Kontentə keç

Mündəricatı göstər

Məsihin öyrətdiyi duaya uyğun yaşayın. I hissə

Məsihin öyrətdiyi duaya uyğun yaşayın. I hissə

«Qoy adın müqəddəs tutulsun» (MƏT. 6:9).

1. Xidmətdə Mətta 6:9—13 ayələrində yazılmış duadan necə istifadə edirik?

ELƏ insanlar var ki, Məsihin öyrətdiyi duanı əzbər bilir. Xidmət zamanı insanlara Allahın Padşahlığının real hökumət olduğunu, yer üzünü cənnətə çevirəcəyini başa salmaq üçün bu duanın sözlərinə istinad edirik. Yaxud da ki, bu duadakı ilk xahişi oxuyub göstəririk ki, Allahın adı var və bu ad müqəddəs tutulmalıdır (Mət. 6:9).

2. Haradan bilirik ki, İsa öyrətdiyi duanı hər dəfə sözbəsöz təkrar etməyimizi istəmirdi?

2 İsa nəzərdə tutmurdu ki, hər dəfə bu duanı əzbərdən, sözbəsöz təkrar etmək lazımdır. Bu duanı öyrətməzdən əvvəl İsa demişdi: «Dua edəndə... eyni sözləri təkrar-təkrar deməyin» (Mət. 6:7). Sonralar isə yenə də şagirdlərinə dua etməyi öyrədəndə o, bu duanı başqa sözlərlə ifadə etmişdi. (Luka 11:1—4). Beləcə, İsa Məsih nələr haqda dua etməyi bildirmiş, həmçinin xahişləri vacibliyinə görə sıralamışdı. Buna görə də demək olar ki, bu dua nümunə olaraq verilmişdi.

3. Məsihin öyrətdiyi duanı təhlil edərkən hansı suallar barədə düşünməliyik?

3 Bu və növbəti məqalədə bu duanın məzmununu təhlil edəcəyik. Oxuduqca özünüzdən soruşun: «Bu dua mənə öz dualarımı dolğunlaşdırmağa necə kömək edə bilər? Və ən əsası, mən bu duaya uyğun yaşayırammı?»

«GÖYLƏRDƏ OLAN ATAMIZ»

4. «Atamız» sözü bizə nəyi xatırladır və hansı mənada Yehova yer üzündə əbədi yaşamağa ümid edən məsihilərin Atasıdır?

4 Duada «Atam» yox, «Atamız» sözünün işlənməsi bizə xatırladır ki, biz bir-birini sidqi-ürəkdən sevən qardaşlığın üzvüyük (1 But. 2:17). Bu, çox böyük şərəfdir! Yehova Allahın oğulluğa götürdüyü, səmavi ümidə malik olan məsh olunmuş məsihilər Yehova Allaha sözün əsil mənasında «Ata» deyə müraciət edirlər (Rom. 8:15—17). Yer üzündə əbədi yaşamağa ümid edən məsihilər də Yehovanı «Ata» deyib çağıra bilərlər. Belə ki, Yehova onlara həyat verib, məhəbbətlə onların qayğısına qalır. Yerdə əbədi yaşamağa ümid edən məsihilər kamilliyə yetişdikdən və sonuncu sınaqdan üzüağ çıxdıqdan sonra sözün əsil mənasında Allahın övladları olacaqlar (Rom. 8:21; Vəhy 20:7, 8).

5, 6. Valideynlərin övladlarına ən gözəl hədiyyəsi nədir və hər bir övlad bu hədiyyəyə necə yanaşmalıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

5 Valideynlərin uşaqlarına ən böyük hədiyyəsi onlara dua etməyi və Yehovaya qayğıkeş səmavi Ata kimi baxmağı öyrətməkdir. Hal-hazırda Cənubi Afrikada rayon nəzarətçisi kimi xidmət edən bir qardaş deyir: «Qızlarım doğulan gündən, evdə olmadığım günlərdən başqa, hər gecə onlarla dua edirdim. İndi qızlarım deyir ki, həmin duaların sözləri yadlarında qalmasa da, o ab-havanı, Atamız Yehova ilə ünsiyyətin ülviliyini, daxili rahatlığı hələ də xatırlayırlar. Qızlar bir az böyüyəndə onlara ucadan dua etdirirdim ki, görüm Yehovaya nə barədə dua edirlər. Bu, mənim üçün, sanki, onların ürəyinə açılan bir pəncərə idi. Belə olanda duaları dolğun olsun deyə Məsihin öyrətdiyi duadakı əsas məqamları dualarına daxil etməyi onlara öyrədirdim».

6 Təəccüblü deyil ki, qardaşın balaca qızları ruhani cəhətdən çox yaxşı inkişaf etdilər. İndi onlar ailəlidirlər və həyat yoldaşları ilə birlikdə tammüddətli xidmətdədirlər. Bəli, valideynlərin övladlarına ən yaxşı hədiyyəsi onlara Yehova Allahla yaxın münasibət qurmağa kömək etməkdir. Amma bu dəyərli münasibəti qoruyub saxlamaq hər kəsin öz öhdəsinə düşür. Bunun üçün Allahın adını sevməyi, Ona dərin ehtiram bəsləməyi öyrənmək lazımdır (Zəb. 5:11, 12; 91:14).

«QOY ADIN MÜQƏDDƏS TUTULSUN»

7. Biz hansı şərəfə malikik və bu, bizim üzərimizə hansı məsuliyyəti qoyur?

7 Allahın adını bilmək, üstəlik, bu adı daşıyan xalq olmaq bizim üçün böyük şərəfdir (Həv. 15:14; Əşy. 43:10). Biz duada səmavi Atamızdan xahiş edirik: «Qoy adın müqəddəs tutulsun». Etdiyimiz bu xahiş bizi təşviq edir ki, Allahın müqəddəs adını ləkələyən sözlərdən və hərəkətlərdən uzaq durmaq üçün Ondan kömək istəyək. Biz birinci əsrdəki bəzi adamlara oxşamaq istəmirik. Belə ki, onların əməlləri təbliğ etdikləri şeylərə uyğun gəlmirdi. Həvari Bulus onlar haqda yazmışdı: «Sizə görə başqa xalqlar arasında Allahın adına küfr edilir» (Rom. 2:21—24).

8, 9. Yehova Onun adını müqəddəs tutmaq istəyənlərə necə kömək edir? Nümunə çəkin.

8 Biz Allahın adını müqəddəs tutmaq istəyirik. Norveçdən olan bir bacı ərinin vaxtsız ölümündən sonra ikiyaşlı oğlu ilə qalmışdı. Bacı deyir: «Çox çətin vaxtlar idi. Mən hər gün, hər saat dua edirdim ki, möhkəm qalım, ağılsız qərarımla, yaxud sədaqətsizliyimlə Şeytanın Yehovaya acıq verməsinə yol verməyim. Mən Allahın adını müqəddəs tutmaq istəyirdim. Həm də istəyirdim ki, oğlum cənnətdə atasına qovuşsun» (Məs. 27:11).

9 Yehova bacının dualarına cavab verdi. Həmimanlılarla tez-tez ünsiyyət etməyin bacıya böyük köməyi dəydi. Beş ildən sonra o, bir ağsaqqalla ailə qurdu. İndi onun oğlunun 20 yaşı var. O, vəftiz olunmuş qardaşdır. Bacı deyir: «Mən çox xoşbəxtəm ki, yoldaşım oğlumu böyütməyə mənə kömək etdi».

10. Allahın adının tam mənada müqəddəs tutulması üçün nə lazımdır?

10 Yehova Öz adının tam mənada müqəddəs tutulması və bütün tənələrdən təmizlənməsi üçün Onun hakimiyyətinə qarşı çıxanları aradan götürməlidir. (Hizqiyal 38:22, 23 ayələrini oxuyun.) Bundan sonra insanlar tədricən kamilliyə yetişəcəklər. O vaxt hamı Yehovanın adını müqəddəs tutacaq. Onda məhəbbətli səmavi Atamız «hər kəs üçün hər şey» olacaq. Həmin vaxtı necə də həsrətlə gözləyirik (1 Kor. 15:28).

«QOY PADŞAHLIĞIN GƏLSİN»

11, 12. XIX əsrin axırlarına yaxın əsil məsihilər nəyi başa düşdülər?

11 İsa göyə qalxmazdan əvvəl həvarilər ondan soruşmuşdu: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?» İsa cavabında onlara bildirmişdi ki, Allahın Padşahlığının nə vaxt idarə etməyə başlayacağını bilməyin hələ vaxtı deyil. O, şagirdlərinə diqqəti öz işlərinə, şahidlik işinə cəmləməyi tapşırmışdı. (Həvarilərin işləri 1:6—8 ayələrini oxuyun.) Bununla belə, İsa davamçılarına Allahın Padşahlığının gəlişini gözləməyi buyurmuşdu. Beləliklə, həvarilərin günlərindən bəri məsihilər Padşahlığın gəlməsi üçün dua edirlər.

12 Məsihin göydə padşahlıq edəcəyi vaxt yaxınlaşanda Yehova xalqına bunun nə vaxt baş verəcəyini anlamağa kömək etdi. 1876-cı ildə «Müqəddəs Kitab tədqiqatçısı» adlı jurnalda Çarlz Teyz Rassel qardaşın məqaləsi dərc olundu. «Başqa xalqların vaxtı nə vaxt bitəcək?» adlı bu məqalədə 1914-cü il haqqında əlamətdar il kimi danışılırdı. Dənyal peyğəmbərin bəhs etdiyi «yeddi dövr» Məsihin dediyi «xalqlara verilən vaxt»la əlaqələndirilirdi * (Dən. 4:16; Luka 21:24).

13. 1914-cü ildə nə baş verdi və o vaxtdan bəri dünya hadisələri nəyi təsdiq edir?

13 1914-cü ildə Avropada müharibə qopdu. Tezliklə bu müharibə bütün dünyanı cənginə aldı. 1918-ci ildə müharibənin sonuna yaxın dəhşətli aclıq baş verdi. Üstəlik, epidemiya halını alan qripdən ölənlərin sayı müharibədə həlak olanların sayını ötüb keçdi. Bununla da yer üzünün yeni Padşahı olan İsanın gözəgörünməz hüzurunun əlaməti yerinə yetməyə başladı (Mət. 24:3—8; Luka 21:10, 11). Çoxlu sübutlar göstərir ki, İsa Məsihə məhz 1914-cü ildə «tac verildi» və «o, zəfər çala-çala qələbəsini başa vurmaq üçün irəlilədi» (Vəhy 6:2). Məsih Şeytanla və cinlərlə müharibə edib onları göydən yerin hüdudlarına atdı. O vaxtdan bəşəriyyət bu sözlərin gerçək olduğunu görür: «Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:7—12).

14. a) Nəyə görə hələ də Allahın Padşahlığının gəlməsi barədə dua etmək vacibdir? b) Bizim öhdəmizə hansı vacib iş düşür?

14 Vəhy 12:7—12 ayələrindəki peyğəmbərlikdə izah edilir ki, nəyə görə İsa Məsih Allahın Padşahlığında Padşah olan kimi yer üzündə indiyədək ardı-arası kəsilməyən dəhşətli hadisələr baş verdi. Belə ki, İsa Məsih düşmənləri arasında hökmranlıq etməyə başladı. Nə qədər ki o, qələbəsini başa vurmayıb və yer üzündəki pisliklərə son qoymayıb, biz Allahın Padşahlığının gəlməsi barədə daima dua etməliyik. Eyni zamanda həmin duaya uyğun davranmalıyıq, yəni əlamətin ən möhtəşəm cəhətinin yerinə yetməsində iştirak etməliyik. İsa demişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mət. 24:14).

«QOY SƏNİN İRADƏN... YERDƏ DƏ YERİNƏ YETSİN»

15, 16. Biz Allahın iradəsinin yer üzündə yerinə yetməsi barədə etdiyimiz xahişə uyğun necə yaşaya bilərik?

15 Təxminən 6000 il qabaq Allahın iradəsi yer üzündə tam şəkildə yerinə yetirdi. Buna görə də Yehova demişdi: «Hər şey çox yaxşıdır» (Yar. 1:31). Ancaq sonra Şeytan üsyan etdi və o vaxtdan bəri yer üzündə az adam Allahın iradəsini yerinə yetirir. Lakin yaşadığımız dövrdə təxminən səkkiz milyon Şahid Allahın iradəsinin yerdə yerinə yetməsi üçün həm dua edir, həm də duasına uyğun yaşamağa çalışır. Onlar həm Allaha məqbul həyat yaşayırlar, həm də şagird hazırlamaq işində canla-başla iştirak edirlər.

Övladlarınıza Allahın iradəsinin yerdə yerinə yetməsi xahişinə uyğun yaşamağa kömək edirsiniz? (16-cı abzasa baxın)

16 Misal üçün, 1948-ci ildə vəftiz olunan və xüsusi təyinatlı müjdəçi kimi Afrikada xidmət etmiş bir bacı deyir: «İsanın öyrətdiyi duanın bu hissəsinə uyğun olaraq, mən tez-tez dua edirəm ki, Allahı axtaran bütün insanlar tapılsın və nə qədər ki gec deyil Yehova haqqında öyrənsin. Həmçinin kiməsə şahidlik verməzdən əvvəl dua edib Allahdan müdriklik istəyirəm ki, insanın ürəyinə yol tapa bilim. Eləcə də dua edirəm ki, Allahı axtaran insanlara göstərdiyimiz qayğının bəhrəsini görək». Səksən yaşlı bu bacının xidməti çox məhsuldar olub. O, dindaşlarının köməyilə bir çoxlarına Yehovanın Şahidi olmağa kömək edib. Bəli, bir çox bacı-qardaşlarımız ahıl yaşda olmalarına baxmayaraq, fədakarlıqla Allahın iradəsini yerinə yetirirlər. Bununla da onlar bizim üçün gözəl nümunə qoyurlar. (Filippililərə 2:17 ayəsini oxuyun.)

17. Yehovanın yer üzündə iradəsinin yerinə yetməsi üçün görəcəyi işlər barədə düşünəndə hansı hissləri keçirirsiniz?

17 Nə qədər ki Allahın Padşahlığının düşmənləri yer üzündən yox edilməyib, biz Allahın iradəsinin yerinə yetməsi barədə dua etməliyik. Cənnətdə milyardlarla insan diriləndə isə Allahın iradəsi daha çox yerinə yetəcək. İsa demişdi ki, «buna heyrət etməyin, çünki elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun [İsanın] səsini eşidəcək» və diriləcək (Yəh. 5:28, 29). İtirdiyimiz doğmalarımız diriləndə onları qarşılamaq necə də gözəl olacaq! Allah gözlərimizdən «bütün yaşları siləcək» (Vəhy 21:4). Dirilənlərin əksəriyyəti qeyri-salehlər olacaq. Bu, o insanlardır ki, Yehova Allah və Onun Oğlu haqqında həqiqəti bilmədən yaşayıb ölüblər. Biz onlara Allahın iradəsi və dirilənlərlə bağlı niyyəti barədə öyrədəcəyik və beləliklə, əbədi həyata layiq olmağa onlara kömək edəcəyik (Həv. 24:15; Yəh. 17:3).

18. Bəşəriyyətin ən böyük ehtiyacları hansılardır?

18 Yehovanın adı Onun Padşahlığı vasitəsilə müqəddəs tutulacaq və o zaman dünyada sülh və əmin-amanlıq bərqərar olacaq. Beləliklə, Məsihin öyrətdiyi duadakı üç xahişin tam yerinə yetməsilə bəşəriyyətin ən böyük ehtiyacları ödəniləcək. Bununla belə, bizim digər zəruri ehtiyaclarımız da var. Həmin duanın digər dörd xahişində bu ehtiyacların adı çəkilir. Bunlar barədə növbəti məqalədə danışacağıq.

^ abz. 12 Bu peyğəmbərliyin 1914-cü ildə Allahın Padşahlığının qurulması ilə necə yerinə yetdiyini öyrənmək üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» adlı kitabın 215—218 səhifələrinə baxın.