Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 15A

Fahişə bacılar

Fahişə bacılar

«Hizqiyal» kitabının 23-cü fəslində Allah Öz xalqını xəyanətinə görə ifşa edir. Bu fəsil çox şeydə 16-cı fəslə uyğun gəlir. 16-cı fəsildə olduğu kimi, 23-cü fəsildə də fahişə obrazından istifadə olunur. Yerusəlim kiçik bacı, Səməriyyə isə onun böyük bacısı adlanır. Hər iki fəsildə göstərilir ki, kiçik bacı böyük bacının yolu ilə gedir, ancaq mənfurluqda və əxlaqsızlıqda onu ötüb keçir. 23-cü fəsildə Yehova bu bacılara ad verir. Böyük bacını, yəni onqəbiləli İsrail padşahlığının mərkəzi olan Səməriyyəni Öhla adlandırır, kiçik bacını, yəni Yəhudanın mərkəzi şəhəri olan Yerusəlimi isə Öhlüba adlandırır * (Hizq. 23:1—4).

Bu iki fəsil arasında başqa oxşarlıqlar da var. Ən mühüm oxşarlıqlar bunlardır: hər iki fahişə başlanğıcda məcazi mənada Yehovanın arvadı idi, amma sonradan ona xəyanət etdi. Burada həmçinin ümid xəbəri də var. 23-cü fəsildə xalqın yenidən dirçələcəyi ümidi nisbətən üstüörtülü ifadə olunur. Ancaq bu fəsil Yehovanın: «Pozğunluğuna,.. fahişəliyinə son qoyacağam», — sözlərinə görə 16-cı fəsillə uzlaşır (Hizq. 16:16, 20, 21, 37, 38, 41, 42; 23:4, 11, 22, 23, 27, 37).

Xristian dünyasının timsalıdırmı?

Əvvəllər nəşrlərimizdə deyilirdi ki, Öhla və Öhlüba bacıları xristian dünyasının, xüsusilə onun iki qolu olan katolik və protestant dininin timsalıdır. Lakin dua edib araşdırma aparandan sonra bəzi suallar ortaya çıxdı. Məgər xristian dünyası nə vaxtsa məcazi mənada Yehovanın arvadı olub? Yehova onunla nə vaxtsa əhd bağlayıb? Əlbəttə ki, yox. Yehova İsanın vasitəçiliyilə ruhani İsraillə yeni əhd bağlayanda Xristian dünyası mövcud deyildi. Xristian dünyası heç vaxt məsh olunmuşlardan ibarət ruhani xalqın bir hissəsi olmayıb (Ərm. 31:31; Luka 22:20). O, həvarilərin ölümündən xeyli sonra yaranıb. O, İsanın «buğda və alaq otu» məsəlindəki alaq otlarından, yəni yalançı məsihilərdən ibarət dönük bir təşkilat olaraq eramızın IV əsrində peyda olub (Mət. 13:24—30).

Digər əsas fərq bundan ibarətdir: Yehova xəyanətkar Yerusəlimi və Səməriyyəni azad edəcəyinə söz vermişdi (Hizq. 16:41, 42, 53—55). Bəs Müqəddəs Kitab Xristian dünyası ilə əlaqədar belə bir ümid verir? Xeyr. Onun aqibəti Böyük Babilin digər hissələrinin aqibəti ilə eyni olacaq.

Beləliklə, Öhla və Öhlüba Xristian dünyasının timsalı deyil. Lakin onlar daha vacib bir məsələyə aydınlıq gətirirlər. Bu obrazlar əsasında məlum olur ki, Yehova müqəddəs adını yanlış təqdim edənlərə və Onun pak ibadət üçün qoyduğu qanunları təhrif edənlərə necə yanaşır. Bu baxımdan Xristian dünyası böyük günah sahibidir, çünki onun çoxsaylı cərəyanları iddia edirlər ki, guya Müqəddəs Kitabda bəhs olunan Allahı təmsil edirlər. Üstəlik, iddia edirlər ki, Yehovanın sevimli Oğlu İsa Məsih onların rəhbəridir. Ancaq İsanı Üç üqnumun bir hissəsi kimi təqdim etməklə və onun dünyaya məxsus olmamaq əmrinə zidd getməklə bu iddianın əksinə davranırlar (Yəh. 15:19). Xristian dünyası bütpərəstlikdə və siyasi münaqişələrdə xüsusi şəkildə iştirak etməklə «böyük fahişə»nin bir hissəsi olduğunu sübut edib (Vəhy 17:1). Bəli, o, bütün dünyanı əhatə edən yalan dinin aqibətini mütləq paylaşmalıdır!

^ Bu adların mənası böyük əhəmiyyət kəsb edir. Öhla «onun [ibadət] çadırı» mənasını verir. Görünür, bu, İsrailin Yehovanın Yerusəlimdəki məbədində ibadət etmək əvəzinə öz ibadət mərkəzlərini təsis etməsinə işarə edir. Öhlüba adının mənası isə «[ibadət] çadırım ondadır» deməkdir. Çünki Yerusəlim Yehovanın ibadət evinin yerləşdiyi şəhər idi.