Kontentə keç

Mündəricatı göstər

Allahın Kəlamından istifadə edərək özünə və başqalarına kömək et

Allahın Kəlamından istifadə edərək özünə və başqalarına kömək et

«Bütün qayda-qanunlarına görə mən düz yolla gedirəm» (MƏZ. 119:128).

1. Nə üçün biz Allahın Kəlamına tam etibar etməliyik?

AĞSAQQALLAR Müqəddəs Kitabı öyrənən insanın təbliğçi olmağa yararlı olub-olmadığını götür-qoy edərkən özlərinə belə bir sual verirlər: «Onun danışığından Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna inandığı görünürmü?» * Padşahlığın təbliğçisi olmaq istəyən hər bir kəs, eləcə də Allahın bütün xidmətçiləri sözdə və əməldə Allahın Kəlamına etibar etdiklərini göstərməlidir. Nəyə görə? Çünki Müqəddəs Yazılara güvənməklə və xidmətdə ondan məharətlə istifadə etməklə başqalarına Yehovanı tanımağa və xilasa nail olmağa kömək edəcəyik.

2. Nəyə görə biz öyrəndiyimiz şeylərə sadiq qalmalıyıq?

2 Həvari Pavel Timoteyə: «Öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə sadiq qal», — sözlərini yazmaqla Allahın Kəlamının vacibliyini vurğulamışdı. Pavelin xatırlatdığı «şeylərə» Timoteyi xoş xəbərə iman gətirməyə təşviq edən Müqəddəs Kitab həqiqətləri daxildir. Eynilə, bu həqiqətlər bizim də imanımızı möhkəmləndirməyə və xilasa yetişmək üçün hikmətli olmağımıza kömək edir (2 Tim. 3:14, 15). Biz Pavelin 2 Timoteyə 3:16 ayəsindəki sözləri tez-tez xidmətdə Müqəddəs Kitabın Allahdan ilham aldığını göstərmək üçün istifadə edirik, ancaq bu ayədən özümüz üçün də çox şey öyrənə bilərik. (Ayəni oxu.) Gəlin bu ayəni təfərrüatı ilə araşdıraq. Belə etməklə Yehovanın bütün təlimlərinin düz olduğuna əminliyimiz artacaq (Məz. 119:128).

«TƏLİM... ÜÇÜN FAYDALIDIR»

3-5. a) Əllinci gün bayramında izdiham Peterin nitqinə necə hay verdi və nə üçün? b) Saloniki şəhərindən olan bir çoxları nəyə görə həqiqəti qəbul etdilər? c) Bu gün bizim xidmətimiz çoxlarına necə təsir bağışlaya bilər?

3 İsa israillilərə demişdi: «Yanınıza peyğəmbərləri, arifləri və müəllimləri göndərirəm» (Mat. 23:34). Burada İsa xidmətdə Müqəddəs Kitabdan istifadə etməyi öyrətdiyi şagirdlərini nəzərdə tuturdu. Bu müəllimlərdən biri olan həvari Peter eramızın 33-cü ilinin Əllinci gün bayramında İbranicə Müqəddəs Yazılardan bəzi sitatlar gətirərək Yerusəlimdə böyük izdiham qarşısında nitqlə çıxış etdi. Bu sözləri eşidənlərin əksəriyyətinin «ürəyini sanki xəncər yardı». Onlar keçmiş günahlarından tövbə etdilər. Üç minə yaxın adam Allahdan əfv diləyib məsihçi oldu (Həv. iş. 2:37—41).

4 Digər müəllim olan həvari Pavel isə xoş xəbəri Yerusəlimdən kənarda təbliğ edirdi. Misal üçün, o, Makedoniyanın Saloniki şəhərində sinaqoqda ibadət edənlərə təbliğ edirdi. Pavel «üç şənbə dalbadal ora gələnlərlə Müqəddəs Yazılara əsaslanaraq söhbət apardı. O, Müqəddəs Yazılardan sübutlar gətirərək Məsihin əziyyət çəkməsinin, ölüb dirilməsinin lazım olduğunu onlara izah edirdi». «Nəticədə onlardan [yəhudilərdən] bir neçəsi», eləcə də «mömin yunanlardan xeyli adam imana [gəldi]» (Həv. iş. 17:1—4).

5 Bu gün Allahın xidmətçilərinin Müqəddəs Kitabdan istifadə etməsi çoxlarına müsbət təsir bağışlayır. İsveçrədə iki bacı xidmətdə Müqəddəs Kitabdan ayə oxuyarkən bir nəfər kişi soruşdu: «Siz kimsiniz?» «Əməkdaşımla mən Yehovanın Şahidiyik», — deyə bacılardan biri cavab verdi. Həmin kişi dedi: «Təxmin eləməliydim. Axı Yehovanın Şahidlərindən başqa qapı-qapı gəzib Müqəddəs Kitabı oxuyan kim ola bilər?»

6, 7. a) Yığıncaqda təlim verənlər Müqəddəs Kitabdan necə düzgün istifadə edə bilərlər? b) Kiminləsə Müqəddəs Kitabı öyrənərkən Allahın Kəlamından səmərəli şəkildə istifadə etmək nəyə görə vacibdir?

6 Təlim verərkən Müqəddəs Kitabdan daha çox necə istifadə edə bilərik? Əgər sən yığıncaqda səhnədən təlim verirsənsə, konkret Müqəddəs Kitab ayələrindən istifadə et. Əsas ayələri öz sözünlə demək, kompüterdə çap edilmiş vərəqdən və ya hər hansı elektron cihazdan oxumaq əvəzinə, Müqəddəs Kitabı açıb ayəni birbaşa oradan oxu və dinləyiciləri də buna təşviq et. Həmçinin ayənin məğzini və onun Yehova ilə münasibətlərini möhkəmləndirməkdə dinləyicilərə necə kömək edə biləcəyini izah et. Qəliz nümunələr çəkmək və gülməli hadisələr danışmaq əvəzinə, Allahın Kəlamını müzakirə et.

7 Kiməsə Müqəddəs Kitabı öyrədərkən nələri yadda saxlamalıyıq? Nəşrlərimiz vasitəsilə dərs keçən zaman diqqətli olmalıyıq ki, Müqəddəs Kitab ayələrinin üstündən keçib getməyək. Öyrənən adamı gətirilən ayəni oxumağa təşviq etməli və onun mənasını başa düşməyə kömək etməliyik. Necə? Ayəyə uzun-uzadı izahatlar verməməli, öyrənəni öz fikirlərini deməyə təşviq etməliyik. Nəyə inanmasını və ya nə etməsini demək əvəzinə, özünün düzgün nəticə çıxarması üçün ona suallar verə bilərik *.

«TƏNBEH... ÜÇÜN FAYDALIDIR»

8. Pavel daxilində nə ilə mübarizə aparmalı olurdu?

8 Çox vaxt biz «tənbeh» işinin ağsaqqalların məsuliyyəti olduğunu düşünürük. Düzdür, nəzarətçilər «günah işləyənləri... tənbeh et»mək məsuliyyəti daşıyırlar (1 Tim. 5:20; Tit. 1:13). Ancaq özümüzü tənbeh etməyimiz də olduqca vacibdir. Pavel təmiz vicdana sahib olan nümunəvi məsihçi idi (2 Tim. 1:3). Bununla belə, o yazmışdı: «Ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni üzvlərimdə yaşayan günah qanununun əsiri edir». Bu sözlərin kontekstinə nəzər salsaq, Pavelin günahlı meyillərini nəzarət altında saxlamaq üçün apardığı mübarizəni daha yaxşı anlayacağıq. (Romalılara 7:21—25 ayələrini oxu.)

9, 10. a) Pavel hansı zəifliklərlə mübarizə aparırdı? b) Pavel zəiflikləri ilə necə mübarizə aparırdı?

9 Pavel hansı zəifliklərinin öhdəsindən gəlməyə çalışdığını deməsə də, Timoteyə özünün «çox həyasız adam» olduğunu yazmışdı (1 Tim. 1:13). Məsihin davamçısı olmazdan əvvəl Pavel məsihçilərə qarşı çox qəzəbli idi. Məsihin davamçılarına qarşı keçirdiyi hissləri etiraf edərək o yazmışdı: «Onlara olmazın zülm göstərirdim» (Həv. iş. 26:11). Pavel qəzəbini cilovlamağı öyrəndi, bununla belə vaxtaşırı olaraq hisslərini və sözlərini nəzarət altında saxlamaq üçün mübarizə aparmalı olurdu (Həv. iş. 15:36—39). Bunun öhdəsindən gəlməyə ona nə kömək edirdi?

10 Korinfdə yaşayan məsihçilərə məktub yazarkən Pavel özünü tənbeh etmək üçün hansı üsullardan istifadə etdiyini təsvir etmişdi. (1 Korinflilərə 9:26, 27 ayələrini oxu.) O, zəiflikləri ilə mübarizə aparmaq üçün qəti addımlar atırdı. Çox ehtimal ki, o, Müqəddəs Kitabdan məsləhətlər axtarıb tapır, onları tətbiq etmək üçün Yehovadan kömək diləyir və itaətkarlıq göstərmək üçün əlindən gələni edirdi *. Qeyri-kamilliyimizə qarşı mübarizə apardığımız üçün biz də onun nümunəsindən faydalana bilərik.

11. Həqiqət yolunda olub-olmadığımızı necə yoxlaya bilərik?

11 Biz heç vaxt ibadətimizdə arxayınçılığa yol verməməliyik. Əksinə, həqiqət yolunda olub-olmadığımızı daima yoxlamalıyıq (2 Kor. 13:5). Koloslulara 3:5—10 ayələrini və buna bənzər ayələri oxuyarkən özümüzdən soruşmalıyıq: «Mən günahlı meyillərimlə var gücümlə mübarizə aparıram, yoxsa əxlaqi cəhətdən zəifləmişəm? İnternetdən istifadə edərkən qarşıma əxlaqsız sayt çıxanda onu dərhal bağlayıram, yoxsa bu cür saytların axtarışına davam edirəm?» Allahın Kəlamından olan bu məsləhətləri şəxsən tətbiq etməyimiz oyaq qalıb ayıq olmağımıza kömək edəcək (1 Salon. 5:6—8).

«İSLAH... ÜÇÜN FAYDALIDIR»

12, 13. a) Kimisə «islah» edərkən məqsədimiz nə olmalıdır və bu məsələdə İsanın nümunəsini necə təqlid edə bilərik? b) Başqalarını «islah» edərkən hansı danışıq tərzi yolverilməzdir?

12 «İslah» kimi tərcümə olunan yunan sözünün mənası «düzəltmək, yenidən münasib, lazımi vəziyyətə qaytarmaq» deməkdir. Bəzən bizi və hərəkətlərimizi yanlış başa düşən insanları islah etməli, yəni onların fikirlərinə düzəliş etməli oluruq. Məsələn, İsa «vergiyığanlar və günahlılarla» oturub-durduğu üçün yəhudi din rəhbərləri narazılıqlarını bildirmişdilər. İsa isə onlara belə cavab vermişdi: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır. Gedin: “Mən qurban yox, mərhəmət istəyirəm”, — sözlərinin mənasını öyrənin» (Mat. 9:11—13). O, səbirlə və xeyirxahlıqla Allahın sözlərini hamıya izah edirdi. O, insanlara Yehovanın rəhmli, lütfkar, hədsiz səbirli, bol məhəbbətli və sədaqətli Allah olduğunu öyrədirdi (Çıx. 34:6). Allahın Oğlunun islah etməyə çalışması sayəsində çoxları xoş xəbərə iman gətirdi.

13 İsanın nümunəsi bizə başqalarına necə kömək edə biləcəyimizi öyrədir. 2 Timoteyə 3:16 ayəsindəki sözlər hər hansı məsələyə aydınlıq gətirərkən bizim başqaları ilə kobud tərzdə danışmağımızı nəzərdə tutmur. Müqəddəs Yazılar bizə başqalarının hisslərini nəzərə almadan danışmaq ixtiyarı vermir. Çox vaxt sərt tənqid, qılınc yarası kimi, insana ağrı verir və heç bir fayda gətirmir (Sül. məs. 12:18).

14-16. a) Başqalarına problemlərini həll etməyə kömək etmək üçün ağsaqqallar necə «islah» edə bilərlər? b) Uşaqları tərbiyə edərkən Müqəddəs Yazılara əsasən «islah» etmək nə üçün vacibdir?

14 Bəs onda biz başqalarını islah edərkən səbir və xeyirxahlığı necə təzahür etdirə bilərik? Tutalım, bir ər-arvad aralarındakı mübahisəyə son qoymaq üçün ağsaqqaldan kömək istəyirlər. Belə vəziyyətdə ağsaqqal nə edə bilər? O, tərəfkeşlik etmədən, ehtimal ki, «Ailə xoşbəxtliyinin sirri» kitabının 3-cü fəslindən istifadə edərək cütlüyə Müqəddəs Kitab prinsipləri üzərində düşünməyə kömək edə bilər. Ağsaqqal həmin prinsipləri müzakirə edən zaman həm ər, həm də arvad hansı məsləhəti daha çox özünə tətbiq etməli olduğuna qərar verə bilər. Bir müddətdən sonra ağsaqqal ailədəki vəziyyətlə maraqlanmalı və lazım gələrsə, yenə kömək əlini uzatmalıdır.

 15 Uşaqlarını ruhən möhkəmləndirmək üçün valideynlər onları necə «islah» edə bilərlər? Tutalım, siz yeniyetmə qızınızı təhlükəli dostluqdan çəkindirmək istəyirsiniz. Bunun üçün, ilk növbədə, vəziyyətdən halı olmalısınız. Sonra əgər narahatçılığa bir səbəb varsa, «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 2-ci cildi (rus.) əsasında onunla söhbət edin. Növbəti günlərdə isə onunla birgə daha çox vaxt keçirin. Xidmətdə olanda və ya ailəlikcə istirahət edəndə onun əhval-ruhiyyəsinin necə olduğunu müşahidə edin. Əgər səbir və xeyirxahlıq göstərsəniz, qızınız onu sevdiyinizi və qayğısına qaldığınızı duyacaq. Bu, onu məsləhətinizə qulaq asmağa və həyatındakı təhlükələrdən qaçmağa təşviq edəcək.

Valideynlər uşaqlarına xeyirxahlıq göstərməklə və «salehlik»lə tərbiyə etmək üçün Müqəddəs Kitabdan istifadə etməklə onlara problemlərdən qaçınmağa kömək edirlər ( 15-ci abzasa bax)

16 Bu cür səbir və xeyirxahlıq göstərməklə biz sağlamlığına görə narahat olan, işini itirdiyi üçün məyusluğa qapılan və Müqəddəs Kitabın müəyyən təlimlərini qəbul etməkdə çətinlik çəkən insanları ruhlandıra bilərik. Yehovanın Kəlamından «islah» etmək üçün istifadə etmək Onun xalqına böyük fayda gətirir.

«SALEHLİK YOLUNDA TƏRBİYƏ ÜÇÜN FAYDALIDIR»

17. Nə üçün tərbiyəni minnətdarlıqla qəbul etməliyik?

17 «Cəza o anda insana sevinc yox, qəm gətirir. Amma sonradan ondan ibrət götürənlərdə sülhün bəhrəsi olan salehlik yetişdirir» (İbr. 12:11). Yetkin yaşda olan məsihçilərin əksəriyyəti məsihçi valideynlərindən aldıqları tərbiyənin onlara çox köməyi dəydiyini etiraf edirlər. Yehovanın məsihçi ağsaqqallar vasitəsilə verdiyi tərbiyəni qəbul etməklə həyat yolunda qalacağıq (Sül. məs. 4:13).

18, 19. a) Süleymanın məsəlləri 18:13 ayəsinə əsasən «salehlik»lə tərbiyə etmək nə üçün vacibdir? b) Günah işlətmiş insanla söhbət edərkən ağsaqqalın həlimlik və məhəbbət təzahür etdirməsi çox vaxt hansı faydanı gətirir?

18 Yaxşı tərbiyə vermək əsil məharət tələb edir. Yehova məsihçilərə «salehlik»lə tərbiyə etməyi tapşırıb (2 Tim. 3:16). Buna görə də tərbiyə verərkən biz Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutmalıyıq. Belə prinsiplərdən biri Süleymanın məsəlləri 18:13 ayəsində yazılıb: «Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır». Beləliklə, ağsaqqallar ciddi günahda təqsirləndirilən insanla söhbət etməzdən öncə, məsələni hərtərəfli araşdırmalıdırlar (Qanun. t. 13:14). Yalnız bundan sonra onlar «salehlik»lə tərbiyə verə bilərlər.

19 Bundan əlavə, Allahın Kəlamı məsihçi ağsaqqallara başqalarına həlimliklə tərbiyə verməyi tapşırır. (2 Timoteyə 2:24—26 ayələrini oxu.) Düzdür, günah işlədən insan Yehovanın adını rüsvay edə və başqalarını yaralaya bilər. Bununla belə, həmin insana məsləhət verərkən ağsaqqal qəzəblənib özündən çıxarsa, bunun ona heç bir xeyri olmaz. Ancaq ağsaqqal «Allahın xeyirxahlığı»nı təqlid etməklə həmin insanın tövbə etməsinə kömək edəcək (Rom. 2:4).

20. Uşaqları tərbiyə edərkən valideynlər hansı prinsipləri tətbiq etməlidirlər?

20 Uşaqları «Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihətlə» böyütmək üçün valideynlər Müqəddəs Kitab prinsiplərindən istifadə etməlidirlər (Efes. 6:4). Məsələn, ata heç vaxt kiminsə sözü ilə oğlunu cəzalandırmamalıdır. Üstəlik, məsihçi ailəsində qəzəb və zorakılığa yol verilməməlidir. «Yehova çox nəvazişli və mərhəmətlidir», gəncləri tərbiyə etmək məsuliyyəti daşıyanlar da bu cür məhəbbət təzahür etdirməyə çalışmalıdırlar (Yaq. 5:11).

YEHOVANIN QİYMƏTLİ HƏDİYYƏSİ

21, 22. Məzmur 119:97—104 ayələrindəki hansı ifadə sənin Yehovanın Kəlamına olan hisslərini təsvir edir?

21 Allahın xidmətçisi olan bir nəfər Yehovanın qanunlarını nə üçün sevdiyi barədə danışır. (Məzmur 119:97—104 ayələrini oxu.) Həmin qanunları araşdırmaqla o, müdrikliyə, dərrakə və anlayışa yiyələnmişdi. Oradakı məsləhətlərə riayət etmək onu bir çoxlarına ürəkağrısı gətirən yanlış yoldan çəkindirmişdi. Müqəddəs Yazıları araşdırmaq, sözün əsil mənasında, ona zövq verir və oradakı məsləhətlərə riayət etmək ona fayda gətirirdi. Buna görə də o, ömrünün sonuna qədər Allahın qanunlarına riayət etməyə qətiyyətli idi.

22 Sən «Müqəddəs Yazılardakı hər kəlmə»ni qiymətləndirirsənmi? Belə etməklə Allahın niyyətlərini yerinə yetirəcəyinə imanın artacaq. Allahdan ilham almış bu məsləhətlər səni ölümə aparan günahdan qoruyacaq. Müqəddəs Yazıların vasitəsilə başqalarına iman yoluna qədəm qoymağa və orada addımlamağa kömək edə bilərsən. Gəlin müdrik və məhəbbətli Yehova Allahımıza xidmət etdiyimiz müddətdə «Müqəddəs Yazılardakı hər kəlmə»dən tam faydalanaq.

^ abz. 1 «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 79-cu səhifəsinə (rus.) bax.

^ abz. 7 İsa təlim verərkən tez-tez «necə bilirsiniz?», «buna nə deyərsiniz?», «nə düşünürsünüz?» kimi suallardan istifadə edirdi (Mat. 18:12; 21:28; 22:42).

^ abz. 10 Pavelin məktublarında günahlı meyillərimizlə mübarizə aparmaq üçün çoxlu ruhlandırıcı fikirlər var (Rom. 6:12; Qalat. 5:16—18). Ağlabatandır ki, Pavel başqalarına verdiyi məsləhətlərə özü də riayət edirdi (Rom. 2:21).