Kontentə keç

Mündəricatı göstər

Yeniyetmə övladınızı Yehovanın yolunda tərbiyə edin

Yeniyetmə övladınızı Yehovanın yolunda tərbiyə edin

«İsa böyüyür, hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanırdı» (LUKA 2:52).

NƏĞMƏ: 41, 89

1, 2. a) Yeniyetmə övladları olan valideynlərin hansı narahatçılıqları olur? b) Məsihi gənclər yeniyetməlik dövründə nəyə can ata bilərlər?

MƏSİHİ valideynlər övladlarının vəftiz olunduğunu görəndə ürəkləri dağa dönür. Berenis adlı bacının dörd uşağı 14 yaşına çatmamış vəftiz olunmuşdu. O deyir: «Uşaqlar vəftiz olunanda biz çox sevinirdik. Yehovaya şükür edirdik ki, balalarımız Ona xidmət etmək istəyir. Eyni zamanda bilirdik ki, uşaqlar yeniyetmədirlər, çətinlikləri çox olacaq». Əgər sizin övladınız yeniyetmədirsə və ya yeniyetmə yaşına çatırsa, yəqin Berenisin hissləri sizə də tanışdır.

2 Uşaqların inkişaf sahəsini öyrənən bir mütəxəssis yeniyetməlik dövrünün həm valideynlər, həm də uşaqlar üçün çətin olduğunu desə də, əlavə edir: «Yeniyetməlik “dəlilik” və ya “ağılsızlıq” dövrü deyil. Bu zaman gənclər həyatlarının həssas dövrünü yaşayır, ictimai həyatda daha fəal olur və yaradıcılıq qabiliyyətlərini işə salırlar». Uşaqlarınız yeniyetmə vaxtında Yehova ilə dostlaşa bilər, qarşılarına xidmətlə bağlı məqsədlər qoyub onlara can ata və həyatlarını Yehovaya həsr edib ona uyğun yaşaya bilər. İsa Məsih kimi, onlar üçün də bu dövr ruhani tərəqqi dövrü ola bilər. (Luka 2:52 ayəsini oxuyun.) Bəs övladınızın həyatının belə bir həlledici dövründə bir valideyn kimi sizin üzərinizə hansı məsuliyyət düşür? Gəlin görək İsa yetkin insan olandan sonra başqaları ilə münasibətdə necə məhəbbət, təvazökarlıq və anlayış göstərmişdi. Bu xüsusiyyətlər sizə yeniyetmə övladınızı Yehovanın yolunda tərbiyə etməyə necə kömək edə bilər?

YENİYETMƏ ÖVLADINIZI SEVİN

3. Nəyə görə İsa həvarilərini dost adlandırırdı?

3 İsa şagirdlərini sevirdi və onlara vəfalı dost idi. (Yəhya 15:15 ayəsini oxuyun.) Müqəddəs Kitabın yazıldığı dövrdə, adətən, ağa qullarına şəxsi fikirlərini və hisslərini açıb danışmırdı. Ancaq İsa öz sadiq həvariləri üçün həm ağa, həm də dost idi. O, onlarla birgə vaxt keçirirdi, öz hisslərini onlarla bölüşürdü və həvariləri ona ürəyini boşaldanda diqqətlə qulaq asırdı (Mark 6:30—32). Bu cür xoş ünsiyyət İsa ilə həvariləri arasında yaxın münasibət yaratmışdı və onları gələcəkdə böyük işlər görməyə hazırlamışdı.

4. Valideyn övladı ilə necə dost ola bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 İki uşaq atası olan Maykl deyir: «Valideyn uşağının yaşıdı olmasa da, onun dostu ola bilər». Dostlar birgə vaxt keçirirlər. Dua edərək götür-qoy edin: görün uşaqlarınızla daha çox vaxt keçirmək üçün işinizdə və digər məşğuliyyətlərinizdə nəyisə dəyişə bilərsiniz. Dostların həm də ortaq maraqları olur. Buna görə də yeniyetmə övladınıza uyğunlaşın, onların xoşladığı musiqiyə, filmə və idmana maraq göstərin. İtaliyada yaşayan İlari deyir: «Valideynlərim mənim qulaq asdığım musiqiyə maraq göstərirdilər. Atam mənim ən yaxşı dostum idi. Mən hətta ən incə məsələlər barədə də onunla sərbəst danışırdım». Övladınızla dost olun. Ona Yehova ilə dostlaşmağa kömək edin. Düşünməyin ki, belə etməklə valideynlik səlahiyyətinizi itirəcəksiniz (Zəb. 25:14). Əksinə, bununla onları sevdiyinizi, onlara hörmət etdiyinizi göstərəcəksiniz. Onlar özlərini sizinlə sərbəst hiss edəcəklər və öz hisslərini, fikirlərini sizinlə bölüşəcəklər.

5. İsa şagirdlərinə xidmətin gətirdiyi sevinci dadmağa necə kömək etmişdi?

5 İsa Məsih istəyirdi ki, sevimli şagirdləri və dostları Yehovaya xidmət etməyin gətirdiyi sevinci dadsınlar. Buna görə də onların ruhani işlərdə fəal iştirak etməsini və şövqlə şagirdlər hazırlamasını arzulayırdı. Bu səbəbdən o, şagirdlərini məhəbbətlə əmin etmişdi ki, bu işdə onları tək qoymayacaq (Mət. 28:19, 20).

6, 7. Valideynlərin övladları ilə birlikdə müntəzəm olaraq ruhani işlərlə məşğul olması nəyə görə vacibdir?

6 Siz də övladınızın ruhani cəhətdən sağlam olmasını istəyirsiniz. Üstəlik, Yehova da istəyir ki, övladınızı Onun «tərbiyəsi və öyüd-nəsihətilə» böyüdəsiniz (Efes. 6:4). Odur ki, Allahın üzərinizə qoyduğu məsuliyyəti icra edərək müntəzəm surətdə övladlarınızla ruhani işlərlə məşğul olun. Misal üçün, siz övladlarınızın gələcəyini fikirləşərək onların təhsilinə ciddi yanaşırsınız, onlara elmə, biliyə sevgi aşılayırsınız. Buna bənzər tərzdə, övladını sevən valideyn onun yığıncaq görüşləri və digər ruhani tədbirlər vasitəsilə Yehovadan öyüd-nəsihət almasına ciddi yanaşır. İlahi təlim vacib olduğu üçün çalışır ki, övladı ruhani biliyi sevsin, hikməti dəyərləndirsin (Məs. 24:14). İsa şagirdlərinə kömək etdiyi kimi, o da yeniyetmə övladına xidmətdə uğur qazanmağa kömək edir, onun Allahın Kəlamındakı təlimlərə məhəbbətini alovlandırır və onu xidmətdə müntəzəm iştirak etməyə yönəldir.

7 Ruhani işlərdə intizamlı olmaq yeniyetmələrə necə kömək edir? Cənubi Afrikada yaşayan Erin deyir: «Müqəddəs Kitabı öyrənmək, yığıncağa getmək və xidmətə çıxmaq adı gələndə biz uşaqlar çox vaxt ağız-burun əyirdik, mızıldanırdıq. Hərdən qəsdən nəsə edirdik ki, ailəvi ibadət yarımçıq qalsın. Ancaq valideynlərimiz təslim olmurdular. Bunun sayəsində, indi mən ruhani işlərə çox ciddi yanaşıram. Ruhani işlərim nəyinsə ucbatından yarımçıq qalanda səbirsizliklə gözləyirəm ki, yenidən onlarla nə vaxt məşğul olacağam. Əgər o vaxt valideynlərim ruhani işlərə ciddi yanaşmasaydılar, çətin ki mən indi ruhani işlərə bu cür yanaşardım. Əgər onlar geri çəkilsəydilər, əminəm ki, indi mən yığıncaq görüşlərinə və digər ruhani işlərə başdansovdu yanaşardım».

ÖZ NÜMUNƏNİZLƏ TƏVAZÖKAR OLMAĞI ÖYRƏDİN

8. a) İsa səlahiyyətinin məhdud olduğunu necə göstərirdi? b) İsanın təvazökarlığı şagirdlərinə necə təsir edirdi?

8 İsa kamil insan olsa da, səlahiyyətinin məhdud olduğunu başa düşürdü və Yehovaya güvənirdi. (Yəhya 5:19 ayəsini oxuyun.) İsanın bu cür təvazökarlığı onu şagirdlərinin gözündən salmırdı. Əksinə, İsa Yehovaya nə qədər çox güvənirdisə, şagirdləri də İsaya bir o qədər çox etibar edirdi. Sonradan onlar da İsanın təvazökarlıq nümunəsini izlədilər (Həv. 3:12, 13, 16).

9. Sizin təvazökarcasına üzr istəməyiniz və imkanlarınızın məhdud olduğunu qəbul etməyiniz yeniyetmə övladınıza necə təsir edəcək?

9 İsadan fərqli olaraq, biz qeyri-kamilik və çoxlu səhvlər edirik. Təvazökar olub imkanlarınızın məhdud olduğunu qəbul edin və səhvlərinizi etiraf edin (1 Yəh. 1:8). Siz özünüz kimə hörmət edərdiniz? Səhvini boynuna alan, yoxsa üzr istəməyən müdirə? Səhvlərinizə görə üzr istəsəniz, övladınızın sizə hörməti artacaq. O da öz səhvlərini boynuna almağı öyrənəcək. Üç uşaq böyüdən Rozmari deyir: «Biz öz səhvlərimizi etiraf edirdik. Bunun sayəsində, uşaqlarımız da problemlərini bizimlə bölüşürdülər. Bilirdik ki, əlimizdən hər şey gəlmir. Buna görə də uşaqlarımızı başa salırdıq ki, ən yaxşı məsləhəti Müqəddəs Kitabdan tapa bilərlər. Kömək lazım olanda onları həmişə nəşrlərimizə yönəldirdik və birlikdə dua edirdik».

10. İsa davamçılarına göstərişlər verərkən necə təvazökarlıq göstərirdi?

10 İsanın öz davamçılarına göstərişlər verməyə səlahiyyəti çatırdı. Buna baxmayaraq, o, çox vaxt göstərişləri nə səbəbə verdiyini də izah edirdi. Məsələn, o, Padşahlığı və Allahın tələb etdiyi salehliyi üstün tutmağı tapşırandan sonra əlavə etmişdi: «Onda bütün bunlar sizə veriləcək». «İnsanları mühakimə etməyin» deyəndən sonra səbəbini də izah edərək demişdi: «Özünüz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız» (Mət. 6:31—7:2).

11. Valideynin mümkün olan hallarda qərarının səbəbini izah etməsi nəyə görə yaxşı olardı?

11 Əgər münasibdirsə, verdiyiniz qərarın və ya qoyduğunuz qaydanın səbəbini izah edin. Yeniyetmə sizin nə düşündüyünüzü anlasa, onda həvəslə sizə tabe olacaq. Dörd uşaq böyüdən Barri deyir: «Yeniyetməyə qərarın səbəbini başa salanda o, valideynə etibar edir, çünki anlayır ki, valideyn sadəcə hökmünü yeritmək üçün bu qərarı verməyib. Qərarın arxasında tutarlı səbəb durur». Onda yeniyetmə də öz ağlını işlədir və yetkinləşir (Rom. 12:1). Barri əlavə edir: «Yeniyetmələr hisslərlə yox, ağılla qərar verməyi öyrənməlidirlər» (Zəb. 119:34). Valideyn təvazökarlıqla qərarlarının səbəbini izah edəndə yeniyetmə hiss edir ki, valideyn onun böyüdüyünü qəbul edir. Onda yeniyetmə də öz ağlını işlədərək qərar verməyi öyrənir.

ANLAYIŞLI OLUN VƏ ÖVLADINIZI BAŞA DÜŞÜN

12. İsa Butrusa necə kömək etdi?

12 İsa anlayışlı idi. O başa düşürdü ki, şagirdlərinə nədə kömək lazımdır. Məsələn, həvari Butrus yaxşı niyyətdən irəli gələrək İsaya demişdi ki, özünə yazığı gəlsin, ölümə getməsin. Ancaq İsa başa düşürdü ki, bu sözlər onun yanlış düşüncəsini əks etdirir. Ona və digər şagirdlərinə kömək etmək üçün İsa açıq məsləhət verdi və göstərdi ki, xudbinlik hansı acı nəticələri gətirir, fədakarlıq hansı gözəl bəhrələri verir (Mət. 16:21—27). Butrus bundan özünə dərs götürdü (1 But. 2:20, 21).

13, 14. a) Nələr yeniyetmənin imanının zəiflədiyini göstərə bilər? b) Yeniyetmə övladınıza necə anlayışla yanaşa bilərsiniz?

13 Dua edərək Yehovadan anlayış istəyin ki, yeniyetmə övladınıza nədə kömək lazım olduğunu duya biləsiniz (Zəb. 32:8). Məsələn, uşağınızın imanının zəiflədiyini nə göstərə bilər? Ola bilər ki, o, əvvəlki kimi xidmətdən sevinc duymur, həmimanlıları barədə tənqidi danışır və ya özünə qapanır. Bunları görəndə tez belə qənaətə gəlməyin ki, yeniyetmə ikili həyat sürür, günah işləyir *. Digər tərəfdən isə bu cür simptomlara göz yummayın, yaxud «keçib gedər» deyib, onun özünə qapanmasına laqeyd yanaşmayın.

Övladlarınızın həmimanlılarla dostlaşması üçün şərait yaradın (14-cü abzasa baxın)

14 İsa kimi, siz də mehribancasına və hörmətlə suallar verin. Məsələn, quyudan su çəkərkən, vedrəni tələm-tələsik dartsaq, suyun yarısı tökülər. Uşaqların da üstünə çox düşsəniz, onda onların fikirlərini, niyyətlərini öyrənə bilməyəcəksiniz. (Məsəllər 20:5 ayəsini oxuyun.) Yuxarıda adı çəkilən İlari deyir: «Yeniyetmə olanda həqiqətlə sinif yoldaşlarım arasında qalmışdım, bilmirdim hansı tərəfə gedim. Bu çaşqınlıq mənim əhval-ruhiyyəmə də təsir göstərirdi. Vəziyyətim valideynlərimin gözündən qaçmamışdı. Bir axşam mənə dedilər ki, nəsə birtəhər görünürəm və soruşdular ki, ürəyimi sıxan nədir. Hönkür-hönkür ağladım, vəziyyəti başa salıb kömək istədim. Onlar məni qucaqladılar, başa düşdüklərini dedilər və kömək edəcəklərinə söz verdilər». Bundan dərhal sonra İlarinin valideynləri ona yığıncaqda yeni və yaxşı dostlar tapmağa kömək etdilər.

15. İsa başqalarına necə anlayışla yanaşırdı?

15 İsa həmçinin şagirdlərinin həm zəif, həm də güclü cəhətlərini görməklə anlayış göstərirdi. Məsələn, Natanail İsanın Nasirədən olduğunu biləndə demişdi: «Heç Nasirədən də fərli bir şey çıxar?» (Yəh. 1:46). Bu sözlərinə görə Natanail haqda nə fikirdə olardınız? Ona başqalarında pis şey axtaran, insanlara qərəzli münasibət göstərən, imansız adam kimi baxardınız? İsa anlayış göstərib Natanaildə yaxşı şey axtardı və onu «zərrə qədər də bicliyi olmayan əsil israilli» adlandırdı (Yəh. 1:47). İsa insanların ürəyini oxuyurdu və bu qabiliyyətini işə salıb insanda yaxşı şeylər tapırdı.

16. Yeniyetmə övladınıza yaxşı xüsusiyyətlərini inkişaf etdirməyə necə kömək edə bilərsiniz?

16 Düzdür, siz ürəkləri oxuya bilməzsiniz, ancaq Allahın köməkliyi ilə anlayış göstərə bilərsiniz. Yeniyetmə övladınızda yaxşı şeylər axtarın. Heç kim istəməz ki, ona «başabəla» damğası vursunlar. Nə düşüncənizdə, nə də sözünüzdə övladınıza «ipə-sapa yatmayan», «çətin uşaq» damğası vurmayın. Əgər o, iki yol ayrıcında olsa belə, ona inandığınızı, düzgün davranmaq istədiyinə əmin olduğunuzu bildirin. Ondakı inkişafı göstərən ən xırda məqama belə diqqət yetirin və onu tərifləyin. Mümkün olanda ona əlavə məsuliyyətlər verin ki, o, özündə olan yaxşı xüsusiyyətləri daha da inkişaf etdirsin. İsa da şagirdləri ilə belə davranırdı. Natanaili (həmçinin Bartolmay da adlanırdı) ilk gördüyü vaxtdan təxminən il yarım sonra İsa onu öz həvarisi seçmişdi və o, şövqlü məsihi olmuşdu (Luka 6:13, 14; Həv. 1:13, 14). Övladınızı tərifləsəniz, ruhlandırsanız, o, özünü yarıtmaz adam yox, Yehovanın istifadə edəcəyi bacarıqlı məsihi hesab edəcək.

BÖYÜK SEVİNC GƏTİRƏN TƏLİM

17, 18. Usanmadan övladınızı Yehovanın yolunda tərbiyə etməyin xeyri nə olacaq?

17 Övladınızı böyüdərkən bəzən siz də çoxlarının ruhani atası olan həvari Bulusun keçirdiyi hissləri keçirirsiniz. O, Korinfdəki ruhani balalarını çox sevdiyi üçün onlara görə əzab və ürəkağrısı çəkirdi (2 Kor. 2:4; 1 Kor. 4:15). İki oğul, bir qız böyüdən Viktor deyir: «Yeniyetməlik illəri asan deyildi. Ancaq xoşbəxt günlərimiz üzləşdiyimiz çətinliklərdən çox idi. Yehovanın köməkliyi ilə biz övladlarımızla yaxın dost olmuşduq».

18 Övladlarınızı usanmadan Yehovanın yolunda tərbiyə edin. Onlara məhəbbətinizi göstərin. Qoy onlar həqiqətə gəlsinlər və həqiqət yolunda yeriyən ruhani övladların sırasında qalsınlar. Arzumuz budur ki, heç nə ilə müqayisəyə gəlməyən bu sevinc sizin nəsibiniz olsun (3 Yəh. 4).

^ abz. 13 «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının birinci cildinin 317-ci səhifəsinə, ikinci cildinin 136—141 səhifələrinə (rus.) baxın.