Kontentə keç

Mündəricatı göstər

«İman yolunda dəyanətli olun»

«İman yolunda dəyanətli olun»

«İman yolunda dəyanətli olun,.. möhkəmlənin» (1 KOR. 16:13).

NƏĞMƏ: 60, 64

1. a) Cəlilə dənizində qopan tufanda Butrusla nə baş verdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Nəyə görə Butrus batmağa başladı?

GECƏNİN bir aləmidir. Tufan Cəlilə dənizini öz cənginə alıb. Həvari Butrus və digər şagirdlər güc-bəla ilə avar çəkirlər. Birdən onlar suyun üzü ilə gələn İsanı görürlər. Butrus İsanı səsləyib xahiş edir ki, suyun üstü ilə gedib ona yaxınlaşmağa izin versin. İsa onu çağırır. Butrus qayıqdan çıxıb təlatümlü dənizin səthi ilə İsaya tərəf gedir. Amma çox keçməmiş Butrus batmağa başlayır. Bəs buna nə səbəb olur? O, fırtınaya baxır və qorxuya düşür. Butrus İsanı çağırır, İsa tez Butrusu tutub deyir: «Ey az imanlı, nə üçün şübhə etdin?» (Mət. 14:24—32).

2. Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

2 Gəlin Butrusun başına gələn hadisədə imanla bağlı üç məqamı nəzərdən keçirək: 1) Butrus əvvəlcə Allahın köməyinə necə iman etdi, 2) o, nə üçün imanını itirdi və 3) yenidən iman etməyə ona nə kömək etdi? Bu üç məqamı nəzərdən keçirməklə görəcəyik ki, «iman yolunda necə dəyanətli» ola bilərik (1 Kor. 16:13).

ALLAHIN KÖMƏYİNƏ İMAN

3. Butrus nəyə görə qayıqdan çıxdı və biz buna bənzər hansı addımı atmışıq?

3 Butrusun möhkəm imanı var idi. Belə ki, İsa onu çağıranda o, qayıqdan çıxıb suyun üstü ilə getdi. Butrus inanırdı ki, Allah Öz gücü ilə İsaya necə kömək olmuşdusa, ona da elə kömək olacaq. Eynilə, biz də özümüzü Allaha həsr edib vəftiz olunanda bunu imanımız sayəsində etmişdik. İsa bizi davamçısı olmağa, onun izləri ilə getməyə səsləmişdi. Biz həm Allaha, həm də İsaya iman etmiş və inanmışdıq ki, onlar bizə mütləq dayaq olacaqlar (Yəh. 14:1; 1 Butrus 2:21 ayəsini oxuyun).

4, 5. Nəyə görə iman dəyərlidir?

4 İman həqiqətən də olduqca dəyərlidir. Butrus imanı sayəsində suyun üzü ilə gəzdiyi kimi, biz də imanımız sayəsində insan ağlına sığmayan işlər görməyə müvəffəq oluruq (Mət. 21:21, 22). Məsələn, çoxlarımız öz xasiyyətimizi və əməllərimizi elə dəyişmişik ki, əvvəllər bizi tanıyanlar gözlərinə inana bilmirlər. Bütün bunlar Yehovanın köməyi sayəsində mümkün olub, çünki biz bu addımları imanla atmışıq. (Koloslulara 3:5—10 ayələrini oxuyun.) İmandan irəli gələrək özümüzü Allaha həsr edəndə biz Onunla dostlaşdıq. Buna isə heç vaxt öz gücümüzlə nail ola bilməzdik (Efes. 2:8).

5 İmanımız bizə hələ də güc verir. İman sayəsində biz fövqəlbəşər düşmənimiz İblisin hücumlarını dəf edirik (Efes. 6:16). Bundan əlavə, Yehovanın köməyinə arxalandığımız üçün çətin vaxtlarda çox narahat olmuruq. Yehova deyir ki, imandan irəli gələrək Onun işlərini birinci yerə qoysaq, O, bizi korluq çəkməyə qoymayacaq (Mət. 6:30—34). Üstəlik, imanımız sayəsində heç bir insanın öz əməyilə əldə edə bilməyəcəyi bir ənamı, əbədi həyatı alacağıq (Yəh. 3:16).

DİQQƏT YAYINANDA İMAN ZƏİFLƏYİR

6, 7. a) Butrusu əhatə edən fırtınanı və dalğaları nə ilə müqayisə etmək olar? b) Nəyə görə imanımızın zəifləyə biləcəyini unutmamalıyıq?

6 Suyun üstündə gəzən Butrusu əhatə edən külək və dalğaları məsihi həyatında üzləşdiyimiz sınaqlar və tələlərlə müqayisə etmək olar. Bu çətinliklər nə qədər şiddətli olsa da, biz Yehovanın köməyi ilə möhkəm qala bilərik. Yadınızdadırsa, Butrusu batıran külək və ya böyük dalğalar deyildi. Hadisələrin ardıcıllığına fikir verin: «Fırtınaya baxanda [Butrus] qorxub batmağa başladı» (Mət. 14:30). Butrusun diqqəti İsadan yayındı və o zaman onun imanı zəiflədi. Biz də «fırtınaya» baxmağa başlasaq, diqqətimiz onun gücünə cəmlənəcək və Yehovanın bizə kömək edəcəyinə şübhə edib batmağa başlayacağıq.

7 Biz unutmamalıyıq ki, imanımız zəifləyə bilər. Çünki Müqəddəs Kitabda da imanın zəifləməsi, itməsi barədə danışılır və deyilir ki, bu, «bizə əngəl törədən günah»dır (İbr. 12:1). Butrusun nümunəsindən göründüyü kimi, diqqətimizi lazım olmayan şeylərə cəmləsək, imanımız tez bir zamanda zəifləyə bilər. Bəs bu təhlükənin bizim də başımızın üstünü kəsdirdiyini necə müəyyən edə bilərik? Gəlin bir neçə sualla özümüzü yoxlayaq.

8. Allahın vədlərinə olan imanımız necə zəifləyə bilər?

8 Allahın vədlərinə olan imanım əvvəlki kimi güclüdür? Məsələn, Allah vəd edib ki, bu şər dünyanı dağıdacaq. Ancaq biz bu dünyadakı əyləncələrə aludə olmuşuqsa, onda Allahın vədlərinə imanımız zəifləyə bilər, sonun, həqiqətən də, yaxın olduğuna şübhə etməyə başlayarıq (Həb. 2:3). Başqa bir vəziyyəti götürək. Allah fidyə qurbanlığı əsasında bizi bağışladığını deyir. Ancaq biz keçmişdə etdiyimiz günahlara görə hələ də vicdan əzabı çəkiriksə, onda Yehovanın bütün günahlarımızı bağışladığına şübhə etməyə başlayacağıq (Həv. 3:19). Nəticədə xidmətdə sevincimizi itirib qeyri-fəal olacağıq.

9. Diqqətimiz şəxsi maraqlarımıza cəmlənibsə, nə baş verə bilər?

9 Allaha əvvəlki kimi canla-başla xidmət edirəm? Həvari Bulus demişdi ki, Yehova Allahın yolunda səylə çalışsaq, ümidimizi axıradək möhkəm saxlayacağıq. Ancaq biz öz şəxsi maraqlarımıza diqqətimizi cəmləmişiksə, məsələn, ibadətimizə mane olan gəlirli işə düzəlmişiksə, nə baş verər? İmanımız zəifləyər və biz tənbəlləşib Yehovaya candərdi xidmət edərik (İbr. 6:10—12).

10. Biz başqalarını bağışlayanda Yehova Allaha iman etdiyimizi necə göstəririk?

10 Xətrimə dəyən adamı bağışlamaq mənə çətindir? Kimsə xətrimizə dəyəndə biz hisslərə qapıla bilərik. Bizdə belə bir istək yarana bilər ki, ya gedib onun cavabını verək, ya da ümumiyyətlə onunla danışmayaq. Ancaq bağışlayanda Yehovaya iman etdiyimizi göstəririk. Necə ki, bizim günahlarımız bizi Allahın qarşısında borclu edir, bizə qarşı günah işlədən adam da bizə borclu olur (Luka 11:4). Həmin adamı bağışlayanda biz Yehovanın buna görə bizə lütf göstərəcəyinə inanırıq və inanırıq ki, Yehovanın lütfünü qazanmaq daha dəyərlidir, nəinki həmin adamı borcunu qaytarmağa məcbur etmək. İsanın şagirdləri də dərk edirdilər ki, bağışlamaq üçün iman lazımdır. İsa onlara qarşı hətta dəfələrlə günah edən şəxsi bağışlamalı olduqlarını deyəndə onlar yalvardılar: «İmanımızı artır» (Luka 17:1—5).

11. Məsləhətdən faydalanmaq imkanını necə əldən verə bilərik?

11 Mənə məsləhət veriləndə acığıma gəlir? Məsləhət veriləndə məsləhətdən faydalanmağa çalışın, məsləhətdə, yaxud məsləhət verən kəsdə səhv axtarmayın (Məs. 19:20). Belə etsək, Yehova kimi düşünməyi öyrənmək imkanını əldən verə bilərik.

12. Məsihinin Yehovanın Öz xalqına rəhbər təyin etdiyi qardaşların arxasınca həmişə deyinməsi nədən xəbər verir?

12 Məsul qardaşların arxasınca deyinirəm? İsraillilər bəd xəbər gətirən on kəşfiyyatçıya qulaq asanda Musa ilə Harunun qarasınca deyinməyə başladılar. Onda Yehova Musaya dedi: «[Bu adamlar] nə vaxta qədər Mənə iman etməyəcəklər?» (Say. 14:2—4, 11). Əslində, israillilər deyinməklə Allaha inanmadıqlarını göstərdilər, çünki Musa ilə Harunu məhz O, başçı təyin etmişdi. Əgər biz də Allahın Öz xalqına rəhbər təyin etdiyi insanların arxasınca həmişə deyiniriksə, bu, bizim Allaha imanımızın zəiflədiyini göstərir.

13. İmanımızda zəif cəhətlər aşkar etsək, nəyə görə məyus olmamalıyıq?

13 Əgər özünüzü yoxlayanda imanınızda zəif cəhətləri aşkar etsəniz, məyus olmayın. Hətta həvari Butrus da qorxuya düşmüş və şübhələrə qapılmışdı. İsa hərdən həvarilərin hamısını imanlarının az olduğuna görə məzəmmət edirdi (Mət. 16:8). Bununla belə, biz Butrusdan nümunə götürə bilərik. Görün o, şübhələrə qapılıb batmağa başlayandan sonra nə etmişdi.

İMANINIZI MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN İSAYA BAXIN

14, 15. a) Butrus batmağa başlayanda nə etdi? b) Gözümüzü İsadan ayırmamaq nə deməkdir?

14 Butrus fırtınaya baxıb batmağa başlayanda özü üzüb qayığa qayıda bilərdi. Butrus yaxşı üzürdü, buna görə də o, hətta qeyri-iradi olaraq üzməyə başlayardı (Yəh. 21:7). Ancaq o, özünə güvənmədi, yenidən diqqətini İsaya yönəldib ondan kömək istədi. Biz də imanımızda zəiflik hiss ediriksə, Butrusdan nümunə götürməliyik. Bunu necə edə bilərik?

15 Butrus yenidən diqqətini İsaya yönəltdiyi kimi, biz də «gözümüzü imanımızın Öndəri və kamilləşdirəni İsadan» ayırmamalıyıq. (İbranilərə 12:2, 3 ayələrini oxuyun.) Sözsüz ki, Butrusdan fərqli olaraq, biz İsanı görmürük. Ancaq onun təlimlərini, əməllərini araşdırıb onlara uyğun davranmaqla biz, məcazi dillə desək, gözümüzü İsadan ayırmayacağıq. İsadan nümunə götürərək bir neçə addım ata bilərik. Bu addımlar bizə imanımızı möhkəmləndirməyə kömək edəcək.

Diqqətimizi İsanın nümunəsinə cəmləsək və onun izlərilə getsək, imanda dəyanətli olacağıq (15-ci abzasa baxın)

16. İmanımızı möhkəmləndirmək üçün Müqəddəs Kitabı necə araşdırmalıyıq?

16 Müqəddəs Kitaba etibarınızı möhkəmləndirin. İsa əmin idi ki, Müqəddəs Kitab Allahın Kəlamıdır və orada ən yaxşı məsləhətlər yazılıb (Yəh. 17:17). Biz də İsa Məsih kimi buna əmin olmaq üçün Müqəddəs Kitabı hər gün oxuyub araşdırmalı və öyrəndiklərimiz barədə düşünməliyik. Müqəddəs Kitabın mütaliəsindən əlavə, sizi maraqlandıran mövzuları dərindən araşdırın. Misal üçün, Müqəddəs Kitaba əsaslanan sübutların incəliklərinə vararaq bu dünyanın sonunun yaxın olduğuna əminliyinizi artıra bilərsiniz. Artıq yerinə yetmiş peyğəmbərlikləri araşdıraraq Müqəddəs Kitabın gələcəklə bağlı vədlərinə imanınızı möhkəmləndirin. Müqəddəs Kitabın sayəsində həyatını yaxşılığa doğru dəyişən insanların nümunəsini nəzərdən keçirərək onun dəyərli olduğuna əminliyinizi artırın * (1 Salon. 2:13).

17. Nəyə görə İsa şiddətli sınaqlar qarşısında sadiq qala bilmişdi və siz ondan necə nümunə götürə bilərsiniz?

17 Yehovanın vəd etdiyi nemətləri düşünün. İsa gözünü «qarşıda onu gözləyən sevincə» dikdiyi üçün şiddətli sınaqlar qarşısında sadiq qalmışdı (İbr. 12:2). O, heç vaxt bu dünyadakı şeylərə meyil salmırdı (Mət. 4:8—10). Siz də İsadan nümunə götürərək Yehovanın sizə verdiyi möhtəşəm vədlər barədə düşünün. Allah bu şər dünyanı məhv edəndən sonra etmək istədiyiniz şeyləri yazın və ya şəklini çəkin. Səbirsizliklə görüşmək istədiyiniz dirilən insanların siyahısını tutun, onlarla nə barədə danışacağınızı qeyd edin. Bütün bunlara Allahın bəşəriyyətə yox, sırf sizə verdiyi vədlər kimi baxın.

18. Dua imanı möhkəmləndirməyə necə kömək edir?

18 İmanınızın artması üçün dua edin. İsa şagirdlərinə Yehovadan müqəddəs ruh diləməyi buyurmuşdu (Luka 11:9, 13). Müqəddəs ruh diləyərkən imanınızın artması üçün də dua edin. İman ruhun bəhrəsinin bir hissəsidir. Konkret şey üçün dua edin, imanınızdakı hər hansı bir zəif cəhəti dəf etmək üçün Allahdan kömək istəyin. Məsələn, əgər sizə bağışlamaq çətindirsə, onda bunun üçün Yehovadan kömək istəyin.

19. Özümüzə necə dost seçə bilərik?

19 İmanlı insanlarla dostluq edin. İsa oturub-durduğu adamları, ələlxüsus da dostlarını diqqətlə seçirdi. Onun ən yaxın dostları olan həvarilər onun əmrlərinə itaət edərək imanlı və sadiq olduqlarını sübut etmişdilər. (Yəhya 15:14, 15 ayələrini oxuyun.) Ona görə siz də İsaya itaət edən imanlı insanlardan özünüzə dost seçin. Bir şeyi də unutmayın ki, əsil dostlar bir-biri ilə açıq danışmalıdırlar, yeri gəlsə, bir-birinə məsləhət verib, məsləhəti qəbul etməlidirlər (Məs. 27:9).

20. Başqalarına imanlarını möhkəmləndirməyə kömək etməyin bizə hansı faydası var?

20 Başqalarına imanlarını möhkəmləndirməyə kömək edin. İsa həm sözləri, həm də əməlləri ilə şagirdlərinin imanını möhkəmləndirirdi (Mark 11:20—24). Biz də onun nümunəsini izləməliyik, çünki bu işdə insanlara kömək edəndə bizim öz imanımız da möhkəmlənir (Məs. 11:25). Təbliğ edəndə, insanları öyrədəndə Allahın mövcud olduğunu, bizim qeydimizə qaldığını və Müqəddəs Kitabın Allahdan ilham aldığını göstərən sübutlar gətirin. Bacı-qardaşlara da öz imanlarını möhkəmləndirməyə kömək edin. Onlardan kimsə zəiflik göstərəndə, məsələn, məsul qardaşların arxasınca deyinəndə dərhal onlardan yan gəzməyin. Əksinə, nəzakətlə onlara imanlarını möhkəmləndirməyə kömək edin (Yhd. 22, 23). Əgər məktəbdə oxuyursunuzsa, təkamül nəzəriyyəsi keçiləndə yaradılışla bağlı imanınızı cəsarətlə müdafiə edin. Sizin sözləriniz müəllimlərə və şagirdlərə müsbət təsir göstərə bilər.

21. Yehova Allah imanımızla bağlı hər birimizə nə vəd edib?

21 Allahın İsa vasitəsilə göstərdiyi köməyin sayəsində Butrus öz qorxu və şübhələrinə üstün gəldi və ilkin məsihilər arasında iman sütunu oldu. Yehova bizə də imanda dəyanətli olmağa kömək edir. (1 Butrus 5:9, 10 ayələrini oxuyun.) İmanınızı möhkəmləndirmək üçün var gücünüzlə çalışın, çünki bunun mükafatı misilsizdir.

^ abz. 16 Məsələn, «Gözətçi qülləsi» jurnalının kütləvi nəşrində çıxan «Müqəddəs Kitab həyatları dəyişir» adlı rubrikaya baxın.