Kontentə keç

Müqəddəs Kitab həyatları dəyişir

Müqəddəs Kitab həyatları dəyişir

Müqəddəs Kitab həyatları dəyişir

NƏYƏ GÖRƏ altmış yaşlarında olan qadın bütpərəstlikdən əl çəkdi? Şinto məbədində xidmət edən keşişi məbəddən çıxmağa və məsihi olmağa nə təşviq etdi? Gəlin bu sualların cavabını onların öz dilindən eşidək.

«Daha bütlərin qulu deyiləm»(ABA DANSU).

DOĞULDUĞU İL: 1938

ÖLKƏ: BENİN

KEÇMİŞDƏ: BÜTPƏRƏST OLUB

KEÇMİŞİM. Uşaqlığım So-Çixuve adlı bir kənddə keçib. Kəndimiz göl yaxınlığında, bataqlıq bir ərazidə yerləşir. Kəndimizin sakinləri balıqçılıqla məşğul olur, mal-qara, qoyun-keçi, donuz və quş saxlayırlar. Bizim tərəflərdə yollar yoxdur, camaat qayıqlarla lazım olan yerə gedib çatır. Evləri əksərən ağacdan və otdan tikirlər. Amma kəndimizdə kərpicdən tikilmiş evlər də var. Kəndin camaatı əsas etibarilə kasıbdır. Buna baxmayaraq, cinayətkarlıq böyük şəhərlərdə olduğu qədər vüsət almayıb.

Biz hələ uşaq olanda atam mənimlə bacımı fetiş məbədinə yolladı. Orada bizə dinimizi, adət-ənənələrimizi öyrədirdilər. Böyüyəndə Yoruba xalqının sitayiş etdiyi Duduaya (Oduduva) ibadət etmək qərarına gəldim. Mən onun üçün bir ev tikdim və ona qurbanlar gətirməyə başladım: yams (tərəvəz), palma yağı, ilbiz, toyuq, göyərçin və digər heyvanları. Bu qurbanlar baha idi, onları almağa çox vaxt bütün pulumu sərf edirdim.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Müqəddəs Kitabı öyrənməyə başladım. Öyrəndim ki, yeganə həqiqi Allah Yehovadır və O, bütlərə ibadət etməyə pis baxır (Çıxış 20:4, 5; 1 Korinflilərə 10:14). Mən başa düşdüm ki, həyatımda böyük dəyişikliklər etməliyəm. İbadət zamanı istifadə etdiyim bütün şəkilləri, əşyaları tulladım, evimi onlardan tamam təmizlədim. Falçılara gedib-gəlməyin daşını atdım, dini və dəfn ayinlərinə getmədim.

Əlbəttə, həyatımda bu qədər dəyişiklik etmək asan deyildi. Cavan da deyildim, yaşım artıq altmışı ötmüşdü. Dost-tanış, qohum-əqrəba, qonum-qonşu, adam qalmırdı ki, mənə qarşı çıxmasın, məni lağa qoymasın. Amma mən Yehovaya dua edirdim. Yalvarırdım ki, mənə düzgün davranmağa güc versin. Məsəllər 18:10 ayəsində yazılan sözlər mənə təsəlli verirdi: «Yehovanın adı möhkəm qaladır. Saleh ora qaçıb qorunar».

Yehovanın Şahidlərinin keçirdiyi görüşlərin də mənə çox köməyi dəydi. Orada məsihi məhəbbətinin nə olduğunu öz gözlərimlə gördüm. Mən bu adamlara heyran qalmışdım. Onlar çalışırdı Müqəddəs Kitabın yüksək əxlaq dəyərlərinə uyğun yaşasın. Bütün bunlar məni inandırdı ki, Yehovanın Şahidlərinin dini həqiqi dindir.

MƏNƏ FAYDASI. Müqəddəs Kitab məsləhətlərinə əməl etməyin mənə çox faydası dəydi; övladlarımla münasibətlərimi yaxşılaşdıra bildim. Həm də bəzən özümü elə hiss edirəm ki, sanki çiynimdən dağ götürülüb. Əvvəllər nəyim var idisə, hamısını mənə heç bir köməyi, faydası dəyməyən cansız bütlərə xərcləyirdim. İndi isə Yehovaya ibadət edirəm, o Kəsə ki, bütün çətinliklərimizi birdəfəlik həll etməyə qadirdir (Vəhy 21:3, 4). Necə də xoşbəxtəm ki, daha bütlərin qulu deyiləm, əksinə, Yehovanın quluyam! İndi mən Onun pənahına sığınmışam.

«Uşaqlıqdan Allahı axtarırdım»(ŞİNCİ SATO).

DOĞULDUĞU İL: 1951

ÖLKƏ: YAPONİYA

KEÇMİŞDƏ: SİNTO MƏBƏDİNDƏ KEŞİŞ

KEÇMİŞİM. Uşaqlığım Fukuoka əyalətində, balaca bir şəhərdə keçib. Valideynlərim çox dindar idilər. Körpəlikdən mənə Sinto allahlarına ehtiram aşılayırdılar. Uşaq vaxtında tez-tez xilasım haqqında düşünürdüm və darda olan insanlara kömək eləmək istəyirdim. Yadıma gəlir, bir dəfə hələ ibtidai sinifdə oxuyurdum, müəllim uşaqlardan soruşdu, böyüyəndə nə olmaq istəyirsiniz. Sinif yoldaşlarımın konkret arzuları var idi, məsələn, biri alim olmaq istəyirdi. Mən isə dedim ki, böyüyəndə Allaha xidmət etmək istəyirəm. Hamı mənə gülməyə başladı.

Məktəbi bitirdikdən sonra dini təhsil ocağına daxil oldum. Orada bir Sinto keşişi ilə tanış oldum. O, boş vaxtında qara üzlü kitab oxuyurdu. Bir gün o, məndən soruşdu: «Sato, heç bilirsən bu nə kitabdır?» Kitabın üzündəki yazıya əvvəl də fikir vermişdim, ona görə cavab verdim: «Müqəddəs Kitab». O da dedi: «Bəli, Sinto keşişi olmaq istəyən hər kəs gərək bu kitabı oxusun».

Mən birbaşa Müqəddəs Kitabı almağa yollandım. Gətirib onu kitab rəfimin ən yaxşı yerinə qoydum. Bütün günü dərs oxuyurdum. Müqəddəs Kitabı oxumağa vaxt tapmırdım. Bununla belə, bu kitaba dərin hörmətlə yanaşırdım. Təhsilimi bitirdikdən sonra Sinto məbədində keşiş oldum. Uşaqlıq arzum yerinə yetdi.

Tezliklə gördüm ki, məbəddə xidmət gözlədiyim kimi deyil. Keşişlərin çoxu başqalarına laqeyd yanaşırdı. Bəzilərinin heç imanı da yox idi. Bir dəfə bir böyük keşiş hətta mənə belə demişdi: «Burada yüksək mövqe qazanmaq istəyirsənsə, ancaq fəlsəfədən danışmalısan. İman sözünü dilinə gətirmə».

Bu kimi sözlərə görə sintoizm dini məni get-gedə məyus edirdi. Məbəddə işləyə-işləyə başqa dinlərlə maraqlanmağa başladım. Amma baxdım ki, onlar da sintoizmdən geridə qalmır. Bu dinləri araşdırdıqca, məyusluğum daha da artırdı. Mənə elə gəlirdi ki heç bir dində həqiqət yoxdur.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. 1988-ci ildə bir buddistlə tanış oldum. O, məndə Müqəddəs Kitabı oxumağa həvəs oyatdı. Yadıma düşdü ki, illər öncə Sinto keşişi də məni buna həvəsləndirirdi. Onların məsləhətinə əməl etmək qərarına gəldim. Müqəddəs Kitabı əlimə alandan sonra artıq yerə qoya bilmədim. Bəzən gecə uzunu oxuyurdum, səhərin necə açıldığından xəbərim olmurdu.

Oxuduqca daxilimdə Müqəddəs Kitabdakı Allaha dua etmək istəyi yaranırdı. Mətta 6:9—13 ayələrində yazılmış duadan başladım. Hər iki saatdan bir onu təkrar edirdim, baxmayaraq ki, hələ də Sinto məbədində xidmət edirdim.

Əlbəttə, oxuduqlarım məndə sual da doğururdu. Həmin vaxt evlənmişdim. Bilirdim ki, Yehovanın Şahidləri insanlara Müqəddəs Kitabı öyrədir, çünki əvvəllər yoldaşıma da baş çəkmişdilər. Bir Şahid qadın tapdım və onu sual atəşinə tutdum. Qadın hər sualıma Müqəddəs Kitabdan cavab verirdi. Bu, məni heyrətə gətirdi. Mənə Müqəddəs Kitab dərsi keçməyə başladılar.

Qısa vaxtdan sonra Yehovanın Şahidlərinin görüşlərinə getməyə başladım. Həmin vaxt hələ bilməsəm də, o yığıncağa gələn Şahidlərin arasında elələri var idi ki, onlarla vaxtilə çox nəzakətsiz davranmışam. Buna baxmayaraq, onlar məni səmimi qarşıladılar və mən yığıncaqda özümü qonaq kimi hiss etmədim.

O görüşlərdə öyrəndim ki, Allah kişidən ailə üzvlərinə sevgi və hörmət göstərməyi gözləyir. O vaxta kimi, bütün fikrim-zikrim öz işimə cəmlənmişdi, buna görə də arvadıma və iki övladıma diqqət ayırmırdım. Həmin an mənə çatdı: məbədə gələn insanlar ürəklərini boşaldırdılar, mən də onları diqqətlə dinləyirdim, amma bir dəfə də olsun, həyat yoldaşımı dinləməmişəm.

Yehova haqda çox şey öyrəndikcə, Ona daha da yaxın olmaq istəyirdim. Ayələr var idi ki, mənə xüsusilə güclü təsir bağışlayırdı. Məsələn, Romalılara 10:13 ayəsində deyilir: «Yehovanın adını çağıran hər kəs qurtulacaq». Uşaqlıqdan Allahı axtarırdım və budur, nəhayət Onu tapdım!

Məbəddə özümə yer tapa bilmirdim. Əvvəl-əvvəl başqalarının nə deyəcəyi məni çox narahat edirdi. Digər tərəfdən, özümə söz vermişdim ki, Allahı başqa yerdə tapsam, Sinto dinindən çıxacağam. Beləcə 1989-cu ilin yazında vicdanımın səsinə qulaq asmaq qərarına gəldim. Məbəddən çıxdım. Özümü tamamilə Yehovanın əllərinə verdim.

Məbədi tərk etmək asan deyildi. Böyük keşişlər məni danlayıb, təzyiq göstərirdilər ki, qalım. Amma ən çətini valideynlərimə bu təzə xəbəri çatdırmaq idi. Onlara gedib hər şeyi açıb danışmalı idim. Yolda həyəcandan ürəyim sıxıldı, ayaqlarım getmirdi! Cəsarət toplamaq üçün bir neçə dəfə dayanıb Yehovaya dua etdim.

Valideynlərimin evinə gəldim. Amma qorxu məni o qədər bürümüşdü ki, heç cür mətləbə keçə bilmirdim. Saatlar keçdi. Nəhayət, çoxlu dua edəndən sonra hər şeyi atama danışdım. Dedim ki, həqiqi Allahı tapmışam, Sinto dinindən gedirəm, artıq ancaq həqiqi Allaha xidmət edəcəyəm. Atam şoka düşdü, qanı qaraldı. Qohumlar evə gəlib məni fikrimdən daşındırmağa çalışdılar. Əlbəttə, heç kimin xətrinə dəymək istəmirdim, digər tərəfdən başa düşürdüm ki, Yehovaya xidmət etmək ən düzgün və ağıllı işdir. Vaxt keçdi, sonradan ailəm qərarımla barışdı.

Məbədi tərk etmək işin yarısı idi, düşüncəmi dəyişmək isə ən çətini idi. Keşişlik iliyimədək işləmişdi. Var gücümlə çalışırdım ki, keçmiş həyatımı unudum, amma hara baxırdım hər yer mənə keçmişimi xatırladırdı.

Mənə iki şey kömək etdi: birincisi, evimi başdan ayağa kimi ələk-vələk elədim, köhnə dinimə aid nə var idisə, kitablar, şəkillər, hətta yadigar kimi saxladığım çox bahalı əşyaları belə, bir yerə yığıb yandırdım. İkincisi, çalışırdım əlimdən gələni edim ki, Yehovanın Şahidləri ilə daha çox vaxt keçirim. Onların dostyana münasibəti, dəstəyi mənə çox kömək etdi. Yavaş-yavaş keçmiş həyatım unudulmağa başladı.

MƏNƏ FAYDASI. Əvvəllər arvadıma və övladlarıma vaxt ayırmırdım. Buna görə də onlar özlərini çox tənha hiss edirdilər. Ancaq Müqəddəs Kitab məsləhətinə uyğun olaraq, ailəmlə vaxt keçirməyə başlayandan sonra münasibətlərimiz düzəlməyə başladı. Bir qədər vaxtdan sonra həyat yoldaşım da Yehovaya xidmət etməyə başladı. İndi bütün ailəmiz, oğlum, qızım və kürəkənimlə bir yerdə həqiqi Allah Yehovaya ibadət edirik.

Uşaq vaxtlarımdan ürəyimdə bir arzu vardı: Allahın xidmətçisi olmaq və insanlara kömək etmək. Bu haqda düşünəndə anlayıram ki, arzum tamamilə və artıqlaması ilə yerinə yetib, axtardığım hər şeyi tapmışam. Yehovaya minnətdarlığımı ifadə etməyə söz tapmıram.

[Şəkil]

Yehovanın Şahidlərinin arasında olanda məsihi məhəbbətinin nə olduğunu öz gözlərimlə gördüm

[Şəkil]

Bir zamanlar ibadət etdiyim sinto məbədi