Kontentə keç

Mündəricatı göstər

Ailəvi ibadəti daha maraqlı necə edə bilərsiniz?

Ailəvi ibadəti daha maraqlı necə edə bilərsiniz?

«Ailəvi ibadət axşamı başımız müzakirəyə o qədər qarışır ki, ibadətimiz gecəyarısına kimi çəkir», — deyə Braziliyadan bir ata bölüşür. Yaponiyadan olan bir ailə başçısı deyir ki, ibadət vaxtı onyaşlı oğlu vaxtın necə keçdiyini hiss etmir və araşdırmanın davam etməsini istəyir. «İbadət onu həvəsləndirir və sevincini daha da artırır», — deyə ata əlavə edir.

Sözsüz, bütün uşaqlar ailəvi ibadətə belə həvəslə yanaşmır, düzünü desək, bəlkə də, bəziləri onu heç xoşlamırlar. Bəs niyə bu belədir? Toqodan olan bir ata deyir: «Yehovaya ibadət yük olmamalıdır». Əgər bu belədirsə, deməli, ailəvi ibadətin keçirilmə tərzini dəyişmək lazımdır. Bir çox ailələr diqqət yetirmişlər ki, ailəvi ibadəti, Yeşayanın Şənbə günü haqda dediyi kimi, «şən gün» etmək olar (Yeşaya 58:13, 14).

Məsihçi atalar başa düşürlər ki, sərbəst mühit olanda ailə üzvləri ailəvi ibadətdən sevinc duyurlar. Üç qız, bir oğul atası Ralf deyir ki, onların ailəvi ibadəti dərsdən çox, hamının iştirak etdiyi adi ünsiyyətə bənzəyir. Nəzərə alaq ki, ibadəti hamı üçün maraqlı və faydalı keçirmək hərdən çətin olur. Bir ana etiraf edir: «Mənim həmişə ailəvi ibadəti istədiyim kimi maraqlı keçirməyə gücüm çatmır». Bəs siz bu kimi çətinliklərin öhdəsindən gələ bilirsinizmi?

İBADƏTİ VƏZİYYƏTƏ UYĞUNLAŞDIRIN VƏ RƏNGARƏNG EDİN

Almaniyadan olan iki uşaq atası deyir: «Biz ibadəti vəziyyətə uyğunlaşdırmağı bacarmalıyıq». İki övlad anası Natalya bölüşür: «Ailəmiz üçün ən vacibi ibadətin rəngarəng, rəngarəng və yenə də rəngarəng olmasıdır». Əksər ailələr ailəvi ibadətin proqramını bir neçə hissəyə bölürlər. Braziliyadan olan iki yeniyetmə atası Kleyton izah edir: «Bu, müzakirəmizi daha da canlandırır və müzakirədə hamı fəal iştirak edir». Müzakirənin vaxtını hissələrə bölməklə valideynlər müxtəlif yaşda olan uşaqlarının hər birinin tələbatına diqqət ayıra bilərlər. Valideynlər materialı və onun araşdırılma tərzini seçərkən ailənin hər bir üzvünün tələbatını nəzərə ala bilərlər.

Ailəvi ibadətin rəngarəng olması üçün bəzi ailələr ibadəti Yehovaya həmd nəğməsi oxumaqla başlayırlar. Meksikadan olan Xuan deyir: «Bu, müsbət ab-hava yaradır və zehnimizi araşdıracağımız məqaləyə hazırlayır». Bu ailə araşdıracaqları mövzulara uyğun nəğmələr seçir.

Şri-Lanka

Bir çox ailələr birgə Müqəddəs Kitabdan bir parça oxuyurlar. Müxtəliflik üçün ailənin hər bir üzvü ayrı-ayrı personajların sözlərini sözlərini oxuyur. Yaponiyadan olan bir ata etiraf edir ki, «başlanğıcda bu cür oxumaq [ona] birtəhər gəlirdi». Amma valideynləri ilə birlikdə nəsə etmək oğullarının ikisini də sevindirirdi. Bəzi ailələr hətta Müqəddəs Kitab hekayələrini səhnələşdirirlər. Cənubi Afrikadan olan iki oğul atası Rocer deyir ki, uşaqlar «adətən, Müqəddəs Kitabı oxuyarkən biz valideynlərin diqqət yetirmədiyi məqamlara fikir verirlər».

Cənubi Afrika

İbadəti rəngarəng etməyin digər üsulu hansısa bir tapşırığı birlikdə etməkdir. Məsələn, Nuhun gəmisini və ya Süleymanın məbədinin maketini düzəltmək olar. Bu cür tapşırıqlar zamanı axtarışlar aparmaq maraqlı ola bilər. Məsələn, Asiyada beş yaşlı qız valideynləri və nənəsi ilə birlikdə qonaq otağında Pavelin xidmət səyahətləri ilə bağlı stolüstü oyun quraşdırmışdı. Digər ailələr isə «Çıxış» kitabındakı hadisələrə uyğun stolüstü oyunlar təşkil etmişdilər. Toqodan olan 19 yaşlı Donald deyir: «[Müxtəliflik] həm ailəvi ibadətimizə, həm də ailəmizin özünə yeni nəfəs gətirib». Bəs siz ailəvi ibadətinizi daha maraqlı etmək üçün nələr edə bilərsiniz?

Amerika Birləşmiş Ştatları

HAZIRLAŞMAQ VACİBDİR

Ailənin hər bir üzvünün tələbatını nəzərə almaq və rəngarənglik ibadəti maraqlı etsə də, onun faydalı keçməsi üçün hamının hazırlaşması mütləqdir. Hərdən uşaqlar yorulurlar, buna görə də atalar çalışmalıdırlar ki, onlar üçün maraqlı material seçsinlər və yaxşıca hazırlaşmaq üçün vaxt ayırsınlar. Bir ata deyir: «Mən əvvəlcədən hazırlaşanda müzakirəmiz hər kəs üçün daha faydalı keçir». Almaniyadan olan bir ata ailə üzvlərinə növbəti həftə hansı materialı araşdıracaqlarını əvvəlcədən deyir. Benindən olan altı azyaşlı uşaq atası bəzən ailəvi ibadətin qrafikinə Müqəddəs Kitaba əsaslanan filmə baxmağı daxil edir və hazırlaşmaq üçün onlara qabaqcadan suallar siyahısı verir. Həqiqətən də, ailəvi ibadətə əvvəlcədən hazırlaşmaq onun keyfiyyətini qaldırır.

Ailə üzvləri əvvəlcədən nəyi araşdıracaqlarını bilsələr, onlar həmin həftə ərzində bu haqda söhbət edə, mövzuya marağı artıra bilərlər. Və əgər hər kəsə tapşırıq verilsə, onda onların hər biri ailəvi ibadətə özünkü kimi baxacaq.

MÜNTƏZƏMLİYİ QORUYUN

Qeyd edək ki, bəzi ailələr üçün ailəvi ibadəti müntəzəm keçirmək çətindir.

Əksər atalar gün ərzində o qədər işləyirlər ki, taqətləri qalmır. Məsələn, Meksikadan olan bir ata səhər altıda evdən çıxır və ancaq axşam saat səkkizdə evə gəlib çıxır. Bəzən isə başqa ruhani tədbirlərə görə ailəvi ibadətin qrafikində dəyişiklik etmək tələb olunur.

Bununla belə, biz ailəvi ibadətimizi müntəzəm keçirməyə qəti qərarlı olmalıyıq. Toqodan olan on bir yaşlı Lois ailəsinin bu məsələyə nə dərəcədə ciddi yanaşdığını belə izah edir: «Bəzən gün ərzində müəyyən işlər ucbatından ailəvi ibadəti gec keçirməli olsaq da, biz bunu həmişə edirik». Bəzi ailələrin ailəvi ibadəti nə üçün həftənin əvvəlinə saldıqlarını başa düşmək olur. İşdir əgər qəfil hər hansı hadisə baş verərsə, onda ailə ibadəti həmin həftə başqa vaxta keçirə bilər.

Əslində, ailəvi ibadət Yehovaya ibadətimizin bir hissəsidir. Gəlin hər həftə ailəmizin bütün üzvləri birgə «ağzımızdan çıxan şükürləri» Yehovaya təqdim edək (Huşə 14:2). Və qoy bu, ailənin hər bir üzvü üçün sevinc gətirən vaxta çevrilsin, çünki «Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir» (Neh. 8:9, 10).