Kontentə keç

Mündəricatı göstər

Ata oğlu ilə münasibətini necə möhkəmləndirə bilər?

Ata oğlu ilə münasibətini necə möhkəmləndirə bilər?

Ata oğlu ilə münasibətini necə möhkəmləndirə bilər?

«ATA, sən bu qədər şeyi haradan bilirsən?» Heç elə olubmu ki, balaca oğlunuz gözlənilmədən sizə belə sual verib? Yəqin bu an ata ürəyiniz qürur hissi ilə dolub daşıb. Bəs oğlunuz məsləhətinizə əməl edib faydasını görəndə necə? Şübhəsiz, sevincinizin həddi-hüdudu olmayıb * (Məsəllər 23:15, 24).

Bəs illər sonra da oğlunuz sizə eyni cür valehdir? Yoxsa böyüdükcə sizə olan heyranlığı azalıb? Nə edə bilərsiniz ki, oğlunuzun yaşı artdıqca münasibətləriniz sıx qalsın? Gəlin əvvəlcə ataların üzləşdiyi çətinliklərə baxaq.

Üç çətinlik

1) VAXT AZLIĞI. Bir çox ölkələrdə ailənin gəlirinin əsas hissəsini ataların qazancı təşkil edir. Çox vaxt onlar günün əksər saatlarını işləməli olurlar. Bəzi yerlərdə atalar övladları ilə çox az vaxt keçirir. Bu yaxınlarda Fransada aparılan sorğu nəticəsində məlum olmuşdu ki, atalar uşaqlarına gün ərzində orta hesabla 12 dəqiqədən az vaxt sərf edirlər.

DÜŞÜNÜN: Oğlunuzla nə qədər vaxt keçirirsiniz? Bir-iki həftə ərzində hər gün onunla nə qədər vaxt keçirdiyinizi qeyd edin. Ola bilsin, nəticə sizi təəccübləndirəcək.

2) ATALARI YAXŞI NÜMUNƏ OLMAYIB. Bəzi kişilərin öz ataları ilə yaxın münasibəti olmayıb. Fransada yaşayan Jan-Mari deyir: «Mən atamı az-az görürdüm». Görün bu, Jan-Maridə hansı izləri buraxıb. O deyir: «Bu heç ağlıma da gətirmədiyim problemlərə səbəb olur. Məsələn, mən oğullarımla oturub əməlli-başlı söhbət edə bilmirəm». Bəzən isə kişilər atalarını çox yaxşı tanıyır, amma onların münasibəti yaxşı olmur. 43 yaşlı Filip deyir: «Atam mənə olan sevgisini göstərə bilmirdi. İndi mənə də hisslərimi oğluma bildirmək çox çətindir».

DÜŞÜNÜN: Sizcə, atanızla olan münasibətiniz oğlunuzla rəftarınıza təsir edir? Siz atanızın yaxşı, ya da pis cəhətlərini təkrarlamırsınız?

3) MÜHİT. Bəzi xalqlarda düşünürlər ki, övladların tərbiyəsində atanın elə də rolu yoxdur. Qərbi Avropa ölkəsində böyümüş Luka deyir: «Mənim böyüdüyüm yerdə belə hesab edirdilər ki, uşağın tərbiyəsi ilə qadın məşğul olmalıdır». Digər xalqlarda isə düşünürlər ki, atanın işi uşağa ancaq sərt cəza verməkdən ibarətdir. Məsələn, Afrika ölkəsində böyümüş Corc deyir: «Bizim mədəniyyətdə atalar uşaqları ilə oynamır. Qorxurlar ki, bu, onların nüfuzunu aşağı salar. Buna görə də oğlumla vaxt keçirmək, əylənmək mənə çox çətindir».

DÜŞÜNÜN: Sizin cəmiyyətdə necə düşünürlər: atanın üzərinə hansı məsuliyyət düşür? Kişilər uşağın tərbiyəsini qadın işi hesab edir? Kişini təşviq edirlər ki, oğluna sevgisini bildirsin, yoxsa əksinə, buna pis baxırlar?

Əgər siz də bu çətinliklərlə üzləşmisinizsə, nə edə bilərsiniz? Növbəti məsləhətlərə diqqət yetirin.

Vaxt itirməyin

Oğlan uşaqlarında atalarına bənzəmək istəyi sanki anadangəlmədir. Buna görə də vaxt itirməyin, övladınız körpə ikən ondakı bu istəkdən səmərəli istifadə edin. Bunu necə etmək olar? Gün ərzində onunla nə zaman vaxt keçirə bilərsiniz?

Nə vaxt mümkündürsə, qoy oğlunuz sizə kömək etsin. Məsələn, evdə iş görəndə. Onun da əlinə balaca süpürgə, bel verin. Unutmayın, siz onun gözündə qəhrəmansınız, nümunəsiniz. Öz qəhrəmanı ilə çiyin-çiyinə iş görmək ona zövq verəcək! Ola bilsin, işi qurtarmaq bir az uzun çəkəcək, amma oğlunuzla münasibətiniz möhkəmlənəcək, ona iş görməyi öyrədəcəksiniz. Qədim dövrdə Müqəddəs Kitab ataları təşviq edirdi ki, gündəlik işlərini övladları ilə birgə görsünlər və bu fürsətdən istifadə edib onlarla söhbət etsinlər, onları öyrətsinlər (Qanunun təkrarı 6:6—9). Bu məsləhət bu gün də öz qüvvəsini itirməyib.

Oğlunuzla birlikdə işləməkdən başqa, onunla oyunlar oynayın. Oyun sadəcə birgə əylənmək demək deyil. Araşdırmalar göstərir ki, ataları ilə oynayan övladlar macəraçı, cəsarətli olurlar.

Atanın oğlu ilə oynaması bir səbəbə görə də vacibdir. Mişel Fiz adlı tədqiqatçı deyir: «Oğlan uşağı oyun zamanı atası ilə daha yaxşı söhbət edir». Bu zaman ata həm sözləri, həm də hərəkətləri ilə oğluna olan sevgisini ifadə edə bilər. Bununla ata oğluna da hisslərini ifadə etməyi öyrədir. Almaniyada yaşayan Andre adlı bir kişi deyir: «Oğlum balaca olanda biz tez-tez oynayırdıq. Onu qucaqlayırdım, beləcə o da mənə sevgisini göstərməyi öyrənirdi».

Yatmaq vaxtı gələndə də ata üçün oğlu ilə münasibətlərini möhkəmləndirməyə fürsət yaranır. Onun üçün kitab oxuyun. Oğlunuz gün ərzində nəyə görə sevindiyini, nəyə görə kədərləndiyini danışanda qulaq asın. Belə etsəniz, o böyüdükcə sizinlə söhbət etməyə davam edəcək.

Təslim olmayın

Yeniyetmə yaşına çatmış bəzi oğlanlar ataları ilə söhbət etməyə meyilli olmurlar. Əgər sizin də oğlunuz suallarınıza candərdi cavab verirsə, düşünməyin ki, ümumiyyətlə sizinlə danışmaq istəmir. Ona başqa üsulla yanaşsanız, çox yaxşı söhbətiniz alına bilər.

Fransada yaşayan Jaka bəzən oğlu Jeromla söhbət etmək çətin olurdu. Amma o, oğlunu danışmağa məcbur etmirdi, çalışırdı ona başqa tərəfdən yanaşsın. Onunla futbol oynayırdı. Jak deyir: «Oynayandan sonra otluqda oturub dincəlirdik. Məhz həmin vaxt oğlum mənimlə ürəkdən söhbət edirdi. Bir yerdə olmağımız, təklikdə vaxt keçirməyimiz aramızda xüsusi münasibət yaratdı».

Bəs əgər oğlunuz idmanı sevmirsə, onda necə? Andre oğlu ilə saatlarla ulduzlara baxdığını sevə-sevə xatırlayır. O deyir: «Gecə yarısı, soyuq havada çıxıb bayırda otururduq. İsti yorğana bürünürdük, əlimizdə çay səmaya baxırdıq. Ulduzları Yaradan haqda danışırdıq. Şəxsi məsələlər barədə söhbət edirdik. Demək olar ki, hər mövzuya toxunurduq» (Əşiya 40:25, 26).

Ola bilsin, oğlunuzu maraqlandıran şeylər sizin heç də xoşunuza gəlmir. Belə olan halda öz istəklərinizdən keçməyə hazır olun (Filippililərə 2:4). Cənubi Afrikada yaşayan İen deyir: «Mənim daha çox idman xoşuma gəlirdi. Oğlum Von isə təyyarəni, kompüteri sevirdi. Buna görə mən də bu şeylərlə maraqlanmağa başladım, onu uçan təyyarələrə baxmağa aparırdım, kompüterdə oyunlar oynayırdıq. Birgə əyləncəli vaxt keçirməyimizin sayəsində Von çəkinmədən mənə ürəyini açırdı».

Onu özünə əmin edin

«Ata, bax, ata!» Heç elə olubmu ki, oğlunuz balaca vaxtı təzə bir şeyi etməyi öyrənəndə sevincək sizə göstərib? Bəs indi, yeniyetmə yaşına çatanda da sizdən tərif eşitməyə çalışır? Bəlkə də yox. Amma sağlam şəkildə böyüməsi üçün onu tərifləməyiniz çox vacibdir.

Gəlin Yehova Allahın Öz oğullarından biri ilə rəftarına baxaq. İsa Məsih həyatının mühüm dövrünə qədəm qoyanda Allah onu sevdiyini açıq şəkildə bəyan etdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» (Mətta 3:17; 5:48). Düzdür, siz övladınıza yeri gələndə cəza da verməlisiniz, onu öyrətməlisiniz (Efeslilərə 6:4). Bəs fürsət düşəndə dediyi yaxşı sözlərə, etdiyi yaxşı işlərə görə onu tərifləyirsiniz?

Bəzi kişilərə övladlarını tərifləmək, sevgilərini göstərmək çətindir. Valideynləri onların yaxşı işlərindən çox səhvlərini qabardıb. Əgər sizin də valideynləriniz belə olubsa, o zaman oğlunuzda özünə əminlik hissi yaratmaq üçün gərək şüurlu şəkildə səy göstərəsiniz. Bunu necə etmək olar? Yuxarıda adı çəkilən Lukanın 15 yaşlı, Manuel adında oğlu var. O, ev işlərini oğlu ilə birlikdə görür. Luka deyir: «Bəzən Manuelə tapşırıram ki, işə başlasın, lazım gəlsə, mən də kömək edəcəyəm. Əksər hallarda, işin öhdəsindən özü gəlir. Bu onu çox sevindirir, özünə əminlik yaradır. Mən də onu tərifləyirəm. Hətta işi istədiyi kimi yaxşı etməyəndə də yenə də çəkdiyi zəhmətə görə onu tərifləyirəm».

Oğlunuzda özünə əminlik yaratmaq üçün həmçinin ona vacib məqsədlərə çatmağa kömək edin. Bəs əgər o bu məqsədlərə sizin gözlədiyinizdən gec çatırsa, yaxud da məqsədləri pis deyil, amma sizin istəyinizlə üst-üstə düşmürsə, onda necə? Hər bir halda siz öz düşüncənizi dəyişməlisiniz. Bayaq adı çəkilən Jak deyir: «Mən oğluma kömək edirəm ki, qarşısına əlçatan məqsədlər qoysun. Eyni zamanda çalışıram bu onun məqsədləri olsun, mənim yox. Sonra isə özümə xatırladıram ki, o bu məqsədlərə doğru öz sürətilə irəliləməlidir». Oğlunuzun fikrinə hörmətlə yanaşsanız, nailiyyətlərinə görə onu tərifləsəniz, uğursuzluqlara baxmayaraq, irəli getməyə təşviq etsəniz, ona məqsədlərinə çatmağa kömək edəcəksiniz.

Bəzən oğlunuzla münasibətinizdə gərginliklər, çətinliklər olacaq. Bu, qaçılmazdır. Amma əlinizdən gələni etsəniz, oğlunuz həmişə sizinlə yaxın münasibət saxlayacaq. Axı adama arxa-dayaq olan insanı kim sevməz?

[Haşiyə]

^ Bu məqalədə ata-oğul münasibətindən danışılsa da, eyni prinsiplər ata ilə qızın münasibətinə də aiddir.