Kontentə keç

Mündəricatı göstər

Yehovanın verdiyi tərbiyənin sizi formalaşdırmasına yol verin

Yehovanın verdiyi tərbiyənin sizi formalaşdırmasına yol verin

«Nəsihətinlə mənə yol göstərirsən, sonra məni şərəfə çatdıracaqsan» (MƏZ. 73:24).

1, 2. a) Yehova ilə yaxın münasibətlər qurmaq üçün nə tələb olunur? b) İnsanların Allahın tərbiyəsinə necə hay vermələrinə dair Müqəddəs Kitabdakı məlumatları araşdırmaqla hansı faydanı əldə edəcəyik?

«MƏNİM üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm» (Məz. 73:28). Burada məzmurçu Allaha olan əminliyini ifadə edir. Nəyin sayəsində məzmurçu bu cür müdrik qərara gəlmişdi? Pislərin firavanlığını görən məzmurçu əvvəlcə ürəyində dərin məyusluq hissi keçirmişdi. O, giley-güzar edərək deyirdi: «Məgər mən boş yerə qəlbimi təmizləmişdim, günahsızlıq içində əllərimi yumuşdum?» (Məz. 73:2, 3, 13, 21). Ancaq o, «Allahın Müqəddəs məkanına» girəndə oradakı ab-hava ona düşüncə tərzini dəyişməyə və Allahla yaxın münasibətlərini qoruyub-saxlamağa kömək etdi (Məz. 73:16—18). Bu vəziyyət Allah qorxusuna malik olan bu insana vacib bir dərs oldu: Allahın xalqı arasında olmaq, məsləhəti qəbul etmək və onu həyatında tətbiq etmək Yehova ilə sıx münasibət qurmaq üçün olduqca vacib amildir (Məz. 73:24).

2 Əlbəttə, biz də həqiqi və var olan Allahla yaxın münasibətlərimizin olmasını istəyirik. Buna nail olmaq üçün Onun məsləhətlərinin və verdiyi tərbiyənin bizi formalaşdırmasına yol verməliyik, beləcə biz Onu razı salan insan olacağıq. Qədimdə Allah mərhəmət göstərərək ayrı-ayrı insanlara və millətlərə Onun tərbiyəsini qəbul etmək imkanı verirdi. Bu nümunələr Müqəddəs Kitabda «nəsihət olaraq», eləcə də «dövrlərin sonunda yaşayan bizləri qorumaq məqsədilə yazılıb» (Rom. 15:4; 1 Kor. 10:11). Allahın Kəlamında qələmə alınan bu məlumatları araşdırmaqla Yehovanı daha yaxından tanıyacaq və Onun bizi formalaşdırmasından hansı faydanı əldə edəcəyimizi öyrənəcəyik.

DULUSÇU ÖZ SƏLAHİYYƏTİNDƏN NECƏ İSTİFADƏ EDİR?

3. Yeşaya 64:8 və Yeremya 18:1—6 ayələrində Yehovanın insanlar üzərində hakimiyyəti nümunə əsasında necə göstərilir? (Məqalənin əvvəlindəki şəklə bax.)

3 Yehovanın ayrı-ayrı insanlar və millətlər üzərində hakimiyyəti Yeşaya 64:8 ayəsində nümunə əsasında belə izah edilir: «Ya Rəbb, Sənsən Atamız: biz gilik, Sən isə dulusçu, biz hamımız Sənin əlinin işiyik». Dulusçunun gildən istədiyi qabı düzəltməyə tam səlahiyyəti çatır. Gil isə dulusçuya ondan nə düzəldəcəyini diktə edə bilməz. Eyni şeyi insanla Allah haqqında da demək olar. Necə ki, gil ona forma verən dulusçuya göstəriş verə bilməz, eləcə də insanın Allaha onu necə formalaşdırmasını deməyə ixtiyarı çatmır. (Yeremya 18:1—6 ayələrini oxu.)

4. Allah insanları və ya millətləri necə gəldi formalaşdırır? İzah et.

4 Dulusçu gilə forma verdiyi kimi, Yehova da qədim israilliləri formalaşdırırdı. Ancaq onlar arasında böyük fərq var. Misal üçün, dulusçu gil parçasından düzəldilməsi mümkün olan qabı düzəldir. Bəs Yehova insanları və ya millətləri necə gəldi — birini yaxşı, digərini isə pis formalaşdırır? Müqəddəs Kitab bunun belə olmadığını göstərir. Yehova insanlara çox dəyərli bir hədiyyə — iradə azadlığı verib. O, Öz ali hakimiyyətindən elə istifadə etmir ki, verdiyi hədiyyənin mahiyyəti itsin. İnsanlar özləri şüurlu şəkildə Yaradanımız Yehovanın onları formalaşdırmasına razılıq verməlidirlər. (Yeremya 18:7—10 ayələrini oxu.)

5. İnsanlar Yehovanın onları formalaşdırmasını rədd edəndə Yehova Öz hakimiyyətindən necə istifadə edir?

5 Bəs əgər insanlar Böyük Dulusçunun onları formalaşdırmasını inadkarlıqla rədd edərlərsə, onda necə? Belə olan halda Yehova Öz hakimiyyətini necə istifadə edir? Gəlin nəzərdə tutulan məqsəd üçün yararsız vəziyyətə düşən gillə nə baş verdiyi üzərində düşünək. Təbii ki, dulusçu ondan ya başqa qab düzəldəcək, ya da götürüb atacaq! Adətən, gilin yararsız hala düşməsinin səbəbi dulusçunun səhvi olur. Böyük Dulusçu Yehova isə insanları formalaşdırarkən heç vaxt səhvə yol vermir (Qanun. t. 32:4). Əgər insan Yehovanın onu formalaşdırmasına yol vermirsə, bu, yalnız və yalnız onun öz səhvidir. Dulusçu kimi, Yehovanın insanlar üzərində hakimiyyətindən necə istifadə etməsi onların münasibətindən asılıdır. Yehovanın verdiyi təlim-tərbiyəyə düzgün yanaşanlar ondan fayda əldə edirlər. Misal üçün, məsh olunmuş məsihçilər «şərəfli... istifadə üçün» hazırlanan «mərhəmət qabları»dır. Dikbaşlıq göstərərək Allaha qarşı çıxanlar isə «məhv olunası qəzəb [qabları]» olacaqlar (Rom. 9:19—23).

6, 7. Davud padşahla Şaul padşah Yehovanın məsləhətinə necə fərqli münasibət göstərdilər?

6 Yehova insanları müxtəlif üsullarla, məsələn, məsləhət verməklə və ya cəzalandırmaqla formalaşdırır. Formalaşdırdığı insanlar üzərində Yehovanın Öz hakimiyyətindən necə istifadə etdiyini İsrailin ilk iki padşahı Şaulun və Davudun nümunəsindən görmək olar. Davud padşah Bat-Şeva ilə zina edəndə bundan həm özü, həm də başqaları əziyyət çəkmişdi. Padşah olmasına baxmayaraq, Yehova ədalətli olaraq onu cəzalandırdı. Allah Natan peyğəmbər vasitəsilə Davuda ciddi məsləhət verdi (2 Şam. 12:1—12). Davud buna necə yanaşdı? O, dərin peşmançılıq hissi keçirdi və tövbə etdi. O, Allahın mərhəmətini qəbul etdi. (2 Şamuel 12:13 ayəsini oxu.)

7 Davuddan fərqli olaraq, onun sələfi Şaul padşah məsləhətə məhəl qoymadı. Yehova Şamuel peyğəmbər vasitəsilə Şaula birbaşa göstəriş vermişdi ki, bütün amaleqliləri və mal-qaralarını qırsın. Şaul Allahın bu əmrindən çıxdı. O, Aqaq padşahı və ən yaxşı heyvanları məhv etmədi. Nəyə görə? O, müəyyən mənada özünü izzətləndirmək istəyirdi (1 Şam. 15:1—3, 7—9, 12). Şaul məsləhətə qulaq asmalı və Böyük Dulusçunun onu formalaşdırmasına yol verməli idi. O isə bundan imtina etdi və öz hərəkətinə bəraət qazandırdı. Şaul heyvanları Allaha qurban gətirmək üçün sağ saxladığını deyərək hərəkətində qəbahət bir şeyin olmadığını izah etməyə çalışdı. Yehova Şaulu padşahlıqdan rədd etdi və o, həqiqi Allahla münasibətlərini həmişəlik itirdi. (1 Şamuel 15:13—15, 20—23 ayələrini oxu.)

Şaul məsləhətə məhəl qoymadı və onu rədd etdi. O, Yehovanın onu formalaşdırmasına yol vermədi! (7-ci abzasa bax)

Davud dərin peşmançılıq hissi keçirdi və məsləhəti qəbul etdi. O, Allahın onu formalaşdırmasına yol verdi. Bəs sən? (6-cı abzasa bax)

YEHOVA AYRI-SEÇKİLİK ETMƏYƏN ALLAHDIR

8. İsrail xalqının Yehovanın onları formalaşdırmaq cəhdinə necə hay verməsindən nə öyrənə bilərik?

8 Yehova təkcə ayrı-ayrı insanlara yox, millətlərə də imkan verir ki, Onun onları formalaşdırmaq cəhdinə hay versinlər. Eramızdan əvvəl 1513-cü ildə israillilər Misir köləliyindən azad olunduqdan sonra Allahla yeni əhd bağladılar. İsrail Onun seçilmiş xalqı oldu və məcazi dillə desək, Böyük Dulusçunun çarxı üzərində formalaşdırılmaq şərəfinə layiq görüldü. Lakin xalq Yehovanın gözündə pis olan əməllər edir, hətta ətraf xalqların allahlarına səcdə qılırdı. Yehova başlarına ağıl qoymaq üçün dəfələrlə onların yanına peyğəmbərlər göndərirdi, xalq isə onlara qulaq asmırdı ki, asmırdı (Yer. 35:12—15). İnadkarlıq göstərdikləri üçün Yehova onları sərt şəkildə cəzalandırdı. Məhv olunmağa layiq görülən qab kimi, onqəbiləli şimal padşahlığı assuriyalılar tərəfindən, ikiqəbiləli cənub padşahlığı isə babillilər tərəfindən zəbt edildi. Bundan özümüzə vacib dərs götürürük: yalnız və yalnız Yehovanın bizi formalaşdırmaq cəhdinə düzgün münasibət göstərdiyimiz təqdirdə, bu, bizə fayda gətirəcək.

9, 10. Ninevalılar Allahın xəbərdarlığına necə hay verdilər?

9 Yehova Assuriyanın paytaxtı Nineva şəhərinin əhalisinə də Onun xəbərdarlıqlarına hay vermək imkanı vermişdi. Allahın sözü Yunus peyğəmbərə nazil oldu: «Qalx, Ninevaya o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır». Nineva məhv olunmağa layiq idi (Yun. 1:1, 2; 3:1—4).

10 Lakin Yunus hökm xəbərini bəyan edəndə «ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi». Onların padşahı «taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu». Ninevalılar Yehovanın sözlərindən özlərinə dərs götürdülər və tövbə etdilər. Nəticədə, Yehova onların üstünə bəla göndərmək fikrindən daşındı (Yun. 3:5—10).

11. İsraillilərlə və ninevalılarla rəftarından Yehovanın hansı xüsusiyyəti özünü aydın büruzə verir?

11 Allahın seçilmiş xalqı olmalarına baxmayaraq, israillilər cəzasız qalmadılar. Ninevalılar isə Allahla heç bir əhd bağlamadıqları halda, Yehova onlara hökm xəbərini çatdırdı. Ninevalılar Yehovanın əlində yumşaq gil olmağa hazır olduqlarını göstərəndə Onun xalqa rəhmi gəldi. Bu iki nümunə Yehovanın «tərəfkeşlik etməyən» Allah olduğunun aydın sübutudur (Qanun. t. 10:17).

YEHOVA ÖZ QƏRARLARINI NƏ ZAMAN DƏYİŞƏCƏYİNİ BİLİR

12, 13. a) İnsanlar Yehova tərəfindən formalaşdırılmağı qəbul etdikləri təqdirdə, nəyə görə O, qərarlarını dəyişməyə hazırdır? b) Yehovanın peşman olması Şaul və ninevalılar üçün nə demək idi?

12 İnsanlar hərəkət tərzlərini dəyişdikləri təqdirdə, Yehova da onlarla bağlı qərarlarını dəyişə bilər. Müqəddəs Kitabda İsrailin birinci padşahı barədə deyilir ki, Yehova Şaulu padşah təyin etdiyinə peşman oldu (1 Şam. 15:11). Orada həmçinin deyilir ki, ninevalılar tövbə edib pis əməllərindən dönəndə «Allah... rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi» (Yun. 3:10).

13 «Peşman olmaq» kimi tərcümə olunan ibrani sözü münasibətini və niyyətini dəyişmək deməkdir. Əvvəllər Şaul Yehovanın rəğbətini qazanmışdı. Ancaq itaətsizlik göstərəndən sonra Allah onu padşahlıqdan rədd etdi. Yehova Öz qərarını Şaulu seçərkən səhvə yol verdiyinə görə yox, Şaulun imanla hərəkət etmədiyinə və itaətsizlik göstərdiyinə görə dəyişmişdi. Həqiqi Allah Yehova ninevalılarla bağlı verdiyi qərara görə peşman oldu, yəni Öz niyyətini dəyişdi. Dulusçumuz Yehovanın qayğıkeş və mərhəmətli olduğunu, eləcə də insanlar hərəkət tərzlərini dəyişdikləri təqdirdə, Onun da Öz qərarlarını dəyişdiyini bilmək necə də təsəllivericidir!

GƏLİN YEHOVANIN TƏRBİYƏSİNƏ XOR BAXMAYAQ

14. a) Yehova bu gün bizi necə formalaşdırır? b) Yehovanın bizi formalaşdırmaq cəhdinə necə hay verməliyik?

14 Yehova bu gün bizi başlıca olaraq Öz Kəlamı olan Müqəddəs Kitab və təşkilatı vasitəsilə formalaşdırır (2 Tim. 3:16, 17). Məgər Yehovadan aldığımız istənilən məsləhəti və ya tərbiyəni qəbul etməli deyilik? Neçə ildir vəftiz olunmağımızdan və ya təşkilatda nə qədər məsuliyyətimizin olmasından asılı olmayaraq, biz Allahın məsləhətini qəbul etməli və bizi şərəfli istifadə üçün formalaşdırmasına yol verməliyik.

15, 16. a) Məsihçi yığıncaqdakı məsuliyyətlərini itirəndə hansı hissləri keçirə bilər? Nümunə çək. b) Bizə qarşı intizam tədbiri görüləndə mənfi hisslərin öhdəsindən gəlməyə nə kömək edə bilər?

15 Bəzən biz tərbiyəni göstəriş və ya məsləhət şəklində ala bilərik. Digər hallarda isə, yanlış hərəkətə yol verdiyimiz üçün bizi cəzalandırmaq lazım gələ bilər. Bunun nəticəsində hətta yığıncaqdakı bəzi məsuliyyətlərimizi itirə bilərik. Gəlin əvvəllər ağsaqqal kimi xidmət edən Denisin * nümunəsinə nəzər salaq. O, işgüzar məsələlərdə ehtiyatsız davranaraq yanlış hərəkətə yol verdi və nəticədə, töhmət aldı. Ağsaqqal kimi xidmət etməyəcəyi barədə yığıncaqda elan olunan axşam Denis özünü necə hiss edirdi? O, müvəffəqiyyətsizliyə uğradığını düşünürdü. Denis deyir: «Son 30 il ərzində çoxlu məsuliyyətlərim olub: daimi pioner kimi xidmət etmişəm, Bet-El xidmətində olmuşam, xidməti köməkçi, sonra da ağsaqqal təyinatı almışam. Təzəlikcə isə vilayət konqresində ilk çıxışımı etmişdim. Amma qəfildən bunların hamısını itirmişdim. Utanc və xəcalət çəkməklə yanaşı, artıq təşkilatda mənə yer olmadığını düşünürdüm».

16 Denis öz düşüncə tərzində dəyişiklik edərək səhvlərini düzəltdi. Bəs ona bu mənfi hisslərin öhdəsindən gəlməyə nə kömək etdi? O izah edir: «Mən özümə yaxşı ruhani qrafik qurmaq qərarına gəldim. Ən vacibi isə məsihçi qardaşlığı mənə dəstək olurdu və nəşrlərimizi oxuduqca ruhlanırdım. “Gözətçi qülləsi” jurnalının 2009-cu il 15 avqust sayındakı “Bir vaxtlar olduğu kimi, xidmətini yenidən bərpa edə bilərsənmi?” məqaləsi, sanki, mənim dualarıma cavab olaraq yazılmış bir məktub idi. Bu məqalədəki növbəti məsləhət çox xoşuma gəldi: “Yığıncaqda əlavə məsuliyyətlərin olmadığı üçün diqqətini ruhaniliyini möhkəmləndirməyə cəmlə”». Yehovanın Denisə verdiyi tərbiyənin ona hansı faydası oldu? İllər sonra o deyir: «Xidməti köməkçi kimi xidmət etmək məsuliyyəti verməklə Yehova məni yenidən xeyir-dualandırdı».

17. Yığıncaqdan kənar edilmək günahkara necə təsir edə bilər? Nümunə çək.

17 Yehovanın cəza tədbirlərindən biri də yığıncaqdan kənar edilməkdir. Bu, yığıncağı pis təsirlərdən qoruyur, eləcə də günahkarın düz yola qayıtmasında böyük rol oynaya bilər (1 Kor. 5:6, 7, 11). Robert 16 ilə yaxın idi ki, yığıncaqdan kənar edilmişdi. Bu illər ərzində onun valideynləri və qardaşları qətiyyətlə və sədaqətlə Allahın Kəlamının günahkarlarla oturub-durmamaq, belələri ilə hətta salamlaşmamaq göstərişinə tabe olurdular. Robert bir neçə ildir ki, bərpa olunub və ruhani cəhətdən inkişaf edir. Bu qədər vaxtdan sonra onu Yehovaya və Onun xalqına geri dönməyə nəyin təşviq etdiyini soruşanda o cavab vermişdi ki, ailəsinin tutduğu mövqe ona güclü təsir bağışlayıb. «Ailəm hal-əhval tutmaq üçün mənimlə, az da olsa, ünsiyyət etsəydi, bu, məni qane edər və ehtimal ki, məni Allaha qayıtmağa təşviq edən ünsiyyət üçün darıxmağa qoymazdı».

18. Böyük Dulusçunun əlində biz hansı növ gil olmalıyıq?

18 Bəlkə də, bizə bu cür cəza tədbirinin tətbiq edilməsinə ehtiyac olmasın. Ancaq biz Böyük Dulusçunun əlində hansı növ gil olduğumuz barədə düşünməliyik. O, bizə tərbiyə verəndə necə hay veririk? Davud, yoxsa Şaul kimi? Böyük Dulusçu bizim Atamızdır. Heç vaxt unutma ki, «ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər». Buna görə də Yehovanın «verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə» (Sül. məs. 3:11, 12).

^ abz. 15 Adlar dəyişdirilib.