Kontentə keç

Mündəricatı göstər

Ruhani cənnəti genişləndirək

Ruhani cənnəti genişləndirək

«Ayağımçün olan yeri ehtişamlı edəcəyəm» (ƏŞY. 60:13).

NƏĞMƏ: 102, 75

1, 2. Tövratda «kətil» sözü nələrə aid işlənir?

YEHOVA ALLAH nida etmişdi: «Göylər Mənim taxtımdır, yer ayağım altındakı kətildir» (Əşy. 66:1). Öz «kətili» haqda Yehova həmçinin bildirmişdi: «Ayağımçün olan yeri ehtişamlı edəcəyəm» (Əşy. 60:13). Yehova bunu necə edir? Allahın «kətilində» yaşayan bizlər üçün bu, hansı mənanı kəsb edir?

2 Tövratda kətil sözü yerə aid işlənməklə yanaşı, həm də məcazi mənada qədim İsraildəki məbədi bildirir (1 Saln. 28:2; Zəb. 132:7). Yerdə yerləşən bu məbəd həqiqi ibadətin mərkəzi idi. Bu səbəbdən bu məbəd Yehovanın gözündə sözün əsil mənasında gözəl idi və onun mövcudluğu Yehovanın ayağı üçün olan yeri ehtişamlı edirdi.

3. Yehovanın böyük ruhani məbədi nədir və o, nə vaxt peyda oldu?

3 Bəs bu gün həqiqi ibadətin mərkəzi haradır? Bu, yer üzündə tikilmiş hansısa bir məbəd yox, ruhani məbəddir. Bu məbəd isə Yehovanı istənilən tikilidən qat-qat artıq şərəfləndirir. Ruhani məbəd İsa Məsihin kahinliyi və qurbanlığı vasitəsilə bəşəriyyəti Allahla barışdıran tədbirdir. Bu məbəd eramızın 29-cu ilində İsa vəftiz olunub Yehovanın böyük ruhani məbədinin Baş kahini kimi məsh olunan zaman peyda oldu (İbr. 9:11, 12).

4, 5. a)  Yehovanın xidmətçilərinin ən ümdə arzusu 99-cu məzmurda necə təsvir olunur? b) Biz özümüzə hansı sualı verməliyik?

4 Biz ruhani məbədə görə Yehovaya son dərəcə minnətdarıq. Buna görə də Yehovanın adını, mərhəmətlə verdiyi fidyəni aləmə car çəkərək Onu mədh edirik. Bəli, bu gün dünyada səkkiz milyondan çox həqiqi məsihi gecə-gündüz Yehovanın ehtişamını bəyan edir! Başqa dinlərin üzvləri yanlış olaraq düşünürlər ki, onlar Allahı göyə gedəndə mədh edəcəklər. Ancaq onlardan fərqli olaraq, Yehovanın Şahidləri dərk edirlər ki, Allahı indi burada, yer üzündə mədh etmək lazımdır.

5 Ona görə də biz Zəbur 99:1—3, 5—7 ayələrində haqqında bəhs edilən mömin insanların nümunəsini izləyirik. (Ayələri oxuyun.) Həmin məzmurda göstərildiyi kimi, Musa, Harun və İşmuil öz dövrlərində Allahın həqiqi ibadət üçün gördüyü tədbiri tam dəstəkləyirdilər. Müasir dövrdə isə məsh olunmuş məsihilər İsa ilə birlikdə kahin olmaq üçün göyə getməzdən əvvəl ruhani məbədin yerdəki həyətində sədaqətlə xidmət edirlər. Milyonlarla «başqa qoyunlar» onlara dayaq olurlar (Yəh. 10:16). Bu iki qrupdan olan insanların ümidi müxtəlif olsa da, onlar vəhdət içində burada, Yehovanın kətilində Ona ibadət edirlər. Ancaq yaxşı olar ki, hər birimiz özümüzdən soruşaq: «Mən Yehovanın həqiqi ibadət üçün olan tədbirini tam dəstəkləyirəm?»

ALLAHIN RUHANİ MƏBƏDİNDƏ XİDMƏT EDƏNLƏR MÜƏYYƏNLƏŞİR

6, 7. Birinci əsrdə məsihi yığıncağında hansı problem baş qaldırdı və əsrlər sonra nəyə lüzum yarandı?

6 Məsihi yığıncağının təsis edilməsinin üstündən heç bir əsr keçməmişdi ki, qabaqcadan deyilmiş dönüklük yayılmağa başladı (Həv. 20:28—30; 2 Salon. 2:3, 4). Beləcə, ruhani məbəddə Allaha həqiqətən xidmət edənləri müəyyənləşdirmək get-gedə çətinləşdi. Əsrlər sonra Yehova taxta çıxmış İsa Məsih vasitəsilə kimin kim olduğuna aydınlıq gətirdi.

7 1919-cu ildə kimlərin Yehovanı razı saldığı və Onun ruhani məbədində xidmət etdiyi artıq tam müəyyənləşmişdi. Onlar ruhani cəhətdən təmizlənmişdilər ki, Allaha daha məqbul şəkildə xidmət edə bilsinlər (Əşy. 4:2, 3; Məl. 3:1—4). Əsrlər öncə həvari Bulusun gördüyü görüntü kiçik miqyasda həyata keçməyə başladı.

8, 9. Həvari Bulusun görüntüdə gördüyü cənnəti nələrə aid etmək olar?

8 Həvari Bulusun gördüyü görüntü 2 Korinflilərə 12:1—4 ayələrində təsvir olunub. (Ayələri oxuyun.) Bulus gördüyü fövqəlbəşər görüntünü vəhy adlandırmışdı. Bu vəhy onun günlərinə yox, gələcəyə aid idi. Həvari Bulus «üçüncü göyə» aparılarkən orada «cənnət» görmüşdü. Bəs bu, hansı cənnət idi? Bulusun bəhs etdiyi cənnət yerdəki cənnəti, ruhani cənnəti və göydəki cənnəti bildirirdi. Gələcəkdə bunların üçü də eyni vaxtda mövcud olacaq. Bulusun gördüyü cənnəti gələcəkdə yer üzündə olacaq cənnətə aid etmək olar (Luka 23:43). Bunu həmçinin yeni dünyada tam mənada yaşanacaq ruhani cənnətə də şamil etmək olar. Bundan əlavə, bu cənnəti «Allahın cənnəti»nə, yəni səmavi aləmdə Yehovanın dərgahındakı mübarək mühitə aid etmək olar (Vəhy 2:7).

9 Bəs nəyə görə həvari Bulus «dilə gətirilməsi, deyilməsi yasaq olan sözlər» eşitdiyini demişdi? Çünki həmin vaxt onun vəhydə gördüyü heyrətamiz şeyləri təfərrüatı ilə izah etməyin vaxtı deyildi. Lakin bu gün Allahın xalqının sahib olduğu nemətlərdən danışmaq olar.

10. Nəyə görə ruhani cənnət və ruhani məbəd eyni mənanı daşımır?

10 Biz «ruhani cənnət» ifadəsini tez-tez işlədirik. Bu ifadə Allahla və dindaşlarımızla sülhdə olmağa yol açan nadir, ruhani nemətlərlə zəngin vəziyyətimizi təsvir edir. Amma elə nəticəyə gəlməməliyik ki, ruhani cənnət və ruhani məbəd eyni şeydir. Ruhani məbəd Allahın həqiqi ibadət üçün gördüyü tədbirdir. Ruhani cənnətin sayəsində isə kimlərin Allahı razı saldığı və kimlərin bu gün Onun ruhani məbədində xidmət etdiyi müəyyənləşir (Məl. 3:18).

11. Bu gün ruhani cənnətlə bağlı hansı şərəfə layiq görülmüşük?

11 Yehovanın 1919-cu ildən qeyri-kamil bəndələrinə yer üzündə ruhani cənnəti becərmək, möhkəmləndirmək və genişləndirmək işində Onunla birgə çalışmağa izin verməsi böyük şərəfdir. Bu gözəl işdə sən də iştirak edirsən? Məgər bu şərəf səni təşviq etmir ki, Yehovanın ayağı üçün olan yeri ehtişamlı etmək işində bundan sonra da Onunla birgə çalışasan?

YEHOVANIN TƏŞKİLATI DAHA DA GÖZƏLLƏŞİR

12. Əşiya 60:17 ayəsindəki peyğəmbərliyin yerinə yetməsini nə sübut edir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

12 Yehovanın təşkilatının yerdəki hissəsində baş verən möhtəşəm dəyişikliklər barədə Əşiya 60:17 ayəsində qabaqcadan xəbər verilmişdi. (Ayəni oxuyun.) Gənclər, yaxud həqiqətə təzəlikcə gələnlər bu dəyişikliklər barədə ya oxuyublar, ya da başqalarından eşidiblər. Amma bunların şəxsən şahidi olan bacı-qardaşlarımız da az deyil. Onlar əmindirlər ki, Yehova taxtda oturan Padşah İsa vasitəsilə Öz təşkilatına rəhbərlik edir. Onların bu əminliyinin tam əsası var. Bu cür əminlik bizdə də var. Bu bacı-qardaşların ruhlandırıcı söhbətləri sənin imanını möhkəmləndirə və Yehovaya etibarını artıra bilər.

13. Zəbur 48:12—14 ayələri üzərimizə hansı məsuliyyəti qoyur?

13 Həqiqətdə olduğumuz müddətdən asılı olmayaraq, hər birimiz Yehovanın təşkilatı barədə başqalarına danışmalıyıq. Belə bir şər, murdar, zalım dünyada ruhani cənnətin mövcudluğu əsil möcüzədir. Yehovanın təşkilatında, yəni «Sion»da baş verən möhtəşəm işləri və ruhani cənnətlə bağlı həqiqəti canla-başla gələcək nəsillərə ötürməliyik. (Zəbur 48:12—14 ayələrini oxuyun.)

14, 15. Təşkilatda 1970-ci illərdə hansı dəyişiklik edildi və bu, nəyə görə faydalı oldu?

14 Aramızda olan yaşlılar Yehovanın təşkilatının yerdəki hissəsini daha da gözəlləşdirən dəyişikliklərin bəzilərinin şahidi olmuşlar. Onların yadındadır ki, bir vaxtlar yığıncaqda ağsaqqallar şurası yox, yığıncaq xidmətçisi, ölkələrdə filial komitəsi yox, filial xidmətçisi olurdu. Göstərişləri Yehovanın Şahidlərinin yaxşı tanınan Rəhbərlik Şurası yox, Gözətçi Qülləsi Cəmiyyətinin prezidenti verirdi. Düzdür, bu sadiq qardaşların həmişə köməkçiləri olurdu, amma yenə də yığıncaqlarda, filialda və baş idarədə qərarları, əsasən, bir nəfər verirdi. 1970-ci illərdə edilən dəyişikliklərdən sonra nəzarət işi artıq bir nəfərin yox, ağsaqqallardan ibarət komitələrin öhdəsinə düşür.

15 Bu dəyişikliklərin böyük faydası olub. Əslində bu, belə də olmalı idi. Belə ki, Müqəddəs Kitabda qoyulan ənənə getdikcə daha yaxşı başa düşülürdü və buna uyğun olaraq da dəyişikliklər edilirdi. Artıq əsas rolu bir nəfər oynamır. Yehovanın təqdim etdiyi «insan timsalında hədiyyələr»in hamısının gözəl keyfiyyətləri bir yerdə təşkilata fayda gətirir (Efes. 4:8; Məs. 24:6).

Yehova dünyanın hər yerində yaşayan insanlara möhtac olduqları rəhbərliyi təqdim edir (16 və 17-ci abzasa baxın)

16, 17. Son dəyişikliklərdən hansı sənə xüsusilə xoş təsir bağışlayır və nə üçün?

16 Yaxud götürək bu yaxınlarda edilən dəyişiklikləri. Məsələn, nəşrlərimizin görünüşündə, məzmununda və ya paylanma üsullarında dəyişikliklər edilib. Praktiki, gözoxşayan nəşrləri təbliğ vaxtı insanlara təklif etmək bizə böyük məmnunluq gətirir. Habelə, biz Yehova kimi, insanların qayğısına qaldığımızı göstərərək həqiqəti yaymaq üçün son texnologiyadan, məsələn, jw.org saytından istifadə edirik. Beləcə, dünyanın hər yerində yaşayan insanlara möhtac olduqları ilahi rəhbərliyi təqdim edirik.

17 Həmçinin ailəvi ibadət axşamı keçirməyə və ya daha çox mütaliə etməyə imkan verən dəyişikliyin də nə qədər yerinə düşdüyünü unutmamalıyıq. Bundan başqa, böyük toplantıların proqramı da mükəmməlləşir. Biz tez-tez deyirik ki, ildən-ilə toplantılarımız daha da maraqlı olur. Təşkilatımızdakı çoxsaylı məktəblərdə daha çox ilahi təlim verilməsi də, sözsüz ki, bizi sevindirir. Bütün bu dəyişikliklərdə Yehovanın əli aydın görünür. Bəli, Yehova Allah Öz təşkilatını və ruhani cənnəti günü-gündən gözəlləşdirir.

RUHANİ CƏNNƏTİN GENİŞLƏNMƏSİNƏ SƏNİN TÖHFƏN

18, 19. Ruhani cənnətin gözəlləşməsinə necə töhfə verə bilərik?

18 Yehovanın bizə ruhani cənnətimizi gözəlləşdirməyə izin verməsi böyük şərəfdir. Biz bunu Padşahlıq haqda müjdəni canla-başla təbliğ etməklə və daha çox şagird hazırlamaqla edirik. Hər dəfə kiməsə həyatını Yehovaya həsr etməyə kömək edəndə ruhani cənnətin sərhədlərini genişləndiririk (Əşy. 26:15; 54:2).

19 Biz öz xasiyyətimizi durmadan yaxşılaşdırmaqla da ruhani cənnətin gözəlləşməsinə töhfə veririk. Bununla, bu cənnəti kənardan baxanlar üçün daha da cəlbedici edirik. Çox vaxt elə olur ki, insanları Allahın təşkilatına, Allaha və Məsihə Müqəddəs Kitab xəbərindən çox, bizim təmizliyimiz, sülhpərvərliyimiz cəlb edir.

Sən ruhani cənnətin sərhədlərinin genişlənməsinə öz töhfəni verə bilərsən (18 və 19-cu abzasa baxın)

20. Məsəllər 14:35 ayəsini nəzərə alsaq, arzumuz nə olmalıdır?

20 Gözəl ruhani cənnətimizi görmək Yehovanı və İsanı çox sevindirir. Bu gün onu gözəlləşdirməkdən duyduğumuz sevinc gələcəkdə yeri cənnətə çevirərkən duyacağımız sevincin yanında, sanki, bir damladır. Gəlin Məsəllər 14:35 ayəsindəki sözləri heç vaxt yadımızdan çıxarmayaq: «Padşah ağıllı qulundan razı qalar». Ruhani cənnətin gözəlləşməsinə töhfə verərkən gəlin həmişə ağılla davranaq.