Kontentə keç

Mündəricatı göstər

Xalqlar Yehova haqda öyrənir

Xalqlar Yehova haqda öyrənir

«Prokonsul... iman gətirdi, çünki Yehova haqqında öyrəndikləri onu valeh etmişdi» (HƏV. 13:12).

1—3. İsanın şagirdləri müjdənin «xalqların hamısına» təbliğ edilməsində hansı çətinliklərlə üzləşmişdilər?

İSA MƏSİH şagirdlərinə tapşırmışdı: «Gedin və bütün xalqların içində şagird hazırlayın». Bu işin görülməsi sayəsində «müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ [ediləcəkdi]» (Mət. 24:14; 28:19). Ancaq bu tapşırıq heç də asan deyildi.

2 Düzdür, şagirdləri həm İsanı, həm də müjdəni sevirdilər. Amma onlar narahat ola bilərdilər ki, görəsən bu tapşırığı necə yerinə yetirəcəklər. Axı onların sayı elə də çox deyildi. Üstəlik, Allahın Oğlu kimi bəyan etdikləri İsa öldürülmüşdü. Habelə, İsanın şagirdlərinə «savadsız, sadə adam»lar kimi baxırdılar (Həv. 4:13). Buna baxmayaraq, onlar qədim adət-ənənələri yaxşı bilən nüfuzlu din xadimlərinin təlimlərinə zidd olan xəbəri təbliğ etməli idilər. Bu şagirdləri öz vətənlərində saya salmırdılar. Üstəlik, əzəmətli Roma imperiyasında onların mənsub olduğu İsrail xalqı elə də böyük əhəmiyyət kəsb etmirdi.

3 Bundan əlavə, İsa Məsih şagirdlərini xəbərdar etmişdi ki, onlar nifrətlə qarşılanacaq, təqib olunacaq və bəziləri hətta qətlə yetiriləcəklər (Luka 21:16, 17). Onlar xəyanətlə, yalançı peyğəmbərlərlə və artan qanunsuzluqla üzləşəcəkdilər (Mət. 24:10—12). Lap tutalım, onların çatdırdığı xəbər hər yerdə yaxşı qəbul olundu, bəs bu xəbər yerin ucqarlarınadək necə gedib çıxacaqdı? (Həv. 1:8). Bu çətinliklər şagirdlərin gözünü qorxuda bilərdi.

4. Birinci əsrdəki şagirdlər təbliğ işində nə dərəcədə müvəffəqiyyətli idilər?

4 Nə qədər narahat olsalar da, şagirdlər bütün diqqətlərini müjdənin təbliğinə yönəltmişdilər və bu işi nəinki Yerusəlimdə və Səməriyyədə, hətta o vaxtlar məlum olan dünyanın hər yerində görürdülər. Çətinliklərlə üzləşmələrinə baxmayaraq, 30 il ərzində müjdə «səma altında yaşayanların hamısına» təbliğ edilmiş və bütün dünyada yayılıb bar gətirmişdi (Kol. 1:6, 23). Misal üçün, adicə həvari Bulusun Kipr adasında etdiyi təbliğə və göstərdiyi möcüzəyə görə Roma prokonsulu Sergi Paulus «iman gətirdi, çünki Yehova haqqında öyrəndikləri onu valeh etmişdi». (Həvarilərin işləri 13:6—12 ayələrini oxuyun.)

5. a) İsa şagirdlərini nəyə arxayın etmişdi? b) Birinci əsrdəki şəraiti nəzərə alaraq bəziləri hansı qənaətə gəlmişlər?

5 İsanın şagirdləri bilirdilər ki, təbliğ işini öz gücləri sayəsində edə bilməzlər. İsa demişdi ki, özü onlarla olacaq və müqəddəs ruh onlara kömək edəcək (Mət. 28:20). Ümumi götürdükdə, Padşahlıq haqda müjdənin təbliği üçün həmin dövrdə dünyada əlverişli vəziyyət mövcud idi. Bir kitabda deyilir: «Ehtimal ki, dünya tarixində ilkin kilsənin qəbul edilməsi üçün birinci əsrdən yaxşı vaxt ola bilməzdi... Artıq ikinci əsrdə məsihilər iddia edirdilər ki, dünya məsihiliyin gəlişinə Allahın hökmü ilə hazırlanmışdı» («Evangelism in the Early Church»).

6. Bu və növbəti məqalədə nəyi araşdıracağıq?

6 Təbliğ işinin vüsət alması üçün Allahın birinci əsrdə vəziyyətə nə dərəcədə müdaxilə etməsi haqda Müqəddəs Kitabda heç nə deyilmir. Lakin bir şey yəqindir: Yehova istəyirdi ki, müjdə təbliğ edilsin, Şeytan isə əksinə. Bu məqalədə biz təbliğ işi üçün birinci əsrin başqa dövrlərdən nəyə görə əlverişli olduğunu nəzərdən keçirəcəyik. Növbəti məqalədə isə, araşdıracağıq ki, nəyə görə indiki dövrdə vəziyyət müjdənin yerin ucqarlarınadək çatdırılması üçün əlverişlidir.

ROMA SÜLHÜ

7. Roma sülhü nədir və onun səciyyəvi cəhəti nədən ibarətdir?

7 Birinci əsrdəki Roma dünyası müəyyən mənada məsihilərin xeyrinə idi. Məsələn, Roma tarixində həmin dövr Roma sülhü («Pax Romana») kimi tanınır. Böyük Roma imperiyasının hər yerində sabitlik hökm sürürdü. Düzdür, İsanın dediyi kimi, vaxtaşırı müharibələr olurdu (Mət. 24:6). Misal üçün, Roma ordusu eramızın 70-ci ilində Yerusəlimi yerlə yeksan etmişdi, imperiyanın sərhədlərində toqquşmalar baş verirdi. Lakin İsanın dövründən başlayaraq 200 il ərzində Aralıq dənizi ölkələrində nisbi sakitlik hökm sürürdü. Bir kitabda deyilir: «Bəşər tarixində hələ heç vaxt bu qədər müddət ərzində dinclik olmamışdı. Bundan sonra da heç vaxt bu qədər millət arasında belə davamlı əmin-amanlıq olmadı».

8. Romada hökm sürən əmin-amanlığın ilk məsihilərə faydası nə idi?

8 Üçüncü əsrdə yaşamış ilahiyyatçı Origen bu haqda demişdi: «Həmin vaxt dövlətlər çox olsaydı, bu, İsanın təliminin bütün dünyada yayılmasına əngəl olardı... Çünki hər yerdə kişilər hərbi xidmətə və vətənlərinin müdafiəsində durmağa məcbur edilərdi... İsa gəlməzdən əvvəl dünyada vəziyyət dəyişməsəydi və nisbətən mülayim ab-hava hökm sürməsəydi, sülhü təbliğ edən və düşməndən intiqam almağa belə izin verməyən bu təlim necə yayıla bilərdi?» Söz yox ki, Roma dünyasında Padşahlığın müjdəçiləri təqib olunurdular. Buna baxmayaraq, onlar sülhpərvər ola bilirdilər və həmin vaxt hökm sürən nisbi əmin-amanlıq onların xeyrinə xidmət edirdi. (Romalılara 12:18—21 ayələrini oxuyun.)

RAHAT YOLLAR

9, 10. Məsihilər üçün Roma imperiyasında səyahət etmək nəyə görə rahat idi?

9 Roma yolları məsihilərin işini asanlaşdırırdı. Öz təbəələrini nəzarətdə saxlamaq üçün Roma imperiyasının yaxşı təlim almış güclü ordusu var idi. Qoşunun cəld irəliləməsi üçün yollar yaxşı olmalı idi. Yol salmaqda isə romalılar mahir idilər. Roma mühəndisləri, demək olar ki, bütün əyalətləri bir-biri ilə birləşdirən və uzunluğu ümumilikdə 80 000 kilometrdən çox olan yollar salmışdılar. Bu yollar meşələrdən, səhralarda və dağlardan keçirdi.

10 Yol sistemindən başqa Romada gəmiçiliyə yararlı təxminən 27 000 kilometr uzunluğunda çaylar və kanallar var idi. Roma gəmiləri yüzlərlə limanı birləşdirən təqribən 900 dəniz yolu ilə üzürdü. Buna görə də məsihilər Roma imperiyasının hər yerinə gedə bilirdilər. Çətinliklər olsa da, həvari Bulus və digərləri pasportsuz, vizasız bütün imperiya daxilində səyahət edə bilirdilər. Burada nə miqrasiya xidməti, nə də gömrük yoxlaması var idi. Quldurlar cəzalanmaqdan qorxduqları üçün Roma yolları nisbətən təhlükəsiz idi. Dənizlə səyahət də qorxulu deyildi. Çünki Roma donanması dəniz yollarında quldurların olmasına imkan vermirdi. Bulus dəfələrlə gəmi qəzasına uğrasa da, dənizdə təhlükələrlə üzləşsə də, Müqəddəs Kitabda onun səyahətləri zamanı dəniz quldurları ilə qarşılaşması barədə heç nə deyilmir (2 Kor. 11:25, 26).

ÜMUMİ DİL

Kodeksdə ayələri tapmaq daha asan idi (12-ci abzasa baxın)

11. Nəyə görə şagirdlər yunan dilindən istifadə edirdilər?

11 Koyné, yəni yunan dilinin gündəlik danışıqda istifadə olunan forması məsihi yığıncaqlarının bir-biri ilə təmasda və vəhdətdə olmasına kömək edirdi. Böyük İsgəndərin istilalarından sonra yunan dili ümumişlək dilə çevrilmişdi. Beləcə, Allahın xidmətçiləri hər xalqdan olan insanlarla ünsiyyət qura bilirdi və bu, xoş xəbərin yayılmasına kömək edirdi. Bundan əlavə, Misirdə yaşayan yəhudilər İbranicə Müqəddəs Yazıları yunan dilinə tərcümə etmişdilər. Xalq Septuaginta adlanan bu tərcümə ilə tanış idi və Məsihin ilk davamçıları bu tərcümədən sərbəst şəkildə sitatlar gətirirdilər. Məsihilər üçün yunan dili yazı baxımından da əlverişli idi. Bu dilin söz ehtiyatı geniş idi və ruhani mövzuları bu dildə rahat izah etmək olurdu.

12. a) Kodeks nədir və nəyə görə o, tumardan rahat idi? b) Məsihilər kodeksdən geniş şəkildə nə vaxtdan istifadə etməyə başlamışdılar?

12 Bəs məsihilər Müqəddəs Yazılardan xidmətdə necə istifadə edirdilər? Tumarlardan istifadə etmək çətin idi, onu açıb-bükmək lazım gəlirdi, üstəlik, çox vaxt perqamentin yalnız bir üzündə yazı yazılırdı. Təkcə «Məttanın Müjdəsi» bütöv bir tumarı tuturdu. Sonra kitabın ilkin forması olan kodeks meydana çıxdı. Kodeks bir-birinə tikilmiş vərəqlər toplusu idi. Kodeksi vərəqləmək və Müqəddəs Yazılardan lazım olan parçanı asanlıqla tapmaq olurdu. Məsihilərin kodeksdən nə vaxtdan istifadə etdikləri dəqiq məlum olmasa da, bir elmi işdə deyilir: «İkinci əsrdə məsihilər kodeksdən çox geniş istifadə edirdilər. Buradan belə qənaətə gəlirik ki, artıq eramızın 100-cü ilindən əvvəl onlar kodekslə tanış idilər».

ROMA QANUNLARI

13, 14. a) Bulus Roma vətəndaşı olmasından necə istifadə etmişdi? b) Məsihilər Roma qanunlarının xeyrini nədə görürdülər?

13 Roma qanunları bütün imperiyada qüvvədə idi və Roma vətəndaşları böyük hüquq və imtiyazlara malik idilər. Bulus Roma vətəndaşı olmasından dəfələrlə istifadə etmişdi. Yerusəlimdə onu qamçılamaq istəyəndə o, Roma yüzbaşısından soruşmuşdu: «Roma vətəndaşını məhkəməsiz-filansız qamçılamaq nə dərəcədə qanunidir?» Əlbəttə, qanuni deyildi. Bulus doğulandan Roma vətəndaşı olduğunu bildirəndə «onu işgəncə ilə sorğu-suala tutmaq istəyən adamlar dərhal ondan əl çəkdilər. Sərkərdə Bulusun Roma vətəndaşı olduğunu öyrənəndə onu buxovladığı üçün bərk qorxuya düşdü» (Həv. 22:25—29).

14 Roma qanunları və Bulusun Roma vətəndaşı olması sayəsində Filippidə onunla ehtiyatla davrandılar (Həv. 16:35—40). Efesdə şəhər katibi qəzəbli izdihamı sakitləşdirəndən sonra Romanın məhkəmə sisteminə istinad etmişdi (Həv. 19:35—41). Bulusun Qeysəriyyədə Sezarın məhkəməsini tələb etməsi onun Sezarın önündə imanını müdafiə etməsinə imkan yaratdı (Həv. 25:8—12). Beləliklə, Roma qanunları sayəsində müjdənin müdafiəsi və qanuni tanınması mümkün olmuşdu (Filip. 1:7).

YƏHUDİLƏRİN SƏPƏLƏNMƏSİ

15. Birinci əsrdə yəhudi icmaları nə dərəcədə geniş yayılmışdı?

15 Yəhudi icmalarının bütün Roma imperiyasına səpələnməsi müjdəçilik işini müəyyən mənada yüngülləşdirmişdi. Əsrlər öncə aşşurlular, sonralar isə babillilər yəhudiləri öz vətənlərindən sürgün etmişdilər. Artıq eramızdan əvvəl beşinci əsrdə Fars imperiyasının 127 əyalətində yəhudi icmaları var idi (Əst. 9:30). İsa yerdə yaşayarkən Misirdə və Şimali Afrikanın başqa yerlərində, həmçinin Yunanıstanda, Kiçik Asiyada və Mesopotamiyada yəhudi icmaları mövcud idi. Hesablamalara görə 60 000 000 əhalisi olan Roma imperiyasında hər on dörd nəfərdən biri yəhudi idi. Yəhudilər harada yaşasalar da, öz dinlərində qalırdılar (Mət. 23:15).

16, 17. a) Yəhudilərin səpələnməsinin qeyri-yəhudilərə hansı xeyri dəydi? b) Məsihilər ibadətlə bağlı yəhudilərdən nəyi götürmüşdülər?

16 Yəhudilər hər tərəfə səpələndiklərindən Tövrat bir çox qeyri-yəhudilərə tanış idi. Qeyri-yəhudilər bilirdilər ki, yalnız bir Allah var və Ona xidmət edənlər yüksək davranış və əxlaq normalarına riayət etməlidirlər. Bundan əlavə, Tövratda Məsihlə bağlı çoxlu peyğəmbərliklər var idi (Luka 24:44). Həm yəhudilər, həm də məsihilər Tövrata Allahın Kəlamı kimi baxırdılar. Bunun sayəsində həvari Bulus da Allahı axtaran insanlarla ümumi mövzular əsasında söhbət edə bilirdi. Odur ki, Bulus adəti üzrə sinaqoqa gedib orada yəhudilərlə Müqəddəs Yazılar əsasında söhbət aparırdı. (Həvarilərin işləri 17:1, 2 ayələrini oxuyun.)

17 Yəhudilərin özünəxas ibadət tərzi var idi. Onlar müntəzəm olaraq sinaqoqda, yaxud açıq havada yığışıb həmd mahnıları oxuyur, dua edir və Müqəddəs Yazıları müzakirə edirdilər. Bu gün məsihi yığıncaqları da buna bənzər şəkildə keçirilir.

YEHOVANIN KÖMƏYİ

18, 19. a) Birinci əsrdəki vəziyyətin sayəsində nə mümkün oldu? b) Bu məqalədə siz Yehovanı daha hansı yöndən tanıdınız?

18 Beləliklə, yuxarıda sadaladığımız bu amillər müjdənin müvəffəqiyyətlə təbliğ olunmasında öz rolunu oynadı. Roma sülhü, rahat yollar, ümumi dil, Roma qanunları və yəhudilərin səpələnməsi İsanın şagirdlərinə Allahdan aldıqları tapşırığı yerinə yetirməyə kömək etdi.

19 İsanın dövründən dörd əsr öncə yunan filosofu Platon öz bədii personajlarından birinin dili ilə demişdi: «Bizim üçün Kainatın yaradanını və atasını tapmaq müşkül məsələ olardı. Hətta biz onu tapsaydıq da, hər kəsə onun barəsində danışmaq mümkün olmazdı». Ancaq İsa Məsih demişdi: «İnsan üçün mümkün olmayan şey Allah üçün mümkündür» (Luka 18:27). Kainatın Yaradanı insanların Onu tapmasını və Onu tanımasını istəyir. Üstəlik, İsa Məsih davamçılarına demişdi: «Bütün xalqların içində şagird hazırlayın» (Mət. 28:19). Yehova Allahın köməyi ilə bu tapşırığı yerinə yetirmək mümkündür. Növbəti məqalədə bu işin müasir dövrdə necə yerinə yetirildiyini araşdıracağıq.