəti mübarək qılır

24, 25. Hizqiyalın aldığı görüntü Yehovanın Öz xalqına verdiyi nemətləri necə təsvir edir?

24 Yekunda gəlin Hizqiyalın gördüyü görüntüdə baş verən möhtəşəm bir hadisəni yada salaq. Yehova məbədə gəlir və xalqa vəd edir ki, nə qədər ki onlar pak ibadət üçün olan qanunlara sədaqətlə riayət edirlər O, orada qalacaq (Hizq. 43:4—9). Yehovanın orada olması xalq üçün, məmləkət üçün nə məna kəsb edəcəkdi?

25 Görüntüdə iki peyğəmbərlik səhnəsi vasitəsilə Allahdan gələn nemətlər təsvir olunur: 1) Məbəddən çay axır və bu çay axdığı hər yerə həyat, bərəkət gətirir. 2) Ölkə nizamla, dəqiqliklə bölünür, məbəd və məbədin torpaqları isə ortada yerləşir. Bu peyğəmbərlikləri bu gün necə başa düşmək olar? Biz elə bir dövrdə yaşayırıq ki, Yehova daha müqəddəs bir məbədə, böyük ruhani məbədə daxil olub, bu məbədi saflaşdırıb və ondan razı qaldığını bildirib (Məl. 3:1—4). Həmin iki peyğəmbərlik səhnəsi bu nəşrin 19—21 fəsillərində araşdırılır.

^ Bununla Yehova xalqın məbədə əvvəlki münasibətinə zidd bir şeyi göstərmişdi. Xalqın əvvəlki rəftarı ilə bağlı O demişdi: «Onlar kandarlarını evimin kandarının yanına, yan taxtalarını evimin yan taxtasının yanına qoyurlar, aramızda yalnız bir divar var. İyrənc əməlləri ilə müqəddəs adıma ləkə gətirdilər» (Hizq. 43:8). Qədim Yerusəlimdə Yehovanın məbədini yaşayış evlərindən yalnız bir divar ayırırdı. Xalq Yehovanın qanunlarından çıxanda Öz natəmizliklərini, bütpərəstliklərini düz Yehovanın evinin yanına gətirirdilər. Bu, dözülməz hal idi.

^ Hizqiyalın məbədlə bağlı gördüyü görüntü axırzamanda yerinə yetən və dirçəlişi təsvir edən digər peyğəmbərliklərlə də bağlıdır. Məsələn, Hizqiyal 43:1—9 və Məlaki 3:1—5 ayələri, Hizqiyal 47:1—12 və Yuil 3:18 ayələri arasındakı oxşarlıqlara diqqət yetirin.

^ Ruhani məbəd b. e. 29-cu ilində meydana gəldi. Həmin il İsa vəftiz olunub baş kahin kimi xidmətə başladı. Lakin İsanın həvarilərinin ölümündən sonra yer üzündə əsrlər ərzində pak ibadətə əhəmiyyət verən olmadı. Pak ibadət xüsusilə 1919-cu ildən bəri ucalmağa başlayıb.