Kontentə keç

Mündəricatı göstər

Bizim ibadət yerlərimiz

Bizim ibadət yerlərimiz

«Sənin evin üçün çəkdiyim qeyrət məni yandırıb-yaxacaq» (YƏH. 2:17).

NƏĞMƏ: 127, 118

1, 2. a) Qədim vaxtlarda Yehovanın xidmətçiləri hansı ibadət yerlərindən istifadə edirdilər? b) İsa Məsih Allahın Yerusəlimdəki məbədinə necə münasibət bəsləyirdi? c) Bu məqalədə nə müzakirə olunacaq?

TA ƏZƏLDƏN Allahın xidmətçiləri pak ibadət üçün yerlər tikmişlər. Yəqin ki, Habil Allaha öz qurbanını qurbangahda təqdim etmişdi (Yar. 4:3, 4). Nuh, İbrahim, İshaq, Yaqub və Musa da qurbangah tikmişdi (Yar. 8:20; 12:7; 26:25; 35:1; Çıx. 17:15). Yehovanın göstərişi ilə israillilər müqəddəs çadır düzəltmişdilər (Çıx. 25:8). Sonralar isə onlar Yehovaya ibadət etmək üçün məbəd tikmişdilər (1 Pad. 8:27, 29). Babil əsarətindən qayıdandan sonra yəhudilər müntəzəm olaraq sinaqoqlarda yığışırdılar (Mark 6:2; Yəh. 18:20; Həv. 15:21). Birinci əsrdəki məsihilər yığıncaq üzvlərinin evlərində toplaşırdılar (Həv. 12:12; 1 Kor. 16:19). Bu gün Yehovanın xalqı ruhani təlim almaq və ibadət etmək üçün on minlərlə ibadət evlərində yığışır.

2 İsa Məsihin Yehovanın Yerusəlimdə olan məbədinə sevgisi və ehtiramı o qədər böyük idi ki, onun şagirdi: «Evinin qeyrəti məni yandırıb-yaxır», — deyən məzmurçunun sözlərini ona aid etmişdi (Zəb. 69:9; Yəh. 2:17). Yerusəlimdəki məbəd «Yehovanın evi» idi. Amma bu günki ibadət evləri lap o mənada Yehovanın evi deyil (2 Saln. 5:13; 33:4). Bununla belə, biz müasir ibadət evlərinə hörmətlə yanaşmalıyıq. Bu məqalədə Müqəddəs Kitabdan olan bəzi prinsipləri nəzərdən keçirəcəyik və öyrənəcəyik ki, ibadət evlərində olarkən necə davranmalıyıq, ibadət evlərinə necə qulluq etməliyik, həmçinin bu binaların tikintisinin və təmirinin maliyyələşməsinə necə yanaşmalıyıq *.

PAK İBADƏTƏ HÖRMƏT GÖSTƏRƏK

3-5. İbadət evləri hansı məqsədə xidmət edir və bu, orada keçirilən görüşlərə münasibətimizə necə təsir etməlidir?

3 İbadət evi yaşadığımız ərazidə həqiqi ibadətin mərkəzidir. İbadət evlərində keçirilən həftəlik görüşlər Yehovanın bizim ruhani rifahımız üçün gördüyü tədbirlərdən biridir. Biz orada ruhani cəhətdən təravətlənirik və Allahın təşkilatından göstərişlər alırıq. Bizi yığıncağa Yehova və Onun Oğlu İsa Məsih dəvət edir. «Yehovanın süfrəsindən» yemək dəvəti həmişə qüvvədə olsa da, biz bu dəvəti heç vaxt adi bir şey kimi qəbul etməməliyik (1 Kor. 10:21).

4 İbadət etmək və bir-birimizi ruhlandırmaq üçün olan bu görüşlər Yehova Allahın gözündə son dərəcə vacibdir. Elə buna görə O, Müqəddəs Kitab vasitəsilə bizi yığıncaqlarımızdan qalmamağa təşviq edir. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Əgər üzürsüz səbəblərə görə yığıncaqdan qalırıqsa, bu, bizim tərəfimizdən Yehovaya hörmətsizlik sayılmaz? Əksinə, yığıncaqlara hazırlaşmaqla və bu görüşlərdə ürəkdən iştirak etməklə Yehova Allaha hörmət etdiyimizi və Onun gördüyü tədbirləri qiymətləndirdiyimizi göstəririk (Zəb. 22:22).

5 Biz həm ibadət evinin binasına, həm də orada keçirilən ruhani tədbirlərə hörmətlə yanaşmalıyıq. Çünki bunlara necə yanaşmağımızdan bizim Allahın adına olan münasibətimiz görünür. (1 Padşahlar 8:17 ayəsi ilə müqayisə edin.)

6. Bəzi insanlar ibadət evlərimiz və ora gələnlər haqda nə demişlər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

6 Bizim ibadət yerlərinə hörmətlə yanaşmağımız başqalarının gözündən yayınmır. Misal üçün, Türkiyədə bir kişi demişdi: «Sizin ibadət evinizdəki təmizlik və nizam-intizam mənim çox xoşuma gəldi. Oradakı adamlar səliqəli geyinmişdilər, hamının üzündə təbəssüm var idi və məni gülərüzlə qarşıladılar. Bu ab-hava mənə çox xoş təsir bağışladı». Həmin kişi yığıncaqlara gəlməyə başladı və çox tezliklə vəftiz olundu. İndoneziyada bir yığıncaq ibadət evinin həsr olunmasından qabaq açıq qapı günü keçirmiş, dövlət məmurlarını və qonşuluqda yaşayan insanları ora dəvət etmişdi. Şəhərin meri də qonaqların arasında idi. Binanın keyfiyyətli inşası, layihəsi və gözoxşayan bağı onun xoşuna gəlmişdi. O demişdi: «Bu binanın təmizliyi sizin möhkəm imanınızdan xəbər verir».

Diqqətli olmalıyıq ki, davranışımızla Allaha qarşı hörmətsizlik etməyək (7 və 8-ci abzasa baxın)

7, 8. Yığıncaq görüşlərinə gələnlər nəyi yadda saxlamalıdırlar?

7 Yığıncaq görüşlərinə bizi dəvət edən Yehovadır. Bizim davranışımız, əyin-başımız və xarici görkəmimizdən Allaha ehtiram bəslədiyimiz görünməlidir. Bu ehtiramdan irəli gələrək biz ifrata varmamalıyıq. Müşahidə olunmuşdur ki, bəziləri yığıncaq görüşlərində düzgün davranışla bağlı həddən artıq sərt mövqe tutur, digərləri isə özlərini çox sərbəst aparırlar. Düzdür, Yehova Allah istəyir ki, Onun xidmətçiləri və qonaqlar özlərini ibadət evində rahat hiss etsinlər. Lakin biz yığıncağa necə gəldi geyinərək, görüş vaxtı mesajlaşaraq, söhbət edərək, yemək yeyərək və sairə işlərlə məşğul olaraq görüşün dəyərini aşağı salmaq istəməzdik. Valideynlər öz uşaqlarına başa salmalıdırlar ki, ibadət evi qaçmaq, oynamaq yeri deyil (Vaiz 3:1).

8 İsa Məsih Allahın evində alver edənləri görəndə qəzəblənib onları oradan qovmuşdu (Yəh. 2:13—17). İbadət evlərində də, adından göründüyü kimi, biz ibadət edir və ruhani təlim alırıq. Buna görə də ruhani işlərlə əlaqəsi olmayan, maddi gəlir məqsədi güdən işlərə burada yer yoxdur. (Nəhəmya 13:7, 8 ayələri ilə müqayisə edin.)

İBADƏT EVLƏRİNİN TİKİLMƏSİNƏ KÖMƏK

9, 10. a) Yeni ibadət evlərinin tikilməsinə necə kömək edilir və bunun sayəsində nə əldə olunur? b) Öz hesablarına ibadət evi tikə bilməyən yığıncaqlara hansı böyük kömək göstərilir?

9 Yehovanın təşkilatı ibadət evlərinin tikilməsi üçün böyük zəhmət çəkir. İbadət evlərinin layihəsini, tikintisini və təmir-bərpa işlərini heç bir maddi mənfəət güdməyən könüllülər edirlər. Bunun sayəsində nə əldə olunur? 1999-cu il noyabrın 1-dən etibarən bütün dünyadakı yığıncaqlar üçün 28 000-dən çox gözəl ibadət evləri tikilmişdir. Bu, o deməkdir ki, son 15 il ərzində orta hesabla hər gün beş ibadət evi tikilib.

10 Yehovanın təşkilatı tələbat olan hər yerdə ibadət evlərinin tikilməsinə köməklik göstərir. Bu, Müqəddəs Kitabda olan bir prinsipə — bərabərlik olması üçün bəzilərindəki bolluq başqalarındakı əskikliyi doldursun prinsipinə əsaslanır. (2 Korinflilərə 8:13—15 ayələrini oxuyun.) Bunun sayəsində öz hesablarına ibadət evləri tikə bilməyən yığıncaqlar üçün gözəl ibadət evləri tikilmişdir.

11. Qardaşlar yeni tikilən ibadət evləri ilə bağlı nə deyirlər və bu, sizdə hansı hissləri oyadır?

11 Kosta-Rikada bu köməkdən yararlanan bir yığıncaq növbəti sözləri yazmışdı: «Yeni ibadət evinin qarşısında duranda bizə elə gəlir ki, yuxu görürük. Gözlərimizə inana bilmirik. Bizim gözəl ibadət evimiz cəmi səkkiz günə ərsəyə gəlib. Bu, Yehovanın xeyir-duası, təşkilatının yardımı və əziz bacı-qardaşların zəhməti sayəsində mümkün olub. Bu ibadət yeri Yehovanın bizə verdiyi qiymətli hədiyyə, gözəl bəxşişdir. Bizim sevincimiz yerə-göyə sığmır». Məgər yeni ibadət evlərinə görə minnətdarlıq sözlərini eşitmək və dünyanın müxtəlif yerlərində bacı-qardaşların bu cür sevindiyini bilmək ürəyinizi riqqətə gətirmir? Bu, Yehovanın işidir, çünki ibadət evi tikilən kimi Yaradanı axtaran insanlarla dolur (Zəb. 127:1).

12. İbadət evinin tikintisinə öz töhfənizi necə verə bilərsiniz?

12 Bir çox bacı-qardaşlar ibadət evlərinin tikintisində iştirak etmiş və bundan çox məmnun olmuşlar. Tikintidə iştirak edib-etməməyimizdən asılı olmayaraq, hər birimiz ianə etməklə bu layihələri dəstəkləyə bilərik. Qədim vaxtlarda pak ibadətin qeyrətini çəkənlər ibadət yerlərinin tikilməsini maddi cəhətdən dəstəkləyirdilər. Bu gün biz də onların nümunəsini izləyirik, bununla da Yehovanın adını şərəfləndiririk (Çıx. 25:2; 2 Kor. 9:7).

İBADƏT EVLƏRİNİN TƏMİZLİYİ

13, 14. Müqəddəs Kitabda olan hansı prinsiplərə uyğun olaraq, biz ibadət evlərini təmiz və səliqəli saxlamalıyıq?

13 İbadət evi nizam-intizamı sevən Allahın calalını əks etdirməlidir. Bu səbəbdən ibadət evlərini təmiz və səliqəli saxlamaq lazımdır. (1 Korinflilərə 14:33, 40 ayələrini oxuyun.) Allahın Kəlamında müqəddəslik və ruhani təmizlik fiziki təmizliklə əlaqələndirilir (Vəhy 19:8). Buna görə də Yehovanı razı salmaq istəyən insan şəxsi gigiyenasına fikir verməlidir.

14 Bu prinsiplərə uyğun olaraq, biz ibadət evlərini elə saxlamalıyıq ki, maraqlanan insanları yığıncağa dəvət etməyə utanmayaq, arxayın olaq ki, ibadət evimiz təbliğ etdiyimiz müjdəyə uyğun gəlir. Belə olanda insanlar görəcəklər ki, ibadət etdiyimiz Allah müqəddəsdir və tezliklə bütün yer üzünü təmiz, gözəl cənnətə çevirəcək (Əşy. 6:1—3; Vəhy 11:18).

15, 16. a) İbadət evini təmiz saxlamaq nəyə görə çətin ola bilər, amma bu, nəyə görə vacibdir? b) Sizin yığıncağın ibadət evinin təmiz saxlanılması üçün hansı tədbirlər görülür və hər birimiz bu sahədə nə edə bilərik?

15 İnsanların təmizliyə dair fikirləri bir-birindən fərqlənir. Bunda tərbiyənin də rolu var. Yaxud da bəzilərinin yaşadığı ərazi tozlu-torpaqlı, yolları palçıqdır. Digərlərinin isə yaşadığı yerdə kifayət qədər su və təmizləyici vasitələr yoxdur. Yaşadığımız yerdəki şəraitdən və təmizliyə münasibətdən asılı olmayaraq, bizim ibadət evimiz bu sahədə nümunəvi olmalıdır, çünki burada biz Yehovaya ibadət edirik (Qan. 23:14).

16 İbadət evinin təmizliyini başlı-başına buraxmaq olmaz. Yığıncağın ibadət yerinin mümkün qədər təmiz saxlanılması üçün ağsaqqallar şurası cədvəl hazırlamalı və nəzarət etməlidir ki, yığıncaqda kifayət qədər təmizləyici vəsaitlər və avadanlıqlar olsun. Bəzi təmizlik işlərini hər yığıncaq görüşündən sonra, bəzilərini isə aradabir görmək lazımdır. Buna görə də heç bir işin gözdən qaçmaması üçün ağsaqqallar işləri düzgün planlaşdırmalı və işin görülməsinə nəzarət etməlidirlər. Yığıncağın bütün üzvləri ibadət evinin təmiz saxlanılması üçün əllərindən gələni etməlidirlər.

İBADƏT YERLƏRİNİN TƏMİR-BƏRPA İŞLƏRİ

17, 18. a) İbadət yerlərinin təmiri ilə bağlı Müqəddəs Kitabda hansı nümunələr var? b) Nəyə görə ibadət evlərini yaxşı vəziyyətdə saxlamalıyıq?

17 Yehovanın xidmətçiləri ibadət yerlərinin təmirinə də xüsusi diqqət yetirirlər. Yəhuda padşahı Yuəs kahinlərə əmr etmişdi ki, məbədə gətirilən ianələrlə onun «uçuq yerlərini təmir eləsinlər» (2 Pad. 12:4, 5). 200 ildən sonra Yuşiyyə padşah da məbədə gətirilən ianələrlə məbədi təmir etmişdi. (2 Salnamələr 34:9—11 ayələrini oxuyun.)

18 Bəzi filiallar hesabatlarında bildirirlər ki, onların nəzdində olan ölkələrdə insanlar tikililərin, yaxud da avadanlıqların təmirinə başdansovdu yanaşır. Ola bilsin, belə ölkələrdə bu işdən başı çıxan azdır, yaxud da çox az adamın təmir etməyə imkanı çatır. Lakin ibadət evlərinin təmirinə barmaqarası baxılsa, bina tezliklə sıradan çıxacaq. Bu isə yaxşı şahidlik olmayacaq. Ancaq yığıncaq üzvləri ibadət evini yaxşı vəziyyətdə saxlayanda Yehovanın adı ucalır və dindaşlarımızın etdiyi ianələr hədər getmir.

İbadət evlərinin təmizliyinə və təmirinə barmaqarası baxmaq olmaz (16 və 18-ci abzasa baxın)

19. Pak ibadət üçün olan yerlərə hörmət etdiyimizi necə göstərə bilərik?

19 İbadət evi Yehova Allaha həsr olunmuş tikilidir. Buna görə də hüquqi adından asılı olmayaraq, bu tikili heç bir şəxsə və ya yığıncağa məxsus deyil. Məsihi prinsipləri bizə aşılayır ki, bu binaların tikildiyi məqsədə müvafiq gəlməsi üçün əlimizdən gələni edək. Bu səbəbdən biz ibadət yerlərimizə hörmətlə yanaşırıq, yeni ibadət evlərinin tikilməsi üçün ianələr edirik, həmçinin hazırda mövcud olan ibadət evlərini təmiz və yaxşı vəziyyətdə saxlayırıq. Bütün bunlarla göstəririk ki, biz İsa Məsih kimi, Yehovaya ibadət etdiyimiz yerlərin qeyrətini çəkirik (Yəh. 2:17).

^ abz. 2 Bu məqalədə, əsas etibarilə, ibadət evlərindən danışılsa da, eyni prinsiplər Toplantı zallarına və pak ibadət üçün istifadə olunan digər tikililərə də aiddir.