Kontentə keç

Mündəricatı göstər

Rəhbərlik Şurasından məktub

Rəhbərlik Şurasından məktub

Əziz bacılar və qardaşlar,

Allaha və insanlara məhəbbət bizi bütün xalqların içində şagird hazırlayıb vəftiz etməyə təşviq edir (Mət. 28:19, 20; Mark 12:28—31). Əsl məhəbbət böyük qüdrətə sahibdir. Bu cür məhəbbət bizi «əbədi həyat yolunda yeriməyə meyli» olanlara kömək etməyə təşviq edəcək (Həv. 13:48).

Əvvəllər təbliğ zamanı, əsasən, əzbərlədiyimiz təqdimatı edirdik, sonra isə nəşr verirdik. Amma indi çalışırıq ki, insanlarla söhbət etmək bacarığımızı püxtələşdirək. Biz insanları maraqlandıran və narahat edən mövzulardan danışmaqla onlara sevgimizi göstəririk. Bunun üçün isə gərək hər bir insana qarşı diqqətcil olaq və vəziyyətə uyğunlaşmağı bacaraq. Bu broşür bizə bu sahədə necə kömək edəcək?

Broşür 12 dərsdən ibarətdir. Bu dərslər bizə insanlara məhəbbət göstərmək və şagird hazırlamaq üçün lazım olan xüsusiyyətləri yetişdirməyə kömək edəcək. Hər dərsdə İsa Məsihin və birinci əsrdəki müjdəçilərin təbliğ zamanı təzahür etdirdiyi konkret bir xüsusiyyət araşdırılır. Məqsəd təqdimat əzbərləmək yox, insanlara məhəbbət göstərmək üçün müxtəlif üsullar tapmaqdır. Əlbəttə, broşürdə vurğulanan xüsusiyyətlər xidmətin hər bir növündə bizə lazımdır. Amma bu vəsaitdə araşdıracağıq ki, həmin xüsusiyyətlərdən hansılar söhbətə başlamaq, hansılar təkrar söhbət etmək və hansılar Müqəddəs Kitab dərsi keçmək üçün vacibdir.

Hər dərsi araşdırdıqca ərazinizdəki insanları düşünün. Görün dərsdə araşdırılan xüsusiyyəti onlarla söhbət edərkən necə təzahür etdirə bilərsiniz. Yehovaya və insanlara məhəbbətinizi artırmağa çalışın. Çünki bu cür məhəbbət sizə şagird hazırlamaq işində istənilən üsuldan daha çox kömək edəcək.

Sizinlə çiyin-çiyinə xidmət etməkdən qürur duyuruq (Səf. 3:9). Qoy Yehova Allah insanlara göstərdiyiniz sevginin qat-qat əvəzini versin, şagird hazırlamaq işində çəkdiyiniz zəhmətə bərəkət versin!

Sizin qardaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası