Kontentə keç

Mündəricatı göstər

Müdrik seçimlər etməklə mirasınızı qoruyun

Müdrik seçimlər etməklə mirasınızı qoruyun

«Pislikdən ikrah edin, yaxşılıqdan bərk yapışın» (ROM. 12:9).

1, 2. a) Nəyin sayəsində Yehovaya xidmət etmək qərarına gəlmisiniz? b) Ruhani mirasımızla bağlı hansı sualları müzakirə edəcəyik?

MİLYONLARLA insanlar Yehova Allaha xidmət etməklə və İsa Məsihin izləri ilə getməklə müdrik seçim etmişlər (Mat. 16:24; 1 Pet. 2:21). Özümüzü Allaha həsr etməyimiz ciddi qərardır. Biz bu qərarı Müqəddəs Kitabdan səthi biliklər əldə etdikdən sonra yox, dərin araşdırmalar apardıqdan sonra vermişik. Bunun sayəsində Yehovanın vəd etdiyi miras barədə imanımızı möhkəmləndirən çoxlu təfsilatlar öyrənmişik. Yehova bu mirası Özü və göndərdiyi İsa Məsih haqqında daima bilik əldə edən insanlara bəxş edəcək (Yəh. 17:3; Rom. 12:2).

2 Məsihçi kimi qazandığımız adı qorumaq üçün biz səmavi Atamızı razı salan seçimlər etməliyik. Bu məqalədə növbəti vacib sualları nəzərdən keçirəcəyik: mirasımız nədir? Biz ona necə yanaşmalıyıq? Bu mirası alacağımıza necə əmin ola bilərik? Müdrik seçim etməyə bizə nə kömək edəcək?

MİRASIMIZ NƏDİR?

3. a) Məsh olunmuşlar və b) başqa qoyunlar hansı mirası alacaqlar?

3 Məsihçilərin kiçik bir qismi «əbədi, ləkəsiz və solmaz miras»ı — Məsihlə birgə göydə idarə etmək şərəfini almağa ümid edir (1 Pet. 1:3, 4). Bu mirası almaq üçün yenidən doğulmaq tələb olunur (Yəh. 3:1—3). Bəs Padşahlıq haqda xoş xəbərin təbliğində məsh olunmuş məsihçilərlə əməkdaşlıq edən İsanın milyonlarla başqa qoyunları hansı mirası alacaqlar? (Yəh. 10:16). Başqa qoyunlar günahlı Adəmlə Həvvanın heç vaxt əldə etmədikləri bir mirası — əzab-əziyyətin, ölümün və kədərin olmayacağı yerüzü cənnətdə  əbədi həyatı əldə edəcəklər (Vəhy 21:1—4). Elə bu səbəbdən İsa yanında ölən cinayətkara: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» — sözlərini deyə bildi (Luka 23:43).

4. Artıq indidən hansı xeyir-dualara malikik?

4 Artıq indidən mirasımız bizə müəyyən faydalar gətirir. «Məsih İsanın ödədiyi fidyə»yə iman gətirməyin sayəsində qəlb rahatlığı və Allahla yaxın münasibətlər əldə etmişik (Rom. 3:23—25). Gələcəklə bağlı Allahın Kəlamında verilən qiymətli vədləri aydın şəkildə başa düşürük. Bundan əlavə, sevgi dolu beynəlxalq qardaşlığın bir hissəsi olmaq bizə böyük sevinc bəxş edir. Üstəlik, Yehovanın adını daşımaq bizim üçün əsil xeyir-duadır. Buna görə də mirasımızı qiymətləndirmək üçün əsaslı səbəblərimiz var!

5. Şeytan Allahın xalqına necə təsir göstərməyə çalışır və onun hiylələrinə qarşı durmağa bizə nə kömək edə bilər?

5 Ancaq möhtəşəm mirasımızdan ikiəlli yapışmaq üçün biz Şeytanın hiylələrinə qarşı sayıqlığımızı qorumalıyıq. Şeytan daim Allahın xalqına təsir göstərməyə çalışır ki, onlar yanlış seçimlər edərək dəyərli miraslarını itirsinlər (Say. 25:1—3, 9). Vaxtının az olduğunu bilən Şeytan günü-gündən təzyiqlərini artırır. (Vəhy 12:12, 17 ayələrini oxu.) Əgər onun «hiylələrinə sinə gərmək» istəyiriksə, mirasımızı həmişə qiymətləndirməliyik (Efes. 6:11). Bununla əlaqədar, İshaqın oğlu Esavdan özümüzə vacib ibrət dərsi götürə bilərik.

ESAV KİMİ OLMAYIN

6, 7. Esav kimi idi və onu hansı miras gözləyirdi?

6 Təxminən 4000 il bundan əvvəl İshaqla Rebekanın (Rivqa) Esav və Yaqub adında oğulları dünyaya gəldi. Əkizlər boya-başa çatdıqca onların xasiyyətləri və məşğuliyyətləri arasındakı fərq aydın görünürdü. «Esav mahir ovçu və çöl adamı», «Yaqub isə çadırlarda yaşayan mülayim bir adam» idi (Yar. 25:27). «Mülayim» kimi tərcümə olunan ibrani sözü orijinal mətndə «qüsursuz» kimi də tərcümə olunur. Müqəddəs Kitab tərcüməçisi Robert Alter qeyd edir ki, bu söz eyni zamanda «nöqsansızlığı, hətta məsumluğu» bildirir.

7 Esavla Yaqubun 15 yaşı olanda babaları İbrahim vəfat etdi, ancaq Yehova İbrahimlə bağladığı əhdini unutmamışdı. Sonra Yehova bu vədi İshaqa da təkrar etdi və yer üzünün bütün millətlərini İbrahim peyğəmbərin nəsli vasitəsilə xeyir-dualandıracağını vurğuladı. (Yaradılış 26:3—5 ayələrini oxu.) Bu vəddən görünürdü ki, Məsih — Yaradılış 3:15 ayəsindəki sadiq «övlad» — İbrahim peyğəmbərin nəslindən gəlməli idi. Esav İshaqın ilk oğlu olduğu üçün Allahın İbrahimə verdiyi vədi almaq hüququ ona məxsus idi. Esavı necə də gözəl miras gözləyirdi! Bəs o, bunu qiymətləndirdimi?

Ruhani mirasınızı təhlükəyə atmayın

8, 9. a) Esav hansı seçimi etdi? b) İllər sonra Esav seçimi ilə bağlı nəyi dərk etdi və necə reaksiya göstərdi?

8 Bir gün Esav çöldən qayıdanda qardaşı Yaqubun şorba bişirdiyini gördü və ona dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Qardaşı isə cavabında dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat». Bəs Esav nəyi seçdi? Təəccüblü olsa da, o: «İlk oğulluq haqqı nəyimə lazımdır?» — deyə cavab verdi. Bəli, Esav ilk oğulluq haqqını bir qab şorbaya dəyişdi! Yaqub qardaşının qərarının qəti olduğuna əmin olmaq üçün ona and içdirdi. Esav isə tərəddüd etmədən ilk oğulluq haqqını ona satdı. Sonra «Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi» (Yar. 25:29—34).

 9 İllər sonra ataları İshaq ölüm ayağında olanda Esavın itirdiyi ilk oğulluq haqqını Yaqubun alması üçün anaları Rebeka əlindən gələni etdi. Esav sonradan ağılsız seçim etdiyini başa düşəndə atasına yalvarmağa başladı: «Ay ata, mənə də xeyir-dua ver... Bəs mənə xeyir-dua saxlamamısan?» İshaq Yaquba verdiyi xeyir-duanı artıq dəyişdirə bilməyəcəyini deyəndə «Esav hönkürüb ağladı» (Yar. 27:30—38).

10. Yehova Esava və Yaquba necə yanaşırdı və nəyə görə?

10 Müqəddəs Yazılardan Esavın əhval-ruhiyyəsi barədə nə öyrənirik? Əslində, Esav öz hərəkəti ilə göstərdi ki, onun üçün cismani arzularını təmin etmək mirasının gələcəkdə gətirəcəyi xeyir-dualardan daha vacibdir. O, ilk oğulluq haqqını qiymətləndirmir və sidqi-ürəkdən Allaha məhəbbət bəsləmirdi. Üstəlik, Esav hərəkətinin gələcək nəslinə necə təsir edəcəyi barədə də düşünmürdü. Yaqub isə, əksinə olaraq, öz mirasını çox qiymətləndirirdi. Misal üçün, o, özünə həyat yoldaşı seçərkən valideynlərinin məsləhətinə qulaq asdı (Yar. 27:46—28:3). O, səbir və fədakarlıq göstərərək Məsihin ulu babası oldu. Bəs Allah Esavla Yaquba necə yanaşırdı? Yehova onlara olan münasibətini Malaki peyğəmbər vasitəsilə bildirmişdi: «Mən Yaqubu sevdim, Esava isə nifrət etdim» (Mal. 1:2, 3).

11. a) Nəyə görə Esavın nümunəsinin bugünkü məsihçilərə də aidiyyəti var? b) Nəyə görə Pavel Esavın hərəkətini əxlaqsızlıqla əlaqələndirir?

11 Maraqlıdır, görəsən Müqəddəs Kitabda Esav barədə deyilənlərin bugünkü məsihçilərə hansısa aidiyyəti varmı? Həvari Pavel həmimanlılarını ehtiyatlı olmağa səsləyərək demişdi: «Qoymayın içinizdə əxlaqsız, yaxud Esav kimi, müqəddəs şeyləri qiymətləndirməyən adam olsun. O, bir qarın yeməkdən ötrü ilk oğulluq haqqından keçdi» (İbr. 12:16). Bu xəbərdarlıq məsihçilərə də aiddir. Biz müqəddəs şeyləri həmişə qiymətləndirməliyik ki, cismani istəklərimiz bizə üstün gəlməsin və ruhani mirasımızı itirməyək. Bəs nəyə görə Pavel Esavın bu hərəkətini əxlaqsızlıqla əlaqələndirir? Çünki əgər insan ürəyində Esavınkına bənzər cismani arzuların baş qaldırmasına yol verərsə, çox ehtimal ki, müqəddəs şeyləri cinsi əxlaqsızlıq kimi düzgün olmayan isətəklərə qurban verəcək.

ÜRƏYİNİZİ HAZIRLAYIN

12. a) Şeytan bizi necə yoldan çıxarmağa çalışır? b) Seçim etməyə çətinlik çəkəndə hansı Müqəddəs Kitab nümunələri bizə kömək edə bilər?

12 Yehovanın xidmətçiləri olan bizlər  cinsi əxlaqsızlığa gətirib çıxara biləcək şirnikdirici vəziyyətlərdən uzaq durmaq üçün əlimizdən gələni edirik. Yehova Allaha dua edirik ki, kimsə bizi itaətsizlik yoluna təhrik edəndə təslim olmamaq üçün bizə kömək etsin (Mat. 6:13). Bu natəmiz dünyada nöqsansızlığımızı qorumaq üçün əlimizdən gələni etməyimizə baxmayaraq, Şeytan daima ruhaniliyimizi əlimizdən almağa çalışır (Efes. 6:12). Bu pis sistemin allahı olan İblis qeyri-kamil insanları azdırmaq üçün onların cismani arzularından öz məqsədləri üçün necə istifadə etməyi çox yaxşı bilir (1 Kor. 10:8, 13). Məsələn, tutaq ki, öz istəklərini əxlaqsız yolla təmin etmək imkanın yaranıb. Belə bir vəziyyətdə necə seçim edəcəksən? Sən də Esav kimi, davranaraq dərhal istəyinə çatmağa çalışacaqsan? Yoxsa təsirlərə müqavimət göstərəcək və Potifarın arvadının yoldan çıxarmağa çalışdığı Yaqubun oğlu Yusif kimi oradan uzaqlaşacaqsan? (Yaradılış 39:10—12 ayələrini oxu.)

13. a) Bu gün bir çoxları Yusif kimi, bəziləri isə Esav kimi necə davranır? b) Esav kimi davrananların nümunəsi bizi hansı vacib addımı atmağa təşviq edir?

13 Bir çox bacı-qardaşlarımız elə vəziyyətlərlə üzləşirlər ki, onlar Esav, yaxud Yusif kimi davranmaq arasında seçim etməli olurlar. Onlardan çoxu müdrik seçim edərək Yehovanın ürəyini sevindirmişlər (Sül. məs. 27:11). Ancaq həmimanlılarımızdan bəziləri sınaqlarla üzləşərkən, Esav kimi, davranaraq ruhani miraslarını təhlükə altına atmışlar. Əslində, hər il intizam tədbirləri nəticəsində yığıncaqdan kənar edilənlərin əksəriyyəti cinsi əxlaqsızlığa yol verənlərdir. Nöqsansızlığımızı sınağa çəkən vəziyyətlərlə üzləşməmişdən qabaq ürəyimizi hazırlamaq necə də vacibdir! (Məz. 78:8). Gəlin sınaqlar qarşısında bizi müdafiə edəcək və müdrik qərarlar verməyə kömək edəcək iki addımı nəzərdən keçirək.

FİKİRLƏŞİN VƏ ÖZÜNÜZÜ HAZIRLAYIN

Yehovanın müdrikliyini axtarmaqla özümüzü sınaqlara hazırlaya bilərik

14. Hansı suallar üzərində fikirləşmək bizə pislikdən ikrah edib, yaxşılıqdan yapışmağa kömək edəcək?

14 Atmalı olduğumuz ilk addım hərəkətlərimizin nəticələri üzərində fikirləşməkdir. Yehovanı nə qədər çox sevsək, bir o qədər də ruhani mirasımıza görə minnətdar olacağıq. Adətən, biz sevdiyimiz insanı incitmək istəmirik. Əksinə, onu razı salmaq üçün əlimizdən gələni edirik. Bu səbəbdən, natəmiz cismani arzularımızın özümüzə və başqalarına necə təsir edəcəyi barədə düşünmək üçün vaxt ayırmağımız yaxşı olardı. Özümüzdən soruşmalıyıq: «Xudbin davranışlarım Yehova ilə münasibətlərimə, ailə üzvlərimə, yığıncaqdakı bacı-qardaşlarıma necə təsir edəcək? Başqalarını büdrətməyəcək ki?» (Filip. 1:10). Həmçinin növbəti sualların da üzərində düşünə bilərik: «Əxlaqsız arzuların gətirdiyi ani həzz onun vurduğu ürək ağrılarına dəyərmi? Etdiyi hərəkətin nəticəsini başa düşəndən sonra hökür-hönkür ağlayan Esav kimi olmaq istəyirəmmi?» (İbr. 12:17). Bu cür sualların üzərində düşünmək bizə pislikdən ikrah etməyə, yaxşılıqdan isə bərk-bərk yapışmağa kömək edəcək (Rom. 12:9). Xüsusilə də Yehovaya məhəbbət bizi mirasımızdan möhkəm yapışmağa təşviq edəcək (Məz. 73:28).

15. Ruhaniliyimizi təhlükə altına qoyan vəziyyətlərə qarşı özümüzü necə hazırlaya bilərik?

15 İkinci addım özümüzü sınaqlara hazırlamaqdır. Bu dünyada ruhaniliyimizi təhlükə altına qoyan amillərə qarşı durmağımız üçün Yehova çoxlu tədbirlər  görüb. Bunlara Müqəddəs Kitabı araşdırmaq, məsihçi görüşləri, təbliğ xidməti və dua etmək daxildir (1 Kor. 15:58). Hər dəfə duada ürəyimizi Yehovaya açmaqla və xidmətdə tam şəkildə iştirak etməklə özümüzü sınaqlara hazırlamış oluruq. (1 Timoteyə 6:12, 19 ayələrini oxu.) Sınaqlara hazır olub-olmağımız başlıca olaraq özümüzdən asılıdır (Qalat. 6:7). Bu barədə «Süleymanın məsəlləri» kitabının 2-ci fəslində ətraflı müzakirə olunur.

XƏZİNƏ KİMİ AXTARIN

16, 17. Müdrik seçim etmək qabiliyyətinə necə yiyələnə bilərik?

16 «Süleymanın məsəlləri» kitabının 2-ci fəsli bizi müdrikliyə və dərrakəyə yiyələnməyə təşviq edir. Yehovanın bizə bəxş etdiyi bu keyfiyyətlər yaxşını pisdən ayırd etməyə və öz istəklərimizi yanlış tərzdə həyata keçirmək əvəzinə, onları nəzarət altında saxlamağa kömək edir. Ancaq bizim buna nail olub-olmayacağımız var gücümüzlə çalışmağımızdan asılıdır. Müqəddəs Kitab bizi səy göstərməyə təşviq edərək deyir: «Oğlum, əgər sözlərimi qəbul etsən, əmrlərimi qorusan, qulağını hikmətə tərəf çevirsən, ürəyini dərrakəyə tərəf meyl etdirsən, sən, həqiqətən, idrakı çağırsan, səs ucaldıb dərrakəni səsləsən, bunları gümüş kimi axtarsan, gizli xəzinə kimi arasan, onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan. Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır» (Sül. məs. 2:1—6).

17 Bu ayələrdə deyilənlərə əməl etməklə müdrik seçim etmək qabiliyyətinə yiyələnə bilərik. Əgər biz Yehovanın sözlərinin daxili mənliyimizi formalaşdırmasına yol versək, Allahdan rəhbərlik almaq üçün daima dua etsək, Onun haqqında bilikləri gizli xəzinə kimi axtarsaq, şirnikdirici təsirlərə müvəffəqiyyətlə sinə gərə biləcəyik.

18. Siz nə etmək əzmindəsiniz və nəyə görə?

18 Yehova biliyi, anlayışı, dərrakəni və müdrikliyi səylə axtaranlara bəxş edir. Bu keyfiyyətləri nə qədər çox axtarsaq və təzahür etdirsək, bir o qədər də Yehova Allaha yaxın olacağıq. Onunla yaxın münasibətlərimizin olması üzləşdiyimiz sınaqlar zamanı bizi qoruyacaq. Yehovaya yaxınlaşmaq və Onun qarşısında ehtiram dolu qorxuya yiyələnmək bizi günah işlətməkdən çəkindirəcək (Məz. 25:14; Yaq. 4:8). Qoy Yehova ilə dostluğumuz və Onun bizə bəxş etdiyi müdriklik hər birimizi Onun ürəyini sevindirən seçimlər etməyə və ruhani mirasımızı qorumağa təşviq etsin.