Kontentə keç

Mündəricatı göstər

Yehova bizim məskənimizdir

Yehova bizim məskənimizdir

«Ey Yehova, nəsildən-nəslə məskənimiz Sənsən» (MƏZ. 90:1, YENİ DÜNYA TƏRCÜMƏSİ).

1, 2. Allahın xidmətçiləri bu dünyada özlərini necə hiss edirlər və onlar hansı məskənə sahibdirlər?

 SƏN özünü bu dünyada evindəki kimi rahat və sərbəst hiss edirsənmi? Əgər belə deyilsə, bil ki, bu hissləri keçirən tək sən deyilsən. Əsrlər boyu Yehovanı cani-dildən sevən xidmətçiləri özlərini bu dünyada yad və qərib kimi hiss edirdilər. Məsələn, çadırlarda yaşayan və Kənan diyarını qarış-qarış dolanan Allahın sadiq bəndələri «o torpaqda qərib və müvəqqəti sakin olduqlarını» bəyan edirdilər (İbr. 11:13).

2 Göylər vətəndaşlığını almış Məsihin məsh olunmuş davamçıları da özlərini bu dünyada «qərib və müvəqqəti sakin» hesab edirlər (Filip. 3:20; 1 Pet. 2:11). Məsihin başqa qoyunları da onun kimi «dünyaya məxsus deyillər» (Yəh. 10:16; 17:16). Bununla belə, Allahın xalqı «evsiz» deyil. Əslində, bizim ən təhlükəsiz və iman gözü ilə görə biləcəyimiz isti bir yuvamız var. Musa yazmışdı: «Ey Yehova, nəsildən-nəslə məskənimiz Sənsən» (Məz. 90:1, Yeni Dünya tərcüməsi). Yehova qədim dövrlərdə Öz sadiq bəndələrinin məskəni necə olmuşdu? Bəs bu gün Allah hansı mənada Onun adını daşıyan xalqın məskənidir? Və O, gələcəkdə yeganə təhlükəsiz məskən necə olacaq?

YEHOVA QƏDİM XİDMƏTÇİLƏRİNİN «MƏSKƏNİ» İDİ

3. Məzmur 90:1 ayəsində mövzu kimdir, obraz və bənzərlik nədir?

3 Müqəddəs Kitabda istifadə olunan bir çox bədii ifadələr kimi, Məzmur 90:1 ayəsində də mövzu, obraz və bənzərlik var. Burada mövzu Yehovadır. Obraz isə məskən, yəni yaşayış yeridir. Yehovanın məskənə bənzədilməsi təəccüblü deyil. Çünki Allah Öz xalqını qoruyur, axı O, məhəbbətin təcəssümüdür (1 Yəh. 4:8). O həmçinin sadiq bəndələrini əmin-amanlıqda yaşadan sülh Allahdır (Məz. 4:8). Gəlin İbrahim peyğəmbərdən başlayaraq Allahın sadiq xidmətçilərinə hansı mənada məskən olduğunu araşdıraq.

4, 5. Yehova İbrahim üçün necə məskən oldu?

4 Əvvəllər adı İbram olan İbrahim peyğəmbərə Yehova buyurmuşdu: «Öz torpağından, qohumlarının arasından... çıx, sənə göstərəcəyim torpağa get». Həmin vaxt İbrahimin hansı hissləri keçirdiyini biz yalnız təxmin edə bilərik. Onda hansısa bir narahatçılıq olsa da, şübhə yoxdur ki, Yehovanın növbəti sözlərindən sonra o toxtaqlıq tapmışdı: «Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam... Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm» (Yar. 12:1—3).

5 Bu sözlərlə Yehova göstərdi ki, İbrahimə və onun nəslinə təhlükəsiz məskən olmağı Öz öhdəsinə götürüb (Yar. 26:1—6). Yehova vədini yerinə yetirdi. Misal üçün, əvvəlcə firon, sonra isə Gerar padşahı Avimelek İbrahimi öldürüb Saranı özlərinə arvad etmək istəyəndə Yehova buna yol vermədi. Yehova bu kimi halla üzləşən İshaqla Rebekanı da qorumuşdu (Yar. 12:14—20; 20:1—14; 26:6—11). Biz oxuyuruq: «[Yehova] heç kimi onlara əzab verməyə qoymadı, onlara görə padşahları tənbeh etdi. Dedi: “Məsh etdiklərimə dəyməyin, peyğəmbərlərimə pislik etməyin”» (Məz. 105:14, 15).

«Səni tərk etməyəcəyəm»

6. İshaq Yaquba nə dedi və onda hansı hisslər yarana bilərdi?

6 Yehova İbrahimin nəvəsi olan Yaqubun da qayğısına qalmışdı. Yaqubun evlənmək vaxtı gələndə atası İshaq ona dedi: «Kənan qızlarından arvad alma. Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al» (Yar. 28:1, 2). Yaqub atasının sözünü yerə salmadı. O, vaxt itirmədən Kənan torpağını, təhlükəsiz yaşadığı doğma ev-eşiyini tərk edib, güman ki, tək-tənha yüzlərlə kilometr uzaqlıqda yerləşən Harana yollandı (Yar. 28:10). Ola bilsin, o narahatçılıq keçirirdi: «Görəsən, mən ata yurduma nə vaxt qayıdacağam? Dayım məni necə qarşılayacaq? Allahdan qorxan bir həyat yoldaşı tapacağammı?» Yaqub bu kimi şeyləri götür-qoy etsə də, Beer-Şevadan 100 kilometr uzaqlıqda yerləşən Luz şəhərinə gəlib çatanda narahatçılıqlarına son qoyuldu. Bəs Luzda nə baş verdi?

7. Yuxuda Yehova Yaquba necə ürək-dirək verdi?

7 Luzda Yehova gecə yuxusunda Yaquba görünərək dedi: «Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm» (Yar. 28:15). Yəqin, bu sözlər Yaqubu xeyli sakitləşdirdi və ürəkləndirdi! Güman ki, bundan sonra Yaqub Allahın vədlərinin yerinə yetəcəyini daha böyük intizarla gözləməyə başladı. Əgər sən evini tərk edib başqa ölkəyə köçmüsənsə və ola bilsin, bunu xidmət məqsədilə etmisən, onda Yaqubun keçirdiyi hisslər sənə də tanışdır. Şübhə yoxdur ki, Yehovanın sənin qayğına necə qaldığını da görmüsən.

8, 9. Hansı mənada Yehova Yaqub üçün məskən oldu və biz bundan nə öyrənə bilərik?

8 Yaqub Harana çatanda dayısı Lavan onu sevinclə qarşıladı. Sonradan ona qızları Lea və Rəhiləni arvad olaraq verdi. Lakin sonra Lavan Yaqubun haqqını on dəfə dəyişdi, əməyini istismar etməyə çalışdı! (Yar. 31:41, 42). Yaqub bütün bu haqsızlıqlara dözdü, çünki əmin idi ki, Yehova onun qeydinə qalacaq və bu, belə də oldu! Xeyli vaxtdan sonra Allah Yaquba Kənana qayıtmağı buyuranda «onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi» var idi (Yar. 30:43). Dərin minnətdarlıq hissindən irəli gələrək Yaqub dua etdi: «Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var» (Yar. 32:10).

9 «Ey Yehova, nəsildən-nəslə məskənimiz Sənsən» (Məz. 90:1). Musanın duada dediyi bu sözlərdə nə qədər həqiqət var! Yehovanın müasir xidmətçiləri olan bizlər də bu gün bu sözləri deyə bilərik. Çünki «kölgə kimi dəyişkən» olmayan Allah sadiq xidmətçiləri üçün isti və təhlükəsiz məskən olaraq qalır (Yaq. 1:17). Gəlin görək necə.

YEHOVA BU GÜN BİZİM MƏSKƏNİMİZDİR

10. Haradan bilirik ki, Yehova bu gün də sadiq xidmətçiləri üçün təhlükəsiz bir məskəndir?

10 Təsəvvür et ki, məhkəmədə beynəlxalq kriminal təşkilata qarşı şahidlik edirsən. Onun başçısı çox fərasətli və iqtidarlıdır; üstəlik, insafsız qatil və fırıldaqçının biridir. Dinləmə bitdikdən sonra məhkəmə zalından çıxanda özünü təhlükəsizlikdə hiss edəcəksənmi? Çətin ki! Hətta, ola bilsin, xahiş edəcəksən ki, sənin mühafizə olunmağın üçün bir tədbir görsünlər. Bu nümunə Yehovanın müasir xidmətçilərinin vəziyyətini çox gözəl təsvir edir: onlar Yehova haqda cəsarətlə şahidlik etməklə Onun baş düşməni olan qəddar Şeytanı qorxmadan ifşa edirlər! (Vəhy 12:17 ayəsini oxu.) Bəs Şeytan Allahın xalqını susdurmağa müvəffəq olubmu? Xeyr! Biz hələ də ruhani cənnətdə yaşayırıq və bunun yalnız bir izahatı var: Yehova həmişə, xüsusilə də bu son günlərdə xidmətçiləri üçün pənah yeri, məskəndir. (Yeşaya 54:14, 17 ayələrini oxu.) Lakin Şeytan məskənimizdən uzaq düşməyimizə nail olarsa, Yehova artıq məskənimiz olmayacaq.

Allahın mələkləri təbliğçilərə dayaq və sipərdir

11. İbrahim, İshaq və Yaqubun nümunəsindən biz nə öyrənirik?

11 İbrahim, İshaq və Yaqubun nümunəsindən başqa ibrət dərsi də götürə bilərik. Bu insanlar Kənan diyarında yaşasalar da, oranın sakinlərinin pis, əxlaqsız hərəkətlərinə nifrət etdiklərindən onlara qaynayıb-qarışmırdılar (Yar. 27:46). Onlar prinsiplərin nə olduğunu çox gözəl başa düşürdülər və uzun-uzadı «olar-olmazlar» siyahısından asılı deyildilər. Yehova və Onun xüsusiyyətləri haqda bildikləri onlar üçün kifayət idi. Onların məskəni Yehova olduğu üçün dünyadan mümkün qədər uzaq durmağa çalışırdılar. Bu peyğəmbərlər bizim üçün necə də gözəl nümunədir! Dost və əyləncə seçimində Allahın bu sadiq xidmətçilərinin nümunəsini izləməyə çalışırsanmı? Əfsuslar olsun ki, bəzi məsihçilərin hərəkətlərindən özlərini Şeytanın dünyasında rahat hiss etdikləri sezilir. Sən də bir balaca da olsun özünü bu dünyada rahat hiss edirsənsə, bu barədə dua et. Yadda saxla: bu dünya Şeytana məxsusdur və burada onun soyuq, eqoist ruhu hökm sürür (2 Kor. 4:4; Efes. 2:1, 2).

12. a) Yehova Öz sadiq bəndələrinin qeydinə necə qalır? b) Bizi möhkəmləndirmək üçün Yehovanın təqdim etdikləri haqda nə fikirləşirsən?

12 Yehovanın Onu özünə məskən seçən xidmətçilərini ruhən möhkəmləndirmək üçün təqdim etdiyi hər şeydən tam şəkildə faydalanmalıyıq ki, Şeytanın fəndlərinin qurbanı olmayaq. Bunlara yığıncaq görüşləri, ailəvi ibadət, həyatda üzləşdiyimiz çətinliklərə sinə gərməkdə və təsəlli tapmaqda bizə kömək edən «insanlar timsalında hədiyyələr», yəni Allahın təyin etdiyi ağsaqqallar aiddir (Efes. 4:8—12). Vaxtilə Rəhbərlik Şurasının üzvi olan Corc Qanqas yazmışdı: «Allahın xalqı arasında olanda özümü evimdəki kimi hiss edirəm, sanki, ruhani cənnətdəyəm». Sən də bu kimi hissləri keçirirsənmi?

13. İbranilərə 11:13 ayəsində bizim üçün hansı vacib dərs var?

13 İbrahim, İshaq və Yaqubun tərifəlayiq digər xüsusiyyəti də o idi ki, onlar ətrafdakı insanlardan fərqlənməkdən qorxmurdular.  Birinci abzasda qeyd olunduğu kimi, onlar «o torpaqda qərib və müvəqqəti sakin olduqlarını bəyan etdilər» (İbr. 11:13). Sən də bu dünyanın insanlarından fərqlənməyə qəti qərarlısanmı? Etiraf etmək lazımdır ki, bunu etmək həmişə asan olmur. Ancaq Allahın və həmimanlılarının köməyi ilə səndə hər şey alınacaq. Unutma: sən tək deyilsən. Yehovaya xidmət etmək istəyənlərin hamısı mübarizə aparır (Efes. 6:12). Əgər Yehovaya güvənsək və Onu özümüzə məskən etsək, bu döyüşdən qalib çıxacağıq.

14. Yehovanın xidmətçiləri hansı «şəhəri» gözləyirdilər?

14 İbrahim kimi gözümüzü mükafatdan çəkməmək də olduqca vacibdir (2 Kor. 4:18). Həvari Pavel yazmışdı ki, İbrahim «memarı və inşaatçısı Allah olan, möhkəm bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi» (İbr. 11:10). Həmin «şəhər» Allahın Padşahlığıdır. İbrahim həmin şəhəri gözləməli idi. Biz isə yox, çünki o artıq göylərdə idarə edir. Üstəlik, getdikcə artan dəlillər göstərir ki, səmavi Padşahlıq tezliklə bütün yeri idarə edəcək. Allahın Padşahlığı sənin üçün realdırmı? Bu, sənin həyata və bu dünyaya olan baxışına, eləcə də prioritetlərinə təsir edirmi? (2 Peter 3:11, 12 ayələrini oxu.)

SON GÜNLƏRDƏ BİZİM MƏSKƏNİMİZ

15. Bu dünyaya güvənənlərin aqibəti necə olacaq?

15 Şeytan dünyasının sonu yaxınlaşdıqca onun «bəlaları» da artacaq (Mat. 24:7, 8). Böyük müsibət vaxtı isə vəziyyət lap pisləşəcək. Bütün infrastruktur çökəcək və insanların canına vəlvələ düşəcək (Hab. 3:16, 17). Əlacsızlıqdan onlar «mağaralarda, dağlarda, qayalıqlarda» özlərinə sığınacaq axtaracaq (Vəhy 6:15—17). Ancaq nə mağaralar, nə də ki dağabənzər siyasi və özəl təşkilatlar insanları zərrə qədər də müdafiə edə bilməyəcək.

16. Yığıncaqlara qarşı münasibətimiz necə olmalıdır və nə üçün?

16 Buna baxmayaraq, Yehova Allah böyük müsibət zamanı da Öz xalqı üçün təhlükəsiz məskən olacaq. Habaqquq peyğəmbər kimi, onlar da Rəbdə sevinc tapacaqlar və xilaslarının Allahı ilə şadlıqdan coşacaqlar (Hab. 3:18). Həmin keşməkeşli vaxtlarda Yehova xalqına necə məskən olacaq? Bizə yalnız səbirlə gözləmək qalır. Lakin bir şeyə əmin ola bilərik: Misir əsarətindən çıxan israillilər kimi, böyük izdiham da mütəşəkkilliyini qoruyub saxlayacaq və Onun bütün göstərişlərinə qarşı diqqətli olacaq (Vəhy 7:9; Çıxış 13:18 ayəsini oxu). Həmin göstərişlər teokratik üsulla, ola bilsin ki, yığıncaq vasitəsilə veriləcək. Yeşaya 26:20 ayəsində Allahın xalqının sığındığı «içəri [otaqlar]» xatırlanır. Bu, bütün dünyada mövcud olan minlərlə yığıncaqlara aid ola bilər. (Ayəni oxu.) Sən yığıncaq görüşlərini dəyərləndirirsənmi? Yığıncaq vasitəsilə Yehovanın verdiyi göstərişlərə dərhalmı riayət edirsən? (İbr. 13:17).

17. Hansı mənada Yehova hətta ölən sadiq xidmətçiləri üçün «məskəndir»?

17 Hətta böyük müsibətdən öncə ölən Yehovanın sadiq xidmətçiləri belə etibarlı yerdədirlər. Hansı mənada? İbrahim, İshaq və Yaqubun ölümündən xeyli vaxt sonra Yehova Musaya demişdi: «Mən... İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam» (Çıx. 3:6). İsa Məsih bu sözləri sitat gətirib əlavə etmişdi: «O, ölülərin yox, dirilərin Allahıdır, çünki Onun üçün onların hamısı sağdır» (Luka 20:38). Sonadək Yehovaya sadiq qalan xidmətçilər Yehova üçün, sanki, sağdırlar, çünki Yehova onları hökmən dirildəcək (Vaiz 7:1).

18. Yehova yeni dünyada xalqına hansı mənada «məskən» olacaq?

18 Qarşıdan gələn yeni dünyada Yehova xalqı üçün başqa mənada «məskən» olacaq. Vəhy 21:3 ayəsində deyilir: «Allahın çadırı insanlarladır və O, insanlarla yaşayacaq». Yehova yer üzünü idarə etmək üçün ilk min il ərzində İsa Məsihdən istifadə edəcək. Minilliyin sonunda isə Allahın yerlə bağlı niyyətini tam həyata keçirdikdən sonra İsa Padşahlığı Atasına təhvil verəcək (1 Kor. 15:28). Bəşəriyyət kamilliyə qovuşduqdan sonra artıq İsanın vasitəçiliyinə ehtiyac qalmayacaq. Yehova Özü xalqı ilə olacaq. Qarşıda bizi necə də möhtəşəm gələcək gözləyir! Bu ərəfədə isə gəlin Yehovanı özümüzə «məskən» etməklə Onun qədimdə yaşamış xidmətçilərini təqlid etməyə çalışaq.