Kontentə keç

Mündəricatı göstər

Məsihin öyrətdiyi duaya uyğun yaşayın. II hissə

Məsihin öyrətdiyi duaya uyğun yaşayın. II hissə

«Atanız sizin nəyə ehtiyac duyduğunuzu... bilir» (MƏT. 6:8).

1-3. Bir bacı Yehovanın ehtiyaclarımızı bildiyinə necə əmin oldu?

LANA 2012-ci ilin yayında Almaniyada başına gələn hadisəni heç vaxt unutmur. O, Yehovanın onun iki xahişinə necə cavab verdiyini görmüşdü. Lana ilk xahişini qatarla hava limanına uzun yol gedərkən etmişdi. Yehovadan xahiş etmişdi ki, şahidlik verməsi üçün ona fürsət yaratsın. İkinci xahişini isə hava limanında uçuş vaxtının növbəti günə keçirildiyini biləndə etmişdi. Lana pulunun çoxunu xərclədiyini və qalmağa yeri olmadığını duasında Allaha demişdi.

2 Lana ikinci xahişini bitirər-bitirməz: «Salam, Lana. Sən burada nə edirsən?» — deyən bir səs eşitdi. Bu, onun keçmiş məktəb yoldaşı idi. O, anası və nənəsi ilə idi. Onlar onu Cənubi Afrikaya yola salmağa gəlmişdilər. Onun anası Elke Lananın vəziyyətini biləndə onu evlərinə dəvət etdi. Elke və anası Lanaya qonaqpərvərlik göstərdilər, əqidəsi və tammüddətli xidməti ilə bağlı suallar verdilər.

3 Növbəti gün yaxşı səhər yeməyindən sonra Lana onların Müqəddəs Kitabla bağlı başqa suallarına da cavab verdi və onlarla əlaqə saxlanılsın deyə, telefon nömrələrini və ünvanı götürdü. Lana sağ-salamat evinə qayıtdı. İndi o, öncül xidmətini davam etdirir. O, əmindir ki, bu hadisədə «duaları eşidən» Yehovanın əli var idi (Zəb. 65:2).

4. Hansı ehtiyacları nəzərdən keçirəcəyik?

4 Biz qəflətən hansısa problemlə üzləşəndə çəkinmədən dua edib Yehovadan kömək istəyirik. Yehova da sadiq bəndələrinin bu cür xahişlərinə məmnuniyyətlə cavab verir (Zəb. 34:15; Məs. 15:8). Ancaq Məsihin öyrətdiyi dua üzərində düşünsək, görəcəyik ki, bizim daha böyük ehtiyaclarımız var, amma, ola bilsin, bəzən onları nəzərdən qaçırırıq. Məsələn, gəlin görək Məsihin öyrətdiyi duanın son üç xahişində ruhani ehtiyaclarımız necə əks olunur. Eləcə də bugünlük ruzimizlə bağlı dördüncü xahişə uyğun yaşamaq üçün daha nə edə biləcəyimizi nəzərdən keçirək. (Mətta 6:11—13 ayələrini oxuyun.)

«BU GÜN BİZƏ BUGÜNLÜK RUZİMİZİ VER»

5, 6. Heç nədən korluq çəkməsək də, nəyə görə duada bugünlük ruzimizlə bağlı xahiş etmək vacibdir?

5 Diqqət yetirin ki, bu şəxsi xahişdə bugünlük «ruzimi» yox, «ruzimizi» deyilir. Afrikada rayon nəzarətçisi kimi xidmət edən Viktor qardaş deyir: «Mən tez-tez Yehovaya ürəkdən şükür edirəm ki, həyat yoldaşımla mən sabah nə yeyəcəyimiz, kirayə haqqını necə ödəyəcəyimizlə bağlı ciddi narahatçılıq keçirmirik. Bacı-qardaşlar hər gün qeydimizə qalırlar. Mən də bu bacı-qardaşların maddi çətinliklərin öhdəsindən gəlmələri üçün dua edirəm».

6 Əgər biz heç nədən korluq çəkmiriksə, onda kasıb, yaxud fəlakətlə üzləşən bacı-qardaşlarımız barədə düşünə bilərik. Onlar üçün sadəcə dua etməməliyik, həm də dualarımıza uyğun davranmalıyıq. Məsələn, korluq çəkən dindaşlarımıza yardım əlimizi uzada bilərik. Həmçinin ümumdünya təbliğ işi üçün müntəzəm şəkildə könüllü ianələr edə bilərik, çünki bilirik ki, bu ianələr ağılla xərclənir (1 Yəh. 3:17).

7. İsa nümunə əsasında necə göstərdi ki, sabahkı gün üçün narahat olmamalıyıq?

7 Gündəlik ruzimiz deməklə İsa Məsih, ehtimal ki, zəruri ehtiyaclarımızı nəzərdə tuturdu. Allahın çöldə bitən gülləri geyindirdiyini söyləyəndən sonra o demişdi: «Ey az imanlılar, məgər sizi geyindirməyəcək? Buna görə də... “nə geyəcəyik?” deyə heç vaxt narahat olmayın». Sonda isə bu vacib məsləhəti təkrarlamışdı: «Heç vaxt sabahkı gün üçün narahat olmayın» (Mət. 6:30—34). Bu göstərir ki, biz malpərəst olmamalıyıq, yalnız zəruri, gündəlik ehtiyaclarımızı düşünməliyik. Bu ehtiyaclara ev, ailəni dolandırmaq üçün iş və düzgün müalicə daxildir. Amma təkcə bu kimi şeylərə görə dua etmək düzgün olmazdı. Bizim ruhani ehtiyaclarımız da var, bunlar isə daha vacibdir.

8. İsanın gündəlik ruzidən danışması bizə hansı vacib ehtiyacımızı xatırlatmalıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

8 İsanın gündəlik ruzidən danışması bizə ruhani qidaya ehtiyac duyduğumuzu xatırlatmalıdır. O demişdi: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır» (Mət. 4:4). Buna görə də biz Yehovanın vaxtlı-vaxtında bizə ruhani qida verməsi üçün daima dua etməliyik.

«GÜNAHLARIMIZI BAĞIŞLA»

9. Günahlarımız hansı mənada borcdur?

9 İsa demişdi: «Günahlarımızı [hərfən: borclarımızı] bağışla» (Mət. 6:12; Luka 11:4). «Gözətçi qülləsi» jurnalında təxminən altmış il əvvəl bu fikir çox gözəl izah olunmuşdu: «Allahın qanununu pozanda biz Ona borclu oluruq... Günahımızın əvəzində Allah bizim həyatımızı ala bilər... Allah Onunla olan bütün münasibətlərimizə son qoyub, bizi Öz sülhündən məhrum edə bilər... Biz Ona məhəbbət borcluyuq. Bu məhəbbət itaətkarlıqda özünü göstərməlidir. Biz günah edəndə Allaha olan məhəbbət borcumuz ödənilməmiş qalır. Belə ki, günah məhəbbətdən uzaq hərəkətdir» (1 Yəh. 5:3).

10. Yehova günahlarımızı nəyin əsasında bağışlayır və bu, bizə necə təsir etməlidir?

10 Bizim hər gün bağışlanmağa ehtiyac duymağımız Məsihin fidyə qurbanlığını vurğulayır. Bu, Allahın günahlarımızın üstündən keçməsi üçün yeganə hüquqi əsasdır. Fidyə təxminən 2000 il bundan qabaq ödənilsə də, biz bunu bu gün verilən ənam kimi qiymətləndirməliyik. Həyatımızın fidyəsi elə «bahadır» ki, qeyri-kamil insanların bizim üçün etdiyi heç bir şey onu ödəyə bilməz. (Zəbur 49:7—9; 1 Butrus 1:18, 19 ayələrini oxuyun.) Həqiqətən də, biz bu böyük hədiyyəyə görə Yehova Allaha həmişə şükür etməliyik. Həmçinin «günahlarım» yox, «günahlarımız» sözü göstərir ki, bacı-qardaşlarımızın da fidyəyə ehtiyacı var. Aydındır ki, Yehova təkcə özümüzün yox, başqalarının da, hətta bizə qarşı günah edənlərin də ruhani rifahını düşünməyimizi istəyir. Adətən, bizə qarşı edilən günahlar elə də böyük olmur. Biz bu vaxt göstərə bilərik ki, dindaşlarımızı həqiqətən də sevirik və Allah mərhəmət göstərib bizi bağışladığı kimi, biz də onları bağışlamağa hazırıq (Kol. 3:13).

Allahın sizi bağışlamasını istəyirsinizsə, siz də başqalarını bağışlayın (11-ci abzasa baxın)

11. Nəyə görə bağışlamaq vacibdir?

11 Təəssüflər olsun ki, biz qeyri-kamillikdən irəli gələrək bəzən bir-birimizə kin saxlayırıq (Lav. 19:18). Əgər bu barədə başqalarına danışsaq, onlar bizim tərəfimizi tuta bilərlər və nəticədə yığıncaqda parçalanma yarana bilər. Bu vəziyyətin qarşısını almasaq, Allahın mərhəmətini və fidyəni dəyərləndirmədiyimizi göstərəcəyik. Əgər biz başqalarını bağışlamırıqsa, onda Atamız da Oğlunun qurbanlığının dəyərini daha bizə tətbiq etməyəcək (Mət. 18:35). İsa Məsih öyrətdiyi duadan dərhal sonra bu fikri aydın şəkildə demişdi. (Mətta 6:14, 15 ayələrini oxuyun.) Ən nəhayət, Allahın bizi bağışlaması üçün ciddi günahdan qaçmalıyıq. Günahdan qaçmaq istəyimiz bizi növbəti xahişə yönəldir (1 Yəh. 3:4, 6).

«QOYMA YOLUMUZU AZAQ»

12, 13. a) İsa vəftiz olunandan az sonra nə baş verdi? b) Yolumuzu azdıqda məsuliyyət kimin boynuna düşür? c) İsa ölənədək sadiq qalmaqla nəyi sübut etdi?

12 İsa Məsihin öyrətdiyi duada növbəti xahiş budur: «Qoyma yolumuzu azaq». İsa vəftiz olunduqdan dərhal sonra onunla baş verən hadisə bu xahişi başa düşməyə kömək edir. Allahın ruhu İsanı çöllüyə aparmışdı ki, «İblis onu imtahana çəksin» (Mət. 4:1; 6:13). Əgər Allahın Öz Oğlunu yer üzünə göndərməsinin əsas səbəbini dərk ediriksə, bu, bizi təəccübləndirməyəcək. Əsas səbəb Adəmlə Həvva Allahın hakimiyyətini rədd edərkən meydana çıxan məsələni həll etmək idi. Qaldırılan sualların həlli üçün vaxt tələb olunurdu. Məsələn, növbəti suallar yaranmışdı: Allah insanı qüsurlu yaratmışdı? Şəririn hücumlarına rəğmən, kamil insanın Allahın hakimiyyətinə tabe olması mümkündürmü? Bəşəriyyət, Şeytanın iddia etdiyi kimi, Allahın rəhbərliyi altında olmadan daha xoşbəxt yaşayacaq? (Yar. 3:4, 5). Bu kimi suallara aydınlıq gətirilməsi üçün vaxt tələb olunurdu. Amma bunun sayəsində bütün şüurlu varlıqlar görəcəkdi ki, Yehova Öz hakimiyyətini insanların xeyrini düşünərək icra edir.

13 Yehova müqəddəsdir, O, heç vaxt heç kimi pislik etmək üçün yoldan çıxarmır. Əksinə, İblis buna çalışır (Mət. 4:3). İblis bizi yoldan çıxarmaq üçün müxtəlif vəziyyətlər yarada bilər. Bununla belə, yolunu azıb-azmamaq hər kəsin öz əlindədir. (Yaqub 1:13—15 ayələrini oxuyun.) İsaya gəldikdə, o, Allahın Kəlamından yerinə düşən sitatlar gətirərək İblisin hər bir təklifini dərhal rədd etdi. Bununla da İsa Allahın adil hakimiyyətinə sadiq qaldı. Amma Şeytan əl çəkmək fikrində deyildi. Belə ki, o, «başqa bir fürsət tapana qədər» gözlədi (Luka 4:13). İsa isə onun nöqsansızlığını sarsıtmaq istəyən Şeytanın bütün cəhdlərinə usanmadan qarşı durdu. Bəli, Məsih Yehovanın hakimiyyətinin haqq olduğunu müdafiə etdi və sübut etdi ki, kamil insan ən şiddətli sınaq qarşısında da sadiq qala bilər. Lakin Şeytan, siz də daxil olmaqla, İsanın bütün davamçılarını öz toruna salmağa çalışır.

14. Günaha yol verməmək üçün biz nə etməliyik?

14 Yehovanın hakimiyyəti ilə bağlı qaldırılan məsələ hələ də gündəmdədir. Buna görə də Yehova İblisə izin verib ki, bu dünyadan istifadə edib bizi imtahana çəksin. Deməli, bizi imtahana çəkən Allah deyil. Əksinə, O, bizə inanır və bizə kömək etmək istəyir. Ancaq Yehova iradə azadlığımıza hörmət etdiyindən günah edib-etməmək ixtiyarını özümüzə verir. Buna görə də biz iki sahədə əlimizdən gələni etməliyik: ruhani cəhətdən ayıq-sayıq qalmalıyıq və daim dua etməliyik. Bəs Yehova dualarımıza necə cavab verir?

Ruhani cəhətdən möhkəm qalın və xidmətdə fəal olun (15-ci abzasa baxın)

15, 16. a) Özümüzü nələrdən qorumalıyıq? b) İşlədiyimiz günaha görə kim məsuliyyət daşıyır?

15 Yehova bizə qüdrətli müqəddəs ruhunu verir, bu isə günaha qarşı durmaq üçün bizi gücləndirir. Allah həmçinin Öz Kəlamı və yığıncaq vasitəsilə hansı vəziyyətlərdən qaçmalı olduğumuz barədə xəbərdarlıq edir. Məsələn, bizi vaxtımızı, pulumuzu və gücümüzü dünyanın fani işlərinə sərf etməkdən çəkindirir. Espen və Yani Avropanın varlı ölkələrindən birində yaşayır. Uzun illər onlar öz ölkələrinin tələbat olan bir guşəsində öncül kimi xidmət ediblər. Uşaqları olanda onlar bu xidməti saxlamalı oldular. İndi onların iki uşağı var. Espen deyir: «Biz indi ruhani işlərə əvvəlki qədər vaxt ayıra bilmirik. Ona görə də hey Yehovaya dua edirik ki, Şeytana uymayaq. Yehovadan xahiş edirik ki, ruhani cəhətdən möhkəm qalmağa və xidmətdən soyumamağa bizə kömək etsin».

16 Müasir dövrdə Şeytanın bəlalarından biri də pornoqrafiyadır. Əgər biz belə günaha yol vermişiksə, bunda Şeytanı günahlandıra bilmərik. Çünki Şeytan və onun dünyası bizi öz iradəmizə zidd olaraq nə isə etməyə məcbur edə bilməz. Bəziləri ədəbsiz şeylər barədə düşünərək bu tələyə düşmüşlər. Lakin minlərlə bacı-qardaşımız kimi, biz də bu günaha qarşı dura bilərik (1 Kor. 10:12, 13).

«BİZİ ŞƏRİRDƏN XİLAS ET»

17. a) Şərirdən xilas olmaq xahişinə uyğun necə yaşaya bilərik? b) Qarşıda nə gözlənilir?

17 «Bizi Şərirdən xilas et» xahişinə uyğun yaşamaq üçün biz Şeytanın dünyasına məxsus olmamalı, Şeytanın dünyasını və dünyadakı şeyləri sevməməliyik (Yəh. 15:19; 1 Yəh. 2:15—17). Bunun üçün daima mübarizə aparmaq lazımdır. Vaxt gələcək Yehova bu xahişimizə cavab olaraq Şeytanı aradan götürəcək və onun şər dünyasını yox edəcək. Onda biz rahat nəfəs alacağıq. Amma unutmamalıyıq ki, Şeytan yerə atılanda vaxtının az olduğunu bilirdi. Buna görə də qəzəbdən alışıb yanırdı. O vaxtdan Şeytan əlindən gələni edir ki, biz Allaha asi çıxaq. Odur ki, bu düşməndən xilas olmaq üçün daima dua etməliyik (Vəhy 12:12, 17).

18. Şeytan dünyası ilə birlikdə məhv olmamaq üçün nə etməliyik?

18 Həmin vaxtın gəlməsini arzulayırsınız? Onda Allahın Padşahlığının Allahın adını müqəddəs tutması və iradəsini yerdə yerinə yetirməsi üçün dua edin. Yehovadan ruhani və maddi ehtiyaclarınızı təmin etməsini diləyin. Bəli, Məsihin öyrətdiyi duaya uyğun yaşamağa əzmli olun.