Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Yığıncaqlarda ağsaqqallar və xidməti köməkçilər necə təyin olunur?

Eramızın birinci əsrində həvari Pavel Efes yığıncağının ağsaqqallarına demişdi: «Özünüzə və bütün sürüyə fikir verin. Allah sizi müqəddəs ruh vasitəsilə bu sürüyə nəzarət etmək üçün təyin edib ki, Allahın Öz Oğlunun qanı bahasına aldığı yığıncağını otarasınız» (Həv. iş. 20:28). Bəs bu gün ağsaqqalların və xidməti köməkçilərin təyin olunmasında müqəddəs ruhun rolu nədən ibarətdir?

Birincisi, Müqəddəs Kitabı yazanlar müqəddəs ruh vasitəsilə ilhamlanaraq ağsaqqalların və xidməti köməkçilərin cavab verməli olduqları tələbləri yazmışlar. 1 Timoteyə 3:1—7 ayələrində ağsaqqalların müvafiq gəlməli olduğu on altı tələb sadalanır. Bundan əlavə, Titus 1:5—9 və Yaqub 3:17, 18 ayələrində digər tələblər sadalanır. Xidməti köməkçilərin müvafiq gəlməli olduğu tələblər isə 1 Timoteyə 3:8—10, 12, 13 ayələrində sadalanır. İkincisi, qardaş həm tövsiyə, həm də təyin edilən zaman onun Müqəddəs Kitab tələblərinə yetərincə müvafiq gəlib-gəlmədiyi müəyyən edilərkən duada xüsusi olaraq Yehovadan müqəddəs ruhun rəhbərliyi istənilir. Üçüncüsü, tövsiyə edilən şəxs Allahın müqəddəs ruhunun bəhrəsini öz həyatında əks etdirməlidir (Qalat. 5:22, 23). Bununla Allahın ruhu təyinat prosesinin hər mərhələsində iştirak edir.

Bəs faktiki olaraq bu qardaşları kimlər təyin edir? Əvvəllər ağsaqqalların və xidməti köməkçilərin təyin olunması ilə bağlı tövsiyələr filiala göndərilirdi. Orada Rəhbərlik Şurası tərəfindən təyin olunmuş müəyyən qardaşlar bu tövsiyələrə baxıb müvafiq təyinatlar verirdilər. Sonra filial ağsaqqallar şurasını məlumatlandırırdı. Ağsaqqallar da təyinatı gələn qardaşlara bu haqda məlumat verir və onlardan bu təyinatı qəbul etməyə hazır olub-olmadıqlarını və müvafiq gəlib-gəlmədiklərini soruşurdular. Sonra isə yığıncaqda elan edilirdi.

Bəs görəsən, birinci əsrdə təyinatlar necə verilirdi? Hərdən müəyyən təyinatları həvarilərin özləri verirdilər. Məsələn, onlar dul qadınların gündəlik yemək paylarının verilməsinin qayğısına qalmaq üçün yeddi nəfər təyin etmişdilər (Həv. iş. 6:1—6). Əlavə təyinat alan bu qardaşlar, çox ehtimal ki, artıq ağsaqqal kimi xidmət edirdilər.

Müqəddəs Yazılarda hər bir təyinatın necə verildiyi təfsilatı ilə deyilməsə də, müəyyən amillərin köməyi ilə bunun necə edildiyini görə bilərik. Yuxarıda bəhs etmişdik ki, Pavel və Barnaba birinci xidmət səyahətlərindən qayıdarkən «hər yığıncaqda ağsaqqallar təyin etdilər, oruc tutub dua etdikdən sonra şagirdləri iman gətirdikləri Allaha, Yehovaya əmanət etdilər» (Həv. iş. 14:23). İllər sonra Pavel öz səyahət yoldaşı Titusa demişdi: «Mən səni Kritdə ona görə qoydum ki, yarımçıq işləri qaydaya salasan və göstəriş verdiyim kimi, şəhərlərdə ağsaqqallar təyin edəsən» (Tit. 1:5). Həvari Pavellə tez-tez səyahətlərdə olmuş Timoteyə də belə səlahiyyət verilmişdi (1 Tim. 5:22). Gördüyümüz kimi, təyinatlar Yerusəlimdəki həvarilər və ağsaqqallar tərəfindən yox, səyyar nəzarətçilər tərəfindən verilirdi.

Müqəddəs Kitabdakı bu nümunəni əldə rəhbər tutaraq Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ağsaqqalların və xidməti köməkçilərin təyinatı prosesinə dəyişiklik edib. 2014-cü il sentyabrın 1-dən etibarən, təyinat prosesi növbəti qaydada həyata keçirilir: rayon nəzarətçisi xidmət etdiyi rayonda ona təqdim edilən tövsiyələri diqqətlə nəzərdən keçirir. Yığıncaqlara baş çəkən zaman o, tövsiyə edilən qardaşı tanımağa çalışır və imkan daxilində onunla xidmətdə əməkdaşlıq edir. Verilən tövsiyə haqda yığıncağın ağsaqqallar şurası ilə müzakirə etdikdən sonra rayon nəzarətçisi ona verilən səlahiyyətə əsasən yeni ağsaqqallar və xidməti köməkçilər təyin edir. Beləcə, təyinat prosesi birinci əsrdəki nümunəyə əsasən həyata keçirilir.

Ağsaqqallar rayon nəzarətçisi ilə qardaşın Müqəddəs Kitab tələblərinə müvafiq gəlməsi məsələsini müzakirə edirlər (Malavi)

Bu prosesdə kimlərin hansı rolu var? Həmişə olduğu kimi, «sadiq və ağıllı nökər» evdəki qulluqçuların qidalanmasında birbaşa məsuliyyət daşıyır (Mat. 24:45—47). Buna həmçinin müqəddəs ruhun köməyi ilə Allahın Kəlamından axtarışlar aparmaq da daxildir. Bunun sayəsində Müqəddəs Kitab prinsiplərinin bütün dünyadakı yığıncaqlarda eyni üsulla tətbiq edilməsinə dair rəhbərlik verilir. Sadiq nökər həmçinin bütün rayon nəzarətçilərini və filialların komitə üzvlərini təyin edir. Filiallar verilən rəhbərliyin yerinə yetirilməsi üçün lazımi köməkliyi göstərir. Ağsaqqallar şurası Allahın yığıncağında təyinatla bağlı tövsiyə verərkən Müqəddəs Yazıların qardaşlara dair tələblərini hərtərəfli nəzərdən keçirmək məsuliyyəti daşıyır. Rayon nəzarətçiləri ağsaqqalların tövsiyəsini dua edib hərtərəfli araşdırmaq və tələblərə müvafiq gələn qardaşlara təyinat verməklə bağlı ciddi məsuliyyət daşıyır.

Təyinatların necə verildiyini başa düşdükdən sonra bu prosesdə müqəddəs ruhun nə qədər vacib rol oynadığını daha yaxşı dərk edirik. Buna görə də məsihçi yığıncağında təyin edilmiş qardaşlara etimadımız və hörmətimiz sonsuzdur (İbr. 13:7, 17).

Vəhy kitabının 11-ci fəslindəki iki şahid kimdir?

Vəhy 11:3 ayəsində 1260 gün peyğəmbərlik edəcək iki şahiddən danışılır. Sonra deyilir ki, vəhşi heyvan «onları məğlub edib öldürəcək». Amma «üç gün yarım»dan sonra bu iki şahid yenidən həyata qaytarılacaq və bunu görənləri heyrət bürüyəcək (Vəhy 11:7, 11).

Bəs bu iki şahid kimdir? Hadisənin təfsilatları bizə onları müəyyən etməyə kömək edir. Birincisi, deyilir ki, onlar «iki zeytun ağacı və iki çıraqla təmsil olunur» (Vəhy 11:4). Bu, bizə Zəkəriyyənin peyğəmbərliyində təsvir olunan çıraqdanı və iki zeytun ağacını xatırladır. Bu zeytun ağacları «yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki [nəfəri]», yəni vali Zerubbabili və baş kahin Yeşuanı təmsil edirdi (Zək. 4:1—3, 14). İkincisi, deyilir ki, bu şahidlərə Musaya və İlyasa verilən səlahiyyətlərə oxşar səlahiyyətlər verilmişdi. (Vəhy 11:5, 6 ayələrini Saylar 16:1—7, 28—35 və 1 Padşahlar 17:1; 18:41—45 ayələri ilə müqayisə et.)

Bu parçalar arasında hansı ümumi cəhət var? Hər iki vəziyyətdə çətin sınaq dövründə rəhbərlik edən Allahın məsh etdiyi xidmətçilərindən danışılır. Vəhyin 11-ci fəslində deyilənlər də 1914-cü ildə Allahın Padşahlığı göydə qurulan vaxt Allahın xalqına rəhbərlik edən məsh olunmuş qardaşların çul geyinib üç il yarım təbliğ etməsilə yerinə yetdi.

Bu məsh olunmuşlar çul geyib təbliğ etdikdən sonra üç gün yarımla simvolizə edilən nisbətən qısa bir vaxt ərzində həbsdə olarkən məcazi mənada öldürüldülər. Allahın xalqının fəaliyyətinin bitdiyini düşünən düşmənlər çox sevinmişdilər (Vəhy 11:8—10).

Lakin peyğəmbərlik olunduğu kimi üç gün yarım keçəndən sonra iki şahid həyata qayıtdı. Həmin vaxt bu məsh olunmuşlar yalnız həbsdən azad olmadı, habelə sadiqliyini qoruyanlar Ağaları İsa Məsih vasitəsilə Allahdan xüsusi təyinat aldılar. Onlar axır günlərdə Allahın xalqını ruhani tələbatlarını qeydinə qalmaq üçün 1919-cu ildə «sadiq və ağıllı nökər» təyin olunanların sırasında oldular (Mat. 24:45—47; Vəhy 11:11, 12).

Maraqlıdır ki, Vəhy 11:1, 2 ayələri bu hadisələri ruhani məbədin ölçüldüyü vaxta aid edir. «Malaki» kitabının 3-cü fəslində ruhani məbədin buna bənzər yoxlanıb təmizlənməsi dövründən bəhs edilir (Mal. 3:1—4). Bəs bu yoxlama və təmizləmə işi nə qədər davam etdi? 1914-cü ildən 1919-cu ilin əvvəllərinə qədər. Bu vaxt kəsiyi özünə Vəhyin 11-ci fəslində bəhs olunan 1260 günü (42 ay) və üç gün yarımla simvolizə olunan müddəti daxil edir.

Necə də xoşbəxtik ki, Yehova bu ruhani təmizlik işini görməklə «yaxşı işlərə can yandıran bir xalq təşkil [etdi]»! (Tit. 2:14). Bundan əlavə, biz bu çətin dövrdə iki şahid timsalında xidmət edən və Allahın xalqına rəhbərlik edən sadiq məsh olunmuşların qoyduğu nümunəni olduqca qiymətləndiririk *.

^ abz. 18 Ətraflı məlumat üçün «Gözətçi qülləsi»nin 2013-cü il 15 iyul sayının 22-ci səhifəsinin 12-ci abzasına bax.