Kontentə keç

Mündəricatı göstər

1919-cu ildə keçirilən tarixi toplantı Allahın xalqının Böyük Babilin əsarətindən azad olduğuna sübutdur

ÇƏRÇİVƏ 9B

Nəyə görə məhz 1919-cu il?

Nəyə görə məhz 1919-cu il?

Nəyə əsasən belə qənaətə gəlmişik ki, Allahın xalqı Böyük Babilin əsarətindən 1919-cu ildə azad olub? Müqəddəs Kitab peyğəmbərlikləri və tarixi faktlar bizə belə nəticəyə gəlməyə kömək edir.

Müqəddəs Kitabdakı peyğəmbərliklər və tarix birmənalı şəkildə sübut edir ki, İsa Məsih 1914-cü ildə göydə padşah oldu. Bu, Şeytan dünyasının sonunun, yəni axırzamanın başladığından xəbər verirdi. İsa Padşah olan kimi nə etdi? Dərhal yer üzündəki xidmətçilərini Böyük Babilin əsarətindən qurtardımı? 1914-cü ildə «sadiq və ağıllı nökəri» təyin edib böyük biçin işinə başladımı? (Mət. 24:45).

Görünür, yox. Həvari Butrus yazmışdı: «Hökm Allahın evindən başlayacaq» (1 But. 4:17). Buna bənzər tərzdə Məlaki peyğəmbər də Yehovanın «əhd elçisi» ilə, yəni Oğlu ilə birgə məbədinə gələcəyini demişdi (Məl. 3:1—5). Bu, təmizlənmə və sınaq dövrü olmalı idi. Bəs tarix bu peyğəmbərliklərlə uzlaşırmı?

Əlbəttə! 1914-cü ildən 1919–cu ilin əvvəlinə qədərki vaxtı əhatə edən dövr Müqəddəs Kitab Tədqiqatçıları (Yehovanın Şahidlərinin əvvəlki adı) üçün sınaq və təmizlənmə dövrü idi. 1914-cü ildə Allahın xalqı ümid edirdi ki, bu dünyanın sonu gələcək. Amma son gəlməyəndə onların arasında çoxları məyus oldu. 1916-cı ildə Allahın xalqının rəhbəri Çarlz Rassel qardaş vəfat edəndə bu məyusluq lap artdı. Rassel qardaşa həddən artıq bağlı olanlar Rasseli əvəz edən Cozef Ruterford qardaşa fəal surətdə qarşı çıxmağa başladılar. Parçalanma yarandı və 1917-ci ildə təşkilat demək olar ki, bölündü. 1918-ci ildə, görünür, kilsə xadimlərinin təhrikilə Ruterford qardaş və onun yeddi əməkdaşı məhkəməyə verildi və yalan ittihamlar əsasında həbsə atıldı. Bruklindəki baş idarə bağlandı. Aydın məsələdir ki, Allahın xalqı hələ Böyük Babilin əsarətindən azad edilməmişdi.

Bəs 1919-cu ildə nə baş verdi? Hər şey sürətlə dəyişdi. İlin əvvəlində Ruterford və onun əməkdaşları həbsdən azad edildilər. Onlar dərhal işə başladılar. Qısa vaxt ərzində tarixi toplantı təşkil olundu və yeni jurnal, «Qızıl əsr» (indiki «Oyanın!») jurnalı çapa hazırlandı. Bu yeni jurnal təbliğ kampaniyaları üçün nəzərdə tutulmuşdu. Bundan əlavə hər yığıncaqda təbliğ işini təşkil etmək və irəli aparmaq üçün nəzarətçi təyin olundu. Həmin il təbliğ işinin təşkilinə kömək etmək məqsədilə «Bülleten» vərəqəsi (indiki adı «Məsihi həyatı və ibadəti. İş dəftəri») çap olundu.

Bu nə demək idi? Aydın görünürdü ki, Məsih xalqını Böyük Babilin əsarətindən azad etmişdi. O, sadiq və ağıllı nökər təyin etmişdi. Biçin işi başlamışdı. Həlledici il olan 1919-cu ildən bəri təbliğ işi heyrətamiz şəkildə irəliləyir.