Kontentə keç

Mündəricatı göstər

Arxivimizdən

Gündoğan diyara gün doğur

Gündoğan diyara gün doğur

Məruzəyə dəvətnamələr həm Tokioda paylanmışdı, həm də təyyarələrlə Osakaya səpilmişdi

1926-CI İL sentyabrın 6-sı milliyyətcə yapon olan bir piliqrim (səyyar nəzarətçi) Birləşmiş Ştatlardan Yaponiyaya xüsusi təyinatlı müjdəçi kimi qayıdır. Onu qarşılamağa vur-tut bir nəfər gəlmişdi, o da Kobe qrupunda Müqəddəs Kitabı öyrənməyə başlamış «Gözətçi qüləsi» jurnalının abunəçisi idi. Müqəddəs Kitab Tədqiqatçıları bu şəhərdə ilk konqreslərini 1927-ci il yanvarın 2-si keçirmişdilər. Orada cəmi 36 nəfər iştirak etmiş, onlardan 8-i vəftiz olunmuşdu. Yaxşı başlanğıc idi. Bəs, görəsən, bu balaca qrup həqiqətə susayan 60 milyonluq Yaponiyaya necə nur saçacaqdı?

1927-ci ilin may ayında şövqlü Müqəddəs Kitab Tədqiqatçıları Allahın Kəlamına əsaslanan silsilə məruzələr haqda elan kampaniyasına başladılar. Osakada keçiriləcək ilk məruzə haqda camaata məlumat vermək üçün onlar şəhər boyu divarlara və iri reklam şitlərinə elanlar vurmuş, nüfuzlu insanlara 3000 dəvətnamə göndərmişdilər. Bundan savayı, onlar 150 000 reklam vərəqəsi paylamış, eləcə də Osakanın sanballı qəzetlərində və 400 000 qatar biletində məruzə haqda elan yerləşdirmişdilər. Məruzə söylənən gün iki təyyarə səmadan şəhərin hər tərəfinə 100 000 dəvətnamə səpmişdi. «Allahın Padşahlığı astanadadır» adlı məruzəyə qulaq asmaq üçün gələn təxminən 2300 nəfər Osakanın Asahi zalını ağzına kimi doldurmuşdu. Yer qalmadığı üçün təxminən min nəfər geri qayıdası olmuşdu. Məruzədən sonra 600-dən çox qonaq qalıb müzakirədə iştirak etmişdi. Növbəti aylar ərzində Kiotoda və Yaponiyanın qərbindəki digər şəhərlərdə də Müqəddəs Kitaba əsaslanan məruzələr söylənilmişdi.

1927-ci ilin oktyabr ayında isə Müqəddəs Kitab Tədqiqatçıları Tokioda məruzələrin söylənilməsini təşkil etmişdilər. Bu dəfə də dəvətnamələr şəhərin nüfuzlu adamlarına, baş nazirə, parlament üzvlərinə, dini və hərbi başçılara verilmişdi. Üstəlik, afişalar, qəzet elanları və 710 000 reklam vərəqəsi paylanılmışdı. Nəticədə, Yaponiyanın paytaxtında söylənən üç məruzəni dinləmək üçün 4800 nəfər gəlmişdi.

ÇALIŞQAN KİTABPAYLAYANLAR

Katsuo və Hagino Miura

Padşahlıq xəbərinin evdən-evə çatdırılmasında əsas iş kitabpaylayanların (pionerlər) üzərinə düşürdü. Matsue İsi və əri Jizo Yaponiyada ilk kitabpaylayanlardan olub. Onlar uzaq şimalda yerləşən Sapporodan Senday, Tokio, Yokohama, Naqoya, Osaka, Kioto, Okayama və Tokusimaya kimi ölkənin dördə-üç hissəsini gəzib təbliğ etmişdilər. Matsue bacı və Sakiko Tanaka adlı yaşlı bir bacı rəsmi kimono geyinib yüksək dövlət məmurlarının qəbuluna gedirdilər. Məmurlardan biri hərəsindən 300 ədəd olmaqla «Allahın arfası» və «Qurtuluş» kitablarını həbsxana kitabxanası üçün sifariş vermişdi.

Matsue bacı Katsuo və Hagino Miura cütlüyünə də kitablar vermiş və onlar həqiqəti dərhal qəbul etmişdi. Onlar 1931-ci ildə vəftiz olunub kitabpaylayan oldular. Haruiçi ilə Tane Yamada isə əksər qohumları ilə Padşahlıq haqda xoş xəbəri 1930-cu ildən bir az əvvəl qəbul etmişdilər. Yamada cütlüyü də kitabpaylayan oldu, qızları Yukiko isə Tokioda Bet-El xidmətinə başladı.

BÖYÜK VƏ BALACA «YEHU»

Altınəfərlik böyük Yehu

O vaxtlar avtomobil çox baha, yollar isə bərbad olduğu üçün Kazumi Minoura və digər gənc kitabpaylayanlar mühərriksiz furqon evlərdən istifadə edirdilər. Onlar bu arabalara döyüş arabası sürən İsrail padşahı Yehunun adını vermişdilər (2 Pad. 10:15, 16). Bu arabaların üçü böyük Yehu, 11-i isə balaca Yehu adlanırdı. Böyük Yehunun hər birində altı nəfər yata bilərdi. Onun uzunluğu 2,2 metr, eni və hündürlüyü 1,9 metr idi. Velosiped arabaları olan balaca Yehu isə ikinəfərlik idi. Bu balaca Yehuları Yaponiya filialı düzəltmişdi. Bu «Yehu»nun düzəldilməsində iştirak etmiş Kiiçi İvasaki demişdi: «Yehuların həm çadırı, həm də işıqlandırma üçün maşın akkumulyatoru var idi». Kitabpaylayanlar həqiqət nurunu bütün Yaponiyaya yaymaq üçün şimaldakı Hokkaydodan cənubdakı Kyuşuya kimi dağlar aşmış, dərələr dolaşmış, «Yehular»ını nə ki var sürmüşdülər.

İkinəfərlik balaca Yehu

Kitabpaylayan İkumatsu Ota qardaş demişdi: «Biz hansısa şəhərə gələndə Yehumuzu çay kənarında və ya düzənlikdə saxlayırdıq. Əvvəlcə şəhərin nüfuzlu adamlarının, məsələn, icra başçısının yanına gedir, ondan sonra ədəbiyyatlarımızı evdən-evə paylayırdıq. Bu ərazidə işimizi bitirdikdən sonra keçirdik növbəti şəhərə».

Kobedə 36 nəfərlik Müqəddəs Kitab Tədqiqatçılarının keçirdikləri ilk konqres gələcəkdə görəcəkləri işlərin yanında «əhəmiyyətsiz hesab [edilə] bilər»di (Zək. 4:10). Bunun üstündən cəmi beş il keçdikdən sonra, 1932-ci ildə 103 kitabpaylayan və təbliğçi Yaponiyada 14 000-dən çox kitab paylamışdı. Bu gün isə Yaponiyanın iri şəhərlərində mütəşəkkil şəkildə ictimai şahidlik keçirilir və təxminən 220 000 təbliğçi «Gündoğan diyar»a öz nurlarını saçırlar. (Yaponiyadakı arxivimizdən.)

Kiiçi İvasakinin Yaponiyadakı Bet-Eldə düzəltdiyi Yehunun eskizi