Kontentə keç

Oxucuların sualları

Oxucuların sualları

Oxucuların sualları

Yehovanın Şahidləri qanın kiçik tərkib hisslərini qəbul edir?

Bu suala cavab olaraq, 2000-ci il 15 iyun sayındakı məqalə bir daha dərc olunub.

Əsas cavab ondan ibarətdir ki, Yehovanın Şahidləri qan qəbul etmir. Biz qəti olaraq bu fikirdəyik ki, Allahın qanla bağlı verdiyi qanun dəyişməzdir. Bununla belə, hazırda qanı dörd əsas komponentə, komponentləri isə daha kiçik tərkib hissələrə (fraksiyalara) ayırırlar. Bununla bağlı bir sıra suallar meydana çıxır. Məsihi kiçik tərkib hissələri qəbul edib-etməməyə qərar verərkən təkcə bunun faydasını və ya ziyanını nəzərə almamalıdır. Onun üçün əsas məsələ Müqəddəs Kitabda bu barədə deyilənlər və Allahla münasibəti olmalıdır.

Müqəddəs Kitabda qan barədə birmənalı şəkildə yazılıb. Gəlin bəzi amillərə nəzər salaq. Bunlar bizə bu məsələ ilə bağlı qərar verməyə kömək edə bilər.

Yehova Allah Nuh peyğəmbərə demişdi ki, qana müqəddəs bir şey kimi yanaşmaq lazımdır (Yaradılış 9:3, 4). Sonralar İsrailə verilən Tövratda da qanın müqəddəs olduğu öz əksini tapmışdı: «İsraillilərdən, yaxud aranızda yaşayan yadellilərdən kimsə qan yesə, üzüm ondan dönəcək». Allahın qanunundan çıxan israilli başqalarına da pis təsir edə bilərdi. Buna görə də Allah demişdi: «Onu xalqın arasından yox edəcəyəm» (Lavililər 17:10). Birinci əsrdə həvarilər və ağsaqqallar Yerusəlimdə birgə müzakirə edib qərar vermişdilər ki, məsihilər qandan uzaq durmalıdır. Bu, əxlaqsızlıqdan və bütpərəstlikdən uzaq durmaq qədər vacib idi (Həvarilərin işləri 15:28, 29).

O dövrdə qandan uzaq durmaq deyəndə nə nəzərdə tutulurdu? Məsihilər nə təzə axıdılmış qanı, nə də qalıb qatılaşmış qanı yemirdilər. Qanı axıdılmamış heyvanın da əti haram idi. Üstəlik, onlar tərkibinə qan qatılmış ərzaqları, məsələn, qanlı kolbasaları da yeməzdilər. Sadalanan formalarda qan yemək Allahın qanununu pozmaq demək idi (1 İşmuil 14:32, 33).

Ancaq qədim dövrdə əksər insanlar rahatca qan yeyirdilər. Bunu eramızın iki və üçüncü əsrlərində yaşamış Tertullianın yazılarından görmək olar. Həmin vaxt məsihiləri qan yeməkdə ittiham edirdilər. Buna cavab olaraq, Tertullian yazmışdı ki, Romada bəzi insanlar sazişləri qan içərək təsdiqləyirlər. Həmçinin qeyd etmişdi ki, «bəzi insanlar arenada öldürülən günahkarların qanını acgözlüklə içir... Düşünürlər ki, bu, epilepsiyanı sağaldır».

Bəzi romalıların sağlamlıq məqsədilə etdiyi bu əməllər məsihilər üçün yolverilməz idi. Tertullian yazmışdı: «Biz heç heyvanın qanını yemirik». Romalılar tərkibində qan olan yeməklərlə məsihilərin nə dərəcədə sadiq olduğunu sınağa çəkirdilər. Tertullian sözünə belə davam edirdi: «İndi özünüz deyin, bu necə ola bilər? Siz tam əminsiniz ki, məsihilər heyvan qanı yemir, amma eyni zamanda düşünürsünüz ki, onlar insan qanı içir».

Bu gün həkim qan vurmağı məsləhət görəndə çoxları heç düşünmür ki, bu, Allahın qanununa ziddir. Yehovanın Şahidləri yaşamaq istəyir, amma onlar Yehovanın qanla bağlı qanununa da tabe olurlar. Bəs müasir tibbi nəzərə alsaq, bu, əməli olaraq, özünü necə göstərir?

İkinci Dünya müharibəsindən sonra qanköçürmə geniş yayıldı. Ancaq Yehovanın Şahidləri başa düşürdü ki, bu, Allahın qanununa ziddir. Biz bu gün də eyni fikirdəyik. Tibb isə zaman keçdikcə dəyişir. Bu gün çox vaxt bütöv qan yox, onun dörd əsas komponenti köçürülür, yəni 1) eritrositlər (qırmızı qan hüceyrələri), 2) leykositlər (ağ qan hüceyrələri), 3) trombositlər, 4) plazma (maye hissə). Xəstənin vəziyyətindən asılı olaraq, həkimlər bu komponentlərdən birini köçürmək qərarına gələ bilər. Ayrı-ayrı komponentlərin köçürülməsi sayəsində eyni qanla daha çox pasiyenti müalicə etmək olur. Yehovanın Şahidlərinin fikrincə, istər bütöv qanı, istərsə də qanın dörd əsas komponentini qəbul etmək Allahın qanununa zidd gedir. Müqəddəs Kitab əsasında tutduqları bu mövqe onları bir çox təhlükələrdən, o cümlədən qanla keçən hepatit, QİÇS və sairə xəstəliklərdən qoruyur.

Lakin qanın dörd əsas komponenti də tərkib hissələrə ayrılır. Buna görə də sual yaranır: bəs bu tərkib hissələrdən necə istifadə olunur? Məsihi onları qəbul edib-etməyəcəyinə necə qərar versin?

Qanın tərkibi çox mürəkkəbdir. Hətta 90 faizi sudan ibarət olan plazmada hormonlar, qeyri-üzvi duzlar, fermentlər, vitaminlər, o cümlədən, minerallar və şəkər var. Bundan başqa, plazmada albumin, qanı laxtalandıran zülallar və xəstəliklərlə mübarizə aparan anticisimlər var. Həkimlər plazmanın bir çox zülallarını ayırıb, istifadə edirlər. Məsələn, qanaxmadan əziyyət çəkən hemofiliya xəstələrinə VIII laxtalanma faktoru vurulur. Yaxud hansısa xəstəliyə tutulmuş pasiyentə həmin xəstəliyə qarşı immuniteti olan adamın qanının plazmasından alınan qamma qlobulin əsasında dərman yazırlar. Tibdə plazmanın digər zülallarından da istifadə olunur. Sadəcə yuxarıdakı nümunələr göstərir ki, qanın əsas komponentindən biri olan plazma tərkib hissələrə necə bölünür *.

Plazma kimi, qanın digər komponentləri də (eritrositlər, leykositlər, trombositlər) kiçik tərkib hissələrə ayrılır. Məsələn, leykositlərin tərkib hissələri olan interferonlar və interleykinlər bəzi virus infeksiyalarının və xərçəngin müalicəsində istifadə olunur. Trombositlərin tərkib hissələrindən isə yaraların sağalması üçün istifadə olunur. Qanın kiçik tərkib hissələri əsasında başqa dərmanlar da hazırlanır. Bu dərmanları qəbul etmək qanın əsas komponentlərini köçürmək demək deyil. Onlar qanın əsas komponentlərinin tərkib hissələrindən hazırlanırlar. Məsihi bu cür dərmanları qəbul etməlidir? Bu barədə heç nə deyə bilmərik. Müqəddəs Kitabda bu barədə heç bir şey yazılmayıb. Buna görə də hər kəs Allahla münasibətlərini nəzərə alaraq, öz vicdanına uyğun qərar verməlidir.

Bəzi məsihilər qandan (hətta onun xəstəliklə mübarizə aparan kiçik fraksiyasından) düzəldilən heç bir dərmanı qəbul etmir. Onlar Allahın «qandan uzaq durun» əmrini bu cür başa düşürlər. Düşünürlər ki, İsrailə verilən əmrə əsasən, heyvanın qanı torpağa axıdılmalıdır (Qanunun təkrarı 12:22—24). Bəs bunun qanın kiçik tərkib hissələri ilə nə əlaqəsi var? Məsələn, qamma qlobulin, qanı laxtalandıran faktorlar və sairə hazırlamaq üçün qanı yığıb emal etmək lazımdır. Buna görə bəzi məsihilər bütöv qan və qanın dörd əsas komponentinin köçürülməsi kimi, bu cür dərmanları da qəbul etmirlər. Biz də onların bu qərarına hörmətlə yanaşmalıyıq.

Digər məsihilər isə başqa cür düşünür. Onlar bütöv qan, eritrosit, leykosit, trombosit və plazmanın köçürülməsini qəbul etmirlər. Lakin qanın əsas komponentinin tərkib hissəsindən hazırlanmış dərmanla müalicə olunurlar. Hətta burada da fikirlər bir-birindən fərqlənir. Hansısa məsihi qamma qlobulin iynəsini qəbul edir, amma eritrositin və ya leykositin tərkib hissəsindən hazırlanmış iynəni qəbul etmir. Bəs bəzi məsihilər nəyin əsasında belə qənaətə gəlirlər ki, qanın kiçik tərkib hissələrini qəbul edə bilərlər?

«Gözətçi qülləsi» jurnalının 1991-ci il 1 sentyabr sayında çıxan «Oxucuların sualları» rubrikasında (türk.) yazılmışdı ki, plazmadakı zülallar hamilə qadının qanından ayrılıb dölün qanına keçir. Beləliklə, ana immunoqlobulinləri övladına ötürür və onda immunitet yaranır. Dölün eritrositlərinin ömrü başa çatanda onların oksigen daşıyan hissəsi ayrılır və bir qismi bilirubinə çevrilir. Bilirubin cift vasitəsilə anaya keçir, sonra isə bədəndən xaric olur. Bəzi məsihilər düşünür ki, əgər qanın kiçik tərkib hissələri təbii proseslər nəticəsində başqasına keçirsə, deməli, qanın plazmasının və digər komponentlərinin tərkib hissələrini qəbul edə bilərlər.

Qanın kiçik tərkib hissələri ilə bağlı fikirlərin fərqlənməsi o deməkdir ki, bu, vacib məsələ deyil? Xeyr. Bu, çox vacib, eyni zamanda sadə məsələdir. Yehovanın Şahidləri üçün bütöv qanın və onun əsas komponentlərinin köçürülməsi yolverilməzdir. Müqəddəs Kitab məsihilərə bütlərə qurban gətirilmiş şeylərdən, qandan və əxlaqsızlıqdan uzaq durmağı buyurur (Həvarilərin işləri 15:29). Komponentlərin hansısa tərkib hissəsinə gəldikdə isə hər məsihi dua edib hərtərəfli düşünərək özü qərar verməlidir.

Çoxları tez bir zamanda nəticə əldə etmək üçün sonrakı fəsadlara göz yumaraq, istənilən müalicəni qəbul edirlər. Bildiyimiz kimi, qan məhsullarından istifadə olunan müalicənin də sağlamlıq üçün təhlükələri var. Məsihilər üçün isə sağlamlıqdan da vacib məsələlər var. Düzdür, Yehovanın Şahidləri də keyfiyyətli şəkildə müalicə olunmaq istəyirlər. Onlar hər bir müalicənin həm xeyrini, həm də fəsadlarını ölçüb-biçirlər. Ancaq qan məhsullarından istifadə olunan müalicəyə gəldikdə, onlar həyatın mənbəyi olan Allahın fikri və Onunla münasibətləri barədə ciddi düşünürlər (Zəbur 36:9).

Biz də məzmurda yazılan bu sözlərə ürəkdən şərikik: «Yehova Allah günəşimdir, sipərimdir, O lütf göstərər və şan-şöhrət bəxş edər. Kamillik yolunda yeriyənlərdən Yehova yaxşılığını əsirgəməz... Yehova, nə xoşbəxtdir Sənə güvənən adam!» (Zəbur 84:11, 12).

[Haşiyə]

^ «Gözətçi qülləsi» jurnalının 1978-ci il 15 iyun (ing.) və 1994-cü il 1 noyabr sayındakı «Oxucuların sualları» rubrikasına (türk.) baxın. Farmasevtik firmalar qandan götürülməyən qeyri-üzvi dərmanlar hazırlayırlar. Əvvəllər istifadə olunan kiçik tərkib hissələr əvəzinə həmin dərmanlardan istifadə etmək olar.

[Çərçivə]

HƏKİMDƏN SORUŞUN

Əgər əməliyyat, yaxud müalicə zamanı qan məhsullarından istifadə etmək ehtimalı varsa, soruşun:

Əməliyyatda iştirak edəcək bütün tibbi heyət bilirmi ki, mən Yehovanın Şahidiyəm və mənə heç bir halda qan köçürülməməsini (bütöv qan, eritrosit, leykosit, trombosit və plazma) tapşırmışam?

Əgər həkimin yazdığı dərmanın plazmadan, eritrositdən, leykositdən və trombositlərdən hazırlanmaq ehtimalı olarsa, soruşun:

Dərmanın tərkibində qanın dörd əsas komponentlərindən hansısa yoxdur? Əgər varsa, tərkibini izah edə bilərsiniz?

Qanın kiçik tərkib hissəsindən hazırlanmış bu dərmanı necə və nə qədər içəcəyəm?

Əgər qanın bu kiçik tərkib hissəsini qəbul etsəm, dərmanın hansı fəsadları olacaq?

Əgər qanın bu kiçik tərkib hissəsini qəbul etməsəm, başqa necə müalicə olunmaq olar?

Bu məsələ barədə düşünəndən sonra qərarım barədə sizə nə vaxt məlumat verə bilərəm?