Kontentə keç

Mündəricatı göstər

FƏSİL 16

«Ah-nalə edənlərin alnına işarə qoy»

«Ah-nalə edənlərin alnına işarə qoy»

HİZQİYAL 9:4

MƏZMUN: Hizqiyalın dövründəki və bizim dövrdəki sadiq insanlar xilas üçün işarələnir

1—3. a) Nəyə görə Hizqiyal peyğəmbər sarsıntı içindədir və o, Yerusəlimin məhvi ilə bağlı nə öyrənir? b) Bu fəsildə hansı suallar araşdırılır?

 HİZQİYAL PEYĞƏMBƏR sarsıntı içindədir. Elə indicə Yehova görüntüdə ona dönük yəhudilərin Yerusəlimdəki məbəddə gördüyü mənfur əməlləri göstərib *. Bu üsyankarlar müqəddəs yeri, İsraildə pak ibadətin mərkəzini murdarlayıblar. Ancaq mənfur əməllər təkcə məbəddə baş vermir. Bütün Yəhuda ölkəsində zorakılıq baş alıb gedir. İş o həddə çatıb ki, vəziyyətin düzələcəyinə ümid yoxdur. Xalqın əməlləri Yehovaya elə acıq gəlir ki, O, Hizqiyala deyir: «Qəzəbimi boğmayacağam» (Hizq. 8:17, 18).

2 Hizqiyal bərk kədərlənir. Yerusəlim və bir zamanlar müqəddəs olan məbəd indi Yehovanın qəzəbinə tuş gəlib, onları məhv gözləyir. Yəqin Hizqiyal düşünür: «Bəs görəsən, şəhərdəki mömin insanların axırı necə olacaq? Onlar xilas olacaqlar? Əgər xilas olacaqlarsa, bu necə olacaq?» Hizqiyal bu sualların cavabını çox gözləməli olmur. Yerusəlimin məhv olacağı barədə hökm səslənəndən dərhal sonra o, eşidir ki, Allahın hökmünü icra edəcək kəslər uca səslə çağırılır (Hizq. 9:1). Ancaq görüntünü seyr etdikcə peyğəmbərin ürəyi sakitləşir. O öyrənir ki, hamı bir ucdan məhv edilməyəcək, saleh insanlar xilas olacaq.

3 Bu şər dünyanın sonuna yaxınlaşdıqca bizi də bu fikir narahat edə bilər: görəsən, böyük müsibət vaxtı kimlər xilas olacaq? Belə isə gəlin növbəti sualları nəzərdən keçirək: 1) Hizqiyal sonra görüntüdə nə gördü? 2) Bu görüntü onun dövründə necə yerinə yetdi? 3) Bu görüntünün bizim dövrümüzə hansı aidiyyəti var?

«Şəhərin cəzasını verəcək kəsləri çağırın»

4. Hizqiyalın görüntüdə gördüklərini təsvir edin.

4 Hizqiyal görüntüdə daha nələr görür? (Hizqiyal 9:1—11 ayələrini oxuyun.) O görür ki, «şimala baxan yuxarı darvaza tərəfdən» yeddi nəfər gəlir. Ehtimal ki, bu yer hiddət doğuran bütün durduğu, ya da qadınların Tammuz allahı ağladığı yerə yaxın idi (Hizq. 8:3, 14). Yeddi kişi məbədin içəri həyətinə daxil olub mis qurbangahın yanında dayanır. Bu adamların gəlişinin məqsədi qurban gətirmək deyil. Yehova artıq bu məbəddə gətirilən qurbanları qəbul etmir. Onlardan altısının əlində toppuz var. Yeddinci adam isə onlardan fərqlənir. Onun əynində kətan paltar, «belində qələm-davat», yəni «mirzənin mürəkkəbqabısı» var, amma əlində toppuz yoxdur.

5, 6. İşarələnən adamlarla bağlı hansı qənaətə gəlirik? (Fəslin əvvəlindəki şəklə baxın.)

5 Qələm-davatlı kişi nə etməlidir? Yehova Özü ona ciddi bir tapşırıq verir: «Şəhəri, Yerusəlimi dolaş, şəhərdə törədilən bütün iyrənc əməllərə görə ah-nalə edənlərin alnına işarə qoy». Yəqin bu an Hizqiyalın yadına Misirdəki imanlı israillilər düşmüşdü. Onlar evlərinin qapılarının yan və üst taxtalarına qanla işarə qoymuşdular ki, bəla gələndə ilk övladları sağ qalsın (Çıx. 12:7, 22, 23). Görəsən, Hizqiyalın gördüyü görüntüdə qələm-davatlı kişi də insanların alnına bu məqsədlə işarə qoyurdu? İnsanlar Yerusəlim məhv edilərkən xilas olmaq üçün işarələnirdi?

6 Onların nəyin əsasında işarələnməsi bu suala cavab verir. İşarə «şəhərdə törədilən bütün iyrənc əməllərə görə ah-nalə edənlərin alnına» qoyulmalı idi. Deməli, işarələnənlər haqda hansı qənaətə gəlirik? Onlar həm məbəddəki bütpərəstliyə görə, həm də bütün Yerusəlimdə baş alıb gedən zorakılığa, əxlaqsızlığa və pozğunluğa görə kədərlənirdilər (Hizq. 22:9—12). Üstəlik, çox güman ki, onlar öz hisslərini gizlətmirdi. Həmin sadiq insanlar bu mənfur əməllərə ikrah duyduqlarını, pak ibadətə sadiq qaldıqlarını sözləri və hərəkətləri ilə açıq-aydın nümayiş etdirirdilər. Yehova da mərhəmət göstərib onların həyatını xilas edəcəkdi.

7, 8. Əlində toppuz olan kişilər aldıqları tapşırığı necə icra etməli idilər və bu işin sonu necə oldu?

7 Bəs əlində toppuz olan altı kişi aldığı tapşırığı necə icra etməli idi? Yehova onlara göstəriş verdi ki, belində qələm-davat olan kişinin ardınca gedib alnında işarə olan adamlardan başqa hər kəsi öldürsünlər. Yehova əlavə etdi: «Müqəddəs məkanımdan başlayın» (Hizq. 9:6). O adamlar tapşırığa Yerusəlimin ürəyindən, Yehovanın gözündə müqəddəsliyini itirən məbəddən başlamalı idilər. İlk öncə «məbədin qarşısındakı ağsaqqallar», yəni məbəddə yalan allahlara buxur təqdim edən 70 İsrail ağsaqqalı öldürülməli idi (Hizq. 8:11, 12; 9:6).

8 Bəs bu işin sonu necə oldu? Hizqiyal gördü ki, belində qələm-davat olan adam Yehovaya ərz edir: «Əmrini yerinə yetirdim. Buyurduğun kimi etdim» (Hizq. 9:11). Ola bilsin, bizdə suallar yaranır: «Bəs Yerusəlim sakinləri ilə nə baş verdi? Yerusəlim məhv edilərkən heç kim xilasa layiq görülmədi?»

Görüntünün Hizqiyalın dövrünə aidiyyəti

9, 10. Yerusəlim məhv edilərkən sağ qalan sadiq insanlardan bəziləri kimlər idi və onlarla bağlı hansı nəticəyə gəlirik?

9 2 Salnamələr 36:17—20 ayələrini oxuyun. Hizqiyalın peyğəmbərliyi e. ə.  607-ci ildə, Babil ordusu Yerusəlimi və məbədi yerlə yeksan edəndə yerinə yetdi. Babillilər, sanki, Yehovanın əlində bir cam idi. Yehova bu qəzəb camını xəyanətkar Yerusəlim əhlinin üzərinə boşaldaraq onları cəzalandırdı (Ərm. 51:7). Bəs bu cəza vaxtı ucdantutma hamı məhv edildi? Xeyr. Görüntüdən aydın oldu ki, babillilər hamını öldürməyəcək (Yar. 18:22—33; 2 But. 2:9, 10a).

10 Bu müsibətdən xeyli sadiq insan sağ çıxdı. Onların arasında rəhablılar, həbəş Əbədməlik, Ərəmya peyğəmbər, onun mirzəsi Bərux var idi (Ərm. 35:1—19; 39:15—18; 45:1—5). Hizqiyalın gördüyü görüntüdən belə nəticəyə gəlirik ki, onlar Yerusəlimdə «törədilən bütün iyrənc əməllərə görə ah-nalə» edirdilər (Hizq. 9:4). Onlar şərdən ikrah etdiklərini, pak ibadətə sadiq qaldıqlarını Yerusəlim məhv edilməzdən əvvəl göstərmişdilər. Buna görə də xilasa layiq görülmüşdülər.

11. Əlində toppuz olan altı kişi və belində qələm-davat olan kişi kimi təmsil edirdi?

11 Bəs bu sadiq insanların alnına hərfi mənada işarə qoyulmuşdu? Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, Hizqiyal, yaxud hansısa başqa peyğəmbər Yerusəlimi gəzib sadiq insanların alnına işarə qoymuşdu. Deməli, Hizqiyalın gördüyü görüntü səmavi aləmdə baş verən gözəgörünməz hadisələri açıqlayırdı. Belində qələm-davat olan kişi və əlində toppuz olan altı kişi daim Yehovanın əmrinə müntəzir duran sadiq mələkləri təmsil edirdi (Zəb. 103:20, 21). Yehova xəyanətkar Yerusəlimə çıxardığı hökmü icra etmək üçün, sözsüz ki, mələklərdən istifadə etmişdi. Mələklər xilas olacaq kəslərin alnına, sanki, işarə qoyurdular, yəni nəzarət edirdilər ki, ucdantutma hamı məhv olmasın.

Görüntünün bizim dövrə aidiyyəti

12, 13. a) Nəyə görə Yehova Yerusəlimin üstünə qəzəbini tökmüşdü və nə üçün bizim dövrdə də O, eyni cür davranacaq? b) Xəyanətkar Yerusəlim Xristian dünyasının timsalıdır? İzah edin. («Yerusəlim Xristian dünyasını təmsil edir?» adlı çərçivəyə baxın.)

12 Tezliklə Allah görünməmiş bir hökmü icra edəcək. «O vaxt elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq» (Mət. 24:21). Bu vacib hadisəni gözlədiyimiz müddətdə bizdə belə suallar yarana bilər: Böyük müsibət vaxtı ucdantutma hamı məhv ediləcək? Yehovaya pak şəkildə ibadət edən kəslər xilas olmaq üçün necəsə işarələnəcək? Başqa sözlə, belində qələm-davat olan kişinin gördüyü iş bizim dövrümüzə də aiddir? Bu sualların cavabı «bəli»dir. Nəyə görə belə nəticəyə gəlirik? Gəlin bir daha Hizqiyalın gördüyü görüntüyə qayıdaq.

13 Yehovanın qədim Yerusəlim üzərinə qəzəbini tökməsinə nə səbəb olmuşdu? Bir daha Hizqiyal 9:8, 9 ayələrinə nəzər salın. (Ayələri oxuyun.) Hizqiyal qorxmuşdu ki, Yerusəlim məhv edilən zaman olan-qalan israillilər də qırılacaq. Həmin vaxt Yehova belə hökm çıxarmasına dörd səbəb gətirmişdi. Birincisi, xalqın günahı ağır, çox ağır idi *. İkincisi, Yəhudada qan su yerinə axırdı. Üçüncüsü, Yəhuda padşahlığının mərkəzi olan Yerusəlim fitnə-fəsad yuvası idi. Dördüncüsü, camaat özünü inandırırdı ki, Yehova onların mənfur əməllərini görmür, beləliklə də, öz əməllərinə haqq qazandırırdı. Məgər bu dörd səbəb zorakı, imansız və mənəvi cəhətdən pozulmuş bu dünyaya da hökm kəsmək üçün əsas deyil? Yehova dəyişmir, odur ki, Hizqiyalın dövründə Onda qəzəb oyadan amillər bu gün də Onda eyni hissləri doğurur (Yaq. 1:17; Məl. 3:6). Buna görə də əlində toppuz olan altı kişinin və belində qələm-davat olan kişinin bu gün də görüləsi işi var.

Əlində toppuz olan altı kişi tezliklə hərəkətə keçəcək (12 və 13-cü abzaslara baxın)

14, 15. Haradan bilirik ki, Yehova fəlakət göndərməzdən əvvəl insanları xəbərdar edir?

14 Bəs Hizqiyalın gördüyü görüntü bizim dövrümüzdə necə yerinə yetir? Əgər bu görüntünün keçmişdə necə yerinə yetdiyinə baxsaq, indi və gələcəkdə baş verəcək hadisələr haqda çox şey öyrənə bilərik. Gəlin Hizqiyalın peyğəmbərliyinə əsasən baş vermiş və baş verəcək hadisələrdən bəzilərini nəzərdən keçirək.

15 Yehova fəlakət göndərməzdən əvvəl xəbərdarlıq edir. Bu nəşrin 11-ci fəslində araşdırdıq ki, Yehova Hizqiyalı İsrail əhlinə gözətçi qoymuşdu (Hizq. 3:17—19). E. ə. 613-cü ildən başlayaraq, Hizqiyal israillilərə xəbərdarlıq edirdi ki, tezliklə məhv ediləcəklər. Digər peyğəmbərlər, məsələn, Əşiya da, Ərəmya da Yerusəlimin başına fəlakət gələcəyi barədə xəbərdarlıq edirdi (Əşy. 39:6, 7; Ərm. 25:8, 9, 11). Bizim dövrümüzdə də Yehova Məsih vasitəsilə bir neçə məsh olunmuşdan ibarət kiçik qrup təyin edib və onlara tapşırıb ki, həm pak şəkildə ibadət edənləri, yəni evindəki qulluqçuları qidalandırsınlar, həm də insanları yaxınlaşan böyük müsibət barədə xəbərdar etsinlər (Mət. 24:45).

16. Yehovanın xalqı xilas olacaq kəsləri işarələyir? İzah edin.

16 Yehovanın xalqı xilas olacaq kəsləri işarələmir. Hizqiyala Yerusəlimi gəzib xilasa layiq kəslərin alnına işarə qoymaq tapşırılmamışdı. Bu gün də Yehovanın xalqına belə bir buyruq verilməyib. Əksinə, Məsihin evinin qulluqçuları olan bizlərə təbliğ etmək tapşırılıb. Biz Allahın Padşahlığı haqda müjdəni can-dildən təbliğ edərək və insanları bu şər dünyanın sürətlə öz sonuna yaxınlaşdığı barədə xəbərdar edərək aldığımız tapşırığa ciddi yanaşdığımızı göstəririk (Mət. 24:14; 28:18—20). Beləliklə, biz təmizqəlbli insanlara pak ibadətə gəlməyə kömək edirik (1 Tim. 4:16).

17. İşarələnmək üçün insanlar nə etməlidirlər?

17 Qarşıdakı fəlakətdən sağ çıxmaq üçün insanlar imanlarını bu gün sübut etməlidirlər. Gördüyümüz kimi, Yerusəlim e. ə. 607-ci ildə darmadağın edilərkən sağ qalan kəslər şərə nifrət etdiklərini, pak ibadətə sadiq qaldıqlarını əvvəlcədən nümayiş etdirmişdilər. Bu gün də belə olmalıdır. İnsanlar fəlakət gəlməzdən əvvəl bu dünyadakı pisliklərə görə ah-nalə etməli, yəni ürəkdən kədərlənməlidirlər. Həmçinin öz hisslərini gizlətməməlidirlər, sözləri və əməlləri ilə pak ibadətə sadiq qaldıqlarını nümayiş etdirməlidirlər. Bunun üçün onlar müjdəyə hay verməli, daim Məsihə xas şəxsiyyətə bürünməli, Yehovaya həsr olunduqlarının rəmzi olaraq vəftiz olunmalı və Məsihin qardaşlarını sədaqətlə dəstəkləməlidirlər (Hizq. 9:4; Mət. 25:34—40; Efes. 4:22—24; 1 But. 3:21). Yalnız bunları edən və böyük müsibət başlayan vaxt artıq Yehovaya pak şəkildə ibadət edən kəslər xilas olmaq üçün işarələnəcək.

18. a) İsa Məsih xilasa layiq insanları nə zaman və necə işarələyəcək? b) Sadiq məsh olunmuşlar da işarələnəcək? İzah edin.

18 Xilasa layiq kəslərin işarələnməsi səmavi aləmdə baş verəcək. Hizqiyalın dövründə sadiq insanların xilas üçün işarələnməsində mələklər iştirak edirdi. Bu gün belində qələm-davat olan adam İsa Məsihi təmsil edir. O, bütün xalqların Hakimi qismində «öz calalında» gələndə bu rolda çıxış edəcək (Mət. 25:31—33). Məsih yalan din məhv olunandan sonra, böyük müsibət vaxtı gələcək *. Bu həlledici dövrdə, Armageddonun başlamasına az qalmış İsa Məsih insanlarla bağlı qərar verəcək, kiminə «qoyun», kiminə «keçi» hökmü çıxaracaq. Böyük izdihamın üzvlərinə «qoyun» hökmü çıxarılacaq, yəni alınlarına işarə qoyulacaq və bu, onların əbədi həyat alacağına əlamət olacaq (Vəhy 7:9—14; Mət. 25:34—40, 46). Bəs sadiq məsh olunmuşlar barədə nə demək olar? Onların Armageddondan sağ çıxmaq üçün işarələnməyə ehtiyacı yoxdur. Onlar ya ölməzdən əvvəl, ya da böyük müsibət başlamazdan əvvəl sonuncu dəfə möhürlənəcək. Armageddon başlamazdan əvvəl isə göyə qalxacaqlar (Vəhy 7:1—3).

19. İsa bu şər dünyaya çıxarılan hökmü kimlərlə birgə icra edəcək? («Ah-nalə etmək, işarə qoymaq, öldürmək. Nə zaman və necə?» adlı çərçivəyə baxın.)

19 Səmavi Padşah İsa Məsih və onun səmavi ordusu bu şər dünyaya kəsilmiş hökmü icra edəcək. Hizqiyalın gördüyü görüntüdə kətan paltar geyinmiş kişi insanları işarələyib qurtarmayınca əlində toppuz olan altı kişi məhv etməyə başlamadı (Hizq. 9:4—7). Gələcəkdə də əvvəlcə İsa bütün xalqlardan olan insanlara hökm çıxaracaq və qoyunları xilas üçün işarələyəcək. Sonra isə Armageddon vaxtı İsa müqəddəs mələklərdən və 144 000 hakimiyyət şərikindən ibarət səmavi ordusu ilə bu şər dünyaya qarşı vuruşub onu büsbütün məhv edəcək. Pak şəkildə ibadət edən insanları isə yeni dünyaya qovuşduracaq (Vəhy 16:14—16; 19:11—21).

20. Hizqiyalın gördüyü görüntüdəki qələm-davatlı kişi obrazı bizi nəyə əmin edir?

20 Hizqiyalın gördüyü görüntüdəki qələm-davatlı kişi obrazı bizdə əminlik hissi yaradır. Tam əmin ola bilərik ki, Yehova şər insanlarla bir yerdə saleh insanları da məhv etməyəcək (Zəb. 97:10). Biz bilirik ki, xilasa layiq görülüb işarələnmək üçün nə etməliyik. Yehovaya ibadət edən bizlər var gücümüzlə müjdəni təbliğ etməli və Şeytan dünyasındakı mənfur əməllərə görə ah-nalə çəkən insanlara xəbərdarlıq etməliyik. Bunun sayəsində biz «əbədi həyata aparan yolda yeriməyə meyli olan» insanlara pak ibadətə gəlməyə, beləliklə də işarələnib Allahın vəd etdiyi yeni dünyada yaşamağa kömək edə bilərik (Həv. 13:48).

^ Məbəddə törədilən mənfur əməllər barədə görüntü bu nəşrin 5-ci fəslində araşdırılır.

^ Bir elmi əsərə əsasən, burada «günah» kimi tərcümə olunan ibrani sözü pozğunluq mənasını da verə bilər. Digər bir kitabda isə qeyd olunur ki, bu söz «sırf dini xarakter daşıyır və demək olar ki, həmişə Allaha qarşı törədilən mənəvi günahı və asiliyi bildirir».

^ Görünür, Böyük Babil məhv edilərkən yalan dinin bütün üzvləri ölməyəcək. Həmin vaxt hətta bəzi din xadimləri yalan dini tərk edəcək və heç vaxt onun üzvü olmadığını iddia edəcək (Zək. 13:3—6).