Kontentə keç

Mündəricatı göstər

Nə üçün müqəddəs olmalıyıq?

Nə üçün müqəddəs olmalıyıq?

«Müqəddəs olun» (LEV. 11:45).

1. «Levililər» kitabı bizə nədə kömək edə bilər?

MÜQƏDDƏS KİTABDA müqəddəslik haqda ən çox «Levililər» kitabında yazılıb. Müqəddəslik Yehovanın bütün xidmətçilərindən tələb olunduğu üçün «Levililər» kitabını araşdırıb başa düşmək bizə müqəddəs olmağa kömək edəcək.

2. «Levililər» kitabının özəlliyi nədədir?

2 Musa peyğəmbər tərəfindən qələmə alınan «Levililər» kitabı təlim üçün faydalı olan Müqəddəs Yazıların bir hissəsidir (2 Tim. 3:16). Kitabın hər fəslində Yehovanın adı orta hesabla on dəfə çəkilir. «Levililər» kitabının məğzini başa düşməyimiz bizi Allahın adını ləkələyəcək hərəkətdən çəkindirəcək (Lev. 22:32). Kitabda tez-tez çəkilən «Rəbb [Yehova] Mənəm» sözləri bizə Allaha itaət etməyin vacibliyini xatırladır. Bu və növbəti məqalədə Allahın hədiyyəsi olan «Levililər» kitabından xəzinəyə bənzər biliklər əldə edəcəyik və onlar bizə müqəddəs xidməti icra etməyə kömək edəcək.

MÜQƏDDƏSLİK TƏLƏBDİR

3, 4. Harunun və oğullarının yuyunması nəyə işarə edir? (Məqalənin əvvəlindəki şəklə bax.)

3 Levililər 8:5, 6 ayələrini oxu. Yehova Harunu İsrailin baş kahini, oğullarını isə xalqa xidmət edən kahinlər qismində seçdi. Harun İsanı, oğulları isə İsanın məsh olunmuş davamçılarını təmsil edir. Bu o deməkdirmi ki, Harunun yuyunması İsanın təmizlənməsinə işarə edir? Xeyr, İsa günahsız və «qüsursuz» olduğu üçün onun təmizlənməsinə ehtiyac yox idi (İbr. 7:26; 9:14). Ancaq Harunun yuyunduqdan sonrakı vəziyyəti İsanın pak və saleh olduğuna işarə edir. Bəs onda Harunun oğullarının yuyunması nəyə işarə edir?

4 Harunun oğullarının yuyunması göydə kahin olmaq üçün seçilənlərin təmizlənməsinə işarə edir. Bəs məsh olunmuşların vəftizi Harunun oğullarının təmizlənməsi ilə əlaqəlidir? Xeyr, vəftiz günahları yumur, bu, insanın qeyri-şərtsiz Yehova Allaha həsr olunmasını simvolizə edir. Məsh olunmuşların yuyunması «Allahın sözü» vasitəsilə həyata keçirilir, yəni onlar sidqi-ürəkdən Məsihin təlimləri ilə yaşamalıdırlar (Efes. 5:25—27). Bununla onlar paklanır və təmizlənirlər. Bəs «başqa [qoyunlar]», yəni digər məsihçilər haqda nə demək olar? (Yəh. 10:16).

5. Nəyə əsasən deyə bilərik ki, digər məsihçilər də Allahın Kəlamı vasitəsilə təmizlənir?

5 Harunun oğulları İsanın başqa qoyunlarından ibarət böyük izdihamı təmsil etmir (Vəhy 7:9). Bəs vəftiz olunmuş bu şəxslər də müqəddəs ola və Allahın Kəlamı vasitəsilə təmizlənə bilərlər? Bəli. Yer üzü ümidinə malik olanlar İsanın tökülən qanının dəyəri və gücü haqda Müqəddəs Kitabdan oxuduqlarına iman edib «gecə-gündüz... ibadət edirlər» (Vəhy 7:13—15). Həm məsh olunmuşlar, həm də başqa qoyunlar daim təmiz qalmaq üçün nümunəvi davranmalıdırlar (1 Pet. 2:12). Görün Çobanları İsaya qulaq asan və sədaqətlə onun izləri ilə gedən məsh olunmuşlarla digər məsihçilər arasındakı paklığı və birliyi müşahidə edən Yehova necə də sevinir!

6. Nə üçün vaxtaşırı özümüzü yoxlamalıyıq?

6 İsrailli kahinlərə fiziki təmizliklə bağlı verilən tələb Yehovanın müasir xalqı üçün də əhəmiyyətlidir. Müqəddəs Kitabı öyrətdiyimiz insanlar da ibadət yerlərimizin və əyin-başımızın təmiz və səliqəli olduğunu vurğulayırlar. Lakin kahinlərin təmizliyi göstərir ki, Yehovaya ibadətin uca dağına çıxan kəsin əsas qəlbi təmiz olmalıdır. (Məzmur 24:3, 4 ayələrini oxu; Yeşaya 2:2, 3.) Biz müqəddəs xidməti təmiz bədənlə yanaşı, təmiz əql və təmiz ürəklə icra etməliyik. Buna görə də vaxtaşırı özümüzü yoxlayıb müqəddəs qalmaq üçün lazımi dəyişikliklər etməliyik (2 Kor. 13:5). Misal üçün, bilə-bilə pornoqrafiyaya baxan vəftiz olunmuş məsihçi özündən soruşmalıdır: «Özümü müqəddəs hesab edə bilərəm?» Sonra o, iyrənc əmələ son qoymaq üçün kömək istəməlidir (Yaq. 5:14).

MÜQƏDDƏSLİYİNİ İTAƏTKAR OLMAQLA GÖSTƏR

7. İsa Levililər 8:22—24 ayələrinə əsasən, bizə nədə nümunə qoyub?

7 Kahinlik təsis olunanda qoçun qanı baş kahin Harunun və oğullarının sağ qulağına, sağ əlinin və sağ ayağının baş barmağına çəkilmişdi. (Levililər 8:22—24 ayələrini oxu.) Qanın bu cür istifadəsi göstərirdi ki, kahinlər öz vəzifələrini ən yaxşı tərzdə həyata keçirməlidirlər. Baş kahin İsa da məsh olunmuşlar və digər məsihçilər üçün mükəmməl nümunə qoyub. Onun qulağı Allahın göstərişlərinə tərəf çevrilib. Əlləri Yehovanın iradəsini yerinə yetirib, ayaqları isə heç vaxt müqəddəs yoldan ayrılmayıb (Yəh. 4:31—34).

8. Yehovanın xidmətçiləri nə etməlidirlər?

8 Həm Məsh olunmuş məsihçilər, həm də digərləri nöqsansızlıq yolunda Baş kahinlərinin izləri ilə getməlidirlər. Yehovanın xidmətçiləri Onun Kəlamındakı bütün göstərişlərə tam riayət etməli və Onun müqəddəs ruhunu kədərləndirməməlidirlər (Efes. 4:30). Onlar «düz yoldan» ayrılmamalıdırlar (İbr. 12:13).

9. Rəhbərlik Şurası ilə sıx əməkdaşlıq etmək üç qardaşa necə təsir etmişdi və onların sözləri sənə müqəddəs qalmağa necə kömək edə bilər?

9 Gəlin yer üzü ümidinə malik olan və uzun illər Rəhbərlik Şurası ilə sıx əməkdaşlıq edən üç qardaşın səmimi sözlərinə nəzər salaq. Onlardan biri deyir: «Məsh olunmuşlarla sıx əməkdaşlıq etmək kimi şərəfli xidməti icra edərkən gördüm ki, onlar da, bizim kimi, qeyri-kamildir. Bununla belə, həmişə bu qardaşlara itaət etməyə çalışmışam». Digər qardaş deyir: «Məsihə tabe olmaqla bağlı olan 2 Korinflilərə 10:5 ayəsi və bu kimi ayələr mənə məsul qardaşlara tabe olmağa və onlarla əməkdaşlıq etməyə kömək edir. Və mən bunu ürəkdən edirəm». Üçüncü qardaş isə belə deyir: «Yehovanın sevdiyi şeyləri sevib, nifrət etdiyi şeylərə nifrət etmək, üstəlik, daim Onun rəhbərliyini axtarmaq və Onu razı salan işlər görmək Onun təşkilatına və yer üzü ilə bağlı niyyətini həyata keçirmək üçün istifadə etdiyi kəslərə tabe olmaq deməkdir». Bu qardaş Rəhbərlik Şurasının üzvü olan Neytan Norr qardaşın 1925-ci ildə dərc olunan «Gözətçi qülləsi» jurnalındakı «Xalqın doğulması» məqaləsində çoxlarının tərəddüd etdiyi məqamları itaətkarlıqla qəbul etdiyini biləndə buna heyran qalmışdı. Bu üç qardaşın sözləri üzərində düşünmək sənə müqəddəsliyini itaətkar olmaqla göstərməyə kömək edəcək.

MÜQƏDDƏSLİYİNİ ALLAHIN QANLA BAĞLI ƏMRİNƏ İTAƏT ETMƏKLƏ GÖSTƏR

10. Allahın qanla bağlı əmrinə tabe olmaq nə dərəcədə vacibdir?

10 Levililər 17:10 ayəsini oxu. Yehova israillilərə qan yeməməyi əmr etmişdi. Ümumiyyətlə bütün canlıların qanından çəkinmək əmri məsihçilərə də aiddir (Həv. iş. 15:28, 29). Biz heç vaxt istəmərik ki, Allah bizdən «üz döndərib» bizi Öz yığıncağından atsın. Çünki biz Onu sevirik və Ona itaət etmək istəyirik. Həyatımız təhlükə altında olsa da, biz Yehovanı tanımayan və Ona itaətkarlıq göstərməyə boş şey kimi baxan kəslərin iddia və tələblərini qəbul etməyəcəyik. Düzdür, qandan imtina etdiyimizə görə tənqid atəşinə tutuluruq, lakin bizim üçün Allaha itaətkarlıq daha önəmlidir (Yəhuda 17, 18). Bəs qan yeməməkdə və köçürməməkdə qətiyyətli olmağa bizə nə kömək edər? (Qanun. t. 12:23).

11. Nəyə əsasən deyə bilərik ki, hər il keçirilən Kəffarə günü sadəcə ayin deyildi?

11 Qədim İsraildə hər il keçirilən Kəffarə günü baş kahinin heyvan qanından necə istifadə etməsi bizə Allahın qanla bağlı nöqteyi-nəzərini anlamağa kömək edir. Qan xüsusi məqsəd üçün istifadə edilirdi. Bu, Yehovadan bağışlanma diləyən kəslərin günahlarının kəffarəsi üçün idi. Buğa və təkə qanı əhd sandığının qapağının qarşısına çilənməli idi (Lev. 16:14, 15, 19). Bu, israillilərin günahlarının bağışlanmasına imkan verirdi. Həmçinin Yehova əmr etmişdi ki, əgər kimsə heyvanı qida məqsədi ilə öldürürsə, «hər məxluqa həyat verən onun [qanı]» olduğu üçün onu yerə axıdıb torpaqla örtsün (Lev. 17:11—14). Bütün bunlar sadəcə ayin deyildi. Qanın Kəffarə günü istifadə olunması, o cümlədən onun torpaqla örtülməsi əmri Yehovanın əvvəllər Nuha və onun nəslinə qanla bağlı verdiyi əmrlə eyni idi (Yar. 9:3—6). Yehova Allah həyatı qorumaq üçün qanın istifadəsini qadağan etmişdi. Bəs bu, məsihçilər üçün hansı mənanı kəsb edir?

12. Pavel ibranilərə məktubunda bağışlanma ilə qanın əlaqəsini necə izah etdi?

12 Həvari Pavel ibranilərə qanın təmizləyici qüvvəsi haqda belə demişdi: «Qanuna görə, demək olar ki, hər şey qanla təmizlənir; qan tökülməsə, əfv mümkün deyil» (İbr. 9:22). Pavel həmçinin vurğulamışdı ki, heyvan qurbanları müəyyən mənada əhəmiyyət daşısa da, sadəcə olaraq israillilərə günahlı olduqlarını və günahların tamamilə silinməsi üçün daha artığına ehtiyac duyduqlarını xatırladırdı. Bəli, Qanun «gələcək xeyir-duaların əsli yox, kölgəsi» idi (İbr. 10:1—4). Bəs günahların bağışlanması necə mümkündür?

13. İsanın öz qanın dəyərini Yehovaya təqdim etməsi sənə necə təsir edir?

13 Efeslilərə 1:7 ayəsini oxu. Canını uğrumuzda könüllü fəda edən İsa Məsihin ölümü onu və Atasını sevən hər kəs üçün böyük məna daşıyır (Qalat. 2:20). Amma İsanın dirildikdən sonra etdikləri sayəsində biz, sözün əsil mənasında, azad olduq, yəni günahlarımızın bağışlanması mümkün oldu. İsa Qanundakı Kəffarə gününün təmsil etdiyi işi həyata keçirdi. Kəffarə günü baş kahin qurban gətirilmiş heyvanların qanından bir az götürüb müqəddəs məskənin, sonralar isə Süleymanın məbədinin Ən Müqəddəs yerinə daxil olub onu Allahın hüzurunda imiş kimi Ona təqdim edirdi (Lev. 16:11—15). Eynilə, İsa da öz qanının dəyəri ilə göyə daxil olub onu Yehova təqdim etdi (İbr. 9:6, 7, 11—14, 24—28). Biz necə də minnətdarıq ki, İsanın tökülən qanına iman gətirməyin sayəsində günahlarımız bağışlanır və vicdanımız təmizlənir!

14, 15. Nəyə görə Yehovanın qanla bağlı əmrini başa düşməli və tabe olmalıyıq?

14 İndi sən Yehovanın nəyə görə qanı qəbul etməməyi əmr etdiyini aydın başa düşürsən? (Lev. 17:10). Bəs qanın Allahın gözündə nəyə görə müqəddəs olduğunu dərk etdin? Bəli, Onun gözündə qan canla eynidir (Yar. 9:4). Bəs sən Allahın qana dair nöqteyi-nəzərini qəbul etməli və Onun qandan çəkinmək əmrinə tabe olmalı olduğumuzla razısan? Biz yalnız İsanın fidyə qurbanlığına iman gətirdiyimiz və qanın Yaradanımız üçün xüsusi önəm daşıdığını dərk etdiyimiz təqdirdə Allahla barışa bilərik (Kolos. 1:19, 20).

15 Özümüz, yaxud ailəmizdən və ya dostlarımızdan kimsə qanköçürməni qəbul edib-etməməklə bağlı problemlə üzləşə bilər. Belə gərgin vəziyyətlərdə qanın fraksiyaları və tibbi prosedurlarla bağlı qərar vermək lazım gəlir. Buna görə də əvvəlcədən araşdırma aparmalı və hər bir vəziyyətə özümüzü hazırlamalıyıq. Dua edərək görülən bu tədbirlər bizə möhkəm olub bu məsələdə güzəştə getməməyə kömək edəcək. Əlbəttə, heç birimiz istəmərik ki, Yehovanın Kəlamında mühakimə olunan hər hansı bir işi görüb Onun ürəyini kədərləndirək. Qanköçürməni dəstəkləyən bir çox həkimlər və başqaları həyat naminə insanları qan verməyə səsləyirlər. Lakin Yehovanın müqəddəs xalqı qəbul edir ki, qanın düzgün istifadəsini yalnız Yaradan müəyyənləşdirə bilər. Onun isə gözündə qan müqəddəsdir. Biz Onun qanla bağlı verdiyi əmrə tabe olmağa qəti qərarlı olmalıyıq. Bundan əlavə, müqəddəs davranışımızla Allah qarşısında göstərməliyik ki, biz İsanın xilas edən qanını, yəni günahı yuyub əbədi həyata yol açan yeganə qanı qiymətləndiririk (Yəh. 3:16).

Yehovanın qanla bağlı verdiyi əmrə tabe olmağa qətiyyətlisən? (14, 15-ci abzaslara bax)

YEHOVA BİZDƏN MÜQƏDDƏSLİK GÖZLƏYİR

16. Yehovanın xalqı nə üçün müqəddəs olmalıdır?

16 Allah israilliləri Misir əsarətindən qurtaranda onlara demişdi: «Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Rəbb Mənəm. Müqəddəs olun, çünki Mən müqəddəsəm» (Lev. 11:45). Yehova Özü müqəddəs olduğu üçün İsrail xalqından da müqəddəs olmağı gözləyirdi. Yehovanın Şahidləri olan bizlər də müqəddəs olmalıyıq. «Levililər» kitabı bunu aydın şəkildə əks etdirir.

17. «Levililər» kitabı haqda indi nə düşünürsən?

17 «Levililər» kitabının bəzi hissələrini araşdırmağın bizə böyük faydası oldu. Çox ehtimal ki, bu müzakirə «Levililər» kitabının dəyərini sənin gözündə daha da artırdı. Sözsüz, bu kitabdan araşdırdığımız bəzi vacib məlumatlar nə üçün müqəddəs olmalı olduğumuzu daha dərindən anlamağa kömək etdi. Bəs bu ilhamlanmış kitabda bizə açılacaq daha hansı dəyərli biliklər var? Oradan Yehovaya müqəddəs xidməti icra etməklə bağlı daha nələr öyrənə bilərik? Bunların hamısını növbəti məqalədə araşdıracağıq.