Kontentə keç

Mündəricatı göstər

Ağsaqqallar qardaşlara necə təlim verirlər?

Ağsaqqallar qardaşlara necə təlim verirlər?

«Məndən eşitdiyin... şeyləri sadiq adamlara əmanət et» (2 TİM. 2:2).

1. a) Allahın qədimdə yaşamış xidmətçiləri təlimlə bağlı nəyi bilirdilər və bu, bizim günlər üçün nəyə görə aktualdır? b) Bu məqalədə nəyi müzakirə edəcəyik?

ALLAHIN qədimdə yaşamış xidmətçiləri bilirdilər ki, təlim uğurun açarıdır. Məsələn, İbrahim peyğəmbər «döyüşməyi bacaran», yəni təlim almış qullarını götürüb Lutu xilas etməyə getmiş və zəfər çalmışdı (Yar. 14:14—16). Davud padşahın günlərində bəzi lavililər Allahın evində «Yehovaya məzmur oxumaq üçün təlim [almışdılar]» və onlar Yehova Allaha həmd-səna edirdilər (1 Saln. 25:7). Bu gün biz Şeytanla və onun tərəfdarları ilə ruhani müharibə aparırıq (Efes. 6:11—13). Eyni zamanda var gücümüzlə çalışırıq ki, Yehova Allahı mədh edək (İbr. 13:15, 16). Buna görə də Allahın keçmişdəki xidmətçiləri kimi uğur qazanmaq istəyiriksə, biz də təlim almalıyıq. Yehova yığıncaqda təlim vermək məsuliyyətini ağsaqqallara həvalə edib (2 Tim. 2:2). Təcrübəli ağsaqqallar qardaşlara yığıncağın qayğısına qalmaq üçün təlim verirlər. Bəs onlar hansı üsullardan istifadə edirlər?

ŞAGİRDİ RUHANİ CƏHƏTDƏN MÖHKƏMLƏNDİR

2. Şagirdə yeni şeylər öyrətməzdən qabaq ağsaqqal nə etsə yaxşı olardı və nə üçün?

2 Ağsaqqalı bağbanla müqayisə etmək olar. Bağban toxum əkməzdən əvvəl torpağın məhsuldarlığını artırmaq üçün ona gübrə vurur. Buna bənzər tərzdə, təcrübəsi az olan qardaşa nə isə öyrətməzdən əvvəl ağsaqqal onunla Müqəddəs Yazılardan bəzi fikirləri bölüşə bilər. Bu, həmin qardaşa kömək edəcək ki, öyrənəcəyi şeyləri yerinə yetirməyə hazır olsun (1 Tim. 4:6).

3. a) Şagirdlə söhbət edərkən İsanın Mark 12:29, 30 ayələrindəki sözlərindən necə istifadə etmək olar? b) Ağsaqqalın şagird üçün dua etməsinin ona hansı faydası ola bilər?

3 Padşahlıq haqda həqiqətin şagirdin düşüncələrinə və hərəkətlərinə nə dərəcədə təsir etdiyini bilmək üçün ondan soruşa bilərsən: «Yehova Allaha həsr olunmağın həyatına necə təsir edib?» Bu sualın sayəsində insanın bütün varlığı ilə xidmət etməsinin nə demək olduğu barədə maraqlı söhbət alına bilər. (Mark 12:29, 30 ayələrini oxuyun.) Söhbətin sonunda isə dua edib Yehovadan şagird üçün müqəddəs ruh diləyə bilərsən. Belə ki, axıracan təlim almaq üçün onun müqəddəs ruhun köməyinə ehtiyacı var. Qardaş da sənin onun üçün dua etdiyini görəndə çox ruhlanacaq!

4. a) Müqəddəs Kitabın hansı parçaları şagirdə ruhani cəhətdən inkişaf etməyə kömək edə bilər? Nümunə çəkin. b) Ağsaqqallar qardaşlara təlim verərkən məqsədləri nə olmalıdır?

4 Təlim verməyə başlayarkən şagirdə xidmətə hazır, etibarlı və təvazökar olmağın vacibliyini göstərmək üçün Müqəddəs Kitabdan bəzi parçaları onunla müzakirə et (1 Pad. 19:19—21; Nəh. 7:2; 13:13; Həv. 18:24—26). Torpaq üçün gübrə nə dərəcədə vacibdirsə, bu kimi keyfiyyətlər də şagird üçün o dərəcədə vacibdir. Bu keyfiyyətlər ruhani inkişafı sürətləndirir. Fransadan olan Jan-Klod adlı bir ağsaqqal deyir: «Təlim verərkən əsas məqsədim şagirdə ruhani düşüncəyə sahib olmağa kömək etməkdir. Fürsət düşəndə ona müəyyən ayələri oxuyuram ki, Allahın Kəlamındakı gözəllikləri görməsi üçün gözləri açılsın» (Zəb. 119:18). Bəs şagirdin ruhaniliyini daha necə möhkəmləndirmək olar?

MƏQSƏDLƏR VƏ SƏBƏBLƏR

5. a) Şagirdlə ruhani məqsədlər barədə danışmaq nəyə görə vacibdir? b) Ağsaqqallar yeniyetmələrə nəyə görə təlim verməlidir? (Haşiyəyə baxın.)

5 Şagirddən ruhani məqsədləri barədə soruş. Əgər heç bir məqsədi yoxdursa, ona qarşısına əlçatan məqsəd qoymağa kömək et. Bir vaxtlar öz qarşına qoyduğun hansısa bir ruhani məqsəd barədə danış və bu məqsədə çatanda necə sevindiyini bölüş. Bu üsul sadə görünsə də, çox effektivdir. Afrikada ağsaqqal və pioner kimi xidmət edən Viktor deyir: «Mən gənc olanda bir ağsaqqal mənə məqsədlərim barədə bir neçə sual vermişdi. Bu suallar məni xidmətim barədə ciddi düşünməyə təşviq etdi». Təcrübəli ağsaqqallar qardaşlara yeniyetmə yaşlarından təlim verməyin — onlara yığıncaqda yaşlarına uyğun işlər tapşırmağın vacibliyini vurğulayırlar. Bunun sayəsində yeniyetmələr müstəqil həyata qədəm qoyanda, habelə maneələrlə üzləşəndə ruhani məqsədlərə can atacaqlar *. (Zəbur 71:5, 17 ayələrini oxuyun.)

Verdiyin tapşırığın vacibliyini izah et, sonra isə yerinə yetirdiyinə görə qardaşı təriflə (5—8 abzaslara baxın)

6. İsanın təlim vermək üsulunda diqqətəlayiq məqam hansıdır?

6 Bundan başqa, şagirdə təkcə nə etməli olduğunu yox, həmçinin nə üçün etməli olduğunu izah etsən, bu da onun xidmətə həvəsini artıracaq. Hər hansı işi görməyin nə üçün vacib olduğunu deməklə sən Dahi Ustad İsanı təqlid etmiş olursan. Misal üçün, İsa Məsih həvarilərinə şagird hazırlamaq tapşırığını verməzdən əvvəl ona nə üçün itaət etməli olduqlarını demişdi: «Göydə və yerdə bütün hakimiyyət mənə verilib». Daha sonra isə əlavə etmişdi: «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın» (Mət. 28:18, 19). Bəs sən İsa kimi necə təlim verə bilərsən?

7, 8. a) Ağsaqqallar İsa kimi necə təlim verə bilərlər? b) Şagirdi tərifləmək nə üçün vacibdir? c) Hansı məsləhətlər təlim vermək işində ağsaqqallara kömək edə bilər? («Qardaşlara təlim verməyin üsulları» adlı çərçivəyə baxın.)

7 Şagirdə hansısa iş tapşıranda Müqəddəs Yazılar əsasında bu işin vacibliyini ona başa sal. Bununla ona Müqəddəs Kitab prinsipləri əsasında düşünməyə kömək edəcəksən. Misal üçün, tutaq ki, qardaşa Padşahlıq zalının girişində təmizliyin və təhlükəsizliyin qeydinə qalmağı tapşırmısan. Onda ona Titus 2:10 ayəsi əsasında izah edə bilərsən ki, gördüyü iş «Xilaskarımız Allahın təlimini» necə bəzəyir. Həmçinin şagirdi yığıncaqdakı yaşlılar haqda və gördüyü işin yaşlılara necə kömək edəcəyi barədə düşünməyə təşviq et. Qardaşa təlim verərkən bu cür söhbətlər etsən, o, qayda-qanunlar haqda yox, adamlar haqda düşünəcək. Etdiyi xidmətin bacı-qardaşlara necə fayda gətirdiyini görmək qardaşı sevindirəcək.

8 Həmçinin şagird verdiyin məsləhətlərə əməl edəndə onu tərifləməyi unutma. Bu, çox vacibdir! Su bitkini necə canlandırırsa, səmimi tərif də şagirdə elə qol-qanad verəcək. (Mətta 3:17 ayəsi ilə müqayisə edin.)

DİGƏR ÇƏTİNLİK

9. a) Varlı ölkələrdə ağsaqqallar hansı çətinliklə üzləşirlər? b) Nəyə görə bəzi gənclərin həyatında həqiqət birinci yerdə deyil?

9 Varlı ölkələrdə yaşayan ağsaqqallar digər bir çətinliklə də qarşılaşırlar. Belə ki, iyirmi-otuz yaşlarında olan qardaşlarda yığıncağın işlərinə maraq oyatmaq çətin olur. Biz təxminən 20 qərb ölkəsində xidmət edən təcrübəli ağsaqqallardan bəzi gənc qardaşların yığıncaqda üzərlərinə nəyə görə məsuliyyət götürmək istəmədiklərini soruşduq. Ən çox bu cavabı aldıq: onlardan bəzilərini uşaqlıqdan heç kim ruhani məqsədlərə can atmağa təşviq etməyib. Hətta bəziləri belə məqsədlərə meyilli olsalar da, valideynləri onları dünyəvi məqsədlərə yönəldib. Həqiqət heç vaxt bu gənclərin həyatında birinci yerdə olmayıb (Mət. 10:24).

10, 11. a) Ağsaqqal məsuliyyətlərə can atmayan qardaşa necə kömək edə bilər? b) Ağsaqqal belə qardaşla Müqəddəs Yazılardan hansı fikirləri müzakirə edə bilər və nə üçün? (Haşiyəyə baxın.)

10 Əgər qardaş məsuliyyətlərə can atmırsa, onun düşüncəsini dəyişmək üçün çoxlu güc sərf etmək və səbirli olmaq lazım gələcək. Bu, mütləq öz bəhrəsini verəcək. Bağban böyüyən ağacın gövdəsini yavaş-yavaş düzəldə bildiyi kimi, sən də bəzi qardaşlara məsuliyyətlərə münasibətlərini dəyişməli olduqlarını yavaş-yavaş başa sala bilərsən.

11 Bunun üçün qardaşla dostlaşmağa çalış. Ona yığıncağa lazım olduğunu başa sal. Sonra vaxtaşırı onunla müəyyən ayələri müzakirə et, həmçinin ona Yehova Allaha həsr olunması üzərində düşünməyə kömək et (Vaiz 5:4; Əşy. 6:8; Mət. 6:24, 33; Luka 9:57—62; 1 Kor. 15:58; 2 Kor. 5:15; 13:5). Ondan soruşa bilərsən: «Özünü Yehovaya həsr edəndə Ona nə söz vermişdin?» Növbəti sualları verərək onun ürəyinə təsir etməyə çalış: «Necə fikirləşirsən, sən vəftiz olan gün Yehova hansı hissləri keçirirdi?» (Məs. 27:11). «Bəs Şeytan nə hiss edirdi?» (1 But. 5:8). Unutma ki, Müqəddəs Kitabdan diqqətlə seçib oxuduğun ayələr qardaşa güclü təsir edə bilər *. (İbranilərə 4:12 ayəsini oxuyun.)

ŞAGİRDLƏR, SADİQ OLUN

12, 13. a) Əlyəsədə bir şagird kimi hansı əhval-ruhiyyə var idi? b) Yehova Əlyəsəni sadiqliyinə görə necə mükafatlandırdı?

12 Gənclər, yığıncağın sizin köməyinizə ehtiyacı var! Hansı əhval-ruhiyyə sizə xidmətdə uğur qazanmağa kömək edəcək? Gəlin bu suala cavab vermək üçün keçmişdə yaşamış bir şagirdin həyatından bəzi hadisələrə nəzər salaq.

13 Təxminən 3000 il bundan əvvəl İlyas peyğəmbər cavan Əlyəsəni ona xidmət etməyə dəvət etmişdi. Əlyəsə dərhal bu dəvəti qəbul etdi və yaşlı peyğəmbərə sədaqətlə nökərçilik etdi (2 Pad. 3:11). Əlyəsə təxminən altı il təlim alandan sonra İlyas peyğəmbər İsraildə işinin başa çatdığını ona bildirdi. İlyas peyğəmbər yaxşı təlim almış yoldaşına dedi ki, daha onun ardınca gəlməsin. Amma Əlyəsə üç dəfə İlyasa ondan ayrılmayacağını söylədi. O, öz ustadının yanında mümkün qədər çox olmaq istəyirdi. Yehova da sadiqliyinə və vəfalı olmasına görə Əlyəsəni mükafatlandırdı, ona İlyasın möcüzəvi şəkildə getməsini göstərdi (2 Pad. 2:1—12).

14. a) Təlim alan qardaşlar Əlyəsəyə necə oxşaya bilərlər? b) Nəyə görə şagirdlərin sadiq olması vacibdir?

14 Bəs siz Əlyəsəyə necə oxşaya bilərsiniz? Hər bir tapşırığı, hətta aşağı hesab ediləni belə dərhal qəbul edin. Müəlliminizə dost kimi baxın və sizin üçün çəkdiyi zəhməti qiymətləndirdiyinizi ona bildirin. Siz bu əhval-ruhiyyə ilə ona, sanki, deyirsiniz: «Səndən ayrılmayacağam». Ən vacibi, aldığınız hər bir tapşırığı sədaqətlə yerinə yetirin. Bu, nəyə görə vacibdir? Çünki siz sadiq və etibarlı olduğunuzu göstərdiyiniz təqdirdə ağsaqqallar əmin olacaqlar ki, Yehova sizə yığıncaqda əlavə məsuliyyətlər verilməsini istəyir (Zəb. 101:6; 2 Timutiyə 2:2 ayəsini oxuyun).

HÖRMƏT GÖSTƏRİN

15, 16. a) Əlyəsə öz müəlliminə hörmət etdiyini necə göstərdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Peyğəmbərlər Əlyəsəyə nəyə görə etibar etdilər?

15 İlyasın davamçısı olan Əlyəsənin nümunəsi həmçinin göstərir ki, qardaşların təcrübəli ağsaqqallara hörmət göstərməsi çox vacibdir. İlyasla Əlyəsə Ərihada bir dəstə peyğəmbərə baş çəkib İordan çayına tərəf getdilər. Çaya çatanda «İlyas paltarını çıxarıb bürmələdi və suya vurdu, sular ortadan ayrıldı». Onlar quru yerdən çayı keçəndən sonra «söhbət edə-edə» yollarına davam etdilər. Aydındır ki, Əlyəsə artıq hər şeyi bildiyini düşünmürdü. İlyasın yanında olduğu son dəqiqəyə kimi o, ustadının ağzından çıxan hər sözü ürəyinə həkk edirdi. Sonra İlyas qasırğanın içində göyə qalxdı. Bundan sonra Əlyəsə İordan çayına qayıtdı və İlyasın paltarını suya vurub dedi: «İlyasın Allahı Yehova haradadır?» Sular bu dəfə də ayrıldı (2 Pad. 2:8—14).

16 Diqqət yetirdinizsə, Əlyəsənin göstərdiyi ilk möcüzə İlyasın göstərdiyi sonuncu möcüzə ilə eyni idi. Bu, nədən xəbər verir? Əlyəsə düşünmürdü ki, artıq sükan onun əlindədir və o, dərhal dəyişiklik etməlidir. Əksinə, İlyasın qoyduğu yolla gedərək Əlyəsə müəlliminə hörmət etdiyini göstərdi. Elə buna görə də digər peyğəmbərlər ona etibar etdilər (2 Pad. 2:15). Əlyəsə peyğəmbər kimi xidmət etdiyi 60 il ərzində Yehovanın köməyi ilə İlyasdan daha çox möcüzə göstərdi. Bəs bu gün təlim alan qardaşlar bundan nə öyrənə bilərlər?

17. a) Bu gün şagirdlər Əlyəsəyə necə bənzəyə bilərlər? b) Gələcəkdə Yehova sadiq şagirdlərdən necə istifadə edə bilər?

17 Yığıncaqda bir qədər məsuliyyət alan kimi düşünməyin ki, mütləq dəyişiklik etməli, hər şeyi əvvəlkindən tamamilə fərqli etməlisiniz. Dəyişikliyin lazım olması sizin istəyinizə görə yox, yığıncağın tələbatlarına və Yehovanın təşkilatından gələn göstərişə əsasən müəyyən edilir. Əlyəsə öz hərəkətləri ilə digər peyğəmbərlərin etibarını qazandığı və İlyasın yolu ilə gedərək ona hörmət göstərdiyi kimi, siz də təcrübəli ağsaqqalların Müqəddəs Kitaba əsaslanan üsullarını tətbiq edərək onlara hörmət göstərə və iman bacı-qardaşlarınızın etibarını qazana bilərsiniz. (1 Korinflilərə 4:17 ayəsini oxuyun.) Şübhəsiz, təcrübəniz artdıqca Yehovanın irəliləyən təşkilatı ilə ayaqlaşması üçün yığıncaqda edilən dəyişikliklərdə sizin də rolunuz olacaq. Əlyəsə kimi, bu gün də təlim alan sadiq qardaşlar Yehovanın köməyi ilə öz müəllimlərindən daha böyük işlər görə bilərlər (Yəh. 14:12).

18. Nə üçün bu gün qardaşlara təlim vermək təcilidir?

18 Ümid edirik ki, bu və əvvəlki məqalədə olan məsləhətlər ağsaqqalları qardaşlara təlim vermək üçün vaxt ayırmağa təşviq etsin. Arzumuz budur ki, yararlı qardaşlar canla-başla təlim alsınlar, sonra isə öyrəndiklərini Yehovanın xalqının qayğısına qalmaq üçün ağılla tətbiq etsinlər. Belə olsa, dünyadakı bütün yığıncaqlar möhkəmlənəcək. Bu isə hər birimizə gələcəkdə olacaq mühüm hadisələr qarşısında sadiq qalmağa kömək edəcək.

^ abz. 5 Əgər gənc qardaş ruhani cəhətdən yetkindirsə, təvazökardırsa və Müqəddəs Yazılardakı başqa tələblərə cavab verirsə, hətta 20 yaşı olmasa belə, ağsaqqallar onun yığıncaq xidmətçisi olmasını tövsiyə edə bilərlər (1 Tim. 3:8—10, 12; «Gözətçi qülləsi»nin 1990-cı il 1 fevral sayının 23-cü səhifəsinə (rus.) baxın).

^ abz. 11 Qardaşla söhbətinə «Gözətçi qülləsi» jurnalının 2012-ci il 15 aprel sayının 14—16 səhifələrindəki 8—13 abzaslarında və «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 16-cı fəslindəki 1—3 abzaslarında olan fikirləri daxil edə bilərsən.