Kontentə keç

Mündəricatı göstər

 BİOQRAFİYA

Həyatımıza məna qatan nədir?

Həyatımıza məna qatan nədir?

OĞLUM Qari 1958-ci ildə anadan olandan qısa bir müddət sonra hiss etdim ki, nəsə öz qaydasında deyil. Ancaq həkimlərin onun xəstəliyini müəyyən etmələri düz on ay çəkdi, Londondakı mütəxəssislər isə bunu təsdiqləyənəcən beş il də keçdi. Qaridən doqquz il sonra dünyaya gələn qızım Luizada bu əlamətlərin özünü daha ciddi büruzə verməsi məni çox məyus etdi.

«Uşaqlarınızın hər ikisində də LMBB sindromu * var, siz ömür boyu bu xəstəliklə yaşamalı olacaqsınız», — deyə həkimlər ehmalca mənə bildirdilər. O vaxtlar bu nadir irsi xəstəlik barədə çox az şey məlum idi. Bu xəstəliyə korluğa gətirib çıxaran görmə qabiliyyətinin zəifləməsi, piylənmə, əlavə əl və/və ya ayaq barmaqlarının olması, inkişafdan dala qalma, koordinasiya problemləri, şəkərli diabet, osteoartrit, böyrəklərin normal işləməməsi kimi əlamətlər xasdır. Buna görə də uşaqlarımın qeydinə qalmaq mənim üçün çox çətindir. Son araşdırmaların nəticələrinə görə, Böyük Britaniyada cəmi 125 000 insandan biri bu xəstəliyə tutulduğu halda, bir çoxlarında onun yüngül formalarına rast gəlmək mümkündür.

YEHOVA BİZİM PƏNAHGAHIMIZ OLDU

Ailə qurduqdan qısa müddət sonra mən Yehovanın Şahidi olan bir qadınla söhbət etdim və dərhal anladım ki, onun dedikləri həqiqətdir. Amma bu mövzular ərimi heç maraqlanmırdı da. Onun işi ucbatından tez-tez bir yerdən başqa yerə köçməli olurduq, buna görə də yığıncaqlara gedə bilmirdim. Bununla belə, Müqəddəs Kitabı oxumağa və Yehovaya dua etməyə davam edirdim. Müqəddəs Kitabdan «Rəbb məzlumların pənahgahıdır, sıxıntı anlarında müdafiə qalasıdır» və Onu «axtaranları tərk [etməz]» sözlərini oxumaq necə də təsəlliverici idi! (Məz. 9:9, 10).

Qarinin görmə qabiliyyəti zəif olduğundan altı yaşı olanda onu xüsusi təhsil almaq üçün İngiltərənin şimal sahilində yerləşən internat məktəbinə göndərdik. O, müntəzəm olaraq mənə zəng edir və onu narahat edən məsələlər barədə mənimlə danışırdı, mən də fürsətdən istifadə edib telefon vasitəsilə ona Müqəddəs Kitab prinsiplərini başa salırdım. Luiza dünyaya gələndən bir neçə il sonra mən səpələnmiş (dağınıq) skleroz və fibromialgiya xəstəliyinə tutuldum. 16 yaşı olanda Qari internatdan evə qayıtdı. Lakin görmə qabiliyyəti daha da pisləşdiyindən o, 1975-ci ildə gözdən əlil insan kimi qeydiyyatdan keçdi. 1977-ci ildə isə ərim bizi tərk etdi.

Qari qayıtdıqdan qısa müddət sonra biz yığıncaqda fəal iştirak etməyə başladıq və mən 1974-cü ildə vəftiz olundum. Ağsaqqallardan biri Qariyə yeniyetməlik dövründə üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək etdiyi üçün ona çox minnətdaram. Digər bacı-qardaşlar isə ev işlərində mənə kömək edirdilər. Nəticədə, yerli sosial xidmət orqanları bizə kömək etmələri üçün bu bacı-qardaşlardan beşini sanitar işçi təyin etdi. Bu, bizim üçün əsil xeyir-dua idi!

Qari ruhən inkişaf etdi və 1982-ci ildə vəftiz olundu. Onun könlündən köməkçi pioner kimi xidmət etmək keçirdi. Buna görə də mən bu işdə ona qoşulmaq qərarına gəldim və biz bir neçə il ərzində  köməkçi pioner kimi xidmət etdik. Bir neçə müddətdən sonra rayon nəzarətçisi: «Qari, niyə də daimi pioner xidməti götürməyəsən?» — deyə soruşanda oğlum sevincindən yerə-göyə sığmırdı. Bu sözlər Qarini ruhlandırdı və 1990-cı ildə o, daimi pioner xidmətinə başladı.

Qarinin omba sümüyü iki dəfə dəyişdirilib, birinci dəfə 1999-cu ildə, ikinci dəfə isə 2008-ci ildə. Luizanın sağlamlığında olan problemlər isə daha ciddi idi. O, anadan olanda tamamilə kor idi və mən ayağının birində bir artıq barmaq olduğunu görəndə onda da LMBB sindromu olduğunu anladım. Müayinələr nəticəsində məlum oldu ki, onun daxili orqanlarında da bir çox ciddi problemlər var. Bir neçə il ərzində o, bir sıra ciddi cərrahiyyə əməliyyatı keçirdi, o cümlədən böyrəyindən beş dəfə əməliyyat olundu. Qari kimi, Luiza da şəkərli diabet xəstəsi idi.

Hər dəfə əməliyyat olunmaq lazım gələndə Luiza müəyyən çətinliklərin yarana biləcəyindən ehtiyat edərək qabaqcadan cərrahlarla, anestezioloqlarla və müdiriyyətlə söhbət edərək qansız müalicə üsullarına dair mövqeyini bildirirdi. Beləcə, o, sağlamlığının qeydinə qalan hər kəslə dostlaşırdı.

MƏNALI HƏYAT SÜRÜRÜK

Ailəmizin hər bir üzvü Yehovaya ibadət etmək üçün əlindən gələni edir. Müasir elektron vasitələr çıxmazdan öncə, Qari və Luiza üçün kitab oxumağa saatlarla vaxt sərf edirdim. İndi CD-lərin, DVD-lərin və www.pr418.com saytındakı audio-yazıların sayəsində hər həftə Yığıncağın Müqəddəs Kitab öyrənməsinə hər birimiz ayrı-ayrılıqda hazırlaşa və yığıncaqda dolğun şərhlər verə bilirik.

Allahın Kəlamındakı dəyərli həqiqətlərə görə necə də minnətdarıq!

Bəzən Qari verəcəyi cavabları əzbərləyir və Teokratik Xidmət Məktəbində çıxışlarını sərbəst şəkildə təqdim edir. 1995-ci ildə o, xidməti köməkçi təyin olundu. Qari Padşahlıq zalında daima məşğuldur, yığıncağın üzvlərini salamlayır və səsləndirmə sisteminə kömək edir.

Qari artrit xəstəsi olduğundan çox vaxt xidmətdə onunla əməkdaşlıq edən bacı-qardaşlar əlil arabasını sürməyə ona kömək edirlər. Bir məsihçi ona maraqlanan insanla Müqəddəs Kitab öyrənməsi keçirməyə kömək etmişdi. Qari özü də 25 ildir qeyri-fəal olan bir məsihçini ruhlandırmışdı. İndi onların ikisi də yığıncaq görüşlərinə gəlir.

Doqquz yaşı olanda Luiza nənəsindən toxumağı öyrənmişdi, eləcə də evimizə gələn sanitar işçilər və mən ona naxış vurmağı öyrətmişdik. Toxuculuq işindən onun o qədər xoşu gəlirdi ki, o, uşaqlara və yığıncaqdakı yaşlı bacı-qardaşlara rəngli yun ədyallar toxuyurdu. O həmçinin balaca yapışqan şəkillərdən istifadə edərək təbrik açıqcaları düzəldirdi. Açıqcaları alan kəslər onları çox qiymətləndirirdi. Erkən yaşlarından Luiza klaviaturaya baxmadan çap etməyi öyrənmişdi. İndi xüsusi danışan kompüter vasitəsilə o, dostları ilə məktublaşır. 17 yaşı olanda Luiza vəftiz olundu. Xüsusi təbliğ kampaniyaları zamanı birlikdə köməkçi pioner kimi xidmət etmək bizə sevinc gətirirdi. Qari kimi, Luiza da Müqəddəs Kitabdan ayələri əzbərləyir ki, Allahın vəd etdiyi dünyaya, «korların gözləri»nin açılacağı, heç kimin «xəstəyəm» deməyəcəyi dünyaya imanını ifadə etsin (Yeşaya 33:24; 35:5).

Allahın Kəlamındakı dəyərli həqiqətlərə görə necə də minnətdarıq! Yığıncağın məhəbbətdən irəli gələrək bizə göstərdiyi dəstəyə görə ürəyimiz minnətdarlıqla dolub-daşır. Çünki bu kömək olmasaydı, biz xidmət edə bilməzdik. Həyatımızı mənalı etdiyi üçün Yehovaya xüsusilə minnətdarıq.

^ abz. 5 Lorens-Mun-Barde-Bidl sindromu bu xəstəliyi müəyyən edən dörd həkimin adını daşıyır. Həmin həkimlər aşkar etmişlər ki, bu resessiv genetik xəstəliyin yaranmasının səbəbi valideynlərdən hər ikisinin də resessiv genin daşıyıcısı olmalarıdır. Hal-hazırda isə bu xəstəlik çox vaxt Barde-Bidl sindromu kimi tanınır. Bu xəstəliyin müalicəsi yoxdur.