Kontentə keç

Mündəricatı göstər

FƏSİL 21

«Şəhər “Yehova oradadır” adlanacaq»

«Şəhər “Yehova oradadır” adlanacaq»

HİZQİYAL 48:35

MƏZMUN: Şəhərin və payın mənası

1, 2. a) Hansı xüsusi məqsəd üçün torpaq ayrılmalı idi? (Kitabın üz qabığındakı şəklə baxın.) b) Görüntü əsirlikdəki israilliləri nəyə əmin edir?

 HİZQİYAL görüntünün sonunda xüsusi məqsəd üçün ayrılmalı olan torpaq haqqında öyrənir. Bu torpaq İsrailin hansısa qəbiləsinə irs vermək üçün ayrılmayıb, Yehova üçün pay olaraq ayrılıb. Hizqiyal həmçinin görüntüdə maraqlı adı olan əzəmətli bir şəhər haqqında da öyrənir. Görüntünün bu hissəsi israillilərə əminlik verir: onlar doğma vətənə qayıdanda Yehova onlarla olacaq.

2 Hizqiyal həmin pay torpağı təfərrüatı ilə təsvir etmişdi. Gəlin onun yazdıqlarını ətraflı təhlil edək, çünki bunlar Yehovaya pak şəkildə ibadət edən bizlər üçün dərin məna kəsb edir.

«Şəhərin torpağı ilə bərabər müqəddəs pay»

3. Yehovanın ayırdığı torpaq hansı beş sahəyə bölünmüşdü və bu sahələr hansı məqsəd üçün ayrılmışdı? («Pay ayırın» adlı çərçivəyə baxın.)

3 Bu xüsusi torpaq parçası həm şimaldan cənuba 25 000 qulac (13 km.), həm də şərqdən qərbə 25 000 qulac ölçüsündə idi. «Payın ümumi sahəsi» haqqında danışılan ayədə məhz bu torpaq parçası nəzərdə tutulur. Bu sahə üfüqi xətt üzrə üç hissəyə bölünmüşdü. Yuxarıdakı hissə lavililər üçün, ortadakı hissə isə məbəd və kahinlər üçün ayrılmışdı. Bu iki hissə «müqəddəs payı» təşkil edirdi. «Qalan ərazi», yəni aşağıdakı kiçik hissə müqəddəs deyildi. Bu hissə şəhər üçün nəzərdə tutulmuşdu (Hizq. 48:15, 20).

4. Yehova üçün ayrılmış paydan nə öyrənirik?

4 Torpaqdan Yehova üçün payın ayrılmasından nə öyrənirik? Əvvəlcə bu xüsusi pay üçün, sonra isə qəbilələr üçün torpaq ayırmaqla Yehova göstərdi ki, əsas diqqət ölkənin ruhani mərkəzi olan bu torpaq parçasına verilməlidir (Hizq. 45:1). Şübhəsiz sürgündə olanlar torpaq bölgüsündə vacibliyinə görə ardıcıllığın bu cür qurulmasından çox şey öyrənirdilər. Onların həyatında Yehovaya ibadət hər şeydən üstün olmalı idi. Bu gün biz də ruhani işlərə, məsələn, Allahın Kəlamının mütaliəsinə, yığıncaq görüşlərinə və təbliğə ən vacib iş kimi baxırıq. Əgər Yehovadan nümunə götürüb həyatda doğru şeylərə önəm veririksə, həyatımız ibadətin ətrafında dövr edəcək.

«Şəhər ortada yerləşəcək»

5, 6. a) Görüntüdəki şəhər kimə məxsus idi? b) Şəhər nəyin timsalı ola bilməz və nə üçün?

5 Hizqiyal 48:15 ayəsini oxuyun. Görüntüdəki şəhər və onu əhatə edən ərazi hansı mənanı daşıyırdı? (Hizq. 48:16—18). Görüntüdə Yehova Hizqiyala deyir ki, şəhər üçün ayrılmış sahə «bütün İsrail evinə məxsus olacaq» (Hizq. 45:6, 7). Deməli, şəhər və ətrafındakı sahə Yehova üçün ayrılmış müqəddəs paya daxil deyildi (Hizq. 48:9). Bu fərqi yadda saxlayaraq gəlin görək görüntüdəki şəhərdən nə öyrənə bilərik.

6 Bunun üçün əvvəlcə müəyyən etməliyik ki, şəhər nəyi təmsil etmir. O, içində məbədin yerləşdiyi bərpa olunmuş Yerusəlim şəhərini təmsil edə bilməz. Çünki Hizqiyalın görüntüdə gördüyü şəhərin içində məbəd yox idi. Həmçinin şəhər bərpa olunmuş İsrail ölkəsindəki digər şəhərləri də təmsil edə bilməz. Çünki nə əsirlikdən dönən israillilər, nə də onların övladları görüntüdəkinə bənzər şəhər tikməmişdilər. Həmçinin Hizqiyalın gördüyü şəhər səmavi şəhəri də təmsil edə bilməz. Çünki o, müqəddəs ibadət üçün ayrılmış ərazidəki tikililərdən fərqli olaraq, «adi [müqəddəs olmayan] yerdə» tikilmişdi (Hizq. 42:20).

7. Hizqiyalın gördüyü şəhər hansı mənanı daşıyır və nəyi təmsil edir? (Fəslin əvvəlindəki şəklə baxın.)

7 Belə isə Hizqiyalın gördüyü şəhər nəyi təmsil edirdi? Yadınızdadırsa, Hizqiyal bu şəhəri ölkə ilə bağlı aldığı görüntüdə görmüşdü (Hizq. 40:2; 45:1, 6). Müqəddəs Kitaba əsasən, görüntüdəki ölkə məcazi məna daşıyır. Odur ki, şəhər də məcazi məna daşımalıdır. Ümumiyyətlə, «şəhər» dedikdə camaatın toplu halında yaşadığı, mütəşəkkil və nizamlı yaşayış məntəqəsi nəzərdə tutulur. Belə çıxır ki, nizam-intizamla qurulmuş, dördbucaqlı şəklində olan şəhər yaxşı təşkil olunmuş inzibati sistemi təmsil edir.

8. Bu idarəçilik sistemi haranı idarə edir və nə üçün belə qənaətə gəlirik?

8 Bəs bu idarəçilik sisteminin nüfuz dairəsi haranı əhatə edir? Hizqiyalın aldığı görüntüdən məlum olur ki, bu şəhər ruhani ölkənin daxilində fəaliyyət göstərir. Beləliklə, bu gün bu idarəçilik sistemi Allahın xalqının fəaliyyətini idarə edir. Şəhərin adi, yaxud müqəddəs olmayan yerdə yerləşməsi nəyi bildirir? Bu bizə xatırladır ki, şəhər səmavi yox, yerdəki idarəçiliyə aiddir. Bu idarəçilik ruhani cənnətdə məskunlaşan hər kəsə fayda gətirir.

9. a) Bu gün yer üzündəki idarəçilik sistemi kimlərdən təşkil olunub? b) İsa Məsih minillik hakimiyyəti zamanı nə edəcək?

9 Bəs yer üzündəki bu idarəçilik sistemi kimlərdən təşkil olunub? Hizqiyalın gördüyü görüntüdə şəhər hökumətinə sərdar başçılıq edirdi (Hizq. 45:7). O, Allahın xalqına nəzarət edirdi, amma nə kahin, nə də lavili deyildi. Bu bizə ruhla məsh olunmamış ağsaqqalları xatırladır. «Başqa qoyunlar»ın arasından seçilən bu ruhani çobanlar Məsihin səmavi hökumətinin yer üzündəki xidmətçiləridir (Yəh. 10:16). İsa Məsih minillik hakimiyyəti dövründə onlardan bəzilərini «bütün yer üzündə» ağsaqqal, yaxud «əmir» qoyacaq (Zəb. 45:16). Səmavi Padşahlığın rəhbərliyi altında onlar min il ərzində Allahın xalqının rifahı üçün çalışacaqlar.

«Yehova oradadır»

10. Şəhərin adı nədir və bu ad hansı əminliyi verir?

10 Hizqiyal 48:35 ayəsini oxuyun. Şəhər belə adlanır: «Yehova oradadır». Bu ad insanı əmin edir ki, bu şəhərdə Yehovanın hüzuru duyulur. Hizqiyala mərkəzdə yerləşən bu şəhəri göstərməklə Yehova əsirlikdə olanlara, sanki deyirdi: «Mən yenə sizinlə olacağam!» Sözsüz ki, bu fikir əsirlikdə olan yəhudilərə əminlik vermişdi.

11. Hizqiyalın görüntüdə gördüyü şəhərdən və onun adından nə öyrənirik?

11 Hizqiyalın peyğəmbərliyinin bu hissəsindən nə öyrənirik? Bu şəhərin adı bizi əmin edir ki, Yehova Allah hazırda yer üzündəki xidmətçiləri ilədir və bu həmişə belə olacaq. Məna dolu bu ad vacib bir həqiqəti vurğulayır: şəhər kimlərəsə səlahiyyət vermək üçün yox, Yehovanın məhəbbət dolu və adil hökmlərini həyata keçirmək üçün mövcuddur. Məsələn, Yehova bu idarəçilik sistemini təşkil edənlərə, məcazi mənada desək, ölkəni öz bildikləri kimi bölməyə icazə verməyib. Əksinə, onlardan tələb edir ki, Özünün bütün xidmətçilərinə, o cümlədən «fağırlara» verdiyi paya, yəni məsuliyyətə hörmətlə yanaşsınlar (Məs. 19:17; Hizq. 46:18; 48:29).

12. a) Şəhərin gözəl cəhətlərindən biri hansıdır və bu nəyi göstərir? b) Görüntünün bu hissəsi ağsaqqallara hansı vacib fikri xatırladır?

12 «Yehova oradadır» şəhərinin başqa hansı səciyyəvi cəhəti var? Qədimdə şəhəri qoruyan qala divarında mümkün qədər az darvaza qoyulurdu, bu şəhərin isə 12 darvazası var idi (Hizq. 48:30—34). Bu qədər darvaza (dördbucaq şəklində olan şəhərin hər tərəfində 3 darvaza) göstərir ki, Allahın bütün xidmətçiləri şəhəri idarə edən adamlara sərbəst yaxınlaşıb dərdlərini deyə bilərlər. Şəhərin 12 darvazasının olması, həmçinin vurğulayır ki, şəhər «bütün İsrail evinə», yəni hər kəsin üzünə açıqdır (Hizq. 45:6). Şəhərə girişin belə asan olması məsihi ağsaqqallara vacib bir fikri xatırladır: Yehova istəyir ki, onlar mehriban olsunlar, ruhani cənnətdə yaşayan hər kəs onlara asanlıqla yaxınlaşa bilsin.

Məsihi ağsaqqallar mehribandır və onlara çəkinmədən yaxınlaşmaq olur (12-ci abzasa baxın)

Allahın xalqı «ibadət etməyə» gəlir və «şəhərə qulluq» edir

13. Yehova camaatın hansı işləri icra edəcəyini deyir?

13 Gəlin xəyalən Hizqiyal peyğəmbərin dövrünə qayıdaq və görək peyğəmbər ölkənin bölünməsi ilə bağlı aldığı bu böyük görüntüdə daha nə görür. Görüntüdə Yehova camaatın müxtəlif xidmətləri icra edəcəyini deyir. Kahinlər, yəni müqəddəs məkan xidmətçiləri Yehovaya xidmət etmək üçün qurbanlar gətirəcəkdilər və xidmət etmək üçün Ona yaxınlaşacaqdılar. Məbəd xidmətçiləri olan lavililər «orada icra olunan xidməti və bütün görülməli işləri» icra edəcəkdilər (Hizq. 44:14—16; 45:4, 5). Bundan başqa, şəhərin yaxınlığında da işçilər çalışacaqdı. Bu işçilər kimlərdir?

14. Şəhərin yaxınlığındakı işçilər bizə nəyi xatırladır?

14 Şəhərin yaxınlığındakı işçilər İsrailin bütün qəbilələrindəndirlər. Onlar köməkçi rolunu oynayırlar. Onların işi şəhərə qulluq edən adamlar üçün məhsul yetişdirməkdir (Hizq. 48:18, 19). Bu bizə bu gün qarşımızda açılan imkanı xatırladır. Bu gün ruhani cənnətin bütün sakinlərinin qarşısında belə bir gözəl imkan açılıb: hər kəs Məsihin məsh olunmuş qardaşlarına, o cümlədən Yehovanın böyük izdihamın arasından xalqına rəhbərlik etmək üçün təyin etdiyi qardaşlara gördükləri işdə dəstək ola bilər (Vəhy 7:9, 10). Bu qardaşları dəstəkləməyin ən əsas yolu sadiq nökərin rəhbərliyinə can-dildən tabe olmaqdır.

15, 16. a) Hizqiyalın görüntüsündən daha hansı maraqlı fikirlər tapırıq? b) Bu gün bizim hansı işləri görmək imkanımız var?

15 Hizqiyalın aldığı görüntüdəki başqa bir məqamdan da xidmətimizlə bağlı özümüzə dərs götürə bilərik. Yehova deyir ki, Lavi qəbiləsi istisna olmaqla qalan 12 qəbilənin üzvləri iki yerdə fəaliyyət göstərəcəklər: məbədin həyətində və şəhərin örüşlərində. Bəs bu yerlərdə onlar hansı işlə məşğul olurlar? Məbədin həyətində bütün qəbilələr Yehovaya qurban gətirərək ibadət edir (Hizq. 46:9, 24). Şəhərin torpağında isə bütün qəbilələrin üzvləri torpağı əkib-becərərək şəhərə kömək edirlər. Bu işçilərdən nə öyrənirik?

16 Bu gün böyük izdihamın üzvlərinin bu görüntüdəkinə bənzər işləri icra etmək imkanı var. Onlar Yehovaya mədh qurbanları gətirərək Onun məbədində ibadət edirlər (Vəhy 7:9—15). Onlar təbliğ etməklə və məsihi yığıncağında imanlarını ifadə etməklə mədh qurbanları təqdim edirlər. Yehovaya bu cür ibadət etmək onların həyatda ən ümdə amalıdır (1 Saln. 16:29). Bundan başqa, Allahın xalqı arasında bir çoxları Onun təşkilatını müxtəlif üsullarla dəstəkləyir. Məsələn, onlar ibadət evlərinin və filial binalarının tikintisində və təmirində iştirak edir, Yehovanın təşkilatının başladığı digər layihələrdə köməklik göstərirlər. Digərləri isə bu layihələri ianələrlə dəstəkləyir. Onlar Allahın şərəflənməsi üçün məcazi mənada torpağı əkib-becərirlər (1 Kor. 10:31). Onlar bütün işləri can-dildən, sevə-sevə edirlər, çünki bilirlər ki, bu cür qurbanlar Yehovaya xoşdur (İbr. 13:16). Bəs siz bu imkanlardan tam istifadə edirsiniz?

Görüntüdə şəhərdə və şəhər darvazalarının ətrafında müxtəlif işlərin görülməsindən nə öyrənirik? (14—16 abzaslara baxın)

«Yeni bir göy və yeni yer gözləyirik»

17. a) Hizqiyalın gördüyü görüntü gələcəkdə daha geniş miqyasda necə yerinə yetəcək? b) Məsihin minillik hakimiyyəti zamanı şəhərə bənzəyən idarəçilik sistemi kimlərə fayda gətirəcək?

17 Bəs görəsən, Hizqiyalın pay torpaqla bağlı gördüyü görüntü gələcəkdə daha geniş miqyasda yerinə yetəcək? Bəli! Hizqiyal «müqəddəs pay» adlanan torpağın ölkənin ortasında olduğunu görmüşdü (Hizq. 48:10). Buna bənzər tərzdə Armageddondan sonra harada yaşamağımızdan asılı olmayaraq, Yehova bizimlə məskən salacaq (Vəhy 21:3). Məsihin minillik hakimiyyəti zamanı şəhərlə təmsil olunan idarəçilik sisteminin, yəni yer üzündə Allahın xalqının qeydinə qalmaq üçün təyin olunan insanların fəaliyyəti bütün yer kürəsini əhatə edəcək. Onlar «yeni yer»i, yəni yeni cəmiyyəti təşkil edən bütün insanlara məhəbbətlə rəhbərlik edib yol göstərəcək (2 But. 3:13).

18. a) Nəyə görə əmin ola bilərik ki, şəhərlə təmsil olunan idarəçilik sistemi həmişə Allahın hakimiyyəti ilə tam ahəngdarlıq təşkil edəcək? b) Şəhərin adı bizi nəyə əmin edir?

18 Nəyə görə əmin ola bilərik ki, şəhərlə təmsil olunan idarəçilik sistemi həmişə Allahın hakimiyyəti ilə tam ahəngdarlıq təşkil edəcək? Allahın Kəlamından aydın olur ki, yer üzündəki 12 darvazalı şəhər 12 darvazalı səmavi şəhəri, yəni Məsihin 144 000 həmvarisindən təşkil olunmuş yeni Yerusəlimi əks etdirir (Vəhy 21:2, 12, 21—27). Bu göstərir ki, yer üzündəki idarəçilik sistemi Allahın Padşahlığının göydə verdiyi bütün qərarları dəqiqliklə əks etdirəcək və bu qərarları mükəmməl şəkildə yerinə yetirəcək. Bəli, şəhərin adının «Yehova oradadır» olması bizi əmin edir ki, pak ibadət cənnətdə həmişə mövcud olacaq və əbədiyyən çiçəklənəcək. Bizi necə də gözəl gələcək gözləyir!