Kontentə keç

Vergiləri ödəmək lazımdır?

Vergiləri ödəmək lazımdır?

Vergiləri ödəmək lazımdır?

ÇOX az adam vergiləri həvəslə ödəyir. Çoxları düşünür ki, dövlət işçilərinin səriştəsizliyi, fırıldaqçılığı ucbatından ödədikləri vergilər hədər gedir. Bəziləri mənəvi dəyərlərə görə vergi verməkdən imtina edirlər. Yaxın Şərqdə yaşayan bir nəfər vergi verməməsinin səbəbini belə izah etmişdi: «Biz övladlarımızı qanına qəltan edən güllələrin alınması üçün pul verə bilmərik».

Bu, yeni fikir deyil. Çoxları belə düşünür. Hindistanın dövlət xadimi Mohandas Qandi bu məsələdə mövqeyini belə izah etmişdi: «Ordudan istifadə edən dövləti dəstəkləyən hər kəsin əli birbaşa və ya dolayısıyla günaha batır. İstər cavan olsun, istərsə də qoca, dövlətə vergi ödəyən kəs günah əməllərdə iştirak edir».

XIX əsrdə yaşamış filosof Henri Devid Toro vergiləri ödəməkdən imtina edirdi və buna mənəvi dəyərləri səbəb gətirirdi. O demişdi: «Nəyə görə vətəndaş bir anlıq da olsun öz vicdanını qanunşünasların ixtiyarına verməlidir? Belə isə onda nəyə görə hər kəsə vicdan verilib?»

Bu məsələ məsihilər üçün böyük əhəmiyyət kəsb edir. Axı Müqəddəs Kitabda deyilir ki, məsihilərin vicdanı hər sahədə təmiz olmalıdır (2 Timutiyə 1:3). Digər tərəfdən Müqəddəs Kitabda deyilir ki, hökumətin vergi almağa səlahiyyəti çatır. Orada deyilir: «Qoy hər kəs hökumətə tabe olsun, çünki Allahın izni olmadan heç bir hökumət mövcud ola bilməz. Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar. Beləliklə, siz yalnız bu qəzəbin qorxusundan yox, həmçinin vicdanınıza görə tabe olmalısınız. Vergiləri də bu səbəbdən ödəyirsiniz. Axı onlar Allahın xidmətçiləridir, insanlar üçün çalışırlar və daima bu məqsədə xidmət edirlər. Beləcə, hər kəsə haqqını verin: vergidirsə — vergini» (Romalılara 13:1, 5—7).

Bu səbəbdən birinci əsrdə yaşayan məsihilər canla-başla vergiləri verirdilər, baxmayaraq ki, onların əhəmiyyətli hissəsi orduya xərclənirdi. Bu gün də Yehovanın Şahidləri eyni cür davranır *. İlk baxışdan ziddiyyət kimi görünən bu məsələni necə izah etmək olar? Belə çıxır ki, vergi ödəmək vaxtı gələndə məsihi vicdanının səsini boğmalıdır?

Vergi və vicdan

Düzdür, birinci əsrdə vergilərin böyük bir hissəsi orduya xərclənirdi. Məhz bu səbəbdən sonralar Qandi və Toro vergi ödəməkdən imtina etmişdi.

Amma bir məqama diqqət yetirin. Romalılara məktubun 13-cü fəslində deyilir ki, məsihilər sadəcə cəzalanmamaq üçün yox, vicdanlarına görə hökumətə tabe olurdular (Romalılara 13:5). Bəli, əslində, məsihinin vicdanı vergiləri ödəməyi tələb edir, baxmayaraq ki, vergilərin sərf olunduğu müəyyən işlər onun əqidəsinə uyğun deyil. Bu, ilk baxışdan ziddiyyət kimi görünür. Amma gəlin əvvəlcə hərəkətlərimizin yanlış və ya düzgün olduğunu bizə bildirən vicdanla, qəlbimizin səsi ilə bağlı vacib bir məqama nəzər salaq.

Toronun da dediyi kimi, hər kəsin qəlbinin səsi var, amma bu səsə həmişə etibar etmək olmaz. Allahı razı salmaq üçün vicdanımız Onun qayda-qanunlarına uyğun tərbiyə olunmalıdır. Çox vaxt biz öz düşüncəmizi, baxışlarımızı dəyişməli oluruq ki, Allahın düşüncəsinə uyğun olsun, axı Onun fikirləri bizimkindən qat-qat ucadır (Zəbur 19:7). Deməli, buna görə də Allahın hökumətlərə baxışını başa düşməyə çalışmalıyıq. Gəlin görək Allah hökumətə necə baxır.

Qeyd etdik ki, həvari Bulus hökumətləri Allahın xidmətçiləri adlandırmışdı (Romalılara 13:6). Bu nə deməkdir? Onlar cəmiyyətdə nizam-intizamı qoruyur və ictimaiyyət üçün faydalı işlər görürlər. Hətta ən pis hökumət belə, poçt, orta təhsil, yanğından müdafiə, ictimai asayişin qorunması kimi xidmətlər təqdim edir. Allah bu hökumətlərin nöqsanlarından agahdır. Bununla belə, müvəqqəti olaraq, onların mövcudluğuna izin verir və buyurur ki, Onun bu qərarına hörmətdən irəli gələrək hökumətə də hörmət edək və vergiləri ödəyək.

Amma qeyd etdiyimiz kimi, bu, müvəqqətidir. Allah tezliklə onları səmavi Padşahlığı ilə əvəz edəcək və insan hakimiyyətinin əsrlər ərzində bəşəriyyətə vurduğu bütün zərərləri aradan qaldıracaq (Dənyal 2:44; Mətta 6:10). Hələlik isə, Allah istəyir ki, məsihilər hökumətə tabe olsunlar və vaxtlı-vaxtında vergiləri ödəsinlər.

Ola bilsin, siz də Qandi kimi, düşünürsünüz ki, vergilər müharibələrə sərf olunur və siz də onları ödəməklə günaha batırsınız. Ancaq bir şeyi unutmayın: hündür yerdən ətraf daha aydın görünür. Allah da bizdən hikmətlidir, hər şeyi biləndir. Buna görə də biz düşüncəmizi dəyişib, vəziyyətə Allahın gözü ilə baxmalıyıq. O, Əşiya peyğəmbər vasitəsilə demişdi: «Göylər yerdən nə qədər ucadırsa, Mənim yollarım sizin yollarınızdan, Mənim fikirlərim, sizin fikirlərinizdən o qədər ucadır» (Əşiya 55:8, 9).

Mütləq hakimiyyət kimə məxsusdur?

Müqəddəs Kitab bizə vergiləri ödəməyi buyursa da, bu o demək deyil ki, insan hökumətləri vətəndaşlar üzərində mütləq səlahiyyətə sahibdirlər. İsa Məsih demişdi ki, Allah bu hökumətlərə məhdud səlahiyyət verib. Bir dəfə ondan soruşmuşdular ki, həmin vaxt hakimiyyət sürən Roma hökumətinə vergi vermək lazımdır, ya yox. İsa bu suala belə cavab vermişdi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mark 12:13—17).

Dövlət pul çap edir, onun dəyərini müəyyən edir. Buna görə də Allahın nəzərincə, dövlətin ixtiyarı var ki, həmin pulu vergilər şəklində geri alsın. Ancaq İsa Məsih bildirmişdi ki, Allaha məxsus şeyləri, yəni ibadətimizi və həyatımızı heç bir insan bizdən tələb edə bilməz. İnsanların qanun və tələbləri Allahın qanunlarına zidd gedəndə məsihilər insanlara yox, hökmdarımız Allaha itaət etməlidir (Həvarilərin işləri 5:29).

Ola bilsin, ödədikləri vergilərin nəyə sərf olunduğu məsihiləri də narahat edir. Amma onlar hökumətə qarşı çıxaraq, yaxud da vergi verməkdən imtina edərək hökumətin işinə müdaxilə etmir və ya necə təsir etməyə çalışmırlar. Belə etmək onu göstərər ki, onlar Allahın bütün problemləri aradan qaldıracağına etibar etmirlər. Məsihilər səbirlə Allahı və Onun Padşahlığını gözləyirlər. İsa Məsih aydın şəkildə demişdi: «Mənim Padşahlığım buradan deyil» (Yəhya 18:36).

Allahın dediyi kimi davranmağın faydaları

Müqəddəs Kitabda deyildiyi kimi, vergi ödəməyin xeyri çoxdur. Belə ki, qanunu pozmaqda ittiham olunub cəzalanmayacaqsınız, tutulmaq qorxusu ilə yaşamayacaqsınız (Romalılara 13:3—5). Ən əsası, qanuna riayət etdiyiniz üçün Allahın qarşısında vicdanınız təmiz olacaq və Onu şərəfləndirəcəksiniz. Düzdür, ola bilsin, vergi ödəməyənlərlə, vergi məsələsində fırıldaq gələnlərlə müqayisədə, pulunuz az qalacaq. Amma Allaha güvənin. O vəd edir ki, sadiq xidmətçilərinin ruzisini həmişə yetirəcək. Davud padşah yazmışdı: «Cavanlığımdan bəri, bu qoca yaşımadək, nə saleh adamın atıldığını, nə də övladlarının çörək diləndiyini görməmişəm» (Zəbur 37:25).

Ən nəhayət, Müqəddəs Kitabdakı bu əmrin məğzini başa düşsəniz və yerinə yetirsəniz, qəlbiniz rahat olacaq. Ödədiyiniz vergilərlə görülən işlərə görə Allah sizdən haqq-hesab tələb etməyəcək. Necə ki, ödədiyiniz icarə haqqı ilə sahibkarın gördüyü işlərə görə dövlət sizi məsuliyyətə cəlb etmir. Müqəddəs Kitabı öyrənməzdən qabaq Stelvio adlı bir kişi cənubi Avropada siyasi çevriliş etməyə çalışırdı. Ancaq sonradan o bu niyyətindən əl çəkdi. O deyir: «Mən başa düşdüm ki, bir nəfər bütün dünyada sülhü, ədaləti, əmin-amanlığı bərpa edə bilməz. Yalnız Allahın Padşahlığı cəmiyyəti dəyişməyə, yaxşılaşdırmağa qadirdir».

Stelvio kimi, siz də Allaha məxsus şeyləri Allaha versəniz, o günü görəcəksiniz. Allah bütün yer üzünü ədalətlə idarə edəndə, insan hakimiyyətinin vurduğu zərərləri, haqsızlığı aradan qaldıranda siz də yaşayıb həyatdan zövq alacaqsınız.

[Haşiyə]

^ Yehovanın Şahidlərinin vergiyə münasibəti ilə bağlı əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 2003-cü il 1 fevral sayının 22—23 səhifələrində yerləşən 15-ci abzasa və «Müqəddəs ibadətimiz» vərəqəsinin 2006-cı il iyul sayının 4-cü səhifəsində yerləşən 7-ci abzasa (türk.) baxın.

[Yazı]

Çox vaxt biz öz düşüncəmizi, baxışlarımızı dəyişməli oluruq ki, Allahın düşüncəsinə uyğun olsun, axı Onun fikirləri bizimkindən qat-qat ucadır

[Yazı]

Məsihilər vergiləri ödəməklə Allah qarşısında vicdanlarını təmiz saxlayır və göstərirlər ki, Allahın ruzilərini yetirəcəyinə inanırlar

[Şəkil]

«Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin»

[Yazı]

Copyright British Museum