Kontentə keç

Müqəddəs Kitab həyatları dəyişir

Müqəddəs Kitab həyatları dəyişir

Müqəddəs Kitab həyatları dəyişir

«Mənimlə hörmətlə rəftar etdilər» (QVADALUPE VİLAREAL).

DOĞULDUĞU İL: 1964

ÖLKƏ: MEKSİKA

KEÇMİŞDƏ: ƏXLAQSIZ

KEÇMİŞİM. Mən Meksikanın Sonora ştatının Ermosilyo şəhərində böyüyüb boya-başa çatmışam. Ailədə yeddi uşaq idik. Yaşadığımız yerdə insanların çoxu yoxsul idi. Mən balaca olanda atam vəfat etdi. Anam işləyib bizi dolandırırdı. Adətən ayaqyalın gəzirdim, ayaqqabı almağa pulumuz olmurdu. Kiçik yaşlarımdan işləməyə başladım ki, ailənin dolanışığına kömək edim. Başqa ailələr kimi, biz də çox balaca evdə yaşayırdıq.

Anam çox vaxt yanımızda olmurdu deyə, bizi qoruya bilmirdi. Altı yaşım olanda 15 yaşlı bir oğlan mənə cinsi təcavüz etməyə başladı. Bu, uzun müddət belə davam etdi. Nəticədə, mən seksual oriyentasiyanı itirdim. Düşünürdüm ki, kişilərə meyil salmaq normaldır. Həkimlərə, keşişlərə müraciət etdim. Onlar məni arxayın etdilər ki, bunda pis bir şey yoxdur, bu hisslər normaldır.

On dörd yaşında olanda qərara gəldim ki, homoseksuallar kimi geyinim, onlar kimi davranım. On bir il o cür həyat sürdüm. Hətta o illər ərzində bir neçə kişi ilə yaşadım. Axırda saç ustası oldum və gözəllik salonu açdım. Ancaq xoşbəxt deyildim. İztirab çəkirdim, xəyanətlə üzləşirdim. Başa düşürdüm ki, düzgün yaşamıram. Düşünürdüm: «Görəsən, bu dünyada etibarlı, ləyaqətli insan var?»

Bacım haqda düşünürdüm. O, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənmiş və vəftiz olunmuşdu. Tez-tez mənə öyrəndiklərindən danışırdı. Mən isə ona məhəl qoymurdum. Bununla belə, onunla, ailəsi ilə fəxr edirdim. Görürdüm ki, bacımla yoldaşı bir-birini sevir, bir-biri ilə hörmətlə, mehriban rəftar edir. Bir qədər sonra bir nəfər Yehovanın Şahidi mənimlə Müqəddəs Kitabı öyrənməyə başladı. Əvvəlcə, elə-belə öyrənirdim, marağım yox idi. Ancaq sonra hər şey dəyişdi.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Şahidlər məni ibadət görüşünə dəvət etdilər. Dəvəti qəbul edib getdim. Sanki başqa bir aləmə düşmüşdüm. Adətən hamı məni ələ salırdı, amma Şahidlər belə deyildi. Onlar məni gülərüzlə salamladılar, mənimlə hörmətlə rəftar etdilər. Bu mənə çox güclü təsir bağışladı.

Yehovanın Şahidlərinin toplantısına gedəndə onlar daha çox xoşuma gəldilər. Gördüm ki, o qədər adamın hamısı mənim bacım kimi səmimidir. Düşündüm, çoxdandır axtardığım ləyaqətli insanlar bəlkə elə onlardır. Onların arasındakı məhəbbət, birlik, bütün suallara Müqəddəs Kitabdan cavab vermələri məni heyran edirdi. Başa düşdüm ki, onların yaxşı insan olmalarının səbəbi Müqəddəs Kitabdır. Həmçinin onu da anladım ki, onlar kimi olmaq üçün gərək mən də həyatımda çox şeyi dəyişim.

Əslində, mən büsbütün dəyişilməli idim. Axı qadın kimi yaşayırdım. Danışığım, ədalarım, geyimim, saçım, dostlarım. Hər bir şey dəyişməli idi. Əvvəlki dostlarım məni ələ salırdılar. Deyirdilər: «Niyə belə edirsən? Olduğun kimi qal. Müqəddəs Kitabı öyrənmə. Sənin hər şeyin var». Mənim üçün ən çətini əxlaqsız əməllərdən əl çəkmək idi.

Bununla belə, bilirdim ki, hər şeyi dəyişmək mümkündür. 1 Korinflilərə 6:9—11 ayələri ürəyimə işləmişdi: «Məgər bilmirsiniz ki, saleh olmayanlar Allahın Padşahlığına girməyəcəklər? Aldanmayın. Nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişi fahişələr, nə kişibazlar... Allahın Padşahlığına girməyəcəklər. Sizlərdən də bəziləri belə idi. Ancaq... yuyulub təmizləndiniz». Yehova keçmişdə insanlara dəyişməyə kömək edib, mənə də kömək etdi. Bu bir neçə il çəkdi. Amma Yehovanın Şahidlərinin məsləhəti, məhəbbəti mənə çox kömək oldu.

MƏNƏ FAYDASI. Bu gün mən məsihi kimi yaşayıram. Evliyəm, həyat yoldaşımla birlikdə oğlumuzu Müqəddəs Kitabın öyüd-nəsihətilə tərbiyə edirik. Əvvəlki həyatım artıq keçmişdə qalıb. İndi Yehova ilə yaxın münasibətlərim var, Ona ibadət edirəm. Yığıncaqda ağsaqqal kimi xidmət edirəm. Hətta bir neçə nəfərə Allahın Kəlamındakı həqiqətləri öyrətmişəm. Həyatımı dəyişməyim anamı elə sevindirdi ki, o da Müqəddəs Kitabı öyrənməyə razılaşdı və vəftiz olundu. Əxlaqsız həyat sürən bacım da Yehovanın Şahidi oldu.

Əvvəllər mənim necə adam olduğumu bilənlərdən də bəziləri etiraf edir ki, yaxşılığa doğru dəyişmişəm. Mən bilirəm ki, bütün bu dəyişiklikləri nəyin sayəsində etmişəm. Keçmişdə həkimlərdən əlac istədim, mənə pis məsləhət verdilər. Ancaq Yehova mənə kömək etdi. Özümü layiq bilməsəm də, O mənə nəzər saldı, mənimlə məhəbbətlə, səbirlə davrandı. Belə gözəl, qayğıkeş, mehriban Allahın mənə nəzər salması, mənə yaxşı həyat arzulaması dəyişmək üçün mənə güc verdi.