Kontentə keç

Mündəricatı göstər

 ÜZ QABIĞINDA | ALLAHIN KƏLAMI NƏDƏN BƏHS EDİR?

Bəşəriyyətin azad olunması üçün Allahın tədbiri

Bəşəriyyətin azad olunması üçün Allahın tədbiri

Allah sadiq peyğəmbər İbrahimə demişdi ki, «övlad» onun nəslindən gələcək. Məhz onun vasitəsilə bütün millətlərdən olan insanlar xeyir-dua alacaqlar (Yaradılış 22:18). İbrahim peyğəmbərin nəvəsi Yaqub sonradan Misirə köçdü və onun ailəsi orada artıb çoxalaraq qədim İsrail xalqı oldu.

Allah-Taala Musa peyğəmbəri göndərdiyi vaxtadək Misirdə yaşayan israilliləri zülmkar firon qul etmişdi. Allah Musa peyğəmbər vasitəsilə Qırmızı dənizin sularını möcüzəvi şəkildə yararaq xalqını o ölkədən çıxartdı. Bundan sonra Haqq-Taala xalqına rəhbərlik vermək və müdafiə etmək üçün, «On əmr» də daxil olmaqla, qanunlar verdi. Bu qanunlarda günahların bağışlanması üçün müxtəlif qurbanların gətirilməsi göstərilirdi. Allahdan ilham alaraq Musa peyğəmbər israillilərə bildirmişdi ki, Ulu Tanrı onlar üçün başqa bir peyğəmbər göndərəcək. Məhz həmin peyğəmbər vəd edilmiş «övlad» olacaq.

Təxminən beş əsir sonra Allah Davud padşaha Eden bağında bəhs olunan «övlad»ın gələcəyini dedi və bildirdi ki, bu «övlad»ın padşahlığı əbədi olacaq. Məhz həmin «övlad» Məsih, yəni bəşəriyyəti bəlalardan qurtarmaq və yer üzündə Cənnəti bərpa etmək üçün Yaradan tərəfindən təyin olunmuş Xilaskar olacaqdı.

Tədricən Allah Davud və digər peyğəmbərlər vasitəsilə Məsihlə bağlı daha çox açıqlamalar vermişdi. Onun barəsində deyilmişdi ki, həmin «övlad» təvazökar və xeyirxah olacaq, o cümlədən onun rəhbərliyi altında aclığa, ədalətsizliyə və müharibələrə son qoyulacaq. Bütün insanlar bir-birilə, hətta heyvanlarla sülhdə olacaq. Allahın niyyətinə heç vaxt daxil olmayan xəstəlik, dərd-sər, ölüm yox olacaq və ölən insanlar yer üzündə dirildiləcəklər.

Qüdrətli Allah Mikeya peyğəmbər vasitəsilə Məsihin Betlehemdə doğulacağını, Daniel peyğəmbər vasitəsilə isə onun öldürüləcəyini demişdi. Lakin sonra o, hər şeyə qadir olan Allah tərəfindən dirildiləcəkdi və göydə padşah təyin olunacaqdı. Daniel peyğəmbər həmçinin qeyd etmişdi ki, Məsihin padşahlığı sonda bütün padşahlıqları dağıdacaq, özü isə əbədi qalacaq. Doğrudanmı, Məsih barədə deyilənlər yerinə yetdi?

«Yaradılış» kitabının 22-dən 50-dək fəsillərinə, «Çıxış» kitabına, Qanunun təkrarı 18:15, İkinci Şamuel 7:12—16 ayələrinə, «Zəbur», «Yeşaya», «Daniel» və «Mikeya» kitablarına, eləcə də Zəkəriyyə 9:9 ayəsinə əsaslanıb.