Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Birinci əsrdəki yəhudilər nəyə əsasən Məsihin «intizarında» idilər?

Vəftizçi Yəhyanın günlərində «xalq Məsihin intizarında idi və hər kəs ürəyində Yəhya haqqında belə düşünürdü: “Bəlkə Məsih budur?”» (Luka 3:15). Nə üçün yəhudilər Məsihin həmin vaxt gələcəyini gözləyirdilər? Bunun bir neçə səbəbi var.

İsa anadan olandan sonra Yehovanın mələyi Betlehem yaxınlığında sürülərinin keşiyi çəkən çobanlara göründü (1). Mələk bəyan etdi: «Bu gün Davudun şəhərində sizin Xilaskarınız, Ağamız Məsih doğulub» (Luka 2:8—11). Bundan sonra bu mələyə qoşulan «saysız-hesabsız mələklər Allahı mədh edərək deyirdilər *: “Göylərdəki Allahımıza eşq olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!”» (Luka 2:13, 14).

Sözsüz, bu xəbər sadə çobanlara güclü təsir etdi. Onlar dərhal Betlehemə yola düşdülər, Yusiflə Məryəmi və körpə İsanı tapanda «mələyin bu uşaq haqqında söylədiklərini onlara danışdılar». Nəticədə, «çobanları dinləyənlər onların sözlərinə mat-məəttəl qaldılar» (Luka 2:17, 18). «Dinləyənlər» sözü göstərir ki, çobanlar Yusif və Məryəmlə yanaşı başqalarına da bu barədə danışmışdılar. Sonra çobanlar evlərinə qayıdanda «görüb-eşitdikləri hər şey üçün Allaha şükür [etdilər]... ona görə ki, hər şey, doğrudan da, mələklərin dediyi kimi idi» (Luka 2:20). Əlbəttə, onlar Məsih haqqında eşitdikləri yaxşı şeyləri özlərində saxlayası deyildilər!

Musanın qanununa uyğun olaraq Məryəm ilk oğlunu Yehovaya təqdim etmək üçün Yerusəlimə gələndə qadın peyğəmbər Anna «şükür etməyə və Yerusəlimin qurtuluşunu gözləyənlərə uşaq haqqında danışmağa başladı» (2) (Luka 2:36—38; Çıx. 13:12). Beləliklə, Məsihin peyda olduğu barədə xəbərlər yayılmağa davam edirdi.

Sonra «şərqdən Yerusəlimə münəccimlər gəldilər və soruşdular: “Yəhudilərin təzəcə anadan olmuş padşahı haradadır? Biz şərqdə olanda onun ulduzunu gördük və ona təzim etməyə gəlmişik”» (Mat. 2:1, 2). Bunu eşidən «padşah Hirod və bütün Yerusəlim əhli bərk təşvişə düşdü. Padşah xalqın bütün böyük kahinlərini və mirzələrini bir yerə yığdı və onlardan Məsihin harada doğulacağını xəbər aldı» (3) (Mat. 2:3, 4). Beləcə, xeyli adam bildi ki, gələcək Məsih gəlib *!

Yuxarıda sitat gətirilən Luka 3:15 ayəsindən görürük ki, bəzi yəhudilər Vəftizçi Yəhyanın Məsih olduğunu ehtimal edirdilər. Lakin Yəhya növbəti sözlərlə buna aydınlıq gətirdi: «Məndən sonra gələn məndən qat-qat güclüdür. Mən onun ayağından səndəlini çıxartmağa belə layiq deyiləm. O, sizi müqəddəs ruhla və alovla vəftiz edəcək» (Mat. 3:11). Yəhyanın təvazökarlıqla dediyi bu sözlər Məsihi gözləyən xalqın intizarını azaltmadı.

Bəs birinci əsrdəki yəhudilər Daniel 9:24—27 ayələrində qeydə alınan yetmiş dəfə yeddiillik dövr haqqındakı peyğəmbərliyə əsasən Məsihin gəlişini hesablaya bilərdilərmi? Bu ehtimal öz təsdiqini tapmayıb. İsanın günlərində yetmiş dəfə yeddiillik dövrün izahatı ilə bağlı çoxlu qarışıq fikirlər vardı və bunlar indiki izahatımıza uyğun gəlmir *.

Əsas etibarilə yəhudi monastır təriqəti olan essen öyrədirdi ki, 490 ilin sonuna yaxın iki Məsih peyda olmalı idi, amma biz essenlərin öz hesablamalarını Danielin peyğəmbərliyinə əsaslandırdıqlarını dəqiq deyə bilmərik. Hətta belə etmiş olsalar da, bütün yəhudilərin bu cür müəmmalı qrupun hesablamalarına inandıqlarını təsəvvür etmək çətindir.

Eramızın ikinci əsrində bəzi yəhudilər inanırdılar ki, yetmiş dəfə yeddiillik dövr eramızdan əvvəl 607-ci ildə birinci məbədin dağıdılmasından eramızın 70-ci ilində ikinci məbədin dağılmasına qədər olan dövrü əhatə edir. Eyni zamanda isə, digərləri bu peyğəmbərliyin yerinə yetməsini eramızdan əvvəl ikinci əsrə, Makkaveylərin dövrünə aid edirdilər. Buna görə də yetmiş dəfə yeddiillik dövrün necə hesablanmalı olduğuna dair konkret ümumi bir fikir yox idi.

Əgər eramızın birinci əsrində yetmiş dəfə yeddiillik dövrün vaxtına dair düzgün məlumat olsaydı, onda həvarilər, həmçinin birinci əsrdəki məsihçilər vəd edilmiş Məsihin elə deyilən vaxtda İsa kimi peyda olduğunu sübut etmək üçün bu məlumatdan istifadə edərdilər. Lakin erkən məsihçilərin belə etdiklərinə heç bir sübut yoxdur.

Digər bir məqam da diqqətəlayiqdir. Xoş xəbəri yazanlar İbrani Yazılarındakı bəzi peyğəmbərliklərin İsa Məsihin üzərinə yerinə yetdiyini tez-tez vurğulamışlar (Mat. 1:22, 23; 2:13—15; 4:13—16). Bəli, onlardan heç biri İsanın yer üzündə peyda olmasını yetmiş dəfə yeddiillik dövr haqqındakı peyğəmbərliklə əlaqələndirməmişdi.

Xülasə: Biz İsanın günlərində yaşayan insanların yetmiş dəfə yeddiillik dövr haqqındakı peyğəmbərliyi dəqiq başa düşdüyünü təsdiqləyə bilmərik. Lakin «İncil» kitabında xalqın nə üçün Məsihin «intizarında» olmasının başqa əsaslı səbəbləri gətirilir. Təlimə dəqiqlik gətirilib: əvvəllər bizim ədəbiyyatlarımızda deyilirdi ki, çox ehtimal, birinci əsrdə yaşamış bəzi yəhudilər «yetmiş dəfə yeddiillik dövr» haqqındakı peyğəmbərliyi düzgün başa düşürdülər və onlar Məsihin nə vaxt peyda olacağını əvvəlcədən hesablamışdılar (Dan. 9:24—27; w11 15/8 s. 8, abz. 3; w98-U 15/9 s. 13, abz. 16, 17; w90-U 10/15 s. 10, 11, abz. 2, 3; it-2-E s. 901). Jurnalımızın bu sayındakı «Oxucuların sualları»da bizim baxışımıza dəyişiklik edilib. Yəni biz bu məsələ ilə bağlı nəyisə təsdiqləyə və onu heç bir fakta əsaslandıra bilmərik.

^ abz. 4 İsa doğulanda mələklərin mahnı oxuduğu barədə Müqəddəs Kitabda heç nə deyilmir.

^ abz. 7 Ola bilsin, bizdə belə suallar yaranır: Astronomlar ulduzun şərqdə görünməsini «yəhudilərin... padşahı»nın doğulması ilə necə əlaqələndirmişdilər? Bəs elə ola bilərdi ki, onlar İsanın doğulması xəbərini İsraildə səyahət edərkən eşitsinlər?

^ abz. 9 Yetmiş dəfə yeddiillik dövrlə bağlı peyğəmbərliyin indiki izahatını «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 197—199-cu səhifələrindən əldə edə bilərsiniz.