Kontentə keç

Mündəricatı göstər

Yeni dünyaya hazırlaşaq

Yeni dünyaya hazırlaşaq

«Əmr et ki,.. yaxşılıq etsinlər,.. əsil həyatdan bərk-bərk yapışsınlar» (1 TİM. 6:17—19).

NƏĞMƏ: 125, 40

1, 2. a) Cənnətlə bağlı ən çox nəyi gözləyirsiniz? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Yeni dünyada bizə ən çox sevinc gətirən nə olacaq?

«ƏSİL HƏYAT». Bu ifadəni eşidəndə çoxlarımızın ağlında yer üzü cənnətdəki əbədi həyat canlanır. Həvari Bulus əbədi həyatı «əsil həyat» adlandırmışdı. (1 Timutiyə 6:12, 19 ayələrini oxuyun.) Biz əbədi sürəcək və sonsuz məmnunluq, sevinc gətirəcək həyatı gözləyirik. Təsəvvür edin, hər gün yuxudan duranda özümüzü fiziki, əqli və emosional cəhətdən gümrah hiss edəcəyik (Əşy. 35:5, 6). Doğmalarımızdan, dostlarımızdan ölüm yuxusuna gedənlər diriləcəklər. Onlarla və digər əzizlərimizlə birgə vaxt keçirmək necə də xoş olacaq (Yəh. 5:28, 29; Həv. 24:15). Həmçinin bizim təbiət elmləri, musiqi, memarlıq və digər sahələrdə biliyimizi artırmaq imkanımız olacaq.

2 Bu kimi şeyləri böyük həsrətlə gözləsək də, yeni dünyada ən böyük sevinci Yehova Allaha ibadət etmək gətirəcək. İnsanların hamısı Yehovanın adını müqəddəs tutanda, Onun ali hakimiyyətinə tabe olanda, təsəvvür edin, həyat necə olacaq! (Mət. 6:9, 10). Yehovanın bəşəriyyətlə və yer üzü ilə bağlı əzəli niyyətinin yerinə yetməsinin şahidi olmaq çox xoş olacaq. Kamilləşdikcə Yehova Allahla dostluğumuzu möhkəmləndirmək daha da asan olacaq (Zəb. 73:28; Yaq. 4:8).

3. İndidən nəyə hazırlaşmalıyıq?

3 Biz inanırıq ki, Yehova bütün bunların hamısını həyata keçirəcək, çünki İsa demişdi: «Allah üçün hər şey mümkündür» (Mət. 19:25, 26). Ancaq biz yeni dünyada və Məsihin Minillik Hökmranlığından sonra da yaşamaq istəyiriksə, onda indidən əbədi həyatdan bərk-bərk yapışmalıyıq. Bu şər dünyanın sonunu gözləyərək yaşamalı və yeni dünyadakı həyata indidən hazırlaşmalıyıq. Bəs bu şər dünyada yaşaya-yaşaya bunu necə edə bilərik?

NECƏ HAZIRLAŞMALI?

4. İndidən yeni dünyadakı həyata necə hazırlaşa bilərik? Nümunə çəkin.

4 Yeni dünyadakı həyata indidən necə hazırlaşa bilərik? Tutaq ki, biz başqa ölkəyə köçməyi planlaşdırırıq. Belə olan halda nə edəcəyik? Həmin ölkədə danışılan dili öyrənəcəyik, oranın adətlərilə tanış olacağıq, yeməklərinin dadına baxacağıq. Müəyyən dərəcədə artıq oranın sakini kimi yaşamağa başlayacağıq. Çünki əvvəl-axır ora köçəcəyik və elə yaşamalı olacağıq. Buna uyğun olaraq, yeni dünyada necə yaşamalıyıqsa, bacardığımız qədər indidən o cür yaşayaraq yeni dünyaya hazırlaşmalıyıq. Gəlin bu məsələ ilə bağlı bəzi sahələri nəzərdən keçirək.

5, 6. Yehovanın təşkilatından gələn göstərişlərə itaət etmək bizi yeni dünyaya necə hazırlayır?

5 Yeni dünyada hamı Allahın ali hakimiyyətinə tabe olacaq. Bu gün Şeytanın dünyasında insanlara belə bir fikir aşılanır ki, hər kəs özü özünə ağadır. Çoxları düşünür ki, müstəqil olmaq və öz istədiyini etmək vacibdir. Amma bunun nəticəsi nə olur? Allahın buyruqlarına əməl etməmək əzab-əziyyətə, bədbəxtliyə və hətta faciəyə səbəb olur (Ərm. 10:23). Ancaq Yehova Allah Öz hakimiyyətini məhəbbətlə icra edir. Bütün insanlar Allahın ali hakimiyyətinə tabe olanda həyat necə də gözəl olacaq.

6 Yeni dünyada Yehovanın təşkilatının rəhbərliyi altında yer üzünü gözəlləşdirməkdən, dirilən insanları öyrətməkdən və Yehovanın bəşəriyyətlə bağlı iradəsini yerinə yetirməkdən zövq alacağıq. Bəs birdən bizə xoşumuza gəlməyən iş tapşırılsa, onda necə? Biz bu işi canla-başla yerinə yetirəcəyik, ondan sevinc duyacağıq? Çoxlarımız «bəli» deyə cavab verərdik. Bəs biz indi teokratik göstərişlərə tabe oluruq? Əgər belə ediriksə, deməli, Yehovanın rəhbərliyi altında əbədi yaşamağa hazırlaşırıq.

7, 8. a) Nəyə görə biz başqaları ilə əməkdaşlıq etməyi öyrənməliyik? b) Bəzi məsihilərin təyinatında hansı dəyişikliklər olub? c) Yeni dünya ilə bağlı nəyə əmin ola bilərik?

7 Yeni dünyadakı həyata hazırlaşmaq üçün bizə Yehovanın təşkilatına tabe olmaqdan başqa, bir-birimizlə əməkdaşlıq etməyi və şükür etməyi öyrənmək lazımdır. Əgər biz üzərimizdə rəhbərlik edənlərlə əməkdaşlıq ediriksə, məsələn, yeni təyinatlara görə şükür ediriksə və sevinc duyuruqsa, onda çox ehtimal ki, yeni dünyada da bu cür davranacağıq. (İbranilərə 13:17 ayəsini oxuyun.) Vəd edilmiş diyarda torpaq payı israillilərin arasında püşklə bölünmüşdü (Say. 26:52—56; Yuş. 14:1, 2). Bu gün biz bilmirik ki, yeni dünyada bizə harada yaşamağı tapşıracaqlar. Amma əməkdaşlıq etməyi öyrənmişiksə, onda həmin vaxt harada yaşamağımızdan asılı olmayaraq, Yehovanın iradəsini yerinə yetirmək bizə böyük sevinc və məmnunluq gətirəcək.

8 Yeni dünyada Padşahlığın hakimiyyəti altında Allaha xidmət etmək böyük şərəfdir. Bu şərəfə çatmaq üçün biz indi Yehovanın təşkilatı ilə əməkdaşlıq edir və teokratik təyinatlarımız üzrə ürəkdən çalışırıq. Düzdür, vaxt keçdikcə, bizim təyinatlarımız dəyişir. Məsələn, Birləşmiş Ştatlardakı Beytel ailəsinin bəzi üzvləri sahə xidmətinə təyin olunmuşlar və indi onlar sevinclə tammüddətli xidmətin digər növündə iştirak edirlər. Səyyar xidmətdə olan digərləri isə yaş və başqa amillərə görə xüsusi öncül təyin olunublar. Əgər biz şükür etməyi öyrənsək, Allahdan kömək istəsək və xidmətdə əlimizdən gələni etsək, hətta bu axırzamanda belə sevinc duyacağıq və çoxlu nemətlər dadacağıq. (Məsəllər 10:22 ayəsini oxuyun.) Bəs gələcəyimiz barədə nə demək olar? Ola bilsin, yeni dünyada biz müəyyən bir yerdə yaşamaq istəyərdik. Bəs bizdən başqa yerdə yaşamağı xahiş etsələr, onda necə? O vaxt harada xidmət edəcəyimizdən və nə edəcəyimizdən asılı olmayaraq, əmin ola bilərik ki, ürəyimiz şükranla dolub-daşacaq, sevincimiz yerə-göyə sığmayacaq (Nəh. 8:10).

9, 10. a) Yeni dünyada hansı sahələrdə səbir göstərmək lazım gələcək? b) Səbirli olduğumuzu necə göstərə bilərik?

9 Yeni dünyada bəzən bizə səbirli olmaq lazım gələcək. Məsələn, ola bilsin, eşidəcəyik ki, kiminsə dostu və ya qohumu dirilib. Bizim əzizlərimizin dirilməsinə isə hələ var. Belə vəziyyətdə biz səbir edib başqasının sevincinə şərik olacağıq? (Rom. 12:15). İndi Allahın vədlərinin yerinə yetməsini səbirlə gözləməyi öyrənmək bizə gələcəkdə səbirli olmağa kömək edəcək (Vaiz 7:8).

10 Biz həmçinin indi açıqlanan həqiqətlərlə bağlı səbir göstərməklə yeni dünyaya hazırlaşa bilərik. Tədricən açıqlanan Müqəddəs Kitab həqiqətlərini dərindən araşdırırıq? Əgər nəyisə tam başa düşmürüksə, səbir edirik? Əgər belə ediriksə, Yehova gələcəkdə bəşəriyyətə dair tələblərini bildirəndə bizə səbir etmək çətin olmayacaq (Məs. 4:18; Yəh. 16:12).

11. Yehova insanlarla münasibət barədə bizə nə öyrədir və bu, yeni dünyada bizə necə kömək edəcək?

11 Yeni dünyada yaşamağa bizi hazırlayan digər xüsusiyyət isə bağışlamaqdır. Məsihin Minillik Hökmranlığı zamanı salehlər və qeyri-salehlər qeyri-kamilliyin izlərindən tədricən təmizlənəcəklər (Həv. 24:15). Həmin vaxt biz başqaları ilə məhəbbətlə davrana biləcəyik? Əgər ürəkdən bağışlamağı və başqaları ilə yola getməyi öyrəniriksə, bunu yeni dünyada da etmək bizə asan olacaq. (Koloslulara 3:12—14 ayələrini oxuyun.)

12. Bizim indiki həyat tərzimizlə gələcəyə olan ümidimiz arasında hansı əlaqə var?

12 Yeni dünya o demək deyil ki, biz nə istəsək, dərhal olacaq. Əksinə, orada da biz Yehovanın ali hakimiyyətinə tabe olmalı, hər bir vəziyyətə qane olmalı və şükür etməliyik. Yehovanın indi bizə öyrətdiyi keyfiyyətlər orada da lazımımız olacaq. İndidən yeni dünyada yaşayırmış kimi yaşamağı öyrənməklə əbədiyyət boyu bizə gərək olacaq keyfiyyətləri yetişdiririk, gələcəkdəki yer üzünün gerçək olduğuna imanımızı möhkəmləndiririk (İbr. 2:5; 11:1). Üstəlik, hər kəsin Yehova Allaha itaət etdiyi dünyada yaşamaq istədiyimizi göstəririk. Bəli, biz Allahın vəd etdiyi yeni dünyada əbədi yaşamağa hazırlaşırıq.

QARŞINIZA RUHANİ MƏQSƏDLƏR QOYUN

Müjdəni şövqlə bəyan edin

13. Yeni dünyada hansı işlər birinci yerdə duracaq?

13 Gələcəkdəki əsil həyata hazırlaşmaq üçün gəlin daha bir amili nəzərdən keçirək. Düzdür, yeni dünyada qida bolluğu olacaq, heç nədən korluq çəkməyəcəyik, lakin bizə ən böyük məmnunluğu Yehova ilə yaxın münasibətlər gətirəcək (Mət. 5:3). Bizim üçün ən vacib şey ruhani işlər olacaq və biz göstərəcəyik ki, səadətimiz Yehovadır (Zəb. 37:4). İndidən ruhani işləri həyatımızda hər şeydən üstün tutmaqla biz əsil həyata hazırlaşırıq. (Mətta 6:19—21 ayələrini oxuyun.)

14. Hansı ruhani məqsədlər gənclərə diqqətlərini əbədi həyata cəmləməyə kömək edəcək?

14 Biz teokratik işlərə sevgimizi necə artıra bilərik? Üsullardan biri qarşımıza ruhani məqsədlər qoymaqdır. Əgər siz gəncsinizsə, xidmətdə irəliləmək barədə ciddi düşünürsünüzsə, onda nəşrlərimizdən tammüddətli xidmətin müxtəlif növləri ilə bağlı məqalələr oxuya bilərsiniz, xidmətin hansısa növünü qarşınıza məqsəd qoya bilərsiniz *. Uzun illər tammüddətli xidmət edən bacı-qardaşlarla söhbət edin. Xidməti karyeranız etməklə siz yeni dünyada Yehova Allaha daima xidmət etməyə hazırlaşırsınız. Çünki indi aldığınız təlimin və əldə etdiyiniz təcrübənin orada böyük faydası dəyəcək.

Ruhani işlərdə iştirak edin

15. Padşahlığın müjdəçiləri qarşılarına hansı ruhani məqsədlər qoya bilərlər?

15 Padşahlığın müjdəçiləri olan bizlər qarşımıza hansı məqsədləri qoya bilərik? Məsələn, xidmətin müəyyən sahəsində püxtələşə bilərik, ya da Müqəddəs Kitab prinsipini daha yaxşı başa düşməyə və tətbiq etməyə çalışa bilərik. Eləcə də yığıncaqda oxumağı, nitq söyləməyi, yaxud şərh verməyi yaxşılaşdırmaq olar. Şübhəsiz, digər ruhani məqsədlərə də can atmaq olar. Bir sözlə ruhani məqsədlər xidmətə həvəsinizi artıracaq, bu isə sizə yeni dünyaya hazırlaşmağa kömək edəcək.

ƏN YAXŞI HƏYAT YOLU

Ruhani qidanı qiymətləndirin

16. Nəyə görə Yehova Allaha xidmət etmək ən yaxşı həyat yoludur?

16 Bəlkə biz yeni dünyaya hazırlaşmaqla indi özümüzü daha yaxşı və mənalı həyatdan məhrum edirik? Əsla! Yehova Allaha xidmət etmək ən gözəl həyat yoludur. Biz məcburiyyətdən irəli gələrək, böyük müsibəti keçmək xatirinə belə yaşamırıq. Biz belə yaşamaq üçün yaradılmışıq və məhz bu cür yaşasaq, sözün əsil mənasında xoşbəxt olarıq. Yehovasız həyat boşdur. Onun məsləhəti ilə yaşamaq, Onun sevgisini duymaq dünyada ən böyük xoşbəxtlikdir. (Zəbur 63:1—3 ayələrini oxuyun.) Yehovaya sidqi-ürəkdən xidmət edib ruhani nemətlər almaq üçün yeni dünyanı gözləməyə gərək yoxdur. Biz onları indidən əldə edə bilərik. Bəzilərimiz artıq onilliklərdir ki, bu nemətləri dadır. Biz öz təcrübəmizdən bilirik ki, başqa heç bir həyat yolu insana bu qədər məmnunluq gətirə bilməz (Zəb. 1:1—3; Əşy. 58:13, 14).

Müqəddəs Kitaba əsaslanan məsləhət istəyin

17. Cənnətdə sevdiyimiz məşğuliyyətlərə və əyləncələrə necə yanaşacağıq?

17 Allahın vəd etdiyi yeni dünyada sevdiyimiz məşğuliyyətlərə, əyləncəyə müəyyən qədər vaxt ayıracağıq. Çünki əgər Yehova bizi sevdiyimiz işlə məşğul olmaq və əylənmək istəyi ilə yaradıbsa, deməli, O, bu arzularımızı ürəyimizdə qoymayacaq (Vaiz 2:24). Yehova bizi həmişə istəyimizə çatdıracaq (Zəb. 145:16). Düzdür, əyləncə və istirahətə vaxt ayırmaq lazımdır, lakin Yehova ilə münasibətimizi hər şeydən üstün tutanda əyləncə və istirahət də bizə daha çox məmnunluq gətirir. Cənnətdə də məhz belə olacaq. Buna görə də yaxşı olardı ki, şəxsi istəklərimizi yox, Allahın Padşahlığını hər şeydən üstün tutaq və diqqətimizi Yehovanın Öz xalqına verdiyi ruhani nemətlərə cəmləyək (Mət. 6:33).

18. Cənnətdə əbədi yaşamağa hazırlaşdığımızı necə göstərə bilərik?

18 Cənnətdə heç vaxt olmadığımız qədər xoşbəxt olacağıq. Gəlin əsil həyatı arzuladığımızı indidən o həyata hazırlaşmaqla göstərək, Allaha məqbul xüsusiyyətlər yetişdirək və bizə tapşırılan təbliğ işində canla-başla iştirak edək. Qoy ruhani işlər həyatımızın sevinci olsun. Gəlin Yehovanın vədlərinə ürəkdən inanaq və yeni dünyanı gözləyərək yaşayaq!

^ abz. 14 «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının, 2-ci cildinin 311—318 səhifələrinə (rus.) baxın.