Kontentə keç

Mündəricatı göstər

Allahın Padşahlığına sadiq qalın!

Allahın Padşahlığına sadiq qalın!

«Onlar... dünyaya məxsus deyillər» (YƏH. 17:16).

NƏĞMƏ: 63, 129

1, 2. a) Nəyə görə məsihilər üçün Allaha sadiq qalmaq vacib məsələdir və bu, bitərəfliklə necə bağlıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Bir çox insanlar nələrə sadiq qalırlar və bu, nə ilə nəticələnir?

SADİQLİK və bitərəflik yalnız müharibə dövründə yox, həmişə həqiqi məsihilər üçün vacib məsələ olaraq qalır. Çünki özünü Yehova Allaha həsr etmiş hər kəs Onu sevəcəyinə, sadiq qalacağına və itaət edəcəyinə söz verib (1 Yəh. 5:3). Harada yaşamağımızdan, mənşəyimizdən, milliyyətimizdən və mədəniyyətimizdən asılı olmayaraq, biz Allahın tələblərinə uyğun yaşamaq istəyirik. Yehova Allaha və Onun Padşahlığına sadiqlik hər şeydən vacibdir (Mət. 6:33). Buna görə də məsihilər bu dünyada olan bütün münaqişələrdən və mübahisələrdən uzaq dururlar (Əşy. 2:4; Yəhya 17:11, 15, 16 ayələrini oxuyun).

2 İmanımıza şərik olmayan insanlar öz vətənlərinə, bölgələrinə, mədəniyyətlərinə və hətta öz milli idman komandalarına xüsusi sədaqət bəsləyirlər. Bu cür sədaqət rəqabətə, bəzən isə qətlə, qırğına gətirib çıxarır. İnsanların belə məsələləri həll etmə üsulu bizə və ya əzizlərimizə, pis-yaxşı, necəsə təsir göstərə bilər. Çünki biz bu cəmiyyətin bir hissəsiyik və bundan heç yana qaça bilmərik. Allah insanı elə yaradıb ki, onda anadangəlmə ədalət hissi var. Buna görə də hökumətin çıxardığı qərarlar bəzən bizim hisslərimizə toxuna bilər (Yar. 1:27; Qan. 32:4). Belə vəziyyətlərdə biz necə davranacağıq? Bitərəfliyi qoruya biləcəyik, yoxsa dünyadakı münaqişələrə qarışacağıq?

3, 4. a) Nəyə görə məsihilər bu dünyanın münaqişələrinə qarışmırlar? b) Bu məqalədə nəyi araşdıracağıq?

3 Cəmiyyəti idarə edən quruluşlar vətəndaşları baş verən konfliktlərdə müəyyən mövqe tutmağa təhrik edirlər. Həqiqi məsihilər bunu edə bilməzlər. Biz nə bu dünyanın siyasi münaqişələrində iştirak edirik, nə də ki əlimizə silah alırıq (Mət. 26:52). Həqiqi məsihilər təsir altına düşüb Şeytan dünyasının bir hissəsinin digərindən yaxşı olduğunu fikirləşmirlər (2 Kor. 2:11). Biz bu dünyaya məxsus deyilik və bu dünyadakı rəqabətə qoşulmuruq. (Yəhya 15:18, 19 ayələrini oxuyun.)

4 Lakin qeyri-kamil olduğumuzdan bəzilərimizdə hələ də əvvəlki düşüncəmizə xas olan qərəzli fikirlər qalıb (Ərm. 17:9; Efes. 4:22—24). Buna görə də bu məqalədə belə meyillərin öhdəsindən gəlməyə kömək edən bəzi amilləri nəzərdən keçirəcəyik. Həmçinin araşdıracağıq ki, ağlımızı və vicdanımızı Allahın Padşahlığına sadiq qalmağa necə öyrəşdirə bilərik.

MÜNAQİŞƏLƏRƏ QARIŞMIRIQ

5, 6. İsa Məsih müxtəlif mənşədən olan insanlara necə yanaşırdı və nəyə görə?

5 Əgər hansısa bir vəziyyətdə necə davranmalı olduğunuzu bilmirsinizsə, yaxşı olardı ki, özünüzdən soruşasınız: «İsa Məsih belə vəziyyətdə necə davranardı?» O, yer üzündə yaşayanda Yəhudiyyədən, Cəlilədən, Səməriyyədən və başqa yerlərdən olan insanlar arasında münaqişə və ixtilaflar var idi. Yəhudiyyəlilərlə səməriyyəlilər bir-biri ilə danışmırdılar (Yəh. 4:9). Fərisilərlə saddukilər arasında bir çox məsələlərdə fikir ayrılığı var idi (Həv. 23:6—9). Xalq vergiyığanlara nifrət edirdi (Mət. 9:11). Dini təhsil alanlar isə almayanlara yuxarıdan aşağı baxırdılar (Yəh. 7:49). Birinci əsrdə İsrail Romanın tabeliyində idi, buna görə də romalıların ölkədə olması yerli camaatın hiddətinə səbəb olurdu. İsa Məsih həqiqəti müdafiə etsə də və xilasın yəhudilərdən başladığını söyləsə də, heç vaxt şagirdlərini rəqabətə təhrik etmirdi (Yəh. 4:22). Əksinə, onları bütün insanları sevməyə səsləyirdi (Luka 10:27).

6 Nəyə görə İsa Məsih müəyyən qrup insanları digərlərindən üstün tutmurdu? Çünki nə o, nə də Atası bu dünyanın münaqişələrinə qarışmır. Yehova Oğlu vasitəsilə Adəmlə Həvvanı yaradanda niyyəti o idi ki, insanlar törəyib bütün yer üzünə yayılsınlar (Yar. 1:27, 28). Allah insanları elə yaradıb ki, onlardan müxtəlif irqlər törəyə bilər. Nə Yehova, nə də İsa heç bir irqi, milləti və ya dili digərindən üstün tutmur (Həv. 10:34, 35; Vəhy 7:9, 13, 14). Biz onların mükəmməl nümunəsini izləməliyik (Mət. 5:43—48).

7, 8. a) Hansı məsələdə məsihilər konkret mövqe tutmalıdırlar? b) Sosial və siyasi problemlərə gəldikdə məsihilər nəyi yadda saxlamalıdırlar?

7 Lakin bir məsələdə — Yehovanın ali hökmranlığı məsələsində biz konkret mövqe tutmalıyıq. Bu məsələ ilə bağlı mübahisə ilk dəfə Ədən bağında baş qaldırmışdı. Orada Şeytan Yehovanın hakimiyyətinə meydan oxumuşdu. İndi bütün insanlar qərar verməlidirlər ki, kimin tərəfini tutacaqlar: Yehovanın, yoxsa Şeytanın. Bəs sizin barənizdə nə demək olar? Siz öz bildiyiniz kimi yox, Yehovanın qanunlarına və tələblərinə uyğun yaşayaraq Onun tərəfini tutursunuz? Onun Padşahlığının bəşəriyyətin dərdlərinə yeganə çarə olduğuna inanırsınız? Yoxsa insanların özləri özlərini idarə etməyi bacardığını düşünürsünüz? (Yar. 3:4, 5).

8 Bu suallara verdiyiniz cavabdan görünəcək ki, sizdən siyasi münaqişələrlə bağlı fikrinizi soruşanda necə cavab verəcəksiniz. Siyasətçilər, fəal qruplar və islahatçılar uzun müddətdir ki, cəmiyyətdə parçalanma yaradan məsələləri həll etməyə çalışırlar. Ola bilsin, onlar bunu saf niyyətdən və səmimi-qəlbdən irəli gələrək edirlər. Lakin məsihilər başa düşürlər ki, yalnız Allahın Padşahlığı bəşəriyyətin problemlərini həll edəcək və əsil ədaləti bərpa edəcək. Biz həmçinin yığıncaqda da hər şeyi Yehovanın öhdəsinə buraxmalıyıq. Axı hər hansı bir məsələni hər bir məsihi öz bildiyi kimi həll etmək istəsə, yığıncaqda birlikdən əsər-əlamət qalmaz.

9. Birinci əsrdə Korinf yığıncağında hansı problem yaranmışdı və həvari Bulus məsələnin həlli üçün nə məsləhət görmüşdü?

9 Birinci əsrdə Korinf yığıncağında parçalanma yaranmışdı. Məsihilərdən bəziləri: «Mən Bulusun», digərləri: «Mən Apollosun», o biriləri: «Mən Kifanın», başqaları da: «Mən Məsihin şagirdiyəm», — deyirdilər. Bu parçalanmanın nədən qaynaqlandığını bilməsək də, bircə onu bilirik ki, bu vəziyyət həvari Bulusu çox narahat etmişdi. O demişdi: «Məsihin yığıncağı bölünüb!» Bu vəziyyəti necə düzəltmək olardı? Bulus məsihilərə məsləhət vermişdi: «Qardaşlar, sizdən Ağamız İsa Məsihin adı ilə rica edirəm ki, danışığınız aranızdakı fikir birliyini əks etdirsin, aranızda parçalanma olmasın, əksinə, hamınız yekdil və həmfikir olasınız». Bu gün də məsihi yığıncağında cüzi də olsa, parçalanma olmamalıdır (1 Kor. 1:10—13; Romalılara 16:17, 18 ayələrini oxuyun).

10. Həvari Bulus məsihinin dünyanın münaqişələrində bitərəf qalmalı olduğunu necə göstərmişdi?

10 Həvari Bulus məsh olunmuş məsihilərə xatırlatmışdı ki, onlar göylərin vətəndaşlarıdırlar, buna görə də dünyəvi şeylərə diqqətlərini cəmləməməlidirlər (Filip. 3:17—20) *. Onlar Məsihin adından səfir kimi xidmət etməli idilər. Səfir göndərildiyi ölkənin daxili işlərinə qarışmır. O, öz ölkəsinə sadiq qalır (2 Kor. 5:20). Yer üzündə yaşamaq ümidi olan məsihilər də Allahın Padşahlığının təbəələridir. Buna görə də bu dünyadakı münaqişələrə qarışmaq onlar üçün münasib olmazdı.

ÖZÜNÜZÜ YEHOVAYA SADİQ QALMAĞA ÖYRƏŞDİRİN

11, 12. a) Məsihinin Allahın Padşahlığına sadiq qalmasını mühit necə çətinləşdirə bilər? b) Bir məsihi hansı çətinliklə üzləşmişdi və bunun öhdəsindən necə gəlmişdi?

11 Dünyanın əksər yerlərində xalqlar bir-biri ilə sıx bağlıdır. Onları eyni mədəniyyət, tarix və dil birləşdirir və onlar öz kökləri ilə fəxr edirlər. Belə mühitdə yaşayan məsihilər öz düşüncələrini və vicdanlarını elə öyrəşdirməlidirlər ki, münaqişə yarananda bitərəf qala bilsinlər. Bunu necə etmək olar?

12 Gəlin Miryeta * bacının nümunəsinə baxaq. Keçmiş Yuqoslaviyadan olan bu bacının yaşadığı bölgədə serblərə nifrət edirdilər. Miryeta Yehovanın tərəfkeşlik etmədiyini və millətçiliyin Şeytandan olduğunu öyrənəndə çalışırdı ki, millətpərəst olmasın. Ancaq onun yaşadığı yerdə etnik zəmində zorakılıq baş verəndə keçmiş hissləri onu yenidən çulğadı və serblərə təbliğ etmək onun üçün çətin oldu. Ancaq o başa düşürdü ki, əlini-əlinin üstünə qoyub oturmaqla bu hisslər keçən deyil. Miryeta Yehovaya yalvarırdı ki, həm bu hissləri boğmağa, həm də xidmətini genişləndirib öncül olmağa ona kömək etsin. O deyir: «Xidmətin mənə çox böyük köməyi dəyir. Belə ki xidmət vaxtı çalışıram insanlarla Yehova kimi məhəbbətlə davranım və görürəm ki, mənfi hisslər yavaş-yavaş ürəyimdən silinir».

13. a) Bir bacı hansı vəziyyətlə üzləşmişdi və bu, ona necə təsir etmişdi? b) Zoilanın nümunəsindən nə öyrənə bilərik?

13 Gəlin başqa bir bacının nümunəsinə baxaq. Zoila Meksikada anadan olub, amma indi Avropadakı yığıncaqların birində xidmət edir. O qeyd edir ki, yığıncaqda Latın Amerikasından olan bəzi qardaşlar onun ölkəsi, adət-ənənələri və hətta musiqisi haqda nəzakətsiz və alçaldıcı sözlər deyirdilər. Belə vəziyyətdə siz necə davranardınız? Düzdür, bu cür sözlər Zoilaya pis təsir edirdi. Amma tərifəlayiqdir ki, o, ürəyindəki xoşagəlməz hisslərə qalib gəlmək üçün Yehovadan kömək istəyirdi. Etiraf etməliyik ki, bu cür vəziyyətə düşəndə hisslərimizi cilovlamaq bəzilərimiz üçün hələ də çətin olur. Biz istəmirik ki, sözlərimizlə və ya hərəkətlərimizlə bu məsələ ilə bağlı bacı-qardaşlar və başqaları arasında parçalanma yaradaq və ya onlarda qeyri-münasib sədaqət hissi oyadaq (Rom. 14:19; 2 Kor. 6:3).

14. İnsanlara Yehova Allah kimi yanaşmağa sizə nə kömək edə bilər?

14 Ola bilsin, elə mühitdə böyümüsünüz, elə tərbiyə almısınız ki, sizə millətçilik və yerlibazlıq aşılanıb. Bəs bu kimi hisslər hələ də sizdə qalıb? Məsihilər yol verməməlidirlər ki, millətpərəstlik onların başqalarına olan münasibətinə təsir etsin. Əgər siz özünüzdə hansısa millətə, mədəniyyətə, dilə və ya irqə qarşı mənfi fikirlər aşkar edirsinizsə, onda yaxşı olar ki, Yehovanın millətçiliyə və qərəzli münasibətə necə yanaşdığı barədə düşünəsiniz. Şəxsi mütaliə və ailəvi ibadət zamanı bu kimi mövzularla bağlı araşdırmalar aparın. Sonra isə dua edib kömək istəyin ki, bu kimi məsələlərə Onun kimi yanaşasınız. (Romalılara 12:2 ayəsini oxuyun.)

Yehovaya sadiq qalmaq üçün biz gərək təhdidlər qarşısında mətin olaq (15 və 16-cı abzasa baxın)

15, 16. a) Bizim Allaha sadiq qalmağımıza başqaları necə münasibət göstərir? b) Valideynlər məsihi sədaqəti ilə bağlı məsələlərdə uşaqlarına necə kömək edə bilərlər?

15 Gec-tez Yehovanın bütün xidmətçiləri elə bir vəziyyətlə üzləşirlər ki, vicdanları onları ətrafdakı insanlardan — iş və sinif yoldaşlarından, qonum-qonşudan, qohum-əqrəbadan və başqalarından fərqli davranmağa vadar edir (1 But. 2:19). Belə olan halda məsihi fərqli davranmalıdır. Tutduğumuz mövqeyə görə dünya bizə nifrət edəndə isə biz təəccüblənməməliyik. Çünki belə olacağını İsa Məsih qabaqcadan demişdi. Bizə qarşı çıxanların əksəriyyəti məsihi bitərəfliyinin arxasında duran məsələlərin vacibliyini başa düşmür. Ancaq bizim üçün bu məsələlər son dərəcə vacibdir.

16 Yehovaya sadiq qalmaq üçün biz gərək təhdidlər qarşısında mətin olaq (Dən. 3:16—18). İnsan qorxusu yaşından asılı olmayaraq, hər kəsə təsir göstərir. Ancaq axına qarşı üzmək gənclər üçün xüsusilə çətindir. Əgər övladlarınız bayrağa təzim etməkdən və milli bayramları keçirməkdən imtina etməyə qorxursa, vaxt itirmədən onlara kömək edin. Ailəvi ibadət zamanı bu kimi tədbirlərin mahiyyətini və Yehovanın bu şeylərə münasibətini onlara başa salın. Əgər belə etsəniz, onlar bu çətinliklərə cəsarətlə sinə gərəcəklər. Onlara öz etiqadlarını aydın və hörmətcil şəkildə izah etməyi öyrədin (Rom. 1:16). Övladlarınıza dayaq olun və lazım gələrsə, bu məsələlərlə bağlı müəllimləri ilə söhbət edin.

YEHOVANIN YARATDIĞI HƏR ŞEYİ DƏYƏRLƏNDİRİN!

17. Hansı düşüncə tərzindən qaçmalıyıq və nəyə görə?

17 Aydın məsələdir ki, biz boya-başa çatdığımız ölkənin mədəniyyətini, dilini, təbiətini və mətbəxini sevirik. Ancaq düşünməməliyik ki, bizim ölkəmiz, mədəniyyətimiz və sairə ən yaxşısıdır. Yehova Allah həyatdan zövq almağımız üçün fərqli-fərqli şeylər yaradıb (Zəb. 104:24; Vəhy 4:11). Belə isə onda nəyə görə biz bir şeyi digərindən üstün tutmalıyıq?

18. Yehova kimi düşünməyin hansı xeyri var?

18 Allah istəyir ki, bütün insanlar həqiqət haqda dəqiq biliyə yiyələnsinlər və əbədi yaşasınlar (Yəh. 3:16; 1 Tim. 2:3, 4). Başqalarının fikirlərini dinləmək, onları qəbul etmək insanın mənəviyyatını zənginləşdirir və məsihi birliyini qoruyur. Yehovaya sadiq qaldığımız üçün biz bu dünyanın münaqişələrindən uzaq dururuq. Məsihilər bu dünyaya məxsus olan heç nəyə kortəbii olaraq sədaqət göstərmirlər. Yehova Allaha necə də minnətdarıq ki, O, bizi Şeytan dünyasına hakim kəsilən münaqişələrdən, qürurdan və rəqabətdən azad edib. Buna görə də gəlin: «Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» — deyən məzmurçu kimi sülhpərvər olaq (Zəb. 133:1).

^ abz. 10 Filippi Roma koloniyası idi. Yığıncağın bəzi üzvləri, ola bilsin, ikinci dərəcəli Roma vətəndaşları idilər. Buna görə də onlar digər bacı-qardaşlardan fərqli olaraq, müəyyən imtiyazlara malik idi.

^ abz. 12 Bəzi adlar şərtidir.